Icma.az
close
up
RU
III MDB Oyunları Gəncənin adını beynəlxalq idman tarixinə yazacaq

III MDB Oyunları Gəncənin adını beynəlxalq idman tarixinə yazacaq

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Qədim Nizami yurdu bu böyük yarışa hazırdır

Bir neçə ay əvvələ qədər bu şəhər sakit, köhnə memarlıq və bir növ sükut şəhəri idisə, indi onun hər daşında, hər fasadında bir ruh – III MDB Oyunlarının nəfəsi var. Bu oyunların Gəncədə keçirilməsi sadəcə idman hadisəsi deyil, şəhərin simasının dəyişməsi üçün ciddi bir təkan oldu. Əvvəllər yalnız tarixi memarlığı, qədim parkları və kəhrizləri ilə tanınan Gəncə indi həm də müasirliyi, dinamikası, ritmi ilə fərqlənir. Avqustun 20-də Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Gəncəyə gəlişi də bu ruhun təsdiqi idi. Bu, sadəcə, yoxlama xarakterli səfər deyildi, həm də dövlətin şəhərə göstərdiyi xüsusi diqqətin, illərdir davam edən qayğının bariz sübutu idi. Hər kəsin şahidi olduğu kimi, Prezidentin rəhbərliyi ilə həyata keçirilən layihələr Gəncəni bir region şəhərindən ölkənin ikinci böyük inkişaf mərkəzinə çevirir.

Hər addımda görünən iş

Heydər Əliyev Mərkəzi Meydanı, Bayraq Meydanı, “Gəncəçay” Park-Bulvar Kompleksi, “Xan bağı” istirahət parkı, Fikrət Əmirov adına park, Nizami kinoteatrı və qarşısındakı istirahət zonaları – hamısında genişmiqyaslı təmir-bərpa işləri aparılıb. Bəziləri artıq istifadəyə verilib, digərlərində isə son tamamlama işləri gedir. Bu məkanların hər biri Gəncə sakinlərinin gündəlik həyatında xüsusi yer tutur. Məsələn, Gəncəçay Park-Bulvarı təkcə istirahət məkanı deyil, həm də şəhərin ekoloji nəfəsi sayılır. Buradakı abadlıq işləri həm turistlər, həm də yerli əhali üçün müasir yaşam tərzinin göstəricisidir. “Xan bağı”nın yenidən canlandırılması isə tarixi yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Əsrlərin sınağından çıxmış bu məkan yeni nəfəs alaraq həm gəncliyin, həm də yaşlı nəslin istirahət yeri kimi bərpa olunur.

Prospektlərin yenilənməsi isə, sadəcə, yolun genişlənməsi demək deyil. Burada həm yol hərəkəti təhlükəsizliyi artırılır, həm də şəhərin estetik görünüşü dəyişir. AAYDA və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə həyata keçirdiyi layihələrlə ümumilikdə 1 milyon kv.metrdən çox sahədə 120-dən çox küçənin asfalt örtüyü yenilənib, müasir yol infrastrukturu qurulub. Bu, nəqliyyat axınının asanlaşmasına, şəhərin daxilində tıxacların azalmasına və sakinlərin gündəlik rahatlığına birbaşa təsir edir.

Piyada səkilərinin yenilənməsi də diqqətdən yayınmır. Artıq şəhərdə körpə arabası ilə gəzən analar, yaşlı insanlar və məktəbli uşaqlar üçün daha təhlükəsiz və rahat mühit yaradılıb.

Son bir neçə ayda şəhərin 637 yaşayış və qeyri-yaşayış binasının fasadı təmir edilib, 1159 binanın dam örtüyü və 49 küçədə, prospektdə işıqlandırma sistemləri, 62 ünvanda fasad işıqlandırılması yenilənib, 27 min kvadratmetr sahədə piyada yolları bərpa edilib.

11 yeni abad məhəllənin salınması isə məhz insanların yaşayış mühitini yaxşılaşdırmaq məqsədi daşıyır. Hər məhəllədə yaşıllıqlar, uşaq meydançaları, idman qurğuları salınıb. Su-kanalizasiya sisteminin müasirləşdirilməsi ilə isə həm ekoloji, həm də sanitar normalar yüksək səviyyədə təmin edilir. Gəncəyə gələcək idmançılar, turistlər və elə şəhər sakinlərinin özləri üçün bu, olduqca mühüm rahatlıq deməkdir.

