Icma.az
close
up
RU
Harri Kasparov və kölə təfəkkürlü sərsəm

Harri Kasparov və kölə təfəkkürlü sərsəm

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yaxud onu ortaya atanların məqsəd və niyyətləri puç olacaq

Ondan başlayaq ki, özünü “insan hüquqları müdafiəçisi” adlandıran, şahmat üzrə keçmiş dünya çempionu, Bakı əsilli Harri Kasparov yenidən gündəmə daxil olmaq cəhdində bulunmaqdadır. Liberal ziyalı donuna girmiş, bir müddət əvvəl Bakı üçün, guya, burnunun ucunun göynədiyini söyləyərək, saxta nostalji qarışıq sentimentallığını sərgiləyən bu məxluqun 2022-ci ildən fəaliyyətini yalnız “Youtube” platforması üzərindən davam etdirən “Exo Moskvı”da görünməsi heç də təsadüf sayılmamalıdır. Tam aydındır ki, Rusiyanın bəzi dairələri Ermənistanda gələn ayın 7-də keçiriləcək parlament seçkiləri ilə bağlı özlərinin “təsir elementlərini” bütün gücü ilə işə salıblar. Kasparovun nələrdən söz açdığını, daha doğrusu, konkret nə deyib sərsəmlədiyini, kimin bostanına daş atdığını diqqətə çatdıracağıq.

Ən həssas məqam

Məlum olduğu kimi, Rusiya Ermənistan xüsusunda yenə “Qarabağ kartı”nı işə salıb. Bunu ölkə Prezidenti Vladimir Putin də bir müddət əvvəl Baş nazir Nikol Paşinyan Moskvada olarkən vurğuladı. Əlbəttə, o, dərhal cavabını da aldı. Paşinyan rəsmi İrəvan üçün “Qarabağ hərəkatı”nın bitdiyini açıqladı. Lakin Kremlin bu mövzuya yanaşması ilə Ermənistandakı revanşist və şovinist kəsimin mövqeyinin üst-üstə düşdüyü sirr deyil. Bu kəsimin davranışları onu deməyə əsas verir ki, parlament seçkilərində mübarizə sülh və müharibə tərəfdarları arasında gedəcək və Kasparovun ikincilərin düşərgəsində yer aldığı birmənalıdır.

Bəli, “Exo Moskvı”nın efirindən özünü, guya, müstəqil müşahidəçi kimi göstərən H.Kasparov Rusiyanın Ermənistanla bağlı siyasi narrativini vurğulayaraq, Qarabağ münaqişəsindən söz açır, tarixin təhrifinə girişir, bu yolla erməni elektoratına təsir göstərmək məqsədi güdür. Kasparovun münaqişəni əsaslandırmaq üçün ortaya atdığı ilk tezis isə qondarma “erməni soyqırımı”dır.

Sən demə, Osmanlı dövlətində “həyata keçirilmiş “erməni soyqırımı” gələcək hay nəsillərinin genefonduna təsir göstəribmiş. Kasparov bu sərsəmləməsi ilə kifayətlənmir, eyni zamanda, bildirir ki, “soyqırımı” bütün türkdilli məmləkətlərdə məskunlaşmış ermənilərin düşüncələrində travma buraxmış faktordur. Belə çıxır ki, Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda, yaxud Türkiyənin özündə yaşayan hansısa erməni daim soyqırıma məruz qalmaq təhlükəsini hiss edir. Bundan böyük cəfəngiyyat ola bilməz ki, görünür, “ağıllı” Kasparov üçün təxribatçı daşnak təfəkkürünün ən mücərrəd guşəsini işə salmaq çətinlik törətmir.

