Ermənistanda referendum məsələsi: Şimalın “Alyans” variantı
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yaxud “EADaily”nin məlumatına sözardı
“EADaily” (Eurasia Daily) media orqanının Ermənistanın Mərkəzi Seçki Komissiyasının (MSK) vətəndaş təşəbbüsü qaydasında referendum keçirilməsi ilə bağlı müraciəti qəbul etməsinə dair xəbəri maraqlıdır. Halbuki, məsələnin rəsmi təsdiqinə rast gəlinmir. Elə isə məlumatın nə üçün yayıldığına diqqət yetirək. Əvvəlcə isə “EADaily”nin özü barədə söz açaq.
“EADaily” xəbər agentliyi 2015-ci ildə yaradılıb və baş ofisi Moskvada yerləşir. Qurum Rusiya qanunvericiliyinə uyğun olaraq kütləvi informasiya vasitəsi kimi qeydiyyatdan keçib, əsasən Rusiya, Avrasiya İqtisadi İttifaqı (Aİ) ölkələri və postsovet məkanı üzrə siyasi, iqtisadi, geosiyasi xəbərlərin işıqlandırılması və təhlili ilə məşğuldur. Beynəlxalq media və tədqiqat mərkəzlərində isə “EADaily” Kremlə yaxın media orqanı qismində xarakterizə olunur. Məsələn, Qazaxıstanda onun bloklanması məhz bundan qaynaqlanıb.
***
Bəli, “EADaily”nin Ermənistanın MSK-nın vətəndaş təşəbbüsü qaydasında referendum keçirilməsi ilə bağlı müraciəti qəbul etməsinə dair xəbəri gözlənilməzdir. Söhbət keçmiş deputat Tiqran Urixanyanın rəhbərlik etdiyi “Alyans” partiyasının nümayəndələrinin yaratdıqları “Avrasiya alyansı” adlı vətəndaş təşəbbüs qrupunun müraciətindən gedir. Gözlənilməzlik həm də ondadır ki, “EADaily” mövzunu Rusiya Prezidenti Vladimir Putinin təklifinin praktikada reallaşa bilmə imkanı olaraq təqdim edir.
Məlumdur ki, Ermənistan dövləti Aİİ-dən ayrılmaq istəmir, amma Aİ-yə inteqrasiya xəttindən də daşınmır. Yəni rəsmi İrəvan hələlik “boşanma” ehtiyacının duyulmadığını vurğulayır və əlavə edir ki, əgər ehtiyac yaranarsa, yolların müəyyənləşdiriməsi ilə bağlı zəruri qərar veriləcək. Qeyd edək ki, erməni hakim komandası həmin qərar üçün ümumxalq səsverməsinin tələb olunmadığı qənaətindədir. “EADaily” isə yazır ki, Ermənistanın qüvvədə olan qanunvericiliyinə görə, on gün ərzində MSK xüsusi iclası keçirilməli və həmin iclasda 300 min imzanın toplanması üzrə rəsmi kampaniyanın başlanması təsdiqlənməlidir. Təşəbbüs qrupu tələb olunan sayda imzanı toplayacağı təqdirdə, komissiya məsələni dərhal ümumxalq referendumuna çıxarmağa borcludur.
Media orqanı onu da vurğulayıb ki, “Alyans” partiyasının nümayəndələrinin yaratdıqları “Avrasiya alyansı” vətəndaş təşəbbüs qrupunun 50 üzvü qanun layihəsini notarial qaydada təsdiqləyərək, qeydiyyata alınması üçün mərkəzi seçki orqanına təqdim edib. Layihəyə gəldikdə, burada “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” 26 mart 2025-ci il tarixli qanunun Aİ ilə Aİİ-nin gömrük tənzimləmələrinin bir-birinə uyğun gəlməməsi səbəbindən yarada biləcəyi iqtisadi və sosial risklərin, eləcə də mümkün böhranların qarşısını almaq və onları neytrallaşdırmaq məqsədi qabardılır.
Ən başlıcası, sözügedən layihədə Ermənistan Konstitusiyasında ölkənin artıq imzaladığı və qüvvədə olan dövlətlərarası müqavilələrə birbaşa zidd olan yeni dövlətlərarası müqavilələrin bağlana bilməməsi üçün qadağanın tətbiqi nəzərdə tutulur. Söhbət, konkret olaraq, məhz bu qadağadan gedir: “2015-ci il dekabrın 6-da qəbul edilmiş Ermənistan Respublikası Konstitusiyasının 5-ci maddəsinə aşağıdakı məzmunda 4-cü bənd əlavə edilsin: “Ermənistan Respublikası üçün imzalanmış, ratifikasiya olunmuş və qüvvədə olan qanunlara və beynəlxalq müqavilələrə birbaşa zidd olan qanunlar və yeni beynəlxalq müqavilələr imzalana və ratifikasiya oluna bilməz”.
***
Bildirdiklərimizin fonunda və “EADaily”nin Rusiyayönümlü olması reallığını nəzərə alaraq, bu media orqanının nə üçün belə bir məlumat yaydığına diqqət yetirək. Məsələ ondadır ki, Ermənistanda hazırda Aİ ilə Aİİ arasında hansısa seçimin edilməsinə zərurət yoxdur. Çünki Aİ-yə doğru yol xeyli uzundur və mövcud reallıq hay hakim dairələri tərəfindən yetərincə dərk edilir.
İkincisi, Aİ-dən Ermənistana yönəlik kateqorik seçim tələbi istisnadır. Ümumən, indiki məqamda kollektiv Qərbin ermənilərin ehtiyaclarını qarşılamaq, daha doğrusu, onların Rusiyadan tamamilə uzaqlaşmaları nəticəsində üzləşəcəkləri çətinlikləri aradan qaldırmaq gücündə olmadığı məlumdur. Deməli, “EADaily” Ermənistanın Aİ ilə Aİİ arasında seçimə və bununla bağlı referendum keçirməyə hazırlığını bildirməklə, ən əsası, məsələnin V.Putinin istəyindən qaynaqlandığını vurğulamaqla, Qərbdə Ermənistan hakimiyyətinə münasibətdə inamsızlıq formalaşdırmağa çalışır. Media orqanı elə görüntü yaradır ki, sanki, rəsmi İrəvan yalnız Aİ-nin ona verdiyi imtiyazlardan bəhrələnir, reallıqda isə Rusiyadan qopmaq niyyətində deyil, əksinə, Kremlə sədiq ruhlu olduğunu göstərməkdə maraqlıdır. Nəzərə alaq ki, burada prinsipial məqam “Alyans” partiyasının kimə xidmət etdiyi deyil.
***
Üçüncü məqam kimi bilavasitə referendum məsələsinin üzərində dayanaq. Ermənistanda məsələ aktualdır. Ancaq söhbət başqa referendumdan, daha doğrusu, ölkə konstitusiyasına dəyişiklik, yaxud yeni konstitusiyanın qəbulu ilə əlaqədar ümumxalq səsverməsindən gedir. Qeyd edək ki, Ermənistanın əsas qanununda qonşulara qarşı ərazi iddiasının aradan qalxması isə Azərbaycanın tələbidir. Təsadüfi deyil ki, 7 iyun parlament seçkiləri sonrası prosesin nəticələrinin ölkəmizin bu tələbinin yerinə yetirilməsi üçün maneə yaratdığı ön plana çəkildi. Yəni nəticələrin hay hakim komandasının konstitusiya islahatları keçirmək imkanlarını məhdudlaşdırdığı vurğulandı.
Bir halda ki, imkanlar məhduddur, o zaman nəyə görə Ermənistan sülh gündəliyi baxımından vacib yox, Aİ ilə Aİİ arasında seçimlə bağlı məsələyə dair referenduma can atsın? Əlbəttə, sualımız rəsmi İrəvanın mövqeyini şübhələndirmək məqsədi daşımır və daha çox ritorikdir. Aydındır ki, “EADaily” məlum məlumatı yaymaqla, təkcə Aİ ilə Ermənistan deyil, eyni zamanda, Ermənistanla Azərbaycan arasında etimad mühitini zədələməyi hədəf seçir, necə deyərlər, bir güllə ilə iki quş vurmağa çalışır. Amma fərqinə varmır ki, atdığı “güllə” hədəfə dəymir, əvəzində buraxdığı “quş” tutulur.
***
İrəvanın Aİİ-yə inteqrasiyasını dəstəkləyən, Aİ-yə üzvlük kursuna tənqidi yanaşan, Rusiya ilə strateji tərəfdaşlığın saxlanmasının vacibliyinə dair təbliğat aparan “Alyans” partiyası parlamentdə mandatla təmsil olunmur. Buna baxmayaraq, Ermənistan Konstitusiyasına ölkənin artıq qüvvədə olan beynəlxalq öhdəlikləri ilə ziddiyyət yaradan yeni müqavilələr bağlamasının yolverilməzliyinə dair müddəanın əlavə olunması təşəbbüsünü qaldırır.
“Alyans”çılar 2018-ci ilin parlament seçkilərində “Çiçəklənən Ermənistan” partiyasının sədri, iş adamı Qaqik Sarukyanın seçki blokunda iştirak etdilər və bu blok parlamentdə ikinci ən böyük fraksiyaya çevrildi. O Sarukyan ki, iki gün əvvəl barəsində iki aylıq həbs qətimkan tədbiri seçildi, obyektlərində axtarış aparıldı, malikanəsindəki şirlər İrəvan zooparkına yerləşdirildi. ...2021-ci ilin növbədənkənar parlament seçkilərinə isə digər siyasi qüvvələrlə birlikdə qatılan “Alyans” tərəfdarları parlamentə düşə bilmədilər. Qurum 2026-cı il parlament seçkiləri üçün qeydiyyatdan keçsə də, sonradan namizədliyini geri götürdü və qərarını müxalifətin səslərini parçalamamaq istəyi ilə əsaslandırdı.
Əlqərəz, Ermənistandakı Rusiyayönümlü digər qurumların çətin anlar yaşadığı hazırkı şəraitdə “Alyans” partiyası Moskva üçün, bir növ, ehtiyat variantdır və “EADaily”nin yaydığı məlumatın doğruluq payına məhz buna görə inanmaq mümkündür. Görünür, Kremldəkilər ehtiyat variantı işə salaraq, parlament müstəvisindəki təşəbbüsdən kənar referendum mexanizmini sınaqdan çıxarmağa və beləliklə, ölkənin Aİ-yə inteqrasiya xəttini beşiyindəcə boğmağa çalışırlar.
Nəzərə alaq ki, “alyans”çıların konstitusiyanın 5-ci maddəsinə təklif etdikləri 4-cü bənddəki “Ermənistan Respublikası üçün imzalanmış, ratifikasiya olunmuş və qüvvədə olan qanunlara və beynəlxalq müqavilələrə birbaşa zidd olan qanunlar və yeni beynəlxalq müqavilələr imzalana və ratifikasiya oluna bilməz” müddəası, ümumən, hay əsas qanununu, bir növ, kilidləməyə hesablanıb. Axı konstitusiyaya sözügedən məzmunlu əlavə olunsa, ona istinadən ölkədə konstitusiya islahatları aparmaq istəkləri də dalana dirənəcək. Müvafiq surətdə Azərbaycanın haqqında məlumat verdiyimiz şərtinin yerinə yetirilməsi, yekunda Bakı-İrəvan sülh sazişinin imzalanması müşkülə çevrilə bilər.
***
Sonda daha bir məqama diqqət yetirək. Vurğuladıq ki, hazırda Baş nazir N.Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş sazişi” partiyasının parlamentdə malik olduğu çoxluq referendum təşəbbüsü qaldırmağa imkan vermir. Belə bir durumda “Alyans” partiyasının “EADaily” tərəfindən reklam edilən referendum istəyi özlüyündə presedent yaradır. Deməli, Paşinyan və tərəfdarları da eyni yolla ölkədə yeni konstitusiya üçün ümumxalq səsverməsinin keçirilməsinə nail ola bilərlər. Yəni Azərbaycanın sülh müqaviləsi xüsusunda irəli sürdüyü şərtin yerinə yetirilməsi prosedur baxımından çətin deyil. Əlbəttə, başqa çətinliklər və ya “çətinliklər” olmayacaqsa. “Alyans”çıların çıxardıqları oyunbazlığa gəlincə, güman edirik, erməni hakim düşərgəsi bunun qarşısını hansısa vasitələrlə alacaq. Necə deyərlər, məqsəd vasitəyə bəraət qazandırır.
Ə.CAHANGİROĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 09 İyul 2026 00:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















