İctimai mənəviyyat internetdə də qorunacaq Deputat yeni qadağadan DANIŞDI
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib.
Dəyişikliyə əsasən kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud bədəninin hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması qadağan edilib.
Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirdi ki, zaman keçdikcə, xüsusən elm, texnika, o cümlədən informasiya-kommunikasiya texnologiyaları inkişaf etdikcə cəmiyyətdə münasibətlər sistemi köklü dəyişikliklərə məruz qalır:
"Yeni münasibətlər sistemi formalaşdıqda isə, təbii olaraq, yeni hüquqi tənzimetməyə ehtiyac yaranır. Bu baxımdan İnzibati Xətalar Məcəlləsində, eləcə də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunvericilikdə qüvvəyə minən dəyişikliklər əslində cəmiyyətdən gələn sosial sifarişin nəticəsi idi və qanunverici orqan bu sifarişə müvafiq dəyişikliklərlə cavab vermiş oldu. Həmin dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, internet informasiya resurslarında, o cümlədən informasiya-telekommunikasiya şəbəkələrində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər artıq hüquqi məsuliyyət yaradır".
Millət vəkili qeyd etdi ki, qanuna hüquqa və əxlaqa zidd ifadələrin işlədilməsi, buna uyğun jestlərin nümayiş etdirilməsi, milli-mənəvi dəyərlərə və qanuna zidd şəkildə bədən əzalarının göstərilməsi, eləcə də müxtəlif çağırışların, o cümlədən fahişəliyə çağırışların edilməsi daxildir:
"İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, bu əməllər ilk dəfə törədildikdə 500 manatdan 1000 manata qədər cərimə və ya inzibati həbs, bir il ərzində təkrar törədildikdə isə daha ağır sanksiyalar nəzərdə tutulur. Təbii ki, əvvəllər də cəmiyyətə və ictimai mənəviyyata qarşı yönələn əməllərə görə sanksiyalar müəyyən edən hüquqi normalar mövcud idi. Lakin münasibətlər sisteminin inkişafı, xüsusən internet informasiya resurslarından istifadənin genişlənməsi və kütləvi canlı yayım imkanlarının yaranması bu sahədə müəyyən boşluqlar formalaşdırmışdı. Bu isə öz növbəsində “özbaşınalıq” və “cəzasızlıq” ab-havasının yaranmasına səbəb olurdu. Cəmiyyət açıq şəkildə gördü ki, bəzi şəxslər bu azadlıqdan sui-istifadə edərək ictimai mənəviyyata zidd hərəkətlərə yol verirlər.
Belə bir şəraitdə dövlət öz funksiyasını yerinə yetirməli, müvafiq tənzimetmə mexanizmlərini işə salmalı idi və hesab edirik ki, mövcud dəyişikliklər bu baxımdan çevik və adekvat reaksiya oldu. Bu addım həm cəmiyyəti narahat edən məsələlərin aradan qaldırılması, həm də cəzasızlıq mühitinin qarşısının alınması istiqamətində kifayət qədər praqmatik yanaşma kimi qiymətləndirilə bilər.
Bəhruz Məhərrəmovun sözlərinə görə, heç bir hüquqi norma bütün münasibətləri tam tənzimləyə bilməz:
"Lakin ən azından çəkindirici funksiyanın təsirli olacağına inanırıq. Bu istiqamətdə aidiyyəti media orqanlarının və nüfuzlu şəxslərin maarifləndirici fəaliyyətə cəlb olunması xüsusi əhəmiyyət daşıyır. Təbii ki, heç bir dövlət öz vətəndaşının cəzalandırılmasında maraqlı deyil. Lakin eyni zamanda vətəndaş da cəmiyyətin ümumi normalarını və dəyərlərini öz şəxsi maraqlarına, yaxud qanuna, hüquqa və əxlaqa zidd istəklərinə qurban verməməlidir. Əks halda, dövlətin müvafiq tənzimetmə mexanizmlərinin işə düşməsi zərurətə çevrilir və bu baxımdan qüvvəyə minmiş dəyişikliklər həmin mexanizmin təmin olunmasında mühüm alət rolunu oynayır".
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 16 Yanvar 2026 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















