Görüşdük və bir neçə saatın içində ovsunlandım
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Altı il ötür həmin günlərdən... Hamımızın həyatından keçən 44 gündən... Bir millət, bir xalq olaraq, o günləri eyni yaşadıq - əvvəlindən sonuna qədər. Hər gün qələbəyə doğru addım-addım irəliləyərək, sevinclə bərabər, itkilərimizə için-için yansaq da, dünya gördü ki, ömürdən pay verdik, Vətəndən isə yox. Otuz il eşitdiyimiz tənələrdən, kinayəli eyhamlardan usanan bizlərin ümidi qırılmadı. Torpaqlarımızı viran edən, daş üstə daş qoymayan, hikkəsində boğulan düşməni ağ bayraq qaldıraraq qarşımızda diz çökdürən "Dəmir yumruq" zamanında söylədiyi: "Qarabağ Azərbaycandır!" şüarını bütün dünyaya sübut etdi.
44 günün hər anı bir xalqın iradəsinin, bir millətin birliyinin, Vətən uğrunda canından keçən oğulların qəhrəmanlıq salnaməsini yazdı. Bu savaşda zaman öz axırından çıxmışdı. Dəqiqələr sanki bir əsrə, gözlənilən hər xəbər bir ömürlük intizara çevrilmişdi. Qələbəyə gedən yolun hər addımında bir igidin nəfəsi, bir ananın duası, bir ailənin həsrət dolu baxışları vardı və cəbhədə döyüşənlərin arxasında dayanan, onların ağrısını, qorxusunu, həsrətini və qürurunu ürəyində daşıyan insanlar da bu tarixə öz ömürlərini yazdılar.
Onun adı çəkiləndə göz önünə yalnız bir döyüşçü deyil, Vətən sevgisini ömrünün mənasına çevirən bir qəhrəman gəlir. Dünən onun anım günü idi. Bir şəhid ailəsi ilə üzbəüz oturub, onların yoxluqlarını hər gün varlıqları kimi yaşayan doğmaları dinləmək nə qədər ağır olsa da, biz onun qapısını döydük.
Müsahibimiz Milli Qəhrəman, Aprel döyüşlərinin iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin II Ordu Korpusunun komandir müavini, şəhid polkovnik Şükür Həmidovun xanımı Könül Həmidovadır.
- Dünən altı il tamam oldu... İllər ağrını ya azaldır, ya da ağrı ilə yaşamağı öyrədir...
- Ağrı artır ki, azalmır. Əksinə, ağrını hər il daha çox hiss edirəm. Başlanğıcda düşünürsən ki, işdədir, gələcək. Amma illər keçir, səsini eşitmirsən, özünü görmürsən, bu acı necə azalsın? Dəfələrlə olub, süfrə başında bir də ayılmışam ki, göz yaşlarım boşqabıma tökülür. Bir ay əvvəl ailəmizdə ilk xeyir işimiz oldu. Övlad toyunu görmək hər valideynin haqqıdır, amma Şükürə bunu görmək nəsib olmadı. Həmin gün Allahımdan ancaq səbir, göz yaşlarımı saxlamağı və möhkəm dayanmağı istədim. Ağrı məni kəssə də, özümü sıxaraq ona dözdüm, çünki yavaş-yavaş ağrı ilə yaşamağı öyrənmişəm.
- Deyirlər hər güclü kişinin arxasında bir ağıllı qadın dayanır. Sizi tanıyaq...
