Həcc ziyarəti ilə bağlı mühüm xəbər: Xərciniz belə azala bilər KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün ayrılan kvota 99,8 faiz dolub. Buna baxmayaraq, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səfər üçün təyin etdiyi qiymət hələ də müzakirə edilir. Bildirilir ki, vətəndaşlar şəxsi hesabına daha ucuz qiymətə Həccə gedə bilər.
Qeyd edək ki, QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Sözügedən ziyarətə şəxsi təşəbbüslə getmək mümkündürmü?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, qiymətlər otellər, nəqliyyat və başqa məsələlərin xərclərinə uyğun tənzimlənir:
“Yəqin ki, QMİ-nin öz arqumentləri var. Qiymətləri səbəbsiz yüksəltmək nəyə lazımdır? Məkkə Azərbaycanın ərazisi deyil ki, ziyarəti istənilən vaxt və aşağı xərclərlə həyata keçirmək mümkün olsun. Fikrimcə, seçimi ziyarətə gedən insanların öhdəsinə buraxmaq lazımdır. Hər halda imkanı olan gedir.
Əgər şəxs fədakarlıq edərək, büdcəsindən qeyd edilən vəsaiti ayırır və bununla dinclik tapırsa, ona qarışmaq doğru deyil”.
İqtisadçı Əkrəm Həsənov bildirib ki, əlavə xərclər səfəri həyata keçirən təşkilatlara görə yaranır:
“Bəlkə də vətəndaş özü getsəydi, qiymətlər indikindən aşağı olardı. Maraqlıdır ki, Azərbaycanda Həcc ziyarətinin təşkili digər ölkələrlə müqayisədə daha bahadır. Səudiyyə Ərəbistanı müəyyən qruplarla müqavilə bağlayaraq, hər dövlətə uyğun yer verir. Bu işi də müvafiq qaydada ölkələrin özləri təşkil edir. Həcc vaxtı Məkkə şəhərinə milyonlarla insan gəldiyinə görə prosesi planlaşdırmaq lazımdır. Hamı öz hesabına bu şəhərə axın edə bilməz. Əslində, hər şeyin hazır olması vətəndaş üçün də sərfəlidir”.

