Gürcüstanda Tbilisoba bayramı bu il sentyabrda keçiriləcək
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Tbilisi, 8 sentyabr, AZƏRTAC
Gürcüstanda ənənəvi olaraq hər il keçirilən Tbilisoba bayramı bu il sentyabrın 20-21-də keçiriləcək. İki gün davam edəcək bayram çərçivəsində paytaxt Tbilisinin Atoneli, İtaliya, Xazini, Pxovi, Purçuladze küçələrində, Orbeliani, Qudiaşvili meydanlarında, Leqvtaxevi və Rike parklarının ərazilərində xüsusi bayram tədbirləri keçiriləcək və yarmarkalar açılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Tbilisi meriyası məlumat yayıb.
Bildirilir ki, Tbilisi meriyası bu ilki bayram xidmətləri üçün 3,5 milyon lari maliyyə vəsaiti ayırıb.
Qeyd edək ki, Tbilisoba bayramı ənənəvi olaraq hər il oktyabr ayında keçirilir. Bu il oktyabrın 4-də Gürcüstanda yerli seçkilər keçirildiyi üçün bayram sentyabrda qeyd olunacaq.
Bayram çərçivəsində Gürcüstanda yaşayan soydaşlarımız da paytaxt Tbilisinin müxtəlif yerlərində Azərbaycan guşələri təşkil edir, Azərbaycan milli mədəniyyətini, musiqisini, mətbəx nümunələrini nümayiş etdirirlər.
Məlumat üçün bildirək ki, bu bayramın əsası 1979-cu ildə qoyulub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

