Icma.az
close
up
RU
Gümrü, 102 ci hərbi baza və Mirzoyanın Lavrova cavabı

Gümrü, 102 ci hərbi baza və Mirzoyanın Lavrova cavabı

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Ermənistan XİN-in rəhbəri nəyi dedi və nələri demədi?

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanda insanların siyasi baxışlarına görə təqib olunması ilə bağlı bəyanatına cavab verib. Cavabın nədən ibarət olduğuna sonda diqqət yetirəcəyik. Əvvəlcə Lavrovun nə dediyinə nəzər salaq və eyni zamanda, bir sıra əlaqəli məqamları vurğulayaq.

Deməli, S.Lavrov Ermənistanda siyasi baxışların ifadəsinə görə kiminsə həbs olunmasının narahatlıq doğurduğunu bildirərkən, səlahiyyətləri dayandırılmış Gümrü şəhərinin meri Vardan Qukasyanı nəzərdə tutmuşdu. Nəzərə alaq ki, V.Qukasyan özü də barəsindəki cinayət işinin siyasi motivli olduğunu demişdi.

Məsələyə bir qədər ətraflı yanaşaraq bildirək ki, sabiq mer Ermənistanın turkifikasiya istiqamətinə sürükləndiyini iddia etmişdi. Yəni Qukasyan “dövlətin xarici təsirlər üzərində qurduğu siyasətini” ölkənin tarixinə və kimliyinə zidd hal olaraq qiymətləndirmişdi. Burada başlıca məqam “turkifikasiya” ifadəsidir. Aydındır ki, eks-mer erməni iqtidarının Türkiyə ilə münasibətlərinə mənfi münasibət ortaya qoyur. O Türkiyə ilə ki, məhz Gümrü istiqamətindən Ermənistanla həmsərhəddir.

...Qukasyan həbsindən əvvəlki çıxışında, həmçinin, Gümrünün müstəqilliyinə hörmət edilməsinin vacibliyini vurğulamış və yerli sakinləri şəhər idarəçiliyinin, seçilmiş rəhbərinin müdafiəsinə çağırmışdı. O demişdi ki, hökumətin addımları yalnız bir şəxsi deyil, Gümrünün seçkili səlahiyyətlərini zəiflətmək istəyidir. Əlbəttə, Qukasyanın “xoruzun quyruğunu” göstərdiyi vaxtlar da olub. Məsələn, onun Rusiya ilə birgə dövlət ideyasını müdafiə etdiyi məlumdur. Başqa sözlə desək, sabiq mer Ermənistanın təhlükəsizliyi üçün Moskva ilə daha sıx ittifaqın vacibliyini vurğulamışdı ki, bu səpkili bəyanat şəhər idarəçiliyinə cavabdeh şəxsin vəzifə səlahiyyətindən kənardır.

Deməli, sabiq merin özünə qarşı ittihamları siyasiləşdirməsindəki məntiq aydındır. Özü də təkcə Qukasyan yox, onun tərəfdarları da fəaldırlar. İkincilər bildiriblər ki, həbsin gerçək motivini korrupsiya ittihamı təşkil etmir. Onlar fikirlərində haqlı ola bilərlər, amma daha böyük haqq var.

Əslində, bunlar Lavrovun Qukasyanla bağlı narahatlığının səbəbləridir. Yoxsa o boyda ölkənin XİN rəhbəri bir əyalət rəhbərinin həbsinə görə nə üçün dilə gəlsin? Dilə gəlirsə, torbada pişik var və məsələ ondadır ki, Gümrüdə 102-ci rus hərbi bazası yerləşir. Bölgənin özünün isə Türkiyə ilə həmsərhəd olduğunu vurğuladıq. Axı Ermənistanda Rusiyanın ölkəni “amansız türklərdən qoruduğuna” dair mif var. O mif ki, onu yaradan məhz Kreml olmuşdu. O da məlumdur ki, hay hakim dairələrində, eləcə də erməni cəmiyyətinin müxtəlif təbəqələrində vaxtaşarı olaraq 102-ci bazanın ərazidən çıxarılmasına dair çağırışlar səslənməkdədir. Yeri gəlmişkən, son aylar bu çağırışların sayı və əhatə dairəsi genişlənməkdədir. Məsələn, ötən ilin avqustunda Gümrüdə bir qrup şəxs bununla bağlı piket və mitinqlər keçirmişdi. Aksiyalarda “102-ci hərbi baza Ermənistandan çıxarılmalıdır!”, “Ermənistan yalnız öz ordusuna güvənməlidir!” kimi şüarlar səsləndirilmişdi. Doğrudur, həmin vaxt bölgədə bazanın qalmasını dəstəkləyən yürüşlər də təşkil edilmişdi. Kim təşkil etmişdi, bu da aydındır...

Əlqərəz, Lavrovun ruspərəst Qukasyanın həbsinə reaksiyasından belə nəticəyə gəlmək mümkündür ki, Rusiyada Ermənistandakı “102” varlığının tezliklə tarixin arxivinə göndəriləcəyini dərk edirlər. Nəzərə alaq ki, bu baza Moskvanın Cənubi Qafqazdakı ən böyük hərbi mövcudiyyət faktorudur. Təəssüf doğuran məqam isə ondadır ki, Rusiya siyasi proseslərə yanaşmada ənənəvi jandarm fuksiyasından tutarlı və mütərəqqi mahiyyət daşıyan nə isə düşünə bilmir. Çox güman, Lavrovun dilə gəlməsi məhz bu yanaşmanın, daha doğrusu, düşüncəsizliyin göstəricisidir. Amma məsələ təkcə bunda deyil.

Yuxarıda Qukasyanın Rusiya təhlükəsizlik çətirinə sığınmaqla bağlı fikirlərini vurğuladıq. Heç şübhəsiz, bu sayaq məsələlər elə-belədən yaranmır. İş ondadır ki, 102-ci hərbi baza Ermənistanla Rusiya arasında 1995-ci ildə imzalanmış müqaviləyə əsasən fəaliyyət göstərir və bu müqavilə 2010-cu ildə 2044-cü ilədək uzadılıb. Yəni bazanın vəziyyəti hüquqi baxımdan dəstəklənir. Əlbəttə, rəsmi İrəvan istəsə, sözügedən müqaviləni poza bilər və bu, Kremlə yaxşı məlumdur. O da məlumdur ki, baş nazir Nikol Paşinyan administrasiyası sərt addımlara getməsə də, Ermənistandakı rus hərbi mövcudluğunu məhdudlaşdırmaq yönümlü fəaliyyət göstərməkdədir. Bu baxımdan ötən il rus sərhədçilərinin İrəvanın “Zvartnots” hava limanından çıxarılması vurğulanmalıdır. Daha vacib məqam isə ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları Birgə Bəyannamə, daha doğrusu, sənədin “Tramp marşrutu” seqmenti ilə bağlıdır. Bu marşrut özündə qlobal nəqliyyat-kommunikasiya qovşağını nəzərdə tutur. O qovşağı ki, Azərbaycanın əsas hissəsini Naxçıvanla, Naxçıvanı isə Türkiyə ilə birləşdirəcək.

Eyni zamanda, vurğulayaq ki, “Tramp marşrutu”nun işə düşməsi Türkiyə–Ermənistan sərhədlərinin açılması perspektivini yaradır. Ermənistanda bu perspektivlə Türkiyəyə yaxın bölgədəki, yəni Gümrüdəki rus hərbi varlığı arasında tərs mütənasibliyin olduğuna dair fikirlər yayılmaqdadır. Hətta bir sıra sərhəd zastavalarında Rusiya hərbçilərinin çıxarılacağı ilə bağlı məlumatlar da dolaşmaqdadır. Bir sözlə, rus hərbçiləri üçün çəmbər daralır.

Ermənistandakı bütün təsir vasitələrini itirdiyini görən Kremlin radikal addımlara əl atması proqnozlaşdırılır. Yəni gedişat onu deməyə əsas verir ki, Rusiya Gümrüyə Cənubi Qafqazdakı son sığınacaq – qala kimi yanaşa bilər. Məsələyə mövcud prizmadan baxsaq, habelə erməni iqtidarına qarşı sərt çıxışlarını nəzərə alsaq, sabiq mer Qukasyan, bir növ, həmin qalanın sərkərdəsidir. Elə isə S.Lavrovun bu şəxsə fokuslanaraq, Ermənistanda siyasi baxışlara görə həbs məsələsini pisləməsinə erməni XİN rəhbəri Ararat Mirzoyanın cavabına diqqət yetirək.

A.Mirzoyan parlamentdə keçirilmiş hökumət saatı zamanı bildirib ki, Ermənistanda siyasi fəaliyyətə görə cinayət təqibi yoxdur. “Bu məlumatlar reallığa uyğun deyil. Siyasi bəyanatlarla bağlı cinayət təqibi yalnız o halda mümkündür ki, həmin bəyanatlar hədə-qorxu gəlinməsini, Ermənistan Respublikasının suverenliyinin və ya ərazi bütövlüyünün pozulmasına, yaxud konstitusiya quruluşunun zorakılıq yolu ilə devrilməsinə çağırışları ehtiva etsin”, – deyə Mirzoyan vurğulayıb. O, əlavə edib ki, hətta belə durumlarda da mövzuya dair xaricdən şərhlərin olması Ermənistanın daxili işlərinə birbaşa müdaxilə kimi qiymətləndiriləcək. Nəhayət, Mirzoyanın Lavrova sillə kimi cavabının kuliminasiya cümləsini şərhsiz təqdim edərək yazımızı tamamlayaq: “Gəlin, hamımız öz daxili işlərimizə diqqət yetirək”.

Ə.RÜSTƏMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Yanvar 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri