Icma.az
close
up
RU
Heç kəs keçmişindən qaça bilməz Aliq Nağıoğlunun hekayəsi

Heç kəs keçmişindən qaça bilməz Aliq Nağıoğlunun hekayəsi

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Aliq Nağıoğlunun “Heç kəs keçmişindən qaça bilməz” hekayəsini təqdim edir.

Demək olar ki, hər gün kənddən rayon mərkəzinə gəlirəm. Heç səbəbini bilmirəm burda nə axtarıram, nə itiyim itib, ancaq gəlməsəm, darıxıram. Mən özüm özümün ağasıyam, nə istəyirəm, onu da edirəm: heç kimdən asılı deyiləm, heç kəsə qoşulmuram. Bir növ azad adamam, bəxtəvər başıma, qonşum demişkən... Amma indiki azadlıqdan mənim ürəyim bulanır.

Yarım saatlıq bu yolu xalturaçılar ikiqat baha apardığından bir neçə il əvvəl xəttə buraxılan mikroavtobusa minirəm. Bəzən basabas olur, heç ayaqüstü dayanmaq olmur. Onda minmirəm, sanki məni boğurlar, havam çatmır, turşulaşmış qoxu ürəyimi ağzıma gətirir. Belə hallarda neçə dəfə maşını saxlatdırıb özümü bayıra atmışam. Sürücülər də vəziyyətimi bilir. Biri həmişə deyinirdi ki, bu, ona ziyandı. "Deyinirdi” deyirəm ona görə ki, artıq Allahın dərgahına qovuşub. Altıncı ay təqaüd pulunu almaq qismət olmadı.

Ancaq bu gün seyrəklikdir, bazar ertəsi olduğundan kəndlilərdən, əsasən, gündəlik bazar alverçiləri burdadır. Ona görə keçib ənənəvi yerimdə – pəncərəsi açılan təknəfərlik oturacaqda əyləşirəm. Basırıq olanda, ürəyim müxtəlif iydən, qoxudan bulananda, şüşəni azca aralayıram, belədə lap ağzınacan sərnişin yığılsın, vecimə deyil, çünki aralıqdan vuran soyuq hava axını qanımın arasına girir.

Növbəti kənddə daha iki bazar qadını ağır zənbillərinə güc edərək təntiyə-təntiyə yuxarı qalxırlar. Hələ oturmağa macal tapmamış, gündəlik alverçi yoldaşlarını görüncə, ağızlarındakı yaşmağı aralayıb öpüşürlər.

Yeddi kəndə baxan bankomatın qabağında daha üç qadın və iki kişi minir. Bankomat böyük marketin binasına bitişikdir, ancaq qoyulandan onun adını dillərdən sıxışdıraraq çıxarıb. Oturacaq yerləri, deyəsən, tamam tutuldu. Lakin mikroavtobusun sürücüsü hələ də sağa-sola boylanır, maqnitofonun səsini bir az da artırır. Budur, alçaq boylu qıvraq qadın özünü içəri salır. Oturanlara çəpəki nəzər salaraq keçib axırda – yeganə boş oturacaqda əyləşir. Mikroavtobus yerindən tərpənir.

Amma oturanların bu qadına marağı əlüstü hiss olunur. Bu, özünü çox gözlətmir:

– Ə-əə, g... köpəyoğlu, maqnitofonun xodunu azalt, qoy kənd zəhmətkeşlərinə son xəbərləri çatdırım...

Salona gülüş səsləri yayılır, hətta yaxınında oturanlar canlanır.

– Sovet hökuməti Lenin ordenini mənə bica yerə verməyib, özüm də qəhrəman anayam, on iki uşaq doğmuşam, hamısı da sapsağlam... – söz sürücünün kefini duruldur. – Hə, indi mənə deyin görüm, axşamkı yanğın nə məsələdir...

Kimsə yerində qurcuxub ona tərəf çöndü:

– Evin içindəkilər aman çəkmədi elə yandı ki, heç nə çıxarda bilmədilər... Sahibi yayda bir ay iş gördürmüşdü, sonra da ailəliklə yığışıb xaricə qayıtmışdı. Quru divarlar durur, hətta ağ dəmirlər də bir şeyə yaramır. Anasıölmüş bu yay gəlib nişanlı qızının toyunu edəcəkdi...