- Qubadlı rayonunun Həmzəli kəndindənəm. Natamam orta təhsilə qədər kəndimizdə oxuya bildim. Məlum hadisələr bizi öz yurdumuzdan didərgin saldı və tam orta məktəbi Mingəçevirdə bitirdim. Sonra ailəmiz Sumqayıtda məskunlaşdı, BDU-nun Filologiya fakültəsində ali təhsil aldım. Təhsilimi bitirən kimi Sumqayıtda fəaliyyət göstərən Qubadlının Zilanlı kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris etdim. Lakin ailə vəziyyətimlə əlaqədər işimə fasilələrlə davam etməli oldum. Bilirsiniz ki, hərbçilərin xidməti yeri daimi olmur, tez-tez dəyişir. Şükür Həmidovun təyinatı hara verilirdisə, ailə olaraq, onun yanında olduğumuzdan qərara gəldim ki, pedaqoji fəaliyyətimi müvəqqəti dayandırım. 2020-ci ildə Şükür bizi təməlli olaraq Sumqayıta yerləşdirəndən sonra həmin vaxtdan Qubadlı rayon Çaytumas kənd texniki fənlər təmayüllü məktəb liseyində çalışıram.
- Polkovniklə yerli olduğunuzdan yəqin ki, tanışlıq elə oradan da başlayıb...
- Yox, eyni rayondan olsaq da, onu tanımırdım. Şükür Həmidovun atası Nəriman müəllimlə eyni məktəbdə çalışırdıq. Mən ikinci növbədə olduğumdan onunla heç rastlaşmamışdıq. Təsadüfi bir iclas bizi qarşılaşmışdı və məni oğlu Şükür üçün bəyənmişdi. Dərs hissə müdirimiz onların qohumu idi və bizim birlikdə olan şəklimizi Nəriman müəllimə vermişdi. O zaman Şükür Naxçıvanda xidmət edirdi, şəkli ora göndərmişdilər. Demişdi ki, görünüşünə görə bəyəndim, amma xarakterini də bilmək istərdim. Bir müddətdən sonra o, Bakıya gəldi və bizim görüşməyimizi bir növ təşkil edənlər oldu.
- Və həmin görüş hər şeyi həll etdi...
- Qaçqınlıq həyatı yaşamağa məcbur olduğumuzdan məndə bir fikir yaranmışdı ki, heç zaman hərbçi ilə ailə qurmaram və bu görüşdən imtina edirdim. Amma əbəs yerə deməyiblər ki, sən saydığını say... Görüşdük və bir neçə saatın içində Şükür Həmidov Vətənə bağlılığını, sevgisini elə büruzə verdi ki, ovsunlandım. Etiraf edirəm, ailə qurandan sonra mən onu Vətənə qısqanırdım da. Evə gəlirdi, əlində xəritə, dəftər, plan cızırdı, yazırdı, qeydlər edirdi. Kənardan ona baxıb düşünürdüm ki, axı biz də varıq, bizə də vaxt ayır. İstədiyini əldə edəndən sonra rahatlaşır və bizi başına yığırdı. Amma bununla belə, daxilən qürur duyurdum ki, Vətənini hər kəsdən, hər şeydən üstün tutan bir insanın yanındayam. Torpağını ürəkdən sevənlər ailəsinə çox bağlı olurlar.
- Hərbçi xarakteri sərt qanunlar çərçivəsinə tabe olur adətən...
- Bir dəfə söhbət əsnasında dedi ki, əsgərlərim bilirsən haqqımda necə düşünürlər? Deyirlər ki, yazıq komandirin ailəsinə, onlar bu qədər sərt xarakterli adama necə dözürlər? Evdəki hərbçiyə baxanda ona deyirdim ki, ay Şükür, sən necə polkovniksən, komandirsən? Vallah kənardan görənlər inanmaz ki, bu, sənsən. Qapıdan içəri daxil olan kimi, dediyiniz o sərt hərbçi xarakterindən əsər-əlamət qalmırdı. Deyirdi ki, mənim rütbəm də, vəzifəm də, fəxri adım da hərbi korpusun daxilinə aiddir. Oranın qapısından çıxandan sonra əsgərimlə bərabər səviyyədəyəm, işimin ailəmə heç bir aidiyyəti yoxdur. Şükür Həmidov ailəsini xoşbəxt etməyi bacaran ömür-gün yoldaşı, övladlarını daima sevindirən, üzünü güldürən ata idi. Duzlu söhbətləri, şirin zarafatları vardı. Onun xatirələri həmişə yadımda olduğundan yol gedəndə, ya nəqliyyatda olanda hansısa bir hərəkətini, bir sözünü xatırlayıb ixtiyarsız olaraq gülümsəyirəm. Ayılan kimi ətrafıma baxıram ki, axı mən tək deyiləm. Belə halımla tez-tez qarşılaşıram, çünki Şükürü anmadığımız gün olmur. Mənim nəzərimdə Şükür Həmidov həm Vətənində, həm ailəsi, qohum-əqrəbası, dost-tanışı arasında nümunəvi insandır.
