Hindistan Azərbaycandan daha çox neft almaq istəyir
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 23-də Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarı qəbul etməsi iki ölkə arasında münasibətlərin inkişaf perspektivlərini yenidən gündəmə gətirib. Görüşdə siyasi, iqtisadi və yüksək texnologiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, Hindistan xarici işlər nazirinin Bakıya səfərini iki ölkə liderlərinin Bişkekdəki görüşünün davamı kimi qiymətləndirmək olar:
“Hindistan xarici işlər naziri məhz Hindistanın Baş naziri Narendra Modinin təlimatı ilə Bakıya gəldiyini bildirib. İlham Əliyev də Narendra Modi ilə Bişkekdə keçirilmiş görüşü və həmin vaxt aparılan fikir mübadiləsini məmnunluqla xatırlayıb. Tərəflər siyasi, iqtisadi, yüksək texnologiyalar, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Həmçinin ikitərəfli əlaqələrin inkişafı üçün siyasi təmasların və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi vurğulanıb”.
Politoloqun sözlərinə görə, Hindistanın Azərbaycanla münasibətləri genişləndirmək marağı enerji sahəsində də özünü göstərir. O qeyd edib ki, Hindistan şirkətlərinin Azərbaycanın neft-qaz sektoruna investisiya yatırmaq niyyəti bu baxımdan diqqətəlayiqdir:
“Subramanyam Cayşankarın Hindistan şirkətlərinin neft-qaz sektoruna investisiya yatırmaqda maraqlı olduğunu bildirməsi təsadüfi deyil. Hindistan bir neçə il əvvəl Azərbaycan neftinin əsas alıcılarından biri idi və iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşmışdı. Hindistanın enerji resurslarına tələbatı və alternativ təchizat mənbələri axtarması Azərbaycanın bu ölkə üçün əhəmiyyətini artıra bilər”.
Elxan Şahinoğlu hesab edir ki, Hindistanın maraqları yalnız enerji resursları ilə məhdudlaşmır. Onun sözlərinə görə, Mərkəzi Asiya neftinin Azərbaycan üzərindən dünya bazarlarına daşınması və beynəlxalq nəqliyyat dəhlizləri də Yeni Dehlinin diqqət mərkəzindədir:
“Azərbaycanın iştirakçısı olduğu Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan üçün əhəmiyyətli marşrutlardan biridir. Hindistan İranın Çabahar limanının inkişafına da maraq göstərir. 2024-cü ildə limanın idarə edilməsinə dair saziş imzalansa da, regiondakı müharibələr və gərginlik bu planların həyata keçirilməsini çətinləşdirib. Buna baxmayaraq, Hindistanın limanla bağlı planlarından imtina etdiyini demək olmaz”.
Politoloq vurğulayıb ki, Çabahar limanı Hindistana Mərkəzi Asiya və daha geniş regionun bazarlarına çıxış imkanları yarada bilər. Onun fikrincə, Azərbaycanla dialoqun genişləndirilməsinin arxasında iqtisadi və geosiyasi maraqlar da dayanır:
“Hindistan Çabahar limanı vasitəsilə Mərkəzi Asiya, Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan və Rusiya bazarlarına çıxış əldə etməyi hədəfləyir. Buna görə də Azərbaycanın nəqliyyat-logistika imkanları və regiondakı mövqeyi Yeni Dehli üçün əhəmiyyət daşıyır. Hindistanın Azərbaycanla əməkdaşlığı genişləndirmək qərarında bu amil də rol oynayır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 23 Oktyabr 2026 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















