Hər şeydən şikayət etmək vərdişi haradan yaranır?
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son dövrlər cəmiyyətdə gündəlik həyatdan, şəxsi münasibətlərdən tutmuş sosial problemlərə qədər müxtəlif məsələlərdən şikayət edən insanlara tez-tez rast gəlinir. Hətta həyatında müsbət məqamlar olsa belə, bəziləri diqqətini daha çox çatışmazlıqlara yönəldir, özünü başqaları ilə müqayisə edir və nəticədə narazılıq yaşayır.
Mövzu ilə bağlı psixoloq Vüsalə Əmiraslanova Modern.az-a açıqlamasında bildirib ki, insanların həyata baxışı onların xarakteri, tərbiyəsi, irsi amillər və ətraf mühitlə sıx bağlıdır.
“İnsanları gözəlliyə və eybəcərliyə fərqli yanaşmalarına görə ayırmaq olar. Elə insanlar var ki, gözəlliyin içində də gözəllik axtarırlar, bəziləri isə eybəcərliyin içində lotus gülü kimi gözəllik tapmağa çalışırlar. Düşünürəm ki, bu, xarakter, tərbiyə və irsi amillərlə bağlıdır. Eyni zamanda, cəmiyyətin özü necədirsə, insanlar da zamanla ona uyğunlaşırlar. Belə bir deyim var: “Dostunu göstər, deyim sən kimsən”. Savadlı, düşüncəli insanlarla ünsiyyətdə olduqda insanın özü də inkişaf edir. Buna görə də insanın ətraf mühiti, tərbiyəsi, xarakteri, temperamenti və şəxsi xüsusiyyətləri onun həyata baxışına təsir göstərir”, – deyə psixoloq qeyd edib.
V.Əmiraslanovanın sözlərinə görə, bəzi insanlar müsbət məqamlarda belə nöqsan axtarır, digərləri isə çətinliklərin içində yaxşı tərəfləri görməyi bacarırlar. İnsanlar ətraflarında gördükləri davranışlardan təsirlənir və çox vaxt onları təkrarlayırlar. Cəmiyyətdə şikayət etmək, başqalarını günahlandırmaq və neqativə köklənmək meyli də insanların düşüncəsinə təsir göstərir. Belə hallarda insanlar öz səhvlərini araşdırmaq əvəzinə başqalarını qınamağa üstünlük verirlər. Sosial şəbəkələrdə mənfi xəbərlərə və paylaşımlara daha çox diqqət yetirilməsi də bu tendensiyanı gücləndirir.
Psixoloq vurğulayıb ki, davamlı olaraq neqativə fokuslanmaq insanın həyata münasibətinə mənfi təsir göstərə bilər. Onun fikrincə, insanlar şikayət etmək və başqalarını günahlandırmaq əvəzinə, həyatlarında müsbət məqamları görməyə çalışmalıdırlar. Çünki diqqətin yönəldiyi məqamlar insanın düşüncələrinə və həyata baxışına təsir edir.
Mövzu ilə bağlı psixoloq Aynur İskəndərova da fikirlərini bölüşüb. O bildirib ki, insanların daim şikayət etməsi yalnız yaşadıqları mühitlə əlaqəli deyil, həm də insan psixikasının neqativ hadisələrə daha çox diqqət yetirməsi ilə bağlıdır.
“Cəmiyyət olaraq daim şikayət etməyimizin səbəbi təkcə yaşadığımız mühitlə bağlı deyil. İnsan psixoloji baxımdan neqativə daha çox meyil göstərir. Bu, instinktlərimiz və müdafiə mexanizmlərimizlə əlaqədardır. İnsan fiziki və ya psixoloji təhlükə hiss etdikdə ondan çıxış yolu axtarmağa başlayır. Buna görə də mənfi hadisələr haqqında daha çox düşünürük. Son dövrlərdə baş verən hadisələr də insanlarda gərginlik, stress və gələcəklə bağlı narahatlıq yarada bilər”, – deyə A.İskəndərova bildirib.
Psixoloqun sözlərinə görə, insan yalnız cəmiyyətdə baş verən hadisələrə görə deyil, şəxsi həyatındakı çatışmazlıqlara görə də narahatlıq keçirir. İnsan arzuladığı məqsədə çatdıqda əldə etdiyi uğur zamanla adiləşir və onun yaratdığı müsbət emosiyalar əvvəlki gücünü itirir. Bu, normal haldır. Lakin özünüqiymətləndirməsi aşağı olan və daim başqaları ilə müqayisə aparan insanlar əldə edə bilmədikləri şeylərə görə daha çox stress keçirirlər.
A.İskəndərova qeyd edib ki, belə hallarda insan çatışmazlıqlar barədə düşünməklə kifayətlənməməli, onları aradan qaldırmağın yollarını da axtarmalıdır. O əlavə edib ki, şikayət etmək hər zaman insanın psixoloji vəziyyətinə mənfi təsir göstərmir. Bəzən problemləri və neqativ emosiyaları başqaları ilə bölüşmək insana rahatlıq verir. Ancaq eyni problemlərdən davamlı danışmaq ətrafdakı insanlarla münasibətlərə mənfi təsir göstərə və ünsiyyətdə çətinliklər yarada bilər.
Psixoloq sosial şəbəkələrdə başqalarının həyatı ilə müqayisə aparmağın da narazılığı artırdığını bildirib. İnsanlar adətən həyatlarının ən uğurlu və gözəl anlarını paylaşdıqları üçün başqalarında öz çatışmazlıqlarını görmək meyli güclənir. Nəticədə özünüqiymətləndirmə zəifləyə, narazılıq hissi arta bilər.
“İnsan özünü başqaları ilə deyil, əvvəlki vəziyyəti ilə müqayisə etməlidir. Əvvəl necə idim, indi nələr əldə etmişəm – əsas diqqət bu suallara yönəlməlidir. Həyatımızda əldə etdiyimiz uğurlar və müsbət məqamlar haqqında daha çox düşünməliyik. Qarşımıza çıxan çətinliklərə yalnız problem kimi deyil, həll edilməli məsələ kimi yanaşmalıyıq. Çünki bir şeydən davamlı şikayət etmək və narazılıq bildirmək vəziyyəti dəyişmir. Əsas məsələ çıxış yolu tapmaq və mövcud imkanlardan istifadə edərək problemi həll etməyə çalışmaqdır”, – deyə A.İskəndərova vurğulayıb.
Nicat Rüstəm
Baxış sayı:71
Bu xəbər 22 Oktyabr 2026 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