Səməd Tomuyevlə qısa müsahibə

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev oyunlara hazırlıq barədə danışarkən xüsusi vurğulayır ki, iş yalnız fiziki obyektlərin tikilməsi ilə məhdudlaşmır: “Biz şəhərin obrazını yaradırıq. Yalnız stadion, yol, park deyil, həm də insanların həyat tərzini dəyişən bir mühit qururuq. Məqsəd budur ki, Gəncə sakinləri ilə yanaşı, şəhərimizə gələn idmançılar və qonaqlar burada qədim bir şəhərin ritmini, tarixlə müasirliyin vəhdətini hiss etsinlər.

Qeyd etmək lazımdır ki, ümumiyyətlə Azərbaycan müstəqillik əldə etdikdən sonra Gəncənin tarixində heç vaxt bu qədər genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilməmişdir. Görülən bu işlər möhtərəm Prezident cənab İlham Əliyevn və Mehriban xanım Əliyevanın Gəncə və gəncəlilərə göstərdiyi xüsusi qayğının bariz nümunəsidir”.

Bu sözlərdən aydın olur ki, şəhər rəhbərliyi məsələni yalnız oyunların keçirilməsi çərçivəsində görmür. Əksinə, bütün layihələr uzunmüddətli perspektiv üçün nəzərdə tutulub. İdman komplekslərinin, istirahət zonalarının, işıqlandırma sistemlərinin, ictimai nəqliyyat qovşaqlarının yenilənməsi yalnız bir tədbirə yox, daha böyük hədəfə – Gəncənin dayanıqlı inkişafına xidmət edir. Tomuyevin sözləri həm də onu göstərir ki, bu prosesdə tibbi xidmət, təhlükəsizlik və mədəniyyət sahəsinə də xüsusi diqqət yetirilir. Çünki şəhərin siması yalnız küçələrin asfaltı ilə deyil, həm də insanların mədəni davranışı, qonaqpərvərliyi ilə tamamlanır.

Gəncə şəhər stadionu – idman və gənclik üçün yeni nəfəs

Gəncə stadionu MDB Oyunlarının əsas məkanlarından biri olacaq. Prezident İlham Əliyev cəmi bir il dörd ay əvvəl stadionun təməlini qoymuşdu, bu gün isə nəhəng idman qurğusu istifadəyə demək olar ki, tam hazır vəziyyətə gətirilib. Avropa standartlarına uyğun inşa olunan, 15 mindən çox tamaşaçı tutumuna malik arena yalnız idman tədbirləri üçün nəzərdə tutulmayıb. Bu stadion Gəncənin, eləcə də bütün bölgənin gəncləri üçün idman məktəbinə çevriləcək. Burada futbol oyunları ilə yanaşı müxtəlif beynəlxalq turnirlər, konsertlər və ictimai tədbirlər də keçirilə biləcək.

Belə sürətlə tikilən arena sanki nağıllarda təsvir edilən möhtəşəm tikililəri xatırladır. Ancaq fərq ondadır ki, bu nağıl gerçəkləşib. Dövlətin diqqəti, məqsədyönlü siyasət və peşəkar idarəçilik sayəsində Gəncə qısa müddətdə idman şəhərinə çevrilir. Burada idmanla məşğul olmaq istəyən hər bir gənc üçün şərait yaradılır. Stadionun ətrafında salınan yol infrastrukturunun yenilənməsi, yaşıllıqların artırılması, avtomobil dayanacaqlarının qurulması da onu həm funksional, həm də estetik baxımdan şəhərin yeni simvoluna çevirir.

Digər müasir idman məkanları

Gəncə İdman Sarayı da şəhərin yeni incilərindən biridir. Basketbol, voleybol, atıcılıq, üzgüçülük və digər idman növləri üçün nəzərdə tutulan bu nəhəng kompleks Qafqazda analoqu olmayan qurğular sırasındadır. Burada hər bir idmançı yalnız məşq etmək üçün deyil, həm də beynəlxalq yarışlarda özünü sınamaq imkanı qazanacaq.

Kompleksin əhəmiyyəti təkcə MDB Oyunları ilə məhdudlaşmır. Gəncə məktəbliləri, idman məktəblərində yetişən gənclər, hətta sağlam həyat tərzini seçən vətəndaşlar üçün də bu saray əlçatan olacaq. Beləliklə, burada həm peşəkar idmançılar, həm də sadə gənclər sağlam və düzgün həyat tərzinə cəlb olunacaq. Bu, bir tərəfdən ölkənin idman uğurlarına töhfə verirsə, digər tərəfdən də yeni nəslin sağlam böyüməsinə xidmət edir.

Şəhərin səsi: sakinlər danışır

Nərgiz, 66 yaşlı müəllimə deyir: “Bu şəhərdə doğulmuşam. Uşaqlıqda “Xan Bağı”na gələndə ancaq ağacların qoxusunu sevərdim. İndi yenidən burdayam və o qoxunun üstünə təzə ümid qoxusu da gəlib. İlk dəfədir ki, dəyişikliklər bu qədər dərin və mənalı hiss olunur.” Onun sözlərində sadə bir vətəndaşın illərlə gözlədiyi inkişafın sevincini görmək mümkündür.

Murad, 25 yaşlı könüllü: “MDB oyunlarında könüllü olaraq çalışacağam. Bu mənim üçün sadəcə idman tədbiri deyil, Gəncənin Avropa ilə addımlamasıdır. Həm qürur, həm məsuliyyətdir.” Murad kimi gənclərin könüllü olaraq proseslərə qoşulması şəhərin sosial həyatına yeni nəfəs gətirir. Bu, həm də gənclərin ölkəyə və doğma şəhərlərinə bağlılığının göstəricisidir.

Zeynəb, 32 yaşlı gənc ana: “Körpəmlə gəzmək üçün yeni salınan piyada yolları çox rahatdır. Hər yerdə gül əkildiyini, oturacaqların dəyişdiyini görürəm. Hiss olunur ki, cənab Prezidentimiz, Mehriban xanım bu şəhərə xüsusi sevgi və məhəbbətlə baxırlar.” Onun fikirləri göstərir ki, dəyişikliklər sadəcə rəsmi layihələrdə yox, insanların gündəlik həyatında özünü birbaşa göstərir.

Emil, 19 yaşlı tələbə: “İlk dəfədir ki, bizim stadion dünya standartlarına uyğun qurulur. Biz də Avropada olanlara bənzəyən arenalarda yarışacaq, azarkeşlik edəcəyik. Bu, Gəncənin gələcəyidir.” Bu sözlər gəncliyin arzularının artıq reallaşdığını sübut edir.

Adını öyrənə bilmədiyimiz taksi sürücüsü isə gülümsəyərək deyir: “Sizi inandırım, bu yollar yenilənməsə, maşınım iki ayda bir usta yanına düşürdü. İndi yollarda maşın sürmək zövq verir. Şəhər təkcə turistlər üçün yox, bizim üçün də gözəlləşib.” Onun sözlərində gündəlik həyatın real rahatlığını hiss etmək mümkündür.

Bu sadə fikirlərdən göründüyü kimi, Gəncədə görülən işlər təkcə infrastruktur dəyişiklikləri deyil, həm də insanların düşüncələrini, şəhərə baxışını dəyişir.

Oyunlardan sonra nə qalacaq?

Bəzən belə iri tədbirlər bitdikdən sonra “sonra nə olacaq?” sualı yaranır. Amma Gəncə üçün cavab aydındır: bu şəhər təkcə oyunlara hazırlaşmır, əslində bu oyunların özü olur. Onun küçələri ilə gələcək gəzir, parklarında yeni nəsil nəfəs alır. MDB Oyunları Gəncə üçün sadəcə idman yarışı deyil, həm də mədəni, sosial və texnoloji intibahdır.

İşıqlandırma sistemi tamamilə yenilənib. Müasir LED lampalar gecələr şəhərə xüsusi gözəllik bəxş edir. Minlərlə bina fasadı işıqlandırılıb, 100-dən çox bina əsaslı təmir olunub, 30-a yaxın park yenidən salınıb. On minlərlə ağac və dekorativ kollar əkilib, köhnə və təhlükəli ağacların 500-dən çoxu kəsilərək əvəzlənib. İçməli su şəbəkəsinin yarıdan çox hissəsi yenilənib. Bu, həm ekologiyanın qorunması, həm də əhalinin sağlamlığı üçün ciddi addımdır.

Əslində bütün bunlar sadəcə oyunlara hazırlaşmaq deyil, gələcək onilliklər üçün dayanıqlı inkişaf deməkdir. Yəni bu layihələr birdəfəlik tədbirə sərf olunan resurs deyil, Gəncə əhalisinin gündəlik rifahına yatırılmış sərmayədir. Əgər Gəncənin yarısı dəyişibsə, digər yarısı da bu dəyişikliklərə inanacaq. İnam olan yerdə isə abadlıq, rahat həyat tərzi və gözəllik qaçılmazdır.

Prezidentin diqqəti ilə dəyişən şəhər

Görülən bütün işlərin arxasında bir məqsəd dayanır – Gəncə həm Azərbaycanın, həm də beynəlxalq idmanın mərkəzlərindən birinə çevrilir. Prezident İlham Əliyevin diqqəti nəticəsində şəhər təkcə oyunlara hazırlaşmır, həm də uzunmüddətli inkişaf konsepsiyası əldə edir. Mehriban xanımın incə yanaşması isə parkların, istirahət zonalarının daha səmimi və rahat görünməsini təmin edib.

Bu gün Gəncə artıq başqa şəhərdir. Buradakı dəyişikliklər sadəcə boyalı fasadlarla ölçülmür. Bir il 4 aya ucaldılan stadion, işıqlanan prospektlər, yenilənən parklar, abadlaşan məhəllələr – bunlar həm böyük dövlət qayğısının, həm də bu şəhərə inamın göstəricisidir. MDB Oyunları Gəncənin sabahı üçün sınaq yox, artıq qazanılmış uğurun nümayişidir.

Gəncə dünənki Gəncə deyil. Bu dəyişikliklər yalnız təmir-bərpa işi hesab etmək olmaz, şəhərin ruhuna toxunan bir intibahdır. Yeni ucalan idman kompleksləri, parıldayan prospektlər, müasir işıqlandırma sistemləri və abadlaşan parklar – bütün bunlar dövlətin qayğısının nəticəsidir. MDB Oyunları bu şəhərə sadəcə yarış gətirmir, həm də sabaha inam gətirir.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Avqust 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənc valideynlər niyə övladlarına milli ad verməkdən çəkinirlər?

23 Avqust 2025 02:18see167

“Putin Ukraynaya hücum barədə düşünməsin deyə...”

23 Avqust 2025 04:32see135

“Tramp Putini dayandıra biləcək yeganə şəxsdir” Zelenski

22 Avqust 2025 20:24see135

AFFA nın baş katibi “Qarabağ”ın qonağı olub Şəkillər

23 Avqust 2025 06:01see134

Avtomobil almaq istəyənlərə şad xəbər: say artdı, xərc azaldı 4 min manat...

23 Avqust 2025 07:01see132

Premyer Liqa klubu 70 milyona hücumçu alır

22 Avqust 2025 23:39see129

Benfika dan Beşiktaş a maraqlı mesaj

22 Avqust 2025 23:46see129

Əhalinin qayıdışı ilə Kəlbəcərdə yeni inkişaf dövrü başlayıb RƏY

23 Avqust 2025 15:33see125

Sülh müqaviləsinin mətnini Azərbaycan müəyyən edib ŞƏRH

23 Avqust 2025 07:31see124

Kralı təhqir edən siyasətçi və milyarderə bəraət verildi

22 Avqust 2025 18:15see123

Niger ordusu: Boko Haram ın lideri öldürülüb

23 Avqust 2025 00:11see123

Ali Baş Komandanın Kolatağ və Vəngliyə səfəri Böyük Qayıdışın sevinc anları

22 Avqust 2025 18:27see123

Qars İğdır Dilucu dəmir yolu xətti Orta Dəhlizlə strateji inteqrasiyanı gücləndirəcək Deputat

22 Avqust 2025 16:31see123

Badamdarda kişi quyuya düşdü

24 Avqust 2025 05:46see122

Aİ Ukrayna üçün 4 milyarddan çox vəsait ayırdı

22 Avqust 2025 17:48see122

Slavyan Universitetində plan yerləri nə qədər dolub? Rektor AÇIQLADI

23 Avqust 2025 16:11see121

Əməkdar artist ilk dəfə ərini PAYLAŞDI VİDEO

22 Avqust 2025 16:28see120

İsrailə yüzlərlə raketlə hücum başladı: Fövqəladə vəziyyət elan edildi

23 Avqust 2025 00:19see120

Üz ifadəsindən insanın yalan danışdığını müəyyən etmək mümkündür? (TƏDQİQAT)

24 Avqust 2025 09:19see118

Neftimiz bahalaşmaqda davam edir

23 Avqust 2025 09:51see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri