Gələn il kimlərin maaşı artacaq?
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bəs gələn il maaş artımı hansı sahələri əhatə edə bilər və işçilərin əməkhaqları nə qədər yüksələ bilər?
Ölkə.az xəbər verir ki, iqtisadçı Asif ibrahimov Demokrat.az-a açıqlamasında bildirib ki, 2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması gözlənilir.
Onun sözlərinə görə, Prezidentin 2026-cı ilin oktyabrında verdiyi açıqlama bu istiqamətdə qərarların nəzərdə tutulduğunu göstərir:
"Lakin artımın konkret məbləği, faizi və hansı işçi qruplarına şamil ediləcəyi hələ müəyyənləşdirilməyib. Amma düşünürəm ki, bu artım illik inflyasiya həddinə uyğun müəyyənləşdiriləcək. İlkin olaraq minimum əməkhaqqı alanlar, pensiyaçılar və sosial müavinət alanlar artımdan faydalana biləcək. Büdcədən maliyyələşən müəllimlər, həkimlər və digər dövlət işçilərinin əməkhaqlarına dəyişiklik isə ayrıca qərarlardan asılı olacaq.
Əsas narahatlığımız maaşların artırılması yox, bu artımların hansı iqtisadi şəraitdə həyata keçirilməsidir. Hazırki, iqtisadi modellə əmək haqqı nə qədər artırılsa xərclər, məhsul və xidmətlərin maya dəyəri paralel olaraq artacaq. Azərbaycanda iqtisadiyyatın məhsuldarlığını, yerli istehsalın rəqabət qabiliyyətini və biznesin gəlir imkanlarını gücləndirən mexanizmlər kifayət qədər səmərəli deyil. İstehsalçı yüksək xammal, enerji, logistika və digər əməliyyat xərcləri ilə üzləşir. Belə şəraitdə əməkhaqqının artması müəssisənin maya dəyərini də yüksəldir. Əgər məhsuldarlıq və satış gəlirləri eyni sürətlə artmırsa, sahibkar ya qiymətləri qaldırmalı, ya mənfəətindən imtina etməli, ya da işçi sayını azaltmalıdır.
Bu proses xüsusilə kiçik və orta biznes üçün təhlükəlidir. Məsələn, bir müəssisənin əməkhaqqı fondu ayda 10 min manatdırsa və əməkhaqları 10 faiz artırılırsa, işəgötürənin aylıq əməkhaqqı xərci 11 min manata yüksəlir. Burada əlavə sosial sığorta və digər əməkhaqqı ilə bağlı ödənişlər nəzərə alınmayıb. İllik əlavə yük isə ən azı 12 min manat təşkil edir. Eyni zamanda müəssisənin digər xərcləri də artırsa, qiymət artımından qaçmaq daha da çətinləşir. Nəticədə maaş artımından əldə edilən gəlirin bir hissəsi bahalaşma vasitəsilə yenidən əhalinin cibindən çıxır.
Dövlət büdcəsindən maaş alan işçilərin əməkhaqlarının artırılması da əlavə maliyyə mənbəyi tələb edir. 2027-ci il üçün dövlət büdcəsinin gəlirləri təxminən 39,25 milyard manat, xərcləri isə 42,4 milyard manat proqnozlaşdırılır. Bu, təxminən 3,15 milyard manat büdcə kəsiri deməkdir. Belə bir şəraitdə əməkhaqlarının artırılması daimi büdcə xərclərini yüksəldir. Əgər əlavə gəlirlər iqtisadiyyatın real inkişafı hesabına yaranmırsa, dövlət digər xərcləri azaltmalı, yeni maliyyə mənbələri tapmalı və ya borclanma imkanlarından istifadə etməlidir.
Ən ciddi problem iqtisadiyyatın bu artımları daşımaq qabiliyyətidir. İqtisadi artımın 2027-ci ildə 2,7 faiz, qeyri-neft sektorunda isə 4,4 faiz proqnozlaşdırılması fonunda əsas diqqət istehsalın keyfiyyətinə, yeni iş yerlərinin yaradılmasına və əmək məhsuldarlığının yüksəldilməsinə yönəlməlidir. Əgər iqtisadiyyat daha çox məhsul istehsal etmir, daha yüksək əlavə dəyər yaratmır və biznesin rəqabət gücü artmırsa, gəlirlərin yüksəldilməsi uzunmüddətli maliyyə sabitliyini təmin etmək üçün kifayət etmir.
İqtisadiyyatın xərclərini artırıb gəlir yaradan mexanizmlərini zəif saxlamaqla dayanıqlı rifah qurmaq mümkün deyil. İllərlə iqtisadiyyatın struktur problemləri həll olunmayıbsa, istehsalçının xərcləri yüksəkdirsə, idxaldan asılılıq davam edirsə və regionlarda rəqabət qabiliyyətli biznes formalaşmırsa, bu model ölkənin iqtisadi imkanlarını tükəndirir.
2027-ci ildə maaş artımı həyata keçiriləcəksə, bu, real iqtisadi hesablamalara əsaslanmalıdır. Minimum əməkhaqqı inflyasiyanı, yaşayış xərclərini və əmək məhsuldarlığını nəzərə alan mexanizmlə müəyyənləşdirilməli, dövlət sektorunda əməkhaqqı siyasəti büdcənin uzunmüddətli imkanları ilə uzlaşdırılmalıdır. Özəl sektorda isə istehsalçının xərclərini azaldan, rəqabəti gücləndirən və investisiyaları təşviq edən addımlar atılmalıdır.
Əhalinin gəlirlərini artırmaq vacibdir. Ancaq bunun davamlı yolu yalnız maaşları yüksəltməkdən keçmir. İnsanların daha yüksək maaşla yanaşı, həmin maaşla daha çox mal və xidmət ala bilməsi üçün iqtisadiyyatın özü güclənməlidir. Əks halda, nominal gəlirlər artacaq, xərclər böyüyəcək, qiymətlərə təzyiq güclənəcək və əhalinin real rifahında gözlənilən nəticə əldə olunmayacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 23 Oktyabr 2026 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















