Icma.az
close
up
RU
Gülnisə kimi günahkar, əlləri ölümə bulaşmış ananın qızı olmaq... Samirə Əşrəf

Gülnisə kimi günahkar, əlləri ölümə bulaşmış ananın qızı olmaq... Samirə Əşrəf

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az Samirə Əşrəfin "Solğun çiçəklər" tamaşası haqqında yazısını təqdim edir.

Son illər teatr sahəsində xeyli canlanma müşahidə olunur. Ard-arda təqdim olunan yeni tamaşalarda gənclərin çoxluğu diqqəti cəlb edir. Bu canlanmanın gənclərlə bağlı olduğunu görmək, əlbəttə, ürəkaçıcıdır.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı bütün yaş qruplarına xitab edən sənət məkanıdır. Lakin adından da bəlli olduğu kimi, bu teatr həm də gəncliyi özündə ehtiva etdirir. Bu mənada Milli Gənc Tamaşaçılar Teatrının “Artstudiya” teatr studiyasında yaradıcı gənclər üçün geniş meydan verilib. Studiyanın yaranma məramı istedadlı gənclərin fəaliyyət və bacarıqlarını rahat şəkildə realizə etməsinə şərait yaratmaq, onların özünüifadəsinə təkan verməkdir. Gənc rejissor, aktrisa Aydan Həsənzadənin “Biganə məşuq” adlı birhissəli səhnə əsəri də studiyanın ilk səhnə təcrübəsi hesab oluna bilər. Kifayət qədər modern təhkiyədə tamaşaçılara təqdim olunan tamaşa rejissorun dünyaya baxışının, teatral düşüncə tərzinin təcəssümü idi.

"Artstudiya"da ikinci tamaşa Müşfiq Elmanoğlunun quruluşunda “35 ildən sonra” tamaşası oldu. Tənha aktyorun kədərli hekayətindən, uzun illərdən sonra övladı ilə bir az nakam, bir az da təəssüfedici görüşündən bəhs edən tamaşa Müşfiqin peşəkar teatr səhnəsində debütü idi və bugünkü teatr imkanlarını, mühitini nəzərə alsaq, kifayət qədər maraqlı iş hesab etmək olar. Haqqında bəhs etdiyim hər iki tamaşaya tamaşaçılar tərəfindən müsbət reaksiyalar gəldi.

"Artstudiya"nın növbəti uğurlu işi isə bir neçə gün əvvəl nümayiş olunan Cəfər Cabbarlının “Solğun çiçəklər” pyesinin motivləri əsasında hazırlanan eyniadlı tamaşa oldu. Tamaşanın quruluşçu rejissoru Səbinə Məmmədzadə, bəstəkarı Emil Elmanoğlu, rəssamı Elmira Üzeyirovadır. Səhnə əsərinin bədii rəhbəri Əməkdar artist Nicat Kazımovdur.

Bəri başdan qeyd edim ki, bu gün Cəfər Cabbarlı yaradıcılığına müraciət alqışlanası haldır. Zaman-zaman teatr səhnəsində Cabbarlı yaradıcılığına müxtəlif formalı müraciətlər, yanaşmalar olub. Cabbarlı yaradıcılığına soyuq, hətta lap soyuq münasibət göstərən rejissorlarımız da, şübhəsiz ki, olublar. Yəqin, yenə də var. Amma birmənalı olaraq Cəfər Cabbarlı çox böyük dramaturq və nasirdir. Onun 37 yaşa qədər ədəbiyyatda, publisistikada, poeziyada, teatr və kinoda etdiklərini düşündükcə insan vəcdə gəlir. Qısa ömür dilimində Cabbarlının ədəbiyyatda qoyduğu iz, aşıladığı vətənpərvər əqidə, məfkurə məni hər zaman mütəəssir edib. Romantik realizmin banisi kimi təqdim olunan Cabbarlı, əslində, bir çox yeniliklərə öz dünyagörüşü ilə yol açıb, mayak olub. Onun əsərlərində qaldırdığı problemlər, xoşbəxt gələcək naminə qarşısına qoyduğu məqsədlər əsərlərində, qəhrəmanlarının amalında, arzularında özünü aşkar şəkildə biruzə verir.

Bu mənada Səbinənin Cəfər Cabbarlı yaradıcılığına, üstəlik, “Solğun çiçəklər” kimi klassik əsərə müraciət etməsi marağıma səbəb oldu. Tamaşanın məşqlərinə bir neçə dəfə gedib baxsam da, yaradıcı mənada qaneedici, əl atıb yapışası tutarlı məqam tapmadım. Səbirlə işin yekunlaşmağını, sona çatmağını gözlədim.

Nəhayətdə qarşımda yığcam, amma dolğun təəssüratlı səhnə tərtibatı və mükəmməl aktyor ifaları ilə zəngin səhnə əsəri çıxdı.

Bəri başdan qeyd edim ki, klassik əsərlərə nəzərəçarpacaq qədər toxunuşlarn qəti əleyhinəyəm. Müəyyən əlgəzdirmələr, yenilikçi fikirlərin tətbiqi mümkündür, amma məhz toxunuşlar, yerdəyişmələr, ideyanın bitkinliyinə təsir göstərəcək dərəcədə əlavələr qəbuledilməzdir. Üstəlik, məhz Gülnisə kimi tamahkar, evyıxan, barmaqları zəhər şüşələrinə sığal çəkən, öldürücü nəfəsi ilə Sara kimi bahar çiçəklərini solduran bir obraza müəllif yox, rejissor yozumunda haqq qazandırılması ürəyəyatımlı deyildi. Hər əzazilliyin, zalımlığın səbəbi mütləq deyildir ki, hansısa uşaqlıq travması olsun və bu onun cinayətinə bəraət qədər haqq qazandırsın. Amma bütün bunlar qələm əhli və tamaşaçı kimi mənim şəxsi fikrimdir. Yazıçıya, rejissora, və digər peşə sahiblərinə nəyisə diktə etmək, zənnimcə, doğru deyil. Bu yaradıcı insanın azadlığını, yaratmaq istəyini çərçivəyə salmaq, əl-qolunu bağlamaq deməkdir. Eqoist düşüncə tərzidir.

İstər vaxt, istərsə də aktyor seçimi və onlarla işləmək baxımından o, quruluşçu rejissor kimi xeyli zəhmət çəkmişdi. Bunu aktyorların ifasından daha yaxşı hiss etmək olurdu.

Son illər uzun tamaşalar gözlərimizi yağır edib. Normal oxucu kimi 200-250 səhifəlik əsəri üç, dörd saat ərzində başa vura bilərəm. Əgər teatra gedib bir tamaşaya bu qədər vaxt ayırıramsa, deməli, bu romanı və ya pyesi oxumağa bərabər zaman həddidir. Halbuki, mən tamaşaya baxmağa, oxuduğum əsərin səhnə yozumunu, vizuallığını izləməyə, təsəvvürümdəki qəhrəmanlarla səhnədən, teatrdan tanış olmağa gedirəm. Yəni bu baxımdan, rejissorlar tamaşaların zamanının ölçülüb-biçilməsində diqqətli olmalıdırlar. Bugünkü internet əsrində, sosial şəbəkələrdəki məlumat, xəbər bolluğu içərisində var olan, klassikaya, teatra maraqlı, səhnəni sevən tamaşaçıları uzun səhnə əsərləri ilə yormamağa, teatrdan qaçaq salmamağa çalışmalıdırlar.

Dairəvi mizanlarla qurulan səhnə əsərində hadisələr qəhrəmanların öz künclərinə çəkilib bir neçə cümlə ilə həyatlarının izahını verməklə başlayır. Əbdül (Ədalət Əbdülsəməd) qaranlığın içərisindən peyda olub əlindəki fənərlə monoloqunu səsləndirərək digər qəhrəmanların künclərini, həm də onların həyatlarının səhnəyə aid olan hissəsini işıqlandırır. Onun addımları, qorxusu, günahsız bir ölümün tezliklə baş verəcəyi hissini gücləndirir. Əbdülün ölümü sanki qoxulaya-qoxulaya səhnənin mərkəzinə addımlaması mistikanın inikasıdır.

Gülnisə (Leyli Vəliyeva) səhnənin mərkəzində qurduğu tora qəddar baxışlarla baxması, nəfsinin köləsinə çevrilərək vəhşi, yırtıcı quş kimi hədəfə doğru sürüklənməsi, onun dövrəsində fırlanması həmin tora onun özünün gec-tez düşmə ehtimalını tamaşaçıya təlqin edir.

Sara yox, Pəri... Bəlkə, Sara və Pəri? Hə, elədir ki, var. SaPəri (Aygün Fətullayeva) bir bədəndə iki candırlar, birlikdədirlər. Hər ikisi eyni qanın daşıyıcıları, eyni atanın qızlarıdılar. Hər biri eyni oğlana, əmioğlu Bəhrama aşiq olublar. Onlar eyni damın altında yaşayır, öz məqsədlərini ali hesab edir. Amma Sara pak arzularından ilhamlanır, bu arzulara çatmamış, lap elə Gülnisənin çərlədib vərəmlətdiyi anası kimi vərəmləyib ölür. Sara fiziki cəhətdən Gülnisələrə, Pərilərə, Bəhramlara məğlub olur, amma mənən qələbə qazanır. Pəri isə elə doğulduğu gündən ölümlə qaçdıtutdu oynayır, həyatı kəndir üstündə yaşamaqdan ibarət deyilmi?!

Ölüm bu həyatda heç kimdən yan keçmir. Amma Pəri də onun toruna tez düşür. Bəlkə, onun düşdüyü ölüm haləsi elə anası Gülnisənin ilmə-ilmə hördüyüdür? Bəhramın güclü əlləri arasında qoxlanmaq, sevilmək, murada çatmaq varkən, ölümə çatır Pəri. Bəhramın əlindən sevgi şərabını yox, ölüm şərabını içir.

Bəhram (Ümman Budaqov) öz əmisiqızına aşiqdir. O, sevir, ancaq sevgisində naşıdır. Küçəyə atılmaqdan, heçə çevrilməkdən dəhşətli dərəcədə qorxur. Yox olmaq, işsiz, nimdaş geyimli kasıb olmaq qorxusu ona sevgisiz qalmaqdan dəhşətli görünür. Bu hiss Bəhramı sevgidən uzaqlaşdırır, öz mənindən təcrid edir. O, Pərinin amansızlığına təslim olur.

Rejissorun aktyor seçimi tamaşaboyu bu seçimin əsaslandırılmasına xidmət edirdi. Təqdim olunan ifalar aktyorlarla iş prosesinin sağlam mühitdə baş verməsini sübut edir. Aktyorların öz obrazlarına hakim olmaları, tərəf müqabillərinin bir-birlərinin mizanlarına dəqiq yanaşmaları məsuliyyətli və səliqəli iş birliyindən xəbər verirdi.

Əməkdar artist Leyli Vəliyevanın dövrələmə hərəkətləri, bədən dili, rəqsləri və zəhərəbənzər şirin gülümsələmələri onun Gülnisə rolunu tamamilə mənimsəməsini, süngər kimi canına çəkməsinin göstəricisi idi. Ümumiyyətlə, Leyli Vəliyeva son illər Azərbaycan teatr səhnəsində öz həmkarları arasında ən istedadlı aktrisalardan biridir. Onun səsi, plastikası, manevrləri, daxili səsinin danışığa köçürülən intonasiyası bir aktrisa üçün lazım olan ən vacib amilləri özündə birləşdirir. Gülnisə obrazında Leyli Vəliyeva məkrli qadın rolunu çox asanlıqla təqdim edir. Aktrisa bəzən incə detallarla, bəzən də çox qabarıq şəkildə öz Gülnisəsini səhnənin ortasında qurduğu tora adddım-addım, dairə-dairə, rəqs edərək, şux avazla yaxınlaşdıra bilir. Aktrisanın daxilindəki rahatlıq, həyəcansız görünə bilmək bacarığı onu rolun tarazlığını qorumağa, obrazın tempini saxlamağa kömək olurdu. Leyli Vəliyevanın Gülnisəsi uca boyu, şabalıdı saçları, parlaq gözləri, sivri baramaqları ilə ətrafındakı hər kəsin, hətta öz doğma balası Pərinin belə həyatını zülmətə çevirməyə nail olur. Halbuki, o, bala məhəbbətinə görə cinayətə qədər getmişdi. Amma bu rəhimsiz gediş belə onun Pərisini ölümdən qoruya bilmir.

Aktrisa Aygün Fətullayeva Sara və Pərini müxtəlif keçidlərlə canlandırmalı idi. Əsl istedad məhz bu məqamlarda öz sözünü deməlidir deyə düşünərək Aygünün ifasına diqqət kəsilirəm. Zalım Pəridən Saraya keçidi və ya əksinin baş verməsini səbirsizlikə gözləyirəm. Qəfildən səhnənin dərinliklərindən Saranın fağır, köməksiz çağırışları eşidilir. Gah vəfasız Bəhramı səsləyir, gah Əbdül əmini köməyə çağırır, gah da bədbəxt taleyinə acıyaraq ağlayır. Aktrisanın yanağından iki damla yaş yuvarlanıb xəyanətkar sevgilisindən yarımayan, bomboş qalan qoynunu isladır. Saranın məzluma çevrildiyi küncdən qəfildən Pəri ilan kimi fısıldayıb ayağa qalxır, Bəhramın təslimiyyətə əyilən, müti boğazına dolanıb onu boğurmuş kimi özünə tərəf çəkir, çəkir, çəkir və ram edir.

Təəccüblənirəm. Hər ikisi SaPəri yəni Sara da, Pəri də Aygün Fətullayevadır. Bəs hara getdi elə indicə, bu dəqiqə Aygünün gözündə almaz kimi parlayan yaş damlaları, bu dirilik suyu qədər müqəddəs, əvəzolunmaz sevgi nişanəsi necə ilan zəhəri kimi bacısının qanına işləyib onun ölümünə bais oldu?!

Ümman Budaqov səhnənin qarayanız, qəlbiqırıq, günahkar Bəhramı. İki od arasında canını qoymağa yer tapa bilməyən talesiz. Aktyorun səhnədə ilk baş rolu olsa da, Ümman öz Bəhramına isinişməyi bacarıb. Hərdən mənə elə gəlirdi ki, o, qucağına alıb gəzdirdiyi çiçəkləri bir də heç vaxt yerə qoymayacaq. Hətta tamaşa bitəndən sonra gözüm Ümmanı və qucağında gəzdirdiyi dibçəyi axtarırdı. Onu tamaşaçılarla şəkil çəkdirən yerdə tapanda, diqqətlə ətrafına, yan-yörəsinə baxıb Saranın ona vəsiyyət etdiyi solğun çiçəkləri axtarırdım.

Ədalət Əbdülsəməd öz ifası ilə, əslində, tamaşanın müxtəlif məqamlarında gah ocağa atılan barıt, gah nəhayətsiz göylərdən od tutub yanan ehtiraslara, qəlblərə təşnə olan sərin suya çevrilirdi. Qaranlıq səhnədə, ona həvalə olunan fənərin işıq mizanlarını, öz ifası ilə eyniləşdirməyə nail olurdu. Ədalət Əbdülsəməd tamaşaçıya lazım olan xeyirxah, sadə, Saraya ölümündən sonra belə sadiq qalan qulluqçu obrazının öhdəsindən məharətlə gələ bilirdi. Onun yaratdığı Əbdül yazıq, fağır qapı adamı deyil, əksinə, yeri gələndə qızı qədər sevdiyi Saranın hüquqlarını qorumağa qadir, Gülnisə ilə üz-üzə gəlməkdən çəkinməyən, Bəhramı tənbeh etməyə cəsarəti çatan obrazdır.

Tamaşanın musiqisi, xüsusilə, qüvvətləndirici təsirə malik idi. Bəstəkar rejissorun nə istədiyini, tamaşaya hansı atmosferi qatmağın lazım olduğunu aydın şəkildə qavrayıb dərk edə bilmişdi. Səhnə əsərinin ritminə uyğun hesablanan musiqilər aktyor ifaları ilə üst-üstə düşərək harmoniya yaratmağı, tamaşaçının qəlbinin ən məhrəm guşələrinə toxunmağı bacarırdı.

Gənc rəssam Elmira Üzeyirova az sayda rəng çeşidlərindən istifadə edərək, qəhrəmanların libaslarını müasir cizgilərlə işləyərək, cüzi kəlağayı detalları ilə modern və klassik tərzin vəhdətində geyimlər hazırlaya, səhnə tərtibatı qura bilmişdi. Həmin xırda kəlağayı küncləri bir az da əsərdəki vahimənin miqyasını təqdim edir. Tamaşaçı sona qədər Gülnisəni bətnini büsbütün bürüyən kəlağayı detallarının ucunu Bəhramın şərfində, SaPərinin çiynində, Əbdülün cibindən çıxan dəsmalda axtarır. Bu dördbucaq arasındakı əlaqələrin mənasını qavramağa çalışır, cəhd edir. Kəlağayı tapıntısı, əslində, rejissorun tamaşaçılarala təqdim etdiyi yüngülvari tapmaca, beyin gimnastikası da hesab oluna bilər.

Neçə illərdir özünü teatr səhnəsində aktrisa kimi sınayan Səbinə Məmmədzadənin səhnədə rejissor kimi debüt işi olan “Solğun çiçəklər” tamaşası cüzi qüsurları və çatışmazlıqlarıyla, ancaq həm də ilk səhnə təcrübəsi kimi müsbət çalaralarla yadda qaldı. Növbəti nümayişlərdə əminəm ki, səhnə əsəri daha da təkmilləşəcək, oturuşacaq və teatr tarixində öz yerini qazanacaq. Müəllifə və bütün yaradıcı heyətə uğur arzu edərək, yeni tamaşlarda görüşməyi arzu edirəm.

İyun 2025

“Mənim adım neftdir” beynəlxalq festivalda Məşhur müğənni vəfat etdi "Kann"ın namizədləri - Siyahı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://kulis.az
archiveBu xəbər 10 İyun 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see166

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see140

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see138

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see133

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see129

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see128

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see127

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see126

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see125

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib Yenilənib

07 Sentyabr 2025 22:04see124

Süni intellekt bütün dünyada fermerlərə kömək edir...

07 Sentyabr 2025 22:26see124

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see121

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see121

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see116

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see116

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see115

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see114

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see114

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see113

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri