Fransada dərinləşən sosial böhran
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Makron hökuməti siyasi burulğandan çıxa bilmir
Fransada bahalaşmaya, dövlət xidmətlərinin zəifləməsinə və təhsil sistemindəki problemlərə qarşı başlayan etirazlar oktyabrın 17-də genişmiqyaslı iğtişaşlara çevrilərək ölkəni son illərin ən ciddi daxili böhranlarından biri ilə üz-üzə qoyub. Parisdən Marselə qədər müxtəlif şəhərlərdə baş verən toqquşmalar, mağazaların talan edilməsi və dövlət binalarına hücumlarla müşayiət olunub. Hazırda hakimiyyət etirazların doğurduğu nəticələri aradan qaldırmağa və təhlükəsizliyi bərpa etməyə çalışır.
Ölkədəki etiraz dalğasının başlanğıcı sentyabr ayının ikinci yarısına təsadüf edir. Parisin ətrafındakı yaşayış məntəqələrində yerləşən məktəblərdə müəllim çatışmazlığı, dərs şəraitinin pisləşməsi və təhsil müəssisələrinin maddi-texniki problemləri şagirdlərin narazılığına səbəb olub. Sentyabrın 21-də Kretey ərazisindəki məktəblərdən birində başlayan etirazlar qısa müddətdə paytaxt ətrafına, daha sonra isə ölkənin digər şəhərlərinə yayılıb. Oktyabrın ilk həftəsində məktəblərin bağlanması, dərslərin boykot edilməsi və küçə yürüşləri artıq geniş ictimai müzakirəyə çevrilmişdi. Şagirdlərin tələbləri təhsil müəssisələrində müəllimlərin sayının artırılması, siniflərdə şagird sıxlığının azaldılması və məktəb binalarının vəziyyətinin yaxşılaşdırılması ilə məhdudlaşmır. Etirazçılar təhsil sistemindəki problemlərin gənclərin gələcək imkanlarına təsir göstərdiyini də bildirirlər. Onların narazılığı sosial mənşəyin təhsil nəticələrində oynadığı rol, ali məktəblərə qəbul imkanları və əmək bazarına keçidlə bağlı qeyri-müəyyənliklə də əlaqəlidir. Görünür, məktəblərdəki çatışmazlıqlar daha geniş sosial bərabərsizlik müzakirəsinin başlanğıc nöqtəsinə çevrilib.
Yeri gəlmişkən, narazılığın güclənməsində 2027-ci il dövlət büdcəsi ətrafındakı mübahisələr də mühüm rol oynayır. Hökumət büdcə kəsirini azaltmaq üçün təxminən 54 milyard avro həcmində qənaət və vergi tədbirlərindən ibarət plan hazırlayıb. Təkliflər arasında dövlət qulluqçularının əməkhaqlarının hesablanmasında istifadə edilən tarif şkalasının dondurulması da var. Həmkarlar ittifaqları belə addımların dövlət sektorunda çalışanların gəlirlərinə və ictimai xidmətlərin keyfiyyətinə mənfi təsir göstərə biləcəyini bildirirlər. Hökumət üçün dövlət borcunun və büdcə kəsirinin azaldılması məqsədilə sosial tələblərin qarşılanması arasında seçim etmək getdikcə çətinləşir. Təhsil xərclərinin artırılması, dövlət xidmətlərinin keyfiyyətinin qorunması və əhalinin maliyyə yükünün azaldılması əlavə resurslar tələb edir. Bundan başqa, büdcə intizamının gücləndirilməsi istiqamətində görülən tədbirlər sosial qrupların narazılığı ilə qarşılaşır. Mövcud ziddiyyət Fransada iqtisadi siyasətin siyasi böhrana çevrilməsinin əsas mexanizmlərindən birini təşkil edir. İnsanlar gündəlik həyatlarında çətinliklərin artdığını hiss etdikləri halda, hökumətin maliyyə sabitliyi naminə həyata keçirdiyi tədbirlərin nəticələrini öz üzərlərində görürlər. Belə şəraitdə büdcə göstəricilərinə əsaslanan izahlar ictimai narazılığı aradan qaldırmaq üçün kifayət etmir.
Fransa Daxili İşlər Nazirliyinin açıqladığı məlumatlara əsasən, təkcə oktyabrın 17-də ölkə üzrə keçirilən 110 yürüşdə təxminən 550 min nəfər iştirak edib. Təşkilatçılar isə iştirakçıların sayını 800 minə yaxın qiymətləndiriblər. Nümayişlərin əhəmiyyətli hissəsi dinc keçsə də, bəzi şəhərlərdə maskalı qrupların polisə və dövlət obyektlərinə hücumları, mağazaların talan edilməsi və yanğınlar vəziyyəti kəskinləşdirib. Oktyabrın 18-də yayılan məlumatlarda isə 1800-dən çox şəxsin saxlanıldığı qeyd olunub. Həmin günün sonrakı yenilənmiş məlumatlarında aksiyalar zamanı ümumilikdə 2397 nəfərin saxlanıldığı bildirilib. Hadisələr zamanı 997 polis və jandarm əməkdaşı xəsarət alıb, onlardan yeddisinin vəziyyəti ağır olub.
Ən ciddi hadisələrdən biri ölkənin mərkəzində yerləşən Limoges şəhərində olub. Burada XIX əsrə aid bələdiyyə binasında yanğın baş verib, dam örtüyü çöküb və tarixi tikiliyə ciddi ziyan dəyib. Marseldə bələdiyyə binasına daxilolma cəhdi qeydə alınıb, Lionda isə şəhərin mərkəzindəki turizm obyektində yanğın baş verib. Parisdə polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib, şəhərin bəzi ərazilərində mağazaların talan edilməsi və nəqliyyat vasitələrinin yandırılması qeydə alınıb. Hadisələr təkcə dövlət obyektləri ilə məhdudlaşmayıb. Fransanın iri pərakəndə satış şəbəkəsi “Carrefour”un rəhbəri Aleksandr Bompar şirkətin 50 mağazasına ziyan dəydiyini, onlardan 20-nin talan edildiyini açıqlayıb.
Prezident Emmanuel Makron oktyabrın 18-də xalqa televiziya müraciəti edərək baş verən zorakılıqları pisləyib və dövlətin dağıntılara səbəb olan şəxslərə qarşı sərt tədbirlər görəcəyini bildirib. O, dinc etirazçıların legitim tələbləri ilə mağazaları talan edən, binaları dağıdan və qarşıdurma yaradan şəxslərin hərəkətlərinin fərqləndirilməli olduğunu vurğulayıb. Makronun çıxışında diqqətçəkən məqamlardan biri təhlükəsizlik qüvvələrinin fəaliyyətinə dair araşdırma aparılması və şəffaflığın təmin edilməsi ilə bağlı vəd olub. Prezident daxili işlər naziri Loran Nünezə hadisələr zamanı kəşfiyyat məlumatlarının toplanması, mümkün zorakılıqların əvvəlcədən qiymətləndirilməsi və təhlükəsizlik tədbirlərinin planlaşdırılması məsələlərindən nəticə çıxarmaq tapşırığı verib. Lakin Makron fövqəladə vəziyyət elan etməyib. Bunun əvəzinə, şəhərlərin, dövlət binalarının və biznes obyektlərinin qorunması məqsədilə yerli hakimiyyət orqanlarının müəyyən toplantıları qadağan edə biləcəyini bildirib.
Ümumiyyətlə, Emmanuel Makronun hakimiyyəti Fransada çoxsaylı etirazlarla yadda qalıb. 2018-ci ildə yanacağın bahalaşmasına qarşı başlayan “Sarı jiletlilər” hərəkatı də qısa müddətdə genişlənərək vergi siyasətinə, yaşayış xərclərinin artmasına və sosial bərabərsizliyə qarşı ümumxalq etirazına çevrilmişdi. Həmin dövrdə hökumət geri addımlar atsa da, cəmiyyətdə formalaşan narazılıq sonrakı illərdə də davam etdi.
2023-cü ildə keçirilən pensiya islahatı da ölkədə yeni etiraz dalğasına səbəb olmuşdu. Makron hökumətinin pensiya yaşını 62-dən 64-ə qaldırmaq qərarı həmkarlar ittifaqlarının, işçilərin və tələbələrin kəskin müqaviməti ilə qarşılanmışdı. İslahatın parlamentdə səsverməsiz qəbuluna imkan verən konstitusiyanın 49.3-cü maddəsindən istifadə isə hakimiyyətin qərarvermə üsulu ətrafında mübahisələri daha da gücləndirdi. Həmin ilin iyununda 17 yaşlı Nahelin polis tərəfindən öldürülməsi ilə başlayan iğtişaşlar ölkədə polis fəaliyyəti, ayrı-seçkilik və sosial kənarlaşdırılma problemlərini yenidən gündəmə gətirdi. Sonrakı dövrdə büdcə qənaəti, dövlət xərclərinin azaldılması və sosial müdafiə ilə bağlı narahatlıqlar da etirazlara səbəb oldu. Ötən il isə “Hər şeyi bloklayaq” şüarı ətrafında səslənən çağırışlar mövcud narazılıqların yeni ifadəsinə çevrildi.
Makronun hakimiyyəti dövründə etirazların dəfələrlə təkrarlanması hökumətin sosial narazılığı aradan qaldırmaqda üzləşdiyi çətinlikləri bir daha üzə çıxarır. İqtisadi islahatların həyata keçirilməsi ilə yanaşı, cəmiyyətin narahatlıqlarının nəzərə alınmaması və qərarların qəbulunda sərt yanaşmanın seçilməsi hakimiyyətə etimad ətrafında mübahisələri gücləndirir.
Nəzrin ELDARQIZI
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 21 Oktyabr 2026 01:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