- Dediniz ki, polkovnik işi evə daşımırdı, lakin ara-sıra işi ilə bağlı söhbətləriniz yəqin ki olurdu...
- Əsla... Olurdu ki, onun əhvalından, durumundan nələrisə hiss edirdim. Soruşanda ya deyirdi ki, hərbi sirdir, ya da "hər şey yaxşıdır" cavabını eşidirdim. Bir məqamı sizə deyim. Aprel döyüşləri başlayanda biz Füzulidə idik. Mənə elə gəldi ki, qarşı tərəf PUA qaldırıb, amma heç demə döyüş başlayıb. Tez zəng vurdum ki, nə olub, hardasan? Dedi ki, heç nə olmayıb, otağımda televizora baxıram. Hansı ki, Lətəpəni azad ediblər və səngərdədilər. Olurdu ki, hərbçi ailələrindən düşmən tərəfdən təxribat olacağı haqqında söhbətlər eşidirdim. Di gəl, ondan soruşanda deyirdi ki, belə söhbətləri yaxın buraxma. Həmişə də sözünün sonu belə bitirdi - biz müharibə şəraitində yaşayan ölkəyik, hər an nəsə ola bilər. Vəssalam, ondan eşitdiyim ancaq bu olurdu. Amma nəsə eşidəndə də özümü saxlaya bilmirdim, dərhal ona zəng edirdim. Deyirlər səngər, həyətlərdə quyu qazırsınız, nəsə gözlənilir? Zarafatından da qalmırdı, deyirdi ki, kəşfiyyatın yaman güclü işləyir, amma sən nədənsə unudursan ki, düşmənin qəfil hücumu olsa, əhali harada gizlənsin? Bəli, səngər də qazmalıyıq, quyu da. Yəni məni fikrimdən elə ustalıqla yayındırırdı, arxayın olurdum, məndən nəsə soruşanlara da deyirdim ki, bir xəbər olsa, Şükür mənə deyər.
- Hərbçilərin səyyar həyatı olur və bu, o qədər də asan deyil ailə üçün...
- On altı il ərzində Şükür Həmidov harada xidmət etdisə, onun yanında oldum. Elə şəraitimiz olub ki, yağış başımıza yağıb, ev boyu ləyən, vedrə düzmüşəm ki, ətrafı su basmasın, amma o qədər xoşbəxt idik ki, o vaxtlarda, çünki onun yanında idik. Yenə də Aprel döyüşlərinə qayıdım. Təsəvvür edin, yer-göy yanır alov içində. Məni və uşaqları çıxarmaq istəyirlər. Dedim ki, burdan yalnız mənim meyitim çıxa bilər, heç yerə gedən deyiləm. Özü zəng etdi ki, hardasınız? Dedim ki, sən harada, mən də orada. Əslində, bizim çıxmağımızı özü də istəmirdi. Evdəkilərin, qohum-əqrəbanın təkidi ilə uşaqları göndərdim, çünki balaca idilər, qorxurdular. Şükür bunu biləndə Sumqayıta zəng vurub dedi ki, uşaqları geri qaytarın. İki gündən sonra uşaqları gətirdilər. Bir tək bu Vətən müharibəsində yanında olmadım və ona görə düşünürəm ki, Şükürü qoyub gəldim deyə, belə oldu. Buna görə də özümü bağışlaya bilmirəm. Amma indi anlayıram ki, Şükür Həmidov hər şeyi bilirdi. 2020-ci ilin avqust ayında bizi bu evə köçürdü, müharibənin başlanmağına bir-iki gün qalmış telefonda soruşdu ki, evin bütün işləri tamamlandımı, əyər-əskik qalmadı ki? Dedim ki, yox, narahat olma, hər şey qaydasındadır. Yalnız ondan sonra dedi ki, Könül, sabahdan tetelefonum bağlı olacaq, imkan daxilində özüm əlaqə saxlayacağam. Tavanından yağış süzülən damın altında yaşadığım o günlərimi bugünkü şəraitimiz heç zaman əvəz edə bilməz. Kaş elə bütün otaq boyu ləyən düzəydim, odun qalayardım, soyuqdan barmaqlarım donaydı, amma Şükür yanımızda olaydı.