– Deyirlər içəri girənlər olub, qızılları, xalça-palazı çıxardandan sonra, od vurub yandırıblar, – ağzı yaşmaqlı qarapaltarlı, qaraqabaq arvad düz irəli baxa-baxa yarımyuxulu halda danışırdı.

– Pojarnılar gələndə içindəkilər kül olmuşdu, üstünün dəmirinə su vurdular, paymal oldu. İndiki evlərin üstü şifer deyil axı, şiferli dam örtüyündə yanğın vaxtı onun çırtaçırtı aləmi başına götürür.

– Mən eşitmişəm ildırımdan yanıb, – Lenin ordenli arvad ərkyana sağ əlini dişsiz ağzına aparıb duruxdu. – Kişilər bilər, belə şey olaar?!

Sürücünün arxasında oturan səksən yaşlarında lökdodaq qoca, nədənsə, arıq boynunu qısıb mızıldadı:

– Mənim başım ildırımdan çəkib...

– Vay nənən ölsün, “Tarixi Nadir”i yarıyacan oxumuşam, amma başı ildırımdan çəkən adam eşitməmişəm, – güldükcə dişsiz damağı görünən Lenin ordenli arvad qəşş elədi. Ancaq oturanlardan heç kəs cürət edib cavab verməsə də, qoca kişi söz altında qalmadı:

– Sənin doğduqların özün kimi olsa, daş düşdü başlarına... Mən demək istəyirəm ki, o ildırımın evimə düşməyini başım çəkib. Düşdü evin düz tininə, şəlmənlər-xərpələr alışdı, hay-həşir salmasaydım, düşərdik bu bədbəxtin gününə. İndiki evlərin dörd bir yanı qutu kimidir, banı görsənmir ki, ayıq olasan, iy hiss edəsən, alovu görəsən; bununsa evində həm də, deyilənə görə, qalan olmurmuş. Həə, odu ki, belə olub... Eşitmişəm şikayət də veriblər, ancaq xeyiri yoxdur, telefonla sahibinə xəbər çatdırıblar, hətta xarabanın şəklini də göndəriblər, lakin hələ gəlməyib. Burdakı qardaşı rayona gedib-gəlir... Bir dəfə Molla eşşəyin üstündə papirosunu tüsdülədə-tüsdülədə gedirmiş. Közərən kül tökülür çulun üstünə, çul başlayır yanmağa. Molla o saat eşşəkdən enib, onun dalına bir təpik vurub deyir, indi ki, ağlın var, özüü vur suya... Bu zamanda ağlın olmasa, heç nə, eşşəkdən də pis günə düşəcəksən...

Bu qoca hər söhbətinin sonunu həmişə bir məzəli lətifəylə bitirir. Lakin mənim beynimi konkret bitkin şəklə salınmamış fikirlər deşir. İndi mən dişləri tamam tökülmüş bu qadına baxıb üzündə qatılaşmış və ucuzlaşmış gizli kədər oxuyuram. Mən onu tez-tez rayon mərkəzinə gedən görürəm, hər dəfə də bir uşağının problemindən danışır. Bu səfər, nədənsə söhbəti baş vermiş fəlakətin üstünə gətirdi. Qəsdən, bilərəkdən belə elədi, demək çətindi.

Şüşədən bayıra zillənirəm. Yolun qırağında hansısa şirkət böyük bir ərazini hasarlayır. Bir neçə il əvvəl quraşdırılan asfalt zavoda yeni avadanlıqlar gətirilib. Bura magistral yolun bir addımlığında olduğundan əlverişli yerdir. Asfalt tərəfdən zavodun kənarı hündür hasarla hörülüb tamamlanıb, işlərin gündəlik sürəti adamı heyrətə gətirir. Deyirlər, lap yaxın gələcəkdə burda alternativ qısa yolun inşasına başlanacaq.

Magistral yola çıxanda içəridəki söhbət başlandığı kimi də qəfildən kəsildi. Oturanların səhər-səhər ölgün gözləri və laqeyd ifadəli üzləri diqqətimi çəkir.