Ənənəvi daşnak-hay təbliğatı erməniləri yaşadığımız regionun aborigen sakinləri kimi görür. Kasparov bu tezisi bir kənara qoyur, deyir ki, min il əvvələ nəzər salmaq lüzumsuzdur. Niyə? Çünki ona “Rusiyanın köməyi ilə Qafqazda məskunlaşmış erməni” amilini qabartmaq lazımdır. On il bundan əvvəl Kremlə, Putin iqtidarına qarşı qatı müxalifətdə olan, bu gün isə özəl maraqları naminə Moskvanın Ermənistan ssenarisinə züy tutan xorun solistinə çevrilmiş Harri Kasparovun sözlərinə görə, ermənilər ruslar tərəfindən köçürüldükdən sonra bölgə əhalisinin 90 faizini təşkil ediblərmiş. Reallıq isə tamamilə başqadır.

Tarix yamaq götürmür

Məsələ ondadır ki, ermənilər Cənubi Qafqaza məhz Türk dünyasını parçalamaq üçün yerləşdirilmişdilər. 1828-ci ilin Türkmənçay müqaviləsindən sonra 1830-cu ildən başlayaraq gerçəkləşdirilmiş bu siyasət nəticəsində ermənilərin sayı tədricən artırılmış, bu, türk-müsəlman əhalinin sıxışdırılması hesabına olmuş, nəticə etibarilə bölgədə etnik tərkib dəyişdirilmişdi. Nəhayət, Çar Rusiyanın 1897-ci il siyahıyaalmasında ermənilərin yalnız İrəvan quberniyasındakı sayı 50 faizi ötmüşdü. Yəni hələ bu cür ciddi dəstək qarşılığında belə, ermənilərin mütləq say üstünlüyünü təmin etmək mümkün olmamışdı. Kasparovun əsl cəfəngiyyatı isə daha sonra dedikləridir.

Deməli, 1918-ci ildə Azərbaycanın əzəli torpaqları hesabına formalaşmış Ermənistan dövlətini bir kənara qoyan “Qarik” birbaşa sovet dövrünə keçid alıb və bildirib ki, guya, bolşevizmin lideri Lenin Türkiyə ilə ittifaq münasibətlərində olduğundan, Azərbaycana ərazi güzəşti ilə razılaşıb. Söhbət isə Naxçıvandan və Qarabağdan gedir. Sən demə, bu iki bölgənin Azərbaycana verilməsi, Kasparovun təbirincə desək, minalı sahə yaradıb.

Maraqlıdır ki, siyasətçi olmaq xəyalına düşmüş şahmat qrossmeysteri sovet Rusiyası, yəni Leninlə Mustafa Kamal Atatürk Türkiyəsinin yaxınlığının Azərbaycana ərazi güzəşti barədəki ağ yalanını Stalinin dövrünə də daşıyıb. Guya Stalin də Azərbaycana ərazi veribmiş. Halbuki, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti işğala məruz qalanda, daha doğrusu, Azərbaycan Sovetlər Birliyinə qoşulanda ərazisi indikindən çox, Ermənistanın ərazisi isə indikindən az olmuşdu. Reallıq budur ki, 1920-ci ildən 1969-cu ilin mayınadək məhz keçmiş SSRİ rəhbərliyinin qeyri-qanuni əməlləri nəticəsində Ermənistan SSR-in ərazisi Azərbaycan SSR-in ərazisi hesabına böyümüşdü. Bu baxımdan yalnız 1929-cu ildə Ermənistan SSR tərkibində Mehri rayonunun yaradıldığını vurğulamaq bəs edər. Məhz bu rayonun formalaşdırılması ilə Naxçıvan eksklava çevrilmiş, bölgə ilə quru əlaqəmiz itmişdi.

XIX əsrin ikinci yarısında Cənubi Qafqazın demoqrafik mənzərəsinin Çar Rusiyasının köçürmə siyasəti ilə dəyişdirildiyini görürüksə, eyni siyasətin müəyyən korrektələrlə sabiq SSRİ dövründə də həyata keçirildiyi birmənalıdır. Sovetlər Birliyi rəhbərliyi, hətta, Bakının özündə belə ermənilərin say üstünlüyünə çalışmışdı ki, Kasparov məhz bu siyasət nəticəsində paytaxtımızda peydahlanmış şarlatanlardandır. O şarlatan ki, sonradan üzümüzə durdu. Halbuki, onun SSRİ miqyasında itib-batmamasında, şahmat tacı uğrunda savaşa çıxmasında ulu öndər Heydər Əliyevin müstəsna rolu olmuşdu...