- Dəfələrlə müşahidə etmişəm, qaçqınlıq həyatı yaşayan uşaqlar hərbi sahəyə üz tutublar...
- Yox, Şükür Həmidovun məktəbdə oxuduğu illərdən hərbçi olmaq istəyi vardı. Səkkizinci sinfi bitirəndən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olundu. O zaman artıq bizə qarşı torpaq iddiası olsa da, qaçqınlığımız yox idi, amma Birinci Qarabağ müharibəsini eşidəndə, o liseydən qaçıb döyüşmək istəyib ki, buna mane olublar. Bayaq da vurğuladığım kimi, Vətənə sevgisi o qədər güclü idi ki, hərbi liseyin qaydalarını, yaşını belə nəzərə almadan vuruşmağa hazır olub. Bir məktəbli hərbçi olmaq arzusu ilə yaşayanda heç ağlına belə gəlməyib ki, bu istəyinə də çatacaq, odun-alovun içindən də keçəcək və varlığı ilə bağlı olduğu Vətənin yolunda canını da verəcək.
- Polkovniklə birlikdə on altı il cəbhə bölgələrində nə qədər rahat və sakit yaşasanız da, içinizdə bir narahatlıq mütləq ki, olub. O narahatlıq heç sizə pıçıldayıbmı ki, kaş Şükür Həmidov hərbçi olmayaydı?..
- İnanın səmimiyyətimə ki, yox. Mən hərbçi olduğunu bildiyim Şükürü ilk görüşümüzdə hərbi formada gördüm və o, bu görkəmdə də beynimə həkk olunmuşdusa, onu başqa bir sahədə heç zaman nə təsəvvür edə bildim, nə də arzuladım. Heç onun mülkü geyiminə belə alışa bilmirdim. Şükür hərb üçün yaranmışdı, bu yolda qətiyyətlə yürüdü, ucaldı və həmin geyimində də missiyasını başa vurdu.
- Ata və iki övladı - Əzizə, Nurlan...
- Şükürü hər zaman yanımızda görmək kimi bir imkanımız olmasa da, o, bizimlə birlikdə olmaq fürsətindən çox səmərəli istifadə edirdi. Bir hadisə danışım sizə. Tanış insanlarla eyni əhatədə olduğumuz yerdə bir ata qızını qucaqlayıb oxşamağa başladı. Bir qadın doluxsunmuş halda otaqdan çıxıb iradını bildirdi ki, Əzizənin yanında belə incəlikləri nəzərə almaq lazımdır. Əzizə bunu eşidib dedi ki, mən elə ata sevgisi, diqqəti, nəvazişi, qayğısı görmüşəm ki, ömrümüzün sonuna qədər onun etdiyi atalıq bizə bəsdir. Hər şeydən üstün işi olsa da, övladları Şükürün həssas tərəfi idi. Heç zaman onları diqqətdən kənarda qoymurdu. Yolunu elə salırdı ki, ayaqüstü də olsa, məktəbə gedib onlarla maraqlansın. Əzizəni müəllimə kimi görmək arzusu idi. Atasının istəyilə o, müəllim peşəsinə yiyələndi. Düzdür, sənəti üzrə işləməsə də, yəqin ki, o gün də gələr. Nurlanının isə hərbiyə həvəsi böyük idi, elə indinin özündə də. Atasına dedi ki, rütbəli olmaq istəyirəm. Şükür onun istəyinə qarşı çıxmadı, lakin ata-oğul arasında gedən söhbətdən sonda hər ikisi razı qaldı. Ona bir tövsiyəsi də oldu - iş seçəndə təkcə öz mənfəətini düşünmə. Çalış ki, millətinə, xalqına nə qədər faydalı olacağın haqqında düşünəsən. Atasının istədiyi kimi, indi Nurlan Türkiyədə Osman Qazi Universitetinin Biznesin idarə olunması fakültəsində təhsil alır və qayıdandan sonra hərbidə xidmət etmək arzusundadır. Şükür özündən sonra mənə elə bir ağır öhdəlik qoyub gedib ki, bu gün mən övladlarımıza anadan daha çox atalıq edirəm və çalışıram ki, onun kimi hərəkət edim.