Qaraqabaq arvad artıq xoruldayırdı. Bu adamlar özləri də etiraf edir ki, bir-birinin zəhlətökən təkrarı olan boz günlər onları bezdirib, səhər-axşam imkan düşən kimi maşında qısa zaman mürgü vururlar. Sonadək belə olacaq. Bu adamlar elə yollardaca qocalıb öləcəklər. Dəyişsə dəyişsə, ancaq nəqliyyat vasitəsi, yol kirəsi dəyişəcək. Vəssalam.

Öz fantaziyama gülürəm. Mikroavtobus məktəb liseyin qabağından keçəndə tamam başqa ovqata köklənirəm, lakin mənzil başına çatmaq üzrəyəm. Çatdırıb düşünüb-daşınmadım ki, bir neçə saatımı burda necə əridəcəyəm. Adətən səhər-səhər beynimdə qeyr-adi, özümü də heyrətləndirən fikirlər dolaşır.

Mikroavtobusdan düşəndən sonra, hələ tam kəsdirə bilmirəm hara gedim. Burada dayanmaq olmaz, çox sıxlıqdır. Birmərtəbəli çoxsaylı ticarət yerləri tikilib hazır otaqlar satılandan, maşınların dayanacaq məkanı xeyli daraldı. Ləngisən, xalturaçılardan lap hövsələsizi üstünə cumub sorğu-sual edəcək ki, bəs, bir adamnan da kəndə qayıda bilər; sənin indicə maşından düşməyin onun heç vecinə də deyil. Özü də birinin dediyini digəri qulaqardına vurub, tutuquşutək təkrarlayacaq; bu adamlar özlərinə sərf edənləri görür, bu səbəbdən onlarla mübahisə yersizdir. Odur ki, yolu alıram əlimə. Əgər tanıdığım adamlar rast gələrlərsə, salamlaşıram. Düzdür, tanışlar demək olar ki, olmur... Belə yerdə adamlar, hansı səbəbdənsə, bir-birindən gen qaçır, gözə girməyi xoşlamır.

Kiməsə bərk toxundum, sanki çiyin atdım. Adam dayanıb üzümə baxır, ancaq heç nə demir. Ötüb keçmək istəyəndə:

– Tanımadın məni?.. - bic-bic irişir, sallaq dodaqlı toppuş kişi mənimlə həmyaşıd olardı. –"Budulay”am da, indi də xatırlamadın?

Düzü, mən bu sarışın dolu bədənli adamı ayamasını deyən kimi dərhal tanımışdım. Bu ayamanı ona yayıldığı ərəfədə "Qaraçı” filminin baş qəhrəmanına oxşadığına görə vermişdilər. Bircə saqqalı çatmırdı. O vaxtlar kəndin uzaq qonşuluğunda sərhəd zastavasında xidmətdən yuxarı qulluq keçirdi, ordakı qohumlarına tez-tez baş çəkirdi. Daha çox təmiz spirt dəllalı kimi ad çıxarmışdı. İndi hüzr yerində mollalıq edənlər, cümə axşamları, müqəddəs günləri yasin oxumaqdan çörəkpulu çıxaranlar atılışıb aldıqları üçlitrlik bankanın dozasını düzgün nizamlaya bilmədiklərindən keflənib axşam-səhər xəndəklərdə yatıb qalardılar.

Tərəvəz sahəsindən yorğun-üzgün qayıdan qadınlar ərlərinin yerini dəqiq biləndən sonra səssiz-səmirsiz evlərinə üz tuturdu.

O vaxtdan çox illər keçib. Xəndəklər korlanıb, üstündə hündür daş hasarlar ucalır. Onda bəxtəvərlik idi, mənim özümün düz üç iş yerim vardı...

O, çox dəyişsə də, qəşəng bığı qalır, üstəlik qatran rəngli saqqal saxlayır. Ağzını tam açıb gülür, qar kimi ağ süni dişləri görünür. Əla əhval-ruhiyyədədi, əllərini açıb məni qucaqlayır. Diqqətlə, görüşmədiyimiz illər ərzində sanki haqqımda hər şeyi öyrənmək istəyirmiş kimi mənə baxır.

Eynim açılır:

– Həə, tanıdım, – çəkindim ayamasını deyim, amma adını da xatırlaya bilmirdim.

– Hara belə, bəlkə bir çay içək, – vəziyyətdən məni çıxarır. – Mənim tələsik bir işim yoxdur, gəl, gəl... Burda xudmani bir qəlyanaltı var, gedək...

Ən çox zəhləm getdiyi adamlar səhərin gözü açılmaz çayxanaya cumanlardır. Belələrinin içində siqaret çəkənlər, içki içənlər çoxluq təşkil edir. Yeni tanışıma xatir ani fikri beynimdən qovuram, gülümsəyirəm, təklifini qəbul edirəm. Biz aralıq yolla bir qədər gedirik, sonra sağa burulub, açıq qapıdan içəri giririk. Alçaq tavanlı otaqda heç kəs yoxdur, ya hələ tezdir, ya da belə yerlərin xüsusi müştəriləri olur; nə vaxtsa gələcəklər.

Elə bilirəm burda otursaq, yaxşıdır, – plastik stulları çəkib eyniadlı stolun arxasına keçirik, – o gün sənin tamada sinif yoldaşınla da burda oturmuşduq. Deyir, məktəb direktorunun müavini işləyirəm.

– Mənimlə bir sinifdə oxuyub. Altı il bir partada oturmuşuq...

– Deyirsən, səninlə bir partada oturub? Bilirsən də indi müavin işləyir...

– Düz altı il... Müavin işləməyini bilmirdim...

– Necə oxuyurdu, sən canın?

– Məsələni, yaxud misalı həll edəndə üstünü əlimlə örtürdüm ki, köçürtməsin. Boylanırdım, artıq cavabı yazıb... İndi də mənə qaranlıqdır, o, necə, nə vaxt çatdırırdı bunları... Korazehinin biriydi...

– Əsas odur ki, indi direktorun müavinidir...

– İndi hə-ə.... Amma heç kəs keçmişindən qaça bilməz–onun gələcəyi orda qalıb... Nə qədər təqaüd alırsan?

– Səkkiz yüz manata yaxın... Yenə də artacaq, minə çatsaydı, dərdim olmazdı...

– Dərd ölənəcən olacaq... Ancaq hələ canıbərksən, yaxşı qalıbsan, işləmək barədə düşünmürsən?.. – sonuncu sualım özümə də mənasız görünür.

– Kiməsə qul olmaq istəmirəm... Çağırmışdılar məşhur özəl şirkətdən, axranlıq təklif etdilər, getmədim. Ordan məlumatın yoxdur, bilmirsən axran nə edir?

– Mühafizəçi dünyanın hər yerində eyni işləri görür. Burda bu iş günaşırıdır, növbə vaxtı yatmaq, yayınmaq–bayıra çıxmaq olmaz. Gündə üç dəfə yemək verilir. Başqa şeylər də var ki, işə duranda deyəcəklər, biləcəksən...

– Mənə iş lazım deyil, özü də beləsi ki, kiminsə əlinin altında nökər işləyim. Maraqlıdır, başqa şeylər nədir elə-ə?

– Nəyinə gərəkdir, bir halda arzusunda deyilsən, başını ağrıtma...

– Maraq üstün gəlir... O gün keçmiş zabit dostum bizə gəlmişdi, onunla bir az gap vurduq... Patronun sinif yoldaşıdır axıı... Razılıq edirdi yaman, aylığı da beş yüz... Köhnə "ZAP”ısı vardı, indi "Mersedes” sürür...

– Bir ara "07”-i aldı, yəqin görməmisən...

– Hər nəsə, əyin-başı, gör-görkəmi də düzəlib... Xeyli təqaüd alır... Niyə ora istefada olan hərbçiləri götürürlər?

– Başqa peşə sahibləri də çoxdur, minə yaxın adam çalışır...

– Köhnə hərbçilərdən kimi soruşuram ordadır... Bir tanışım anbar müdiridi, keçmiş finçastımız şirkətin xaricdəki fabrikinin direktorudu, sovet ordusu zamanı maliyyə maxinasiyasında yatıb-çıxan digər hərbçi...

– Bir halda elədir, sənədlərini ver, növbəyə dur, maşallah bazburud səndə, bacarıq səndə...

– Deyirsən, keçim nökərçiliyə... Yoox, onu görməyəcəklər.

– Nökər niyə olursan, iş işdi, qabaq necəydi, indi də elədi... Dəyişən tək addı...

– Özün dedin ki, bəzi şeylər də var... Gizlətmə, açıqla noolar...

– Onu işə duranda deyəcəklər... Sənin ürəyin atlanıb lap, düz edirsən, əlavə qazanc cib cırmaz ki...

Biz çay içirik, get-gedə söhbət mənə maraqsız görünür. Həmişə beləyəm, adamayovuşmazlığımın səbəbini anlamıram. Bəlkə buna görədir ki, tanıyanlar mənə yan almır. Yaxşı ki, "Budulay” bazara tələsir, cibindən əl boyda siyahını çıxarıb göstərir. Məktəbdə müəllimə işləyən həyat yoldaşı işdən qayıdanacan orda yazılanları alıb evə çatdırmalıdır.

– Ev-eşik, həyət-baca necədir? –tələsik soruşur.

– Var, var...

– Köhnə pəncərələri plastikə dəyişmisənmi?

– Yoox...

– Səs-küydə necə oturursan? İndi hər kəs elliklə plastikadan istifadə edir. Həyətə piltə necə, döşətdirmisənmi?

– Fikrimdə var... –bilmirəm sualların altından necə qaçım.

– Nəbadə yerli şey alasan, deyərsən İran malı təşkil edərəm. Keyfiyyətinə özüm otveçatam.

– ...

– Evin üstünün şiferini dəyiş, ziyandı... Televizor da dedi...

– ...

– Kərbəla, Həcc ziyarətinə getmisən?

– Yoxx!..

– Məşhədə necə?.

– Bilirsən...

– İndi lap ucuzlaşıb, cəmi-cümlətanı doxsan manata... Qayıdan başı əlli kilo ayın-oyun gətirərsən, xərcin-xovun çıxar... İndisə salamat qal!

Ayrılanda mobil telefon nömrəmi götürür, bundan sonra vaxtaşırı görüşərik deyir.

Bir müddət yerimdən tərpənə bulmirəm, deyəsən, beynim əməlli-başlı şişib. Dəqiq kəsdirə bilmirəm hara gedim. İşlə bağlı ərizəmə dünən göndərilən cavab məktubunu əlimlə şalvarımın cibində bir daha yoxlayıram. İndiki şalvarlara etibar yoxdur, ciblərinin dərinliyi azdır, həm də tez süzülür. Yoox, yerindədir. Nədənsə, ora getməyə qəti həvəsim yoxdur. Belədirsə, getməyinə dəyməz, götür-qoy edirəm. Xatirimdədir, məktubu yazmazdan qabaq qəbulunda olanda, donuq şöbə müdiri qeyri-müəyyən cavab vermişdi. O, canıyananlıqdan, deyəsən ağzından qaçırtdı ki, ayıbdır, mənə, ali təhsilli mütəxəssisə, təklif edəcəyi bəzi işləri hətta təlim edilmiş meymunlar yerinə yetirə bilər. Danışa-danışa gözlərini kompüterin ekranından ayırmırdı. Qıyqacı-qıyqacı boylanıram, xəbərləri oxuduqca narahatlıq keçirir; alnına çəkəndə sağ əl barmaqlarının aşkarca titrədiyi nəzərimdən qaçmadı. Ayrılanda dedi ki, rayonun lap ucqar dağ kəndində kompüter müəllimi yeri boşdur, onu da verməyə ehtiyatlanır ki, birdən öyrənməyə gələn olmaz, yola verməzlər, aldığın da yola-yeməyə gedəcək. O səbəbdən ərizəmin baxılmasından ötrü yollanan idarəyə təkrar getməyinə dəyməz. Nə cavab yazarlar yazarlar. Deyəsən, bayaqdan fikirləşdikcə cibimdəki vərəqi də xışmalamışam.

Mənim rəngsiz günlərimin sırası kənardan guya tamamilə düzənlidi, amma onlar toplanıb boş aya-ilə qalanır, sonra yoxluğa qərq olur. Sanki heç vaxt olmayıbmış kimi əriyir. Ömrümdə elə bir əlamətdar hadisə, təqvimdə yadda qalan gün, hətta bugünkü–mənim ad günüm də olmayıb. Heç nə qalmadığını dərk etmək dəhşətdi… Belə həyatdan xərifləmək olar.

Rayon mərkəzində çox yubanmağa dəyməz. Elə qayıtmalıyam ki, kəndə gedən axırıncı marşruta çatım. Hərdən mikroavtobuslar işləmir. Sərnişin olmadığını bəhanə gətirib ilim-ilim itirlər. Adamsız gedib-gəlmək sərf etmir deyə söylənirlər. Demək olmaz, mənə də yazı yazdıran – istər əllə, istərsə kompüterdə olsun – hər zaman ola bilər. Təhsilli adama kənd yerində yumurtlamayan toyuq, qısır inək kimi baxırlar. Kənddə yaşayan gərək ya dükan aça, ya da kənd təsərrüfatı texnikası işlədə; mollalıq, baxıcılıq yaxşı həkim olmaq kimi izzətlidir... Bəd ayaqda mənim kimi ərizəyazan... Dünən qonşu qəsəbədən babat müştəri ürcah olmuşdu: əlil atası üç məktəbin, iki poçt şöbəsinin qapısından üzüqara dönəndən sonra məni soraq veriblər; yazsa-yazsa belə şeyləri o yazar, deyiblər...

Burada veyllənmək, mənə həm yaxşıdı, həm də darıxdırıcıdı. Kənddə çoxları elə bilir, mən rayon mərkəzində işləyirəm. Hər dəfə özümü inandırmaq istəyirəm ki, burada, sanki, lazımi yerdəyəm, əslində, həm mən harasa gecikmişəm, həm də nəsə önəmli bir şey guya artıq olub. İstisna deyil ki, bu yenidən baş verəcək, lakin nə vaxt–məlum deyil. Sabah yenə burda olacağam. Hər halda görünmək olmaqdan daha asandır.

Mən insanın həyatında mühüm rol oynayan tarixə də çox inanmıram. Daha doğrusu, keçmişdə baş verən hadisələrin möhtəşəmliyinə. Axırıncı dəfə kredit götürdüyüm bank bu səhər cib telefonuma ismarış göndərməsəydi, ad günümü də xatırlamayacaqdım.

Beynim yüklənəndə hara soxulduğumu bilmirəm. Demə, dayanacaqdakı kiçik marketə girmişəmmiş.

– Nəsə almaq istəyirsiniz? –satıcı qadın nəvazişli pıçıltıyla soruşur.

Mən başımı bulayıram:

– Yox-yox.

Və onun baxışlarında sual görürəm: "Bəs onda niyə gəlmisiz?..”

Bəlkə də, o, belə düşünmür, amma gözlərində məhz bu oxunur.

Mən narahat oluram, bir neçə saniyədən sonra, bayıra çıxıram. Sürətli addımlarla dayanacağa tərəf irəliləyirəm.

Təkcə Əkrəm Əylislinin ürəyi yoxdu ki... - Ulucay Akif Sabun udaraq özünə qəsd edən, qəbri olmayan məşhur azərbaycanlı - Onu kim izləyirdi? Sevgi ayrılıqdan güclüdü, vallah - Baba Vəziroğlunun şeirləri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://kulis.az
archiveBu xəbər 06 Fevral 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see125

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see121

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see120

Kürdəmirdə 32 yaşlı qadının körpəsi ölü doğulub

30 May 2025 14:54see120

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see118

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see118

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see116

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see115

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see115

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see115

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see114

Zelenski birbaşa danışıqlar arzusu ilə seçkiləri təxirə salmaq istəyir

30 May 2025 14:08see114

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see113

Bərdəni dəfələrlə “Smerç”lərlə vurdular Zərərçəkmiş

30 May 2025 15:00see113

İşğaldan azad edilən ərazilərə daşınan sərnişin sayı...

30 May 2025 18:36see113

Gürcüstan Milli Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradılıb

30 May 2025 13:42see112

Koronavirusun yeni ştammının “imza” simptomunun adı açıqlanıb

30 May 2025 21:37see112

Asim Mollazadə: Azərbaycan və müttəfiqləri qitələrarası sistem yaradır

30 May 2025 18:33see112

Qatara biletsiz minənlərə pis xəbər

30 May 2025 18:41see111

Milli Proqram”ın rəsmi açılış mərasimi keçirilib

30 May 2025 16:25see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri