“Hazırda əsas ümid Rusiyanın daxildən zəifləməsinə bağlanır. Lakin...” Əli Əskərli
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Şübhəsiz, Putin rejimi daxilində siyasi-iqtisadi qruplaşmalar mövcuddur və onların arasında ziddiyyətlər də var. Ancaq bu ziddiyyətlərin getdikcə artaraq rejimi sarsıdacaq səviyyəyə çatdığı barədə iddialar əsassız da ola bilər...”
“...Tez-tez Rusiyanın düşdüyü ağır vəziyyətdən danışırlar, lakin Ukraynanın durumu eyni dərəcədə diqqət mərkəzində olmur. Halbuki Ukraynaya bu qədər böyük zərər dəymədən Rusiyanın böhrana sürüklənməsi daha məqsədəuyğun olardı...”
“Artıq tezliklə 5-ci ilinə qədəm qoyacaq Ukraynaya təcavüzü fonunda Rusiyadakı işğalçı, avtoritar Putin rejimi daxilindəki siyasi-iqtisadi qruplaşmalar arasındakı ziddiyyətlərin getdikcə artdığı barədə fikirlər dolaşır. Sizin müşahidələriniz nə göstərir: bu ziddiyyətlər, üstəgəl Ukrayna savaşındakı çıxılmaz “tsutsvanq” durumu və ölkə iqtisadiyyatındakı tənəzzül Rusiyanın yaxın illərdə çöküşünə və parçalanmasına gətirib çıxara bilərmi? Və hansı xarici güc mərkəzləri, dövlətlər bu parçalanmada real olaraq maraqlıdır- bu istiqamətdə iş aparır?”
Belə suallarla müraciət etdiyimiz ABŞ-da yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı Dr. Əli Əskərli Moderator.az-a açıqlamasında bunları söyləyib:
“Rusiya bu müharibədə haqlı deyil. O, açıq şəkildə işğal siyasəti yürüdərək böyük humanitar və siyasi fəlakətlərə səbəb oldu. Lakin bu müharibə yalnız Rusiyanın zəifliklərini üzə çıxarmadı; eyni zamanda Ukraynanın və Qərb ittifaqının da zəif cəhətlərini ortaya qoydu. Bu problemə realist mövqedən yanaşmağın daha doğru olduğunu düşünürəm...
Rusiyanın aqressiv və qeyri-insani, cinayətkar siyasətini açıq şəkildə qeyd etməklə yanaşı, Ukraynanın və onun müttəfiqlərinin buraxdığı ciddi səhvləri də dilə gətirmək lazımdır. Bu mənada, müharibənin başlamaması üçün mümkün olan hər şey edilməli idi. Lakin dərin analiz göstərir ki, bu istiqamətdə Ukrayna və Qərb tərəfindən yetərli addımlar atılmayıb. Müharibə başladıqdan çox qısa müddət sonra tərəflər İstanbul görüşündə atəşkəsə yaxınlaşmışdılar. Həmin razılaşmanın ABŞ Prezidenti Bayden və Böyük Britaniyanın Baş naziri Boris Conson tərəfindən dəstəklənmədiyi məlumdur. Ukrayna bu xarici mövqeyə güvəndi və nəticədə çox ağır itkilərlə üzləşdi...
Ekspertlər tez-tez Rusiyanın düşdüyü ağır vəziyyətdən danışırlar, lakin Ukraynanın durumu eyni dərəcədə diqqət mərkəzində olmur. Halbuki Ukraynaya bu qədər böyük zərər dəymədən Rusiyanın böhrana sürüklənməsi daha məqsədəuyğun olardı. Görünən odur ki, Ukrayna bu prosesdə müəyyən mənada qurban rolunu oynadı...
Bununla belə, Rusiyanın artıq tam olaraq dağılmaq ərəfəsində olduğunu iddia etmək də çətindir. Ən azı son 40 aydır bu tezis səslənir, amma Rusiya hələ də dağılmır. Bir neçə gün əvvəl Davosda Prezident Zelenski Avropanın problemlərindən danışdı. Onun istifadə etdiyi ritorika da birmənalı qarşılanmadı. O, NATO-nun birbaşa müdaxiləsini tələb edəcək vəziyyət yaranarsa, bunun necə həyata keçiriləcəyi sualını da qaldırdı. Onun bu məsələyə şübhə ilə yanaşdığı Davosda ortaya cıxdı. Avropa liderləri onu davamlı alqışladılar. Görünür, onların özlərinin də NATO-nun real imkanlarına dair şübhələri artmaqdadır. Ehtimal ki, Zelenski də artıq bəzi strateji səhvləri anlamağa başlayıb. Hazırda əsas ümid Rusiyanın daxildən zəifləməsinə bağlanır. Lakin bunun baş verib-verməyəcəyi və nə zaman baş verə biləcəyi barədə dəqiq proqnoz vermək asan deyil...
Bir həqiqət var ki, əsas Qərb mediası Rusiya haqqında hər zaman dəqiq və obyektiv məlumat təqdim etmir. Şübhəsiz, Putin rejimi daxilində siyasi-iqtisadi qruplaşmalar mövcuddur və onların arasında ziddiyyətlər də var. Lakin bu ziddiyyətlərin getdikcə artaraq rejimi sarsıdacaq səviyyəyə çatdığı barədə iddialar əsassız da ola bilər. Ən azı bu mövzuda kifayət qədər açıq və yoxlanıla bilən məlumat yoxdur...
Rusiya iqtisadiyyatının tənəzzülünə gəlincə, bu proses əslində daha əvvəl baş verməli idi. Təəssüf ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar onun iqtisadiyyatını boğacaq səviyyəyə çatmadı. Sanksiyaların müəyyən təsiri oldu – buna şübhə yoxdur – lakin onlar Putini diz çökdürəcək effekti göstərmədi...
Rusiyanın yaxın illərdə çöküşü və parçalanması ehtimalı mövcuddur, çünki ölkə daxilində hələ də həll olunmamış ciddi etno-siyasi və etno-iqtisadi problemlər var. 1999-cu ildə, Putinin hakimiyyətə gətirilməsindən az əvvəl, Rusiya faktiki olaraq parçalanma ərəfəsində idi. Putin həmin dövrdə mövcud olan problemləri köklü şəkildə həll etmədi, sadəcə müxtəlif manevrlərlə onların üzərini örtdü. Buna görə də iddia etmək olar ki, həmin problemlər müəyyən bir mərhələdə yenidən baş qaldıra və Rusiyanın ərazi bütövlüyü üçün ciddi təhlükə yarada bilər.
Lakin bu çöküş ani dövlət dağılması formasında deyil, daha çox uzunmüddətli institusional eroziya, mərkəz-periferiya münasibətlərinin zəifləməsi və regional muxtariyyət meyillərinin güclənməsi şəklində baş verə bilər. Putin rejimi daxilində təhlükəsizlik aparatları, oliqarx kapitalı və regional maraqlar arasında ziddiyyətlərin mövcudluğu məlumdur. Lakin bu ziddiyyətlərin rejimi dağıdacaq səviyyəyə çatdığını söyləmək üçün kifayət qədər açıq və yoxlanıla bilən məlumat yoxdur...
Rusiyanın parçalanmasını hansı dövlətlərin istəyə biləcəyi məsələsinə gəldikdə isə, nəzərə almaq lazımdır ki, bu miqyasda bir dövlətin dağılması qansız baş verməz və çoxsaylı yeni münaqişə zonalarının yaranması demək olar. Bunun həm region, həm də dünya üçün son dərəcə ağır nəticələri olar. Ona görə də bu prosesdə kimin maraqlı olub-olmamasını detallı şəkildə analiz etmək lazımdır. Aydındır ki, Çin və İran Rusiyanın parçalanmasını istəməz. Eyni zamanda Qərb dövlətlərinin də Rusiyanın nəzarətsiz şəkildə dağılmasında fundamental marağı yoxdur. Çünki bu, nüvə silahlarının təhlükəsizliyi, yeni münaqişə ocaqları və geniş miqyaslı miqrasiya dalğaları baxımından ciddi risklər yaradar...
Burada “tsutsvanq” anlayışı şahmatdan götürülmüş metaforadır və onu ifadə edir ki, Rusiya üçün həm müharibəni davam etdirmək, həm də onu dayandırmaq ciddi strateji itkilərə yol açır. Bu mənada “Ukrayna müharibəsi Rusiyanı tsutsvanq vəziyyətinə salıb” ifadəsi tam məntiqlidir. Lakin bunun əksi də doğrudur: bu müharibə Ukraynanın özünü də “tsutsvanq” vəziyyətinə salıb. Əslində, tərəflərin danışıqlara getməsi üçün müəyyən qədər münbit şərait formalaşıb. Ukrayna vaxt qazanaraq hərbi və iqtisadi baxımdan mövqelərini gücləndirə bilsə, bu onun üçün daha məqsədəuyğun olar...”
Təqdim etdi:
Sultan Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 28 Yanvar 2026 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















