Icma.az
close
up
RU
Heç kimə lazım olmayanlar

Heç kimə lazım olmayanlar

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Soyuq qış gecəsində güclü külək beton dirəklərdəki işıq fənərlərini titrədirdi. Küçədə tək-tük sürətlə şütüyən avtomobillərdən və qəzet köşkünün yanında tənha dayanmış hündürboylu gəncdən başqa heç kəs gözə dəymirdi.

O, küləkdən qorunmaq üçün köşkün bir küncünə sığınmışdı. Sifətindən dərin qayğı içində olduğu hiss olunurdu. Gözlənilmədən arxadan, ağacların arasından xışıltı səsi eşitdi. Geriyə boylananda taqətsiz və kimsəsiz qara bir köpəyin başını qaldırıb ona baxdığını gördü. Köpəyin gözləri qaranlıqda sanki işıldayırdı.

Bir anlıq Elçini vahimə bürüdü. O, ayağını yerə möhkəm vurdu. Köpək diksinərək küçənin əks istiqamətinə qaçdı və qaranlıqda gözdən itdi.

Qəzet köşkünün qarşısından keçən avtobus sürətini azaldaraq yaxınlıqda dayandı. Sərnişinlər tələsik avtobusu tərk etdilər. Elçin isə yerindən tərpənmədən onları kənardan seyr edirdi. Onların evlərinə tələsən addımlarına həsədlə baxırdı.

Avtobusdan düşən orta yaşlı kişinin əlində iri bir bağlama vardı. O, köşkə tərəf yönələndə Elçin arxaya çəkilib qaranlıqda gizlənmək istədi. Lakin kişi onu görmüşdü.

Bir neçə dəqiqədən sonra kişi yaxınlaşıb dedi:

— Elçin, axşamın xeyir. Ay bala, belə şaxtalı havada burada niyə dayanmısan? Sətəlcəm olarsan, Allah eləməsin. Yenə evdə nəsə olub? Fikir vermə, oğlum. Bir qulağından al, o birisindən burax.

Elçin əsəbi səslə cavab verdi:

— Nəriman müəllim, birincisi, bir adamı gözləyirəm. İkincisi, xahiş edirəm, məni rahat buraxın. Məsləhətinizə ehtiyacım olsa, gəlib qapınızı döyər, kömək istəyərəm.

Nəriman müəllim onunla eyni mərtəbədə, üzbəüz mənzildə yaşayırdı və orta məktəbdə tarix fənnindən dərs deyirdi.

— Ay oğul, səni gördüm, ona görə yaxınlaşdım. Yaxşı, hirslənmə. Mən gedim. Salamat qal.

Bunu deyib başını pərt-pərt yırğaladı və asta addımlarla yoluna davam etdi.

Bir saatdan çox şaxtalı havada dayandığından Elçinin bədənini üşütmə bürümüşdü. Əlləri və ayaqları tir-tir əsirdi. Qonşusunun uzaqlaşdığını görüb cibindən telefonunu çıxardı və tələsik bir nömrə yığdı.

— Fəridə, salam, mənəm. Evdəsən? Gəlmək istəyirəm. Gecəni də səndə qalacağam. Gecələməyə yerim yoxdur. Olar?

Qısa fasilədən sonra qadının səsi gəldi:

— Olar. Amma bir saatdan tez gəlmə. Evdə deyiləm.

— Baş üstə. Nə yaxşı ki, sən varsan... De görüm, haradasan? Gəlim taksi ilə səni götürüm.

Fəridə etiraz etdi. Elçin də vəziyyətlə barışdı. Onun evinə piyada təxminən bir saatlıq yol olduğundan üzüaşağı küçə ilə addımlamağa başladı. Sürətlə yeridikcə bədəni isinməyə, sifətindəki gərginlik isə tədricən çəkilməyə başladı.
Elçin dövlət idarələrinin birində baş mütəxəssis işləyirdi. Atası Elmlər Akademiyasının müxbir üzvü, respublikada tanınmış alimlərdən biri idi. Məhz onun böyük səyləri sayəsində Elçin dövlət qulluğuna qəbul olunmuşdu. Atanın ən böyük arzusu isə gələcəkdə oğlunu yüksək vəzifəli dövlət məmuru kimi görmək idi.

Elçinin iş yeri ilə yaşadığı ev arasındakı məsafə çox olmadığından, o, ictimai nəqliyyatdan nadir hallarda istifadə edirdi. Həftəiçi günlərdə onu qara kostyumda, ağ köynəkdə, boynunda qalstukla görən dostları zarafatla səslənirdilər:

— Gələcəyin naziri gəlir, yol verin!

Elçin ziyalı ailəsində, kitabların əhatəsində böyümüşdü. Uşaqlıqdan mütaliəyə böyük marağı vardı. Geniş dünyagörüşü, iti zəkası və öyrənmək qabiliyyəti onu fakültədəki digər tələbələrdən fərqləndirirdi. Tələbə yoldaşları da bu xüsusiyyətlərinə görə ona zarafatla antik yunan filosofu Sokratın adını vermişdilər. Elçin bundan heç vaxt incimir, əksinə, dostlarının bu zarafatını məmnuniyyətlə qarşılayırdı.

Zövqlə geyinməsi, hündürboylu olması, avropalılara xas açıq rəngli çöhrəsi və özünəməxsus görkəmi onu qızların diqqət mərkəzinə çevirirdi.

Elçin valideynlərinin yeganə övladı idi. Otuz yaşı tamam olmamış atasının təkidi ilə ailə qurmağa razı olmuşdu. Uzun illər ürək xəstəliyindən əziyyət çəkən atasının səhhəti getdikcə ağırlaşırdı. Elçin onun sözünü yerə salmaq, bəlkə də son arzularından birini ürəyində qoymaq istəməmişdi. Buna görə də, içində hələ ailə qurmağa tam hazır olmadığına dair tərəddüdlər olsa da, atasının istəyinə boyun əymişdi.

Gələcək həyat yoldaşı Elnarə ilə qohumluq əlaqələri olduğundan, onlar uşaqlıqdan bir-birlərini tanıyırdılar. Evləndikdən sonra münasibətləri qarşılıqlı mehribanlıq və anlaşma üzərində qurulmuşdu. Valideynləri də onları bir-birinə yaraşan, xoşbəxt cütlük hesab edirdilər.

İlk vaxtlar Elçin Elnarənin çılğınlığını və həssaslığını ona qarşı duyduğu qısqanclıqla əlaqələndirirdi. Bəzən ezamiyyətdən sübh çağına yaxın qayıdanda Elnarənin yatmayıb onu həyəcanla sorğu-suala tutması, nədənsə, Elçində xoş bir duyğu yaradırdı. O, bunu həyat yoldaşının ona olan sevgisinin təzahürü kimi qəbul edirdi.

Lakin evliliklərinin üç ili tamam olmamış Elçinin atası qəfil ürək tutmasından dünyasını dəyişdi.

Atasının ölümündən sonra şənbə günləri anasına baş çəkmək Elçinin həyatında dəyişməz bir adətə çevrildi. Anası həmin gün onun sevdiyi, arzuladığı ləziz yeməkləri hazırlayardı. Birlikdə nahar etdikdən sonra hava qaralana qədər ikilikdə oturub köhnə albomların səhifələrini çevirər, keçmiş günlərin şirin xatirələrini yada salardılar.

Elçin hələ atasının itkisini tam qəbul etməmişdi ki, tale ona ikinci ağır zərbəni vurdu. Dörd il sonra onun həyatındakı son istilik və məhəbbət mənbəyi olan anası da şəkər xəstəliyindən dünyasını dəyişdi.

Bu vaxtadək Elçinin həyat yoldaşı ilə münasibətlərindən də əvvəlki xoş günlərin demək olar ki, heç bir izi qalmamışdı.
İkinci övladları dünyaya gəldikdən sonra Elnarə ikiotaqlı mənzilin darısqallığından şikayətlənməyə başlamışdı. Elçinin valideynlərinin ölümündən sonra onlara miras qalan geniş üçotaqlı mənzilə köçdükdə isə əvvəl yaşadıqları ikiotaqlı mənzili satmağa məcbur olmuşdular.

Mənzilin satışından əldə olunan vəsait hesabına bir müddət evdə sakitlik hökm sürdü. Lakin bu sakitlik uzun çəkmədi.
Aralarındakı gərginlik getdikcə dözülməz həddə çatırdı. Nəhayət, onlar ayrı-ayrı otaqlarda yatmağa, gün ərzində bir-biri ilə bir kəlmə belə danışmamağa başladılar.

Elçin bir çox hallarda gərginlikdən uzaqlaşmaq üçün bir neçə saatlığa evdən çıxırdı. Şənbə və bazar günləri də müxtəlif bəhanələrlə günorta saatlarında evdən gedir, hava qaralmağa yaxın geri qayıdırdı.

Onun bu davranışı Elnarənin əsəbiliyini və qısqanclığını daha da artırırdı. Elnarə də buna cavab olaraq uşaqları götürüb bir neçə günlüyə valideynlərinin evinə gedirdi.

Artıq onları bir-birinə bağlayan yeganə bağ övladları idi.

Bu dəfə isə Elçinin səbri tamam tükənmişdi. Elnarənin növbəti qalmaqalı zamanı uşaqlarının göz yaşlarına dözə bilməyən Elçin həmin gecə evə qayıtmamaq və Fəridənin evində gecələmək qərarına gəldi.

Fəridə ilə Elçinin münasibətlərinin təməli hələ tələbəlik illərində qoyulmuşdu.

Əvvəlcə onlar sadəcə dost idilər. Lakin ikinci kursda aralarında qarşılıqlı sevgi hissləri yaranmışdı. Münasibətlərinin universitetdə hamıdan gizli qalması da mümkün deyildi. Kurs yoldaşları, hətta müəllimlər belə onların bir-birinə olan münasibətindən xəbərdar idilər.