Bəli, Heydər Əliyevin Azərbaycanda rəhbərliyə başlaması ilə ermənilərə torpaq hədiyyələrinin qarşısı alınmışdı. Bu dahi şəxsiyyət, respublikamıza başçılıq etdiyi illərdə dəfələrlə Qarabağda erməni fitnə-fəsadının qarşısını almış, habelə, reallaşdırdığı fəaliyyət kursu ilə bölgənin Azərbaycana məxsusluğu ideyasını möhkəmləndirmişdi. Təsadüfi deyil ki, məhz Ulu öndərin SSRİ-dəki hakimiyyət olimpindən uzaqlaşdırılmasından sonra hay millətçilərinin Qarabağ avantürasına start verilmişdi. Əlbəttə, “Exo Moskvı”da sərsəmləyən Kasparov bu məqamın da üzərindən keçir və Qarabağla bağlı Sumqayıt səbəbi uydurmağa girişir. Yada salaq ki, Harri oxşar yuxunu əvvəllər də danışıb. Onun söylədiklərindən belə çıxır ki, Qarabağ münaqişəsinin yaranma səbəbi Sumqayıtla yanaşı, Gəncədə və Bakıda törədilmiş erməni qırğınlarıdır. Halbuki, əsl həqiqət başqadır.

Birincisi, erməni millətçilərinin Qarabağ avantürası daha əvvəldən start götürmüşdü. Bölgənin Azərbaycandan alınıb Ermənistana verilməsinin vacibliyini əsaslandırmaq üçün bu iki xalqın birlikdə yaşamasının mümkünsüzlüyü “sübuta yetirilməli” idi. Məhz buna görə də keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi qurumdakı daşnaklarla birgə Sumqayıtda qırğın planı hazırladı. Şəhərdə erməni millətçiləri tərəfindən sadə ermənilərə qarşı zorakılıq həyata keçirildi, öldürülənlər və yaralananlar oldu. Özü də o ermənilər öldürüldülər ki, onlar Qarabağ avantürası naminə, loru dildə desək, əllərini ciblərini salmaqdan imtina etmişdilər.

İkincisi, Qarabağ məsələsinin başlanğıcını məhz Sumqayıt hadisələri ilə bağlamaq birbaşa Kreml tərəfindən ortaya atılmış tezisdir. Yada salaq ki, bunu Rusiya Prezidenti Vladimir Putinin özü də 2023-cü ilə qədərki çıxışlarının birində dilə gətirmişdi. Həmin vaxt rəsmi Moskva Qarabağın statusu məsələsini sonraya saxlamaq ideyasını ortaya atmışdı ki, bu, faktiki olaraq, bölgədəki separatçı rejimin mövcudluğunu saxlamaq məqsədi daşımış, ancaq Azərbaycanın qətiyyəti və iradəsi sayəsində Kremlin istəyi puça çıxmışdı.

SSRİ-nin dağılması labüd idi

Ümumən, Rusiyanın ATƏT-in artıq canını tapşırmış və Qarabağ üzrə danışıqlar formatı kimi seçilmiş Minsk qrupundakı fəaliyyəti status-kvonu qorumağa hesablanmışdı. Aydın idi ki, bu, yekunda ölkənin Cənubi Qafqazda təsir dairəsini saxlamaq planının tərkib hissəsi, böyük anlamda isə imperiya siyasətinin nəticəsi idi. Hazırda belə bir siyasət iflasa uğramış durumdadır.

Əlqərəz, “Exo Moskvı”nın tribunasından sərsəmləmələrini davam etdirən H.Kasparov misli görünməmiş həyasızlığa da baş vurub. O, 1990-cı ildə keçmiş SSRİ-də qəbul edilmiş qanuna istinad edib. Söhbət “SSRİ-dən müttəfiq respublikanın çıxması ilə bağlı məsələlərin həlli qaydası haqqında” (О порядке решения вопросов, связанных с выходом союзной республики из СССР) əhəmiyyətsiz kağız parçasından gedir. Daha doğrusu, sənəddəki muxtar respublikaların SSRİ-dən çıxma qaydasından. Həmin müddəada bildirilirdi ki, əgər ayrılmaq istəyən respublikanın tərkibində muxtar respublika, muxtar vilayət və ya muxtar dairə varsa, orada ayrıca referendum keçirilməli idi. Bu ərazilərə imkan verilirdi ki, onlar müttəfiq respublikadan ayrılıb SSRİ-nin tərkibində qalsınlar, ya da öz müqəddəratını müstəqil təyin etsinlər.

Aydın idi ki, 1990-cı il qanunu nəhəng imperiyanı parçalanmadan xilas etmək yönümlü aciz cəhd idi. Elə bir cəhd ki, prinsip etibarilə “boşanma”nı çətinə salır, hətta mümkünsüzləşdirirdi. Axı bir respublikanın tərkibindəki muxtar qurum nəyə görə ayrıca referendum keçirsin? Amma ermənilər Qarabağda belə bir referendumu düz-qoş etdilər. O referendum ki, orada Qarabağın azərbaycanlı əhalisi iştirak etmədi və beləliklə, 2023-cü ilədək mövcud olmuş separatçı qurum formalaşdı. O qurum ki, imperiyanın klassik “parçala və hökm sür” siyasətinin təzahüründən başqa bir şey deyildi və hazırda H.Kasparov kimi əbləh bu məsələni “Exo Moskvı”nın efirindən səsləndirirsə, eyni siyasətin yenidən işə düşdüyünü söyləmək mümkündür. Üstəlik, Prezident Putin Qarabağ səhifəsinin bağlanmadığına eyham vurursa, Rusiyanın Kasparov kimi buyruq qullarının ortaya düşmələri təəccüb doğurmamalıdır.

DTK-nın Sumqayıt təxribatı

Onu da qeyd edək ki, saxtakarlıq və təhriflərlə zəngin müsahibəsində Harri Kasparovun Sumqayıt hadisələrindən söz açması onun yuxarıda haqqında söz açdığımız mənfur qanunun mübahisəli durum yaratdığı fikrini əsaslandırmaq istəyindən qaynaqlanır. O, deyir ki, belə durumlarda ilk qanı hansı tərəfin tökməsi önəmlidir. Əlbəttə, bu bədnam təfəkkür sahibi Sumqayıt olayları fonunda ilk qan tökənin azərbaycanlılar olduqlarını vurğulayır. Halbuki, belə yanaşmada da ağ yalan payı var.

Reallıq budur ki, Qarabağ münaqişəsinin aktiv, qanlı fazasının başlanğıcı və ilk insan itkiləri 1988-ci il fevralın 22-nə təsadüf etmişdi. Bundan iki gün əvvəl Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Sovetinin vilayətin Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-ə verilməsi barədə qeyri-qanuni qərar qəbul etməsi regionda gərginliyi pik həddə çatdırmışdı. Bu qərara etiraz edən minlərlə azərbaycanlı Ağdamdan Xankəndi istiqamətinə dinc yürüşə başlamış, Əsgəran qəsəbəsi yaxınlığında yürüş iştirakçılarının qarşısı erməni silahlı qrupları və milis dəstələri tərəfindən kəsilmişdi. Tarixə “Əsgəran toqquşması” kimi düşmüş həmin hadisə zamanı iki azərbaycanlı gənc – Bəxtiyar Quliyev və Əli Hacıyev qətlə yetirilmişdilər. Sumqayıt hadisələri isə fevralın 27-29-da olmuşdu. Göründüyü kimi, Kasparov burada da manipulyativ yol tutur.

İlk qanın tökülməsindən söz düşmüşkən, ötən əsrin 60-cı illərində də erməni millətçiləri Qarabağda, konkret olaraq, Xankəndidə qanlı qarşıdurma törətmişdilər. Həmin vaxt, guya, erməni uşağını zorlayıb öldürmək kimi saxta ittihamlarla üzləşmiş üç azərbaycanlı məhkəmə binası qarşısında kütlənin hücumuna məruz qalmış və yandırılmışdı. Çox güman ki, Kasparov insanı diri-diri yandırmağı qan tökmək saymayacaq qədər ermənilik etməyə qadirdir.

Digər tərəfdən, bəlkə 1918-ci ilin mart-aprel aylarında Bakıda, Lənkəranda, Qubada, Şamaxıda və başqa bölgələrimizdə soyqırımı siyasətini gerçəkləşdirən, bu yolla bölgənin etnik tərkibini ermənilərin xeyrinə dəyişdirmək kimi azğın və qəddar planı gerçəkləşdirməyə cəhd göstərən daşnak-bolşevik quldurları olmamışdı. Yəni Kasparovun, belə demək mümkünsə, qan yaddaşını hər cür təzələyə bilərik. Onun ən böyük həyasızlığı isə məhz haqqında söz açdığımız qanunu əsas götürüb Azərbaycanın suverenliyinin, guya, şübhəli xarakter daşıması ilə bağlı dedikləridir.

Aydındır ki, Kasparovun sonuncu sərsəmləməsi də otuz ilə yaxın müddətdə Ermənistan rəhbərliyinin ideoloji xəttində başlıca halqanı təşkil edib. Yəni rəsmi İrəvan ondan Qarabağ ermənilərinin öz müqəddəratlarını təyinetmə hüququnun mövcudluğu kimi “yararlanıb” və məsələ Rusiya tərəfindən də dolayı yollarla müdafiə olunub.

Erməni elektoratı sülhə səs verəcək

Haşiyə çıxaq ki, Rusiya siyasi düşüncə sisteminin İrəvan-Ankara normallaşması ilə bağlı da baxışı var. Həmin baxışa əsasən Ankara 1915-ci il qondarma “erməni soyqırımı”nı rəsmən tanımayanadək, Türkiyə-Ermənistan münasibətləri qaydasına düşə bilməz. Harri də sərsəmləməsinə bu yaramaz tezisi əlavə edib. Baxmayaraq ki, hazırda Ankara-İrəvan normallaşması xüsusunda nəzərəçarpacaq irəliləyiş var.

Sonda qeyd edək ki, keçmişin iyrənc klişelərini canlandırmağa çalışan Kasparovun meydana çıxmasının əsl səbəbinin Ermənistanda gələn ay keçiriləcək parlament seçkiləri olduğunu vurğuladıq. Əlavə edək ki, bu siyasi avantüristin Rusiyanın Ermənistanla əlaqəli narrativini gündəmə gətirməsi həm revanşist və şovinistlərin ideoloji tutacaq yerlərini möhkəmləndirməyə, həm də sülh və sabitliyə köklənmiş erməni elektoratının düşüncəsinə mənfi təsir göstərməyə, Paşinyan hakimiyyətini sadə ermənilərin dəstəyindən məhrum duruma salmağa hesablanıb. İnanmaq istərdik ki, belə ucuz siyasi gedişlərin heç bir təsiri olmayacaq və erməni xalqı qarşıdakı parlament seçkisində düzgün qərar qəbul edib sülhə, təhlükəsizliyə və qonşuluq münasibətlərinin bərpasını şərtləndirən əməkdaşlığa səs verəcək.

XQ-nin Analitik Mərkəzi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 May 2026 04:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri