Fələstin Qəzzaya beynəlxalq qüvvələrin yerləşdirilməsinə razılaşdı
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fələstin Milli Administrasiyası (PNA) atəşkəs rejiminə nəzarəti və təhlükəsizliyi təmin etmək üçün Qəzza zolağına regional və beynəlxalq qüvvələrin yerləşdirilməsinə etiraz etmir.
Teleqraf xəbər verir ki, bunu Fələstin probleminin həllinə dair BMT-nin yüksək səviyyəli beynəlxalq konfransında çıxış edən Fələstinin baş naziri Məhəmməd Mustafa bildirib.
O, radikal HƏMAS hərəkatının silahları PNA-ya təhvil verməli olduğunu vurğulayıb.
M.Mustafa deyib: "HƏMAS Qəzzaya nəzarəti dayandırmalı və silahları Fələstin Milli Administrasiyasına təhvil verməlidir. Biz BMT Təhlükəsizlik Şurasının xalqımızı qorumaq, bütün tərəflərin atəşkəsə əməl etməsinə nəzarəti və təhlükəsizliyi təmin etmək üçün səlahiyyət verdiyi missiya çərçivəsində Fələstin dövləti ilə koordinasiyalı şəkildə regional və beynəlxalq qüvvələrin yerləşdirilməsinə çağırmağa hazırıq".
M.Mustafa eyni zamanda bu qüvvələrin Fələstin təhlükəsizlik qüvvələrinin əvəzedicisi olmayacağını bldirib.
Baş nazirin sözlərinə görə, Qəzza zolağının "işğal, məskunlaşma, məcburi köçürmə və ilhaq olmadan" İordan çayının qərb sahili ilə birləşdirilməsi üçün birgə işləmək lazımdır.
“Biz xalqımızla birlikdə Qəzzanı yenidən qurmalı, Fələstinin müstəqilliyinə nail olmalı və regional sülh, təhlükəsizlik və firavanlığa nail olmaq üçün Fələstin və İsrailin sülh və əmin-amanlıq içində yan-yana yaşayacağı ikidövlətli həlli həyata keçirməliyik”, - deyə M.Mustafa bildirib.