Hər gün dərslər başa çatdıqdan sonra saatlarla ya Dənizkənarı Milli Parkda, ya da şəhərin mərkəzi küçələrində hava qaralana qədər gəzərdilər. Üçüncü kursda artıq evlənmək barədə qərar vermişdilər. Çox keçmədi ki, Elçinin valideynləri Fəridəyə elçi getdilər.

Fəridənin atası toylarından sonra mərhum anasından yadigar qalan, şəhərin mərkəzində yerləşən ikiotaqlı mənzili gənclərin ixtiyarına verəcəyinə, həmçinin Elçinə bahalı bir avtomobil alacağına söz vermişdi.

Elçilikdən bir neçə ay sonra Fəridə həmin mənzili Elçinə göstərmişdi. Mənzildə nənəsindən yadigar qalan əşyalarla yanaşı, mebel dəsti də vardı. Bu ev onların gələcək həyatlarının ilk ünvanı olacaqdı.

Dərslər başa çatdıqdan sonra bir kafedə yüngül nahar etmək, oradan isə birbaşa Fəridənin mənzilinə getmək gənclərin gündəlik vərdişinə çevrilmişdi. Hava qaralana qədər yataq otağında bir-birinə olan ehtiraslarının təsiri altında qalardılar. Bu yaxınlaşmaların təşəbbüsü, demək olar ki, həmişə Elçindən gəlirdi.

Fəridə ilk vaxtlar buna etiraz edəndə Elçin onu inandırmağa çalışırdı:

– Nədən narahatsan? Axı biz nişanlıyıq. Gələn ilin sonunda toyumuz olacaq. Aramızda olanları bir sən bilirsən, bir də mən. Fikrin keçmiş dövrlərə getməsin.

Elçin ehtiraslı hisslərin təsiri altında o qədər məst olmuşdu ki, imtahanların yaxınlaşması belə onu narahat etmirdi. Üstəlik, Fəridə onun referatlarını hazırlamağı da öz üzərinə götürmüşdü. Elçin özünü dünyanın ən bəxtəvər insanı hesab edirdi.

Onun istəyilə Fəridə hətta saçlarının rəngini dəyişərək sarışın olmuşdu. Bu saç rəngi onun gözəlliyini və cazibəsini daha da artırırdı.

Fəridənin valideynlərinin maddi imkanları geniş idi. Buna görə də qız Elçinə tez-tez bahalı hədiyyələr alırdı. İlk vaxtlar buna etiraz edən Elçin zaman keçdikcə dəbdəbəli saatlardan, geyimlərdən və digər qiymətli hədiyyələrdən imtina etmədi. Bununla belə, öz imkanları daxilində Fəridəyə hədiyyələr almağa çalışır, onun qarşısında borclu qalmaq istəmirdi. Lakin Fəridənin ona verdiyi hədiyyələrin maddi dəyəri, şübhəsiz ki, daha yüksək idi.

Fəridə dəbdəbəli geyimləri ilə universitetdə digər qızlardan seçilir, tez-tez hamının diqqətini özünə çəkirdi. İlk vaxtlar bu, Elçinin xoşuna gəlirdi. Lakin zaman keçdikcə həmin diqqət onda qısqanclıq hissi yaratmağa başladı.

Arabir Fəridəni yüngülcə məzəmmət edəndə qız gülümsəyərək deyirdi:

— Sən istəmirsən ki, nişanlın gözəl və dəbdəbəli geyinsin? Mən sənin üçün bəzənirəm.

Fəridənin Elçinin tələbə dostları ilə universitetin dəhlizində bir neçə dəqiqəlik söhbət etməsi belə onda qısqanclıq yaradırdı. Elçin tez-tez hiss edirdi ki, ətrafdakılar Fəridəyə gizlicə baxırlar.

Doğrudan da, Fəridə o qədər gözəl idi ki, ona biganə qalmaq çətin idi. Sevdiyi qadının gözəlliyi və cazibəsi isə Elçinin ona qarşı ehtirasını daha da gücləndirirdi.

İki gəncin münasibəti üçüncü kursa qədər bu cür davam etdi. Son vaxtlar aralarında tez-tez incikliklər yaşansa da, Elçinin qısqanclığından doğan bu küskünlüklər uzun çəkmirdi.

Ancaq Elçini getdikcə başqa bir sual narahat edirdi: Fəridəyə bəslədiyi hiss sevgi idimi, yoxsa onun gözəlliyi və cazibəsinin yaratdığı valehlik? Bu tərəddüd qəlbindən çəkilmirdi.

Fəridə ilə nənəsinin evində olanda bu düşüncələri unudur, onu evə ötürdükdən sonra isə yenidən eyni sualın əsirinə çevrilirdi: görəsən, Fəridə məndən başqa kiminləsə bura gələ bilərmi?

Nəhayət, Elçin qərara aldı ki, bir neçə gün dərsə getməsin. Fəridənin zənglərinə cavab verməyəcək, israr etsə, xəstə olduğunu deyəcəkdi. Yoxluğu ilə onun münasibətini sınağa çəkmək istəyirdi.

Lakin daxilində daha güclü, adı qoyulmayan bir qüvvə də vardı. Sanki görünməz bir əl onu Fəridədən və hələ qurulmamış ailə həyatından uzaqlaşdırırdı. 

Bir müddət keçdikdən sonra Fəridə Elçinin ona qarşı münasibətinin niyə dəyişdiyini, nədən soyuduğunu anlaya bilmirdi. Onun əvvəlki səmimiyyətinin yerini anlaşılmaz bir soyuqluq almışdı. Fəridə hər dəfə narahatlıqla:

— De görüm, sənə nə olub? — deyə Fəridə hər dəfə soruşanda, Elçin ya cavab verməkdən yayınır, söhbətin istiqamətini dəyişir, ya da bir-birinin ardınca müxtəlif bəhanələr gətirirdi. Bəzən isə hələ ailə həyatı qurmağa hazır olmadığını söyləyir, toydan sonra necə dolanacaqları, qarşıda onları hansı çətinliklərin gözlədiyi barədə uzun-uzadı danışırdı.

Fəridə onun bu narahatlıqlarını sakitləşdirməyə çalışırdı:

— Narahat olma. Valideynlərim ilk vaxtlar bizə kömək edəcəklər. əsas yaşamağa evimiz var, ayağının altında maşın olacaq. İstəsən, atam öz əlaqələrindən istifadə edib səni yaxşı bir işə düzəldər. İndidən bədbin fikirlərə qapılıb özümüzün də qanını qaraltmayaq.

Fəridə bu sözlərlə Elçini rahatlatmağa çalışsa da, onun eyni məsələyə dönə-dönə qayıtmasının səbəbini anlaya bilmirdi. Elçinin dediklərinin arxasında yalnız gələcəklə bağlı narahatlıq deyil, başqa, daha dərin bir tərəddüdün gizləndiyini hiss edirdi. Lakin bu tərəddüdün nə ilə bağlı olduğunu öyrənə bilmirdi.

Buna baxmayaraq, Fəridə Elçinin ziyalı və hörmətli bir ailədən olmasına, onu sevdiyinə və uzun müddət birlikdə olduqlarına görə ümidini itirmək istəmirdi. 

Amma Elçin daxilində artıq qərarını vermişdi. O, Fəridə ilə ailə qurmaq fikrindən getdikcə uzaqlaşırdı. Buna baxmayaraq, münasibətlərinə son qoymağa tələsmirdi. Çünki Fəridəyə qarşı hissləri hələ tam sönməmişdi. O, bir tərəfdən bu münasibətdən çıxmaq, digər tərəfdən isə Fəridəni birdəfəlik itirməmək istəyirdi.

Elçinin öz daxilində yaşadığı bu ziddiyyət Fəridəyə qarşı davranışlarına da təsir edirdi. Bəzən ona yaxınlaşır, səmimi görünür, sonra isə qəfil soyuyur, aralarına məsafə qoyurdu. Fəridə isə bütün bunların səbəbini anlaya bilmədən, hələ də onun əvvəlki Elçin olduğuna inanmaq istəyirdi.

Zaman keçdikcə onların münasibətindəki dəyişiklik universitetdə də nəzərdən qaçmadı. Bir vaxtlar dəhlizlərdə yanaşı görünən, auditoriyaya birlikdə girib-çıxan iki gəncin arasındakı soyuqluq artıq tələbə yoldaşlarının da diqqətini çəkirdi. Hamını eyni sual düşündürürdü: görəsən, aralarında nə baş verib?

Elçin Fəridəni özündən uzaqlaşdırmaq qərarına gəldikdən sonra bunu sözlə deyil, davranışları ilə göstərməyə başladı. Eyni qrupda oxuduqları Sevda isə fərqinə varmadan onun qurduğu oyunun bir hissəsinə çevrilmişdi. Elçin dəhlizdə onunla ucadan gülür, dərs aralarında söhbəti uzadır, auditoriyaya birlikdə daxil olurdu. Kənardan bunlar adi tələbə münasibəti təsiri bağışlasa da, Elçinin hər hərəkəti Fəridənin diqqətinə hesablanmışdı.

Sevda isə bu qəfil diqqətdən məmnun idi. O, birinci kursdan bəri qrupun ən yaraşıqlı oğlanı olan Elçinə gizli rəğbət bəsləyirdi. Lakin onun Fəridə ilə münasibətini gördüyü üçün özünü rəqib saymır, hisslərini içində saxlayırdı. İndi isə Elçinin yaxınlığı çoxdan gizlətdiyi ümidlərini yenidən oyatmışdı.