- 27 sentyabr 2020-ci il...
- Aprel döyüşlərindən sonra tez-tez deyirdi ki, kaş tezliklə müharibə başlasın, torpaqlarımızı alaq. Hər dəfə bunu deyəndə içim titrəyirdi. Deyirdim ki, heç istəmirəm müharibə başlasın, çünki sağ qayıtmayacaqsan. Aprel döyüşləri bir şans idi, amma bu dəfə belə olmayacaq. Dedi ki, biz bu yolu seçəndə Vətən üçün hər şeyi gözə alıb gəlmişik. Müharibə varsa, orada ölüm də var. Sadəcə o ölüm kimin alnına yazılıb, bunu bilmirik. Nə xoş halıma ki, bu yolda şəhidlik nəsibim olsun. 2020-ci ilin avqust ayında Sumqayıtda aldığı mənzilin təmiri bitdi, məni və uşaqları Beyləqandan gətirdi bura. Hərbçi ailələri bir-birilə daima əlaqədə olduğundan, müharibəyə hazırlıq xəbərləri eşidirdim. Şükürdən soruşanda elə ağzımdan vururdu ki, nə müharibə, heç elə bir söhbət yoxdur, bir də məndən bu barədə heç nə soruşma, nə vaxt elə bir xəbər olsa, özümdən biləcəksən. Şükürün adamı inandırmaq, arxayın salmaq kimi bir məharəti vardı və bunu elə ustalıqla edirdi ki, şübhə yeri qalmırdı. Bizi yerləşdirib qayıtdı Beyləqana. Qayda üzrə onlar hər həftənin şənbə günü Müdafiə Nazirliyi ilə konfransa qoşulurlar. Dedi ki, konfransda bir tapşırıq olmasa, sabah gələcəyəm. Sabah da sentyabrın 27-i günü idi. Hər şeydən bixəbər sevindim ki, Şükür gəlir, onun sevdiyi yeməklərin hazırlığına başladım. Bir az keçmiş mənə xəbər gəldi ki, korpusa xeyli tabut gətiriblər. Düşmən tərəfdən hücum gözlənilir, qarşısını almaq üçün hazırlıq görülür. Özümü saxlaya bilməyib zəng edib Şükürdən məlumat almaq istədim. Özündən çıxdı və dedi ki, sabah gələcəyəm danışarıq. Yenə də məni arxayın salıb inandırdı.
- Yəni sentyabrın 26-sı günü...
- Bəli... Axşam özü zəng vurub dedi ki, Könül, mənə zəng çatmayacaq, cavabdehəm. Dedim ki, sən cavabdeh olanda korpusdakı otağından bir-bir hərbi hissələrlə əlaqə saxlayırsan. Dedi ki, bu dəfə otaqda yox, kazarmada olacağam. Yenə də soruşdum ki, sən Allah bir narahatçılıq gözlənirmi? Həmişə olduğu kimi eyni sözləri eşitdim - narahat olma, bir azdan zəng edəcəyəm. Bir az keçmiş yenə mənə xəbər gəldi ki, bəs Şükür Həmidov göstəriş verib ki, bayraqlar aparılsın Füzulidəki N saylı hərbi hissəyə. Düşündüm ki, bayraqlar o hissəyə niyə getməlidir? Şükür zəng edəcəyəm desə də, hələ də ondan xəbər yox idi. Bu xəbər də məni çox narahat etdi, gecə saat ikidə yenə Şükürə zəng vurdum. Adını çəkərək dedim ki, sən bu hərbi hissədəsən? Dedi ki, qəti ad çəkmə. Kazarmadayam, yatmışam. Dedim, bəs bayraqlar həmin hissəyə niyə gedir? Dedi ki, kəşfiyyatın yaman güclü işləyir, yoxlama var, həm də hərbi hissələrdə bayraq olmalı deyil, burada qeyri-adi nə var ki... Son sözü də bu oldu ki, yatmağa gedirəm, məni narahat etmə. Amma əslində onlar artıq Füzuli istiqamətinə yol almışdılar. Özlüyümdə düşünürdüm ki, Şükürün həmin hissədə nə işi ola bilər. Beləcə, səhər açıldı və telefonu açanda gördüm ki, sosial şəbəkələr qarışıb bir-birinə - ordumuz hücuma keçib. Bir anlıq harada olduğumu unutdum və dərhal Şükürə zəng çalmağa başladım. Nömrəyə zəng çatmır, bir az keçir mesaj gəlir ki, nömrə şəbəkəyə qayıtdı. Ardınca yığıram yenə şəbəkə xaricindədir. Nəhayət ki, əlaqə yarada bildim. Bircə onu dedi ki, narahat olma, danışarıq və yenə telefon söndü. Mənə bircə onun səsini eşitmək lazım idi ki, sağ olduğunu bilim. Ərazilər alındıqca, ümidim də artırdı ki, tezliklə qələbə bizim olacaq. Bir yandan da, Şükürlə ara-sıra qısaca da olsa, danışa bilirdim. Artıq evlərə şəhidlər gəlirdi və bir neçə polkovnik-leytenantın şəhid xəbərini eşidəndə əlim üzülən kimi oldu. Olurdu ki, dörd günlə ondan zəng gəlmirdi, amma qardaşının oğlu da cəbhədə olduğundan ondan xəbər ala bilirdim. Deyirdi ki, ay bibi, bütün cəbhə səhəri əmimin səsi ilə açır, sən narahat olma.
- Bayaq vurğuladınız ki, müharibənin başlanmağını heç istəmirdiniz, çünki polkovnikin sağ qayıtmayacağını hiss edirdiniz...
- Müharibə başlayandan onun hər gün sağ olduğu xəbərini bilmək mənim üçün bir qazanc idi. Bilirsiniz səksəkə içində yaşamaq nə qədər dəhşətli hissdir? Oktyabrın iyirmisi yuxuda gördüm ki, ərazilərin hamısı təmizlənib, Şükür irəlidə gedir, mən də əlimdə tozsovuran onun arxasınca qəlpə qırıqlarını yığa-yığa gedirəm və gedib çatıram dağın başına. Görürəm ki, böyük bir qəlpə var. Öz-özümə deyirəm ki, bu qəlpəni də götürüm Şükürə heç nə olmasın. Amma yuxudan oyanıram. O qəlpəni götürməməyim ürəyimdə bir ağrıya çevrildi. Dua etdim ki, bu gün Şükürə heç nə olmasın. Gün başa çatanda sevindim də. İkinci gün yuxuda gördüm ki, evin qapısı ovulub yerə tökülüb. Tez-tez ovuntuları yığıb özümə deyirəm ki, bunları mütləq yapışdırmalıyam. Şükür gəlib görsə, deyəcək ki, evi yeni təmir eləyib vermişəm sənə, qapı niyə bu günə düşüb? Var gücümlə çalışıram ki, ovuntunu yapışdırım. Yenə də ayıldım. Az keçməmiş telefonuma bir video gəldi. Azad olunmuş ərazimizdə çəkilən videoda bir zabit dayanmışdı və Şükürün səsi gəlirdi. Səsə diqqətlə qulaq asırdım, lakin Şükürü tanımamışdım. Təkrar-təkrar videoya baxdım, son dəfə onu müharibədən doqquz gün əvvəl görmüşdüm. Həmin gün qapıdan çıxanda ağladım, dönüb mənə dedi ki, arxamca ağlama. Göz yaşımı silib arxasınca su atdım ki, tez qayıtsın. Oğlumuz atasını aşağıya qədər yola salanda onu öpüb maşına tərəf gedib, sonra bir də geri qayıdaraq Nurlanı bərk-bərk bağrına basıb. Bunu mənə o, şəhid olandan sonra qonşu danışdı. Məni arxayın edə-edə hər ağrını içində daşıdı Şükür.
- Yuxularınızdan iki gün sonra acı xəbər gəldi...
- Oktyabrın on doqquzundan Şükürə artıq zəng çatmırdı. İyirmi birində videoda özünü görüb səsini eşitsəm də, gördüyüm yuxular məni rahat buraxmırdı. İyirmi ikisində səhər oyananda gördüm ki, oğlum qızdırma içindədir. Başım ona qarışsa da, tez-tez Şükürün nömrəsini yığırdım, cavab ala bilmirdim. Qaynımın oğluna zəng vurdum, dedi ki, narahat olma. Dözməyib Şükürün sürücüsünə zəng vurdum, o dedi ki, Könül bacı, sonra danışarıq. Həmin anda ürəyimdən keçdi ki, Şükür şəhid olub. Təkrar sürücünün yoldaşına zəng vurdum. Soruşdum ki, Aynur, dayıdan xəbər varmı (onlar Şükürə dayı deyirdilər)? Mən heç nə deyə bilmərəm söyləyib ağladı. Artıq tam əmin idim ki, Şükür artıq yoxdur. Qaynıma zəng vurub dedim ki, tez maraqlan və mənə bir xəbər de. Az keçməmiş zəng vurdu ki, Şükür şəhid olub. İndiyə qədər qonşularımız deyir ki, sənin o qışqırığının səsi hələ də qulağımızdadır. Bax belə, oktyabrın iyirmi ikisi onu itirdik.
- Şükür Həmidov qələbəni görməsə də, uzun illərin həsrətindən sonra doğma torpağı Qubadlıya ayaq basa bildi və Mahmudlu kəndində şəhid oldu, yəni torpağına qayıtdı...
- Füzulidə ağır seyid olan Mirsədi babanın bir bulağı var. Hər dəfə oradan keçəndə Şükür Həmidov nəzir qoyurdu. Müharibə başlayanda düşüb ora nəzir qoyub və deyib ki, hiss edirəm şəhid olacağam, amma torpağımı görüm, orada şəhid olum. Bunu mənə sonra dedilər. Allah Şükürün səsini eşitdi. Bu gün bir də onunla təskinlik tapıram ki, Şükür istədiyi arzusuna çatdı. Hamıya tapşırıbmış ki, o torpağa məndən əvvəl heç kəs girməsin. İlk olaraq Qubadlıya girib, dizini yerə vurub ağlayıb ki, bu torpağa qayıtdı və Mahmudlu kəndində düşmənin atdığı tank əleyhinə raketin üzərinə düşməsi nəticəsində şəhid olub.
- Qələbə xəbərini eşitmək bütün şəhidlərin də, hərbçilərin də haqqı idi. Siz hələ acı içində olanda bu xəbər hər yerə səs saldı...
- Bu ayın on ikisində Heydər Əliyev Mərkəzində "44" bədii filminin nümayişi oldu. Həmin filmə baxandan sonra mən qələbəmizi duydum və o, sevinci həqiqətən yaşadım. Altı il əvvəl qələbəni acımın isti vaxtında eşitdim. Təbii ki, sevindim, torpaqlarımız işğaldan azad olunmuşdu, lakin bu, o zaman ağrı qarışıq bir sevinc oldu. Özümü sadəcə qalib bir xalqın nümayəndisi kimi görürdüm. "44" filmini izləyəndə isə o müharibəni bir iştirakçısı kimi yaşadım, qələbəmizi də məhz orada hiss etdim.
- Ötən altı ilin Könül Həmidovaya öyrətdikləri...
- Tam səmimi deyirəm, mən bu itki ilə barışmaq istəmədim, çox üsyan etdim, özümə qapandım, aylarla evimdə yemək bişirmədim, uşaqlarımı görməzdən gəldim. Elə çökmüşdüm, sanki bir ruha çevrilmişdim. Nə bir nəsihət eşidirdim, nə də təsəlli dinləyirdim. Belə günlərimin birində Şükür bacısı oğlunun yuxusuna gəlib və deyib ki, Könülə deyin namaza başlasın. Bunu çox ehtiyatla mənə dedilər. Düşündüm ki, əgər Şükür belə deyibsə, ona mütləq əməl etməliyəm. Beləcə, namaza gəldim, daxilən içimə bir rahatlığın yayıldığını hiss etməyə başladım. Az sonra ayıldım ki, Şükür mənə elə bir əmanət qoyub gedib ki, onlara sahib çıxacaq yeganə insan mənəm. Haqq dünyasında ona bunun cavabını verməliyəm. Altı ilin dörd ili Şükürü gözləməklə keçdi. Mən onun nəşini görmədim, tez-tez yuxularımda mənə deyirdi ki, gələcəyəm, mən ölməmişəm. Bir gözlənti ümidi yaranmışdı içimdə. Və bir də mən sosial şəbəkə üzərindən tanımadığım Şükürü tanıdım. Onun haqqında elə şərhlər oxuyurdum ki, bütün bunlardan xəbərsiz olduğuma görə özümü məzəmmət edirdim. Sonra da düşünürdüm ki, haradan bilməliydim, bir halda ki, Şükür mənə heç nə demirdi. Əsgərindən tutmuş sıravi vətəndaşlara qədər hamıya dəstək olan bir insan xalqı arasında hərbçi olmağından savayı, bir mərhəmət sahibi kimi də hörmət qazanıbsa, bu, bizim üçün hər şeydən üstündür.
- Şəhid olduğu yerə yəqin ki, getmisiniz...
- Müharibədən əvvəl bir dəfə ona demişdim ki, əgər şəhid olsan, mən o torpağa ayaq basa bilmərəm. Bu sözümün üstündə məni xeyli danlamışdı. Dəfnindən sonra məzarının başında dayanıb həmin sözlərimə görə ondan üzr istədim və dedim ki, o torpağı ki, sən canın bahasına mənə qaytarmısan, ora getməməyə haqqım yoxdur. Uzun müddət verdiyim sözə əməl edə bilmədim, bir növ cəsarətim çatmadı. Yalnız keçən il özümü toplayıb Şükürün ruhu dolanan o torpağa getdim. Ayağı dəydiyi o yerlərdə sanki izlərini gördüm, havasında nəfəsini duydum və gec gəldiyim üçün ondan məni bağışlamasını istədim.. Bir tək şəhid olduğu yerə getməyə özümdə hələ ki, güc tapa bilməmişəm. Amma əminəm ki, o gün də gələcək.
SÖZARDI: Vaxt gələcək Könül xanım bu ağrının içindən keçib həmin yerə gedəcək, onunla bağlı xatirələrini bir daha ürəyindən keçirəcək. Bəlkə də orada deyə bilmədiyi sözləri pıçıldayacaq. Çünki sevgi ölümün bitirə bilmədiyi, həsrətin isə unutdura bilmədiyi bağlılıqdır. Və bəzən insan ən ağır yolları belə, ümidin işığında keçməyə özündə güc tapır...
Tamilla M-ZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 23 Oktyabr 2026 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