Fəridə bütün bunları uzaqdan izləyir, zahirən sakitliyini qorumağa çalışsa da, daxilən getdikcə daha çox sarsılırdı. Onu ən çox incidən Sevdanın varlığı deyil, Elçinin bütün bunları onun gözü qarşısında etməsi, sanki hisslərinə görə onu cəzalandırmaq istəyirmiş kimi davranması idi. Buna baxmayaraq, nə Elçinə söz deyir, nə də Sevdaya narazılığını bildirirdi. 

Fəridə dərslərdən sonra ya tək, ya da rəfiqəsi ilə evə gedirdi. Bu vəziyyət üç ay beləcə davam etdi. Elçin isə auditoriyada onu daim gözaltı edir, başqa tələbələrlə söhbət etdiyini görəndə yenidən qısqanclığa qapılırdı. Fəridənin heç kimlə yaxınlıq etməsini istəməsə də, özü ondan uzaq davranırdı. 

Aralarındakı soyuqluq atı ay davam etdikdən sonra Elçin Fəridəyə ailə həyatı ilə bağlı ümid verdiyi üçün ondan üzr istəməyi özünə borc bildi.

Bir gün dərslər qurtardıqdan sonra Fəridənin universitetdən tək çıxdığını görüb ona yaxınlaşdı. Fəridə Elçini yanında görəndə bir anlıq dayandı və sakit səslə:

— Xahiş edirəm, məndən uzaq dur, — dedi.

Elçin bir qədər susdu. Sonra ağır səslə:

— Bağışla məni. Sənin yanında günahkaram. Çətin olsa da, bunları sənə deməyə borcluyam, — söylədi.

Fəridə sakit, lakin qətiyyətli səslə cavab verdi:

— Sən mənə heç nə borclu deyilsən. Günah məndədir. Sənə inandım, ürəyimə səni yaxın buraxdım. İndi özünü rahat hiss et. Aramızda nə olubsa, heç kim bilməyəcək. Amma bundan sonra mənə yaxınlaşma. Mən səni həyatımdan silmişəm. Xudahafiz.

Fəridə bunları dedikdən sonra bir an belə tərəddüd etmədən Elçindən uzaqlaşdı. 

Elçin onun arxasınca baxaraq yerindəcə donub qaldı. Fəridənin sakit, lakin qətiyyətli davranışı ona bu qızın düşündüyündən daha güclü və iradəli olduğunu göstərdi. Uzaqlaşan addımlarını izlədikcə, aralarındakı münasibətin bu gün həqiqətən sona çatdığını dərk edirdi. Bu sonluğu özü hazırlamışdı, amma belə ağrılı olacağını gözləmirdi.

Beşinci kursun sonunda Elçinin evlənəcəyi xəbəri universitetdə, kurs yoldaşları arasında yayılmışdı. Hamı onu təbrik edir, xoşbəxtlik arzulayırdı.

Bir müddət sonra Fəridənin rəfiqələri Elçinə onun da tezliklə toyunun olacağını xəbər verdilər. Bu xəbər Elçinin içində uzun müddətdir daşıdığı narahatlığı sanki bir anda yox etdi. Üzərinə çökmüş ağır bir yük çiyinlərindən götürüldü.

Elçinin Elnarə ilə ailə qurmasından artıq on il ötmüşdü. Evdəki gərginlikdən uzaqlaşmaq üçün işdən sonra, axşamlar şəhərin mərkəzi küçələrində dolaşırdı.

Hava çoxdan qaralmışdı. Elçin 28 May küçəsi ilə addımlayarkən arxadan gələn mavi rəngli Fiat markalı kiçik avtomobili hiss etdi. Maşın asta-asta onun ardınca gəlirdi. Elçin bir neçə dəfə dayanıb vitrinlərə baxdı, sonra yenidən yoluna davam etdi. Maşın da bir qədər arxada dayanır, az sonra yenidən hərəkətə keçirdi. Elçin dönüb arxaya baxanda avtomobilin faraları gözlərini qamaşdırdı. Maşının içi görünmürdü. O, ilk dəfə idi ki, bu avtomobilin təsadüfən onunla eyni istiqamətdə getmədiyini düşündü.

Bir neçə dəqiqədən sonra maşın səkinin kənarında asta¬ca dayanıb saxladı. Qapı açıldı və Fəridə maşından düşdü. Elçinə tərəf addımladı. Onlar heç nəyə, heç kimə məhəl qoymadan qucaqlaşdılar.

Elçinin sevincinin həddi-hüdudu yox idi. Qarşısında illərdir görmədiyi Fəridəni görmək onun üçün gözlənilməz və unudulmaz bir an idi.

— Gəl, otur. Hara istəyirsən, səni aparım, — deyə Fəridə sakitcə dilləndi.

Fəridə əvvəlkindən bir qədər kökəlmişdi. Elçin bunu yalnız ona yaxınlaşanda hiss etdi. Bir an belə düşünmədən maşına əyləşdi.

Qapı örtüldü. Onlar yenidən qucaqlaşdılar. Sanki yeddi il əvvəl yarımçıq qalmış bir görüş indi yenidən davam edirdi.

— İşin yoxdursa, mənə bir saat vaxt ayıra bilərsən? — deyə Fəridə soruşdu.

— Əlbəttə, — Elçin tərəddüd etmədən cavab verdi.

Fəridə bir an susdu, sonra dedi:

— Yadındadır, atamgilin Hökumət Evinin yanındakı mənzil? Onu satmaq istəyirəm. Makler gələcək, mənzili ona göstərməliyəm. Sonra hara desən, səni apararam.

Elçin razılığını bildirən kimi maşın sakitcə yerindən tərpəndi. Bir neçə dəqiqədən sonra onlar Fəridənin valideynlərinin yaşadığı evə çatdılar.

Fəridə atasının və anasının artıq həyatda olmadığını söylədi. Son illərdə demək olar ki, tamamilə tək qaldığını, üstəlik, şəkər xəstəliyindən müalicə aldığını bildirdi.

Elçin bir müddət susdu. Sonra peşmanlıq və vicdan əzabı ilə:

— Sənin bu vəziyyətə düşməyinin əsas səbəbkarı mənəm, — dedi.

Fəridə bir qədər susduqdan sonra sakit səslə dedi:

— Bizim aramızda əslində sevgi və məhəbbət yox idi. Ona görə də ayrıldıq. Mən bunu yalnız sonralar anladım. O vaxt ikimiz də gənc idik, bir-birimizə qarşı güclü hisslər keçirirdik. Bəlkə də bütün bunları sevgi hesab edirdik. Əslində isə bizi bir-birimizə bağlayan daha çox gəncliyimizin yaratdığı yaxınlıq idi.

Sonra Fəridə gülümsəyərək Elçinə baxdı:

— Sən indi, maşallah, yaxşı görünürsən. Mən isə əvvəlki Fəridə deyiləm.

Elçin ona diqqətlə baxıb dedi:

— Səndə hələ cazibədarsan.

Elə bu vaxt qapı döyüldü. Gələn makler idi. Fəridə mənzili ona göstərdi. Makler bir neçə otağa nəzər salıb, mənzil barədə suallar verdikdən sonra sağollaşıb getdi.

Fəridə Elçinə baxaraq dedi:

— Mən indi nənəmin evində yaşayıram. Ümid edirəm, ünvanı unutmamısan. Yadındadır, orada keçirdiyimiz günlər? İndi hər şey mənə yuxu kimi gəlir...

Bir qədər sonra Fəridə maşınla Elçini evinə apardı. Sağollaşarkən bir an tərəddüd etdi, sonra soruşdu:

— Mən telefon nömrəmi dəyişmişəm. Sənin nömrən dəyişməyib ki?

Elçin nömrəsinin dəyişmədiyini söylədi. Fəridə telefonunu çıxarıb onun nömrəsinə zəng vurdu. Bir neçə saniyə sonra Elçinin telefonunda Fəridənin nömrəsi göründü.

— İstəsən, arada zəng vur. Dərdləşərik, — dedi Fəridə. — Amma evdəkilər bilməsin. İstəmirəm mənə görə kimininsə evində söz-söhbət olsun.

Elçin başı ilə razılıq verdi.

Fəridə maşını işə salıb uzaqlaşdı. Elçin onun arxasınca baxdı. İllərdir susmuş bir duyğu yenidən oyanmış, sanki ağır bir yükdən qurtulmuşdu. Özünü qəribə dərəcədə yüngül və xoşbəxt hiss edirdi.

Elçin işdə olanda demək olar ki, hər gün Fəridə ilə zəngləşirdi. Bəzən söhbətləri saatlarla davam edirdi. Elçin isə hər dəfə Fəridənin onu evinə dəvət edəcəyi anı gözləyirdi.

Nəhayət, Elçin Fəridə ilə telefonla danışarkən uzun-uzadı telefon söhbətlərindənsə, onun evində görüşməyin daha yaxşı olacağını söylədi. Fəridə buna etiraz etmədi, yalnız bir şərt qoydu: bu görüşlərin Elçinin ailə həyatına xələl gətirməyəcəyinə söz versin. Elçin isə heç tərəddüd etmədən razılaşd

Ya şənbə, ya da bazar günü Elçin imkan tapan kimi Fəridənin evinə gedirdi. Onlar əvvəlki kimi birlikdə vaxt keçirirdilər, amma görüşlər bir neçə saatdan artıq davam etmirdi. Bu, Fəridənin əsas şərti idi; əks halda belə görüşlərə razı olmayacaqdı.
Görüşlərin birində Elçin uzun müddət içində saxladığı sözləri nəhayət Fəridəyə açdı. Son beş ildə evində yaşadığı həyatın onun üçün necə ağır və dözülməz bir yükə çevrildiyini danışdı. Sözləri getdikcə ağırlaşır, səsindəki yorğunluq və ümidsizlik daha aydın duyulurdu.

— Mən daha bu həyatı əvvəlki kimi davam etdirə bilmirəm, — dedi. — Həyat yoldaşımla məni bir yerdə saxlayan artıq nə sevgi, nə də yaxınlıqdır. Bizi yalnız uşaqlar bağlayır.

Elçin danışdıqca son illərdə ailəsi naminə etdiyi güzəştlərdən söz açdı. Lakin bütün cəhdlərinə və geri addımlarına baxmayaraq, evdəki gərginlik səngimir, əksinə, getdikcə artırdı. Bu gərginlikdən uşaqlar da əziyyət çəkirdilər. Elçin son vaxtlar ayrılmaq barədə tez-tez düşündüyünü də Fəridəyə etiraf etdi.

Fəridə isə ona səbirli olmağı, hisslərin təsiri altında tələsik və düşünülməmiş qərarlar verməməsini tövsiyə etdi.
Növbəti görüşlərində Elçin həyat yoldaşından ayrılacağı təqdirdə Fəridə ilə rəsmi ailə qurmaq istədiyini bildirdi. Bu dəfə onun səsində tərəddüddən çox, qərarlılıq vardı.

Fəridə isə bir qədər susduqdan sonra sakit səslə dedi:

— Mən uzun illərdir tək yaşayıram. Yenidən ailə qurmaq fikrim yoxdur. Üstəlik, artıq bu həyata alışmışam. Özümü azad və rahat hiss edirəm. Biz hər ikimizin razılığı ilə arabir görüşə bilərik. Amma daim bir yerdə yaşamağımız mənim üçün mümkün deyil.
Fəridənin sözləri Elçinin gözlədiyi cavab deyildi. O, bu münasibətin gələcəyi ilə bağlı öz içində qurduğu ümidlərin ilk dəfə bu qədər sərt bir həqiqətlə qarşılaşdığını hiss etdi.

Elçin Fəridənin qərarlılığı qarşısında nə deyəcəyini bilmədi. Onu itirmək qorxusu, tək qalmaq narahatlığı və çıxış yolu tapa bilməməsi içindəki bütün etirazları susdurdu. Çarəsiz vəziyyətdə Fəridənin şərtləri ilə razılaşmaqdan başqa yolunun qalmadığını anlayaraq başını aşağı saldı.

Elçin Fəridənin yaşadığı binanın giriş qapısından içəri daxil oldu. Tələsmədən pilləkənlərlə dördüncü mərtəbəyə qalxmağa başladı. İkinci mərtəbəyə çatanda yuxarıdan bir qapının açıldığını eşidib qəfil ayaq saxladı.

Ardınca tanış bir səs eşidildi.

— Oldu, canım. Salamat get. Yanıma tələbə dostum gəlməlidir. Bizi bir yerdə görsə, yaxşı olmaz...

Bu, Fəridənin səsi idi.

Bir neçə saniyə nəfəsini dərmədən dayanıb yuxarıya qulaq kəsildi. Eşitdikləri beynində bir-birinə qarışan suallar doğurdu. Fəridə kimlə danışırdı? “Canım” dediyi adam kim idi? Və ən başlıcası, niyə onunla birlikdə görünmək istəmirdi?

— Görür, görsün. Ərin-zadın bəyəm? İstəyirsənsə, gözləyim onu, yaxşıca yola salım. İçkili olmağıma baxma... — deyə yoğun kişi səsi eşidildi.

Fəridə onu sakitləşdirməyə çalışdı:

— Şuluqluq salma ki, sabah yenə qapını sənin üzünə açım.

Kişi pıçıltıyla Fəridəyə nəsə deyirdi. Ardınca Fəridənin astadan gələn gülüşü eşidildi. 

Elçin bu vəziyyətdən istifadə edərək asta addımlarla pilləkənlərlə aşağı düşməyə başladı. Binanın girişində qaranlıqda gizlənib kişinin aşağı düşməsini gözlədi.

Bir neçə dəqiqə keçdi. Yuxarı mərtəbələrdən gələn səslər tədricən kəsildi. Ardınca pilləkənlərdə ağır addım səsləri eşidildi. Elçin nəfəsini dərib, qaranlıqda bir az da geri çəkildi.

Kişi dördüncü mərtəbədən aşağı düşürdü. Əlini məhəccərə söykəyərək asta-asta pillələri enirdi. İçkinin təsirindən yerişində müəyyən bir ağırlıq hiss olunurdu.

Elçin onun üzünü görmək üçün küçə qapısının yanındakı zəif işığın altına keçməsini gözlədi. 

Güclü yağış altında kişi pencəyinin yaxasını qaldırıb küçədə saxladığı “Mercedes” ə əyləşdi. Mühərriki işə salıb uzaqlaşdı və bir neçə saniyə sonra qaranlıqda gözdən itdi.

Elçin divara söykəndi. İstəsəydi, yuxarı qalxıb Fəridənin qapısını döyər, gecəni onun evində keçirərdi. Amma getmədi. Orada özünü yad hiss edirdi.

Yağişa baxmayaraq, arxaya çevrilib Fəridənin yaşadığı binaya baxdı. Dördüncü mərtəbənin pəncərələrindən birində işıq yanırdı.
Sonra başını aşağı salıb sakit addımlarla küçənin qaranlığına doğru uzaqlaşdı. Qarşısında yalnız bir çıxış yolu vardı — istəsə də, istəməsə də ailəsinin yanına qayıtmaq. Başqa yol yox idi.

Yağış hələ də səngimədən yağırdı. Elçinin əyn-başı başdan-ayağa su içində idi. Lakin o, nə soyuğu, nə də islanmış paltarlarının narahatlığını hiss edirdi. Daxilində baş verənlər bütün bunlardan daha ağır idi.

Fikirləri bir-birinə qarışmışdı. Elnarəyə gecənin bu vədəsində haradan gəldiyini necə izah edəcəyini düşünür, deyəcəyi sözləri götür-qoy edirdi. Heç istəmirdi ki, evdə yenidən səs-küy düşsün, uşaqlar yuxudan oyanıb göz yaşına boğulsunlar.

Axı o, evdən çıxarkən bir daha geri qayıtmayacağını demişdi. İndi isə dilindən çıxan həmin sözlərin ağırlığını özü də bütün varlığı ilə hiss edirdi.

Nəhayət, yaşadığı binanın girişinə çatıb içəri daxil oldu. Liftə minib üçüncü mərtəbənin düyməsini basdı. Bir neçə dəqiqə sonra mənzilinin qarşısında dayanmışdı. Əlini cibinə salıb açarını çıxarmaq istəyəndə isə açarı evdə unutduğunu xatırladı.

Çaşqınlıq içində qapının zəngini basdı. Bir qədər gözlədi. İçəridən heç bir səs, heç bir ayaq səsi eşidilmədi. Zəngi bir daha basdı. Yenə də sükut idi.

Elçin bu dəfə qapını əli ilə döyməyə başladı. Ağlına gəldi ki, bəlkə də Elnarə onun gəldiyini anlayıb, qapını bilərəkdən açmır.

Əsəblərini cilovlaya bilməyib qapını daha bərk döydü. Lakin yenə də içəridən heç bir səs gəlmədi. Əlacsız qalan Elçin qapını var gücü ilə döyməyə başladı.

Elə bu vaxt üzbəüz mənzilin qapısı açıldı. Yuxulu gözlərlə Nəriman müəllim astanada göründü. Bir neçə saniyə Elçinə baxdıqdan sonra sakit səslə dilləndi:

— Bir neçə saat əvvəl Elnarə xanım taksiyə minib, uşaqlarla birlikdə harasa getdi. Açarın yoxdursa, istəyirsənsə, bizim divanda uzanıb yat. Səhər, inşallah, hər şey qaydasına düşər.

Elçin heç nə demədən başını aşağı saldı və pilləkənlərlə ağır-ağır aşağı düşdü.

Yaşadığı binanın qarşısındakı dəmir konstruksiyalı söhbətgaha yaxınlaşdı. Oturmaq üçün skamyaya tərəf əyiləndə, onun altında bir neçə saat əvvəl qəzet köşkünün arxasında gizlənən yalqız qara köpəyi gördü.

Köpək əvvəlcə ehtiyatla geri çəkilmək istədi. Sonra Elçinin üzünə baxıb yerindəcə dayandı. Onun baxışlarında qorxu ilə yanaşı qəribə bir ümid də vardı. Sanki bu adamın onu incitməyəcəyini, qovmayacağını hiss etmişdi. 

Elçin diz çöküb ona diqqətlə baxdı. Köpəyin gözlərində öz əksini gördü — tənha, yorğun, kimsəsiz və hara gedəcəyini, nə edəcəyini bilməyən bir insanın əksini.

Acı təbəssümlə pıçıldadı:

— Sən də mənim kimi heç kimə lazım deyilsən, dostum. Sənin niyə tək qaldığını bilmirəm. Amma mənim bu vəziyyətə necə düşdüyümü çox yaxşı bilirəm...

Köpək sanki onu anlamış kimi başını aşağı saldı. Sonra asta-asta quyruğunu tərpədib Elşənə baxdı. O baxışda sözə sığmayan bir təsəlli, illərin yorğunluğunu anlayan səssiz bir yaxınlıq vardı.

Həmin gecə onların hər ikisi tənha idi — biri küçənin soyuq asfaltında, o biri isə öz evinin divarları arasında. Yağış onların üstünə eyni səssizliklə yağırdı. Göz-gözə gəldikləri o an sanki talenin iki unudulmuş yolçusu bir-birini tanıdı. Heç biri danışmadı, heç biri yaxınlaşmadı. Amma o uzun sükutun içində hər ikisi ilk dəfə anladı ki, bəzən insanı tənhalıqdan xilas edən söz deyil, başqa bir tənhanın baxışıdır.

Rövşən Paşazadə Tahir oğlu
24.09.2023

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://adalet.az
archiveBu xəbər 19 Oktyabr 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri