İran Əli Kərimliyə görə onu səfərbər etdi: Siyahıda Həsənli də var Yeni tapşırıq
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
İran yenidən Azərbaycana qarşı fəallaşıb. “Səhər Azəri” kanalında ölkəmiz əleyhinə qara PR artan templə davam edir. İranın xarici işlər naziri Abbas Araqçinin Bakıya səfərindən sonra yerli mətbuatda Azərbaycan əleyhinə genişmiqyaslı kampaniya başlayıb.
“Səhər” kanalı hakimiyyəti zorla ələ keçirməktə ittiham olunaraq saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXP) sədri Əli Kərimlini və Milli Şuranın qurucu üzvlərindən, keçmiş deputat Cəmil Həsənlini açıq şəkildə müdafiə edir. Paralel olaraq İran agenturası da fəallaşıb. Hətta hazırda həbsdə olan ilahiyyatçı Hacı Taleh Bağırzadə də Əli Kərimlini müdafiə edən bəyanat yayıb. Analitiklərin fikrincə, proses vahid mərkəzdən idarə edilir.
Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov deyib ki, İrandan bir neçə dəfə bu cür addımların şahidi olmuşuq:
“Azərbaycana qarşı bu motivdə ən böyük prosesi İkinci Qarabağ müharibəsindən sonra müşahidə etdik. Azərbaycan ordusunun Qarabağda antiterror əməliyyatları keçirdiyi müddətə kimi İran TIR-larının separatçıların nəzarətində olan ərazilərə daxil olmasını izləyirdik. Bundan başqa, Tehranda səfirliyimizə qarşı terror aktı həyata keçirildi. O zaman da həmin qüvvələrin Azərbaycanla Ermənistan arasında ədalətli mövqe tutduğunun şahidi olmadıq.
Bu gün baş verənlər əslində keçmişdə olanlara da işıq tutur və deyə bilərik ki, bütün bu proseslər vahid mərkəzdən idarə olunur. Təsadüfi deyil ki, səfirliyimizə qarşı törədilən terror aktından sonra münasibətlərdə gərginlik daha da artdı.
Prezident Məsud Pezeşkianın hakimiyyətə gəlişi ilə proses müəyyən mənada səngidi. İran–İsrail gərginliyində Bakının tutduğu ədalətli mövqe Tehrandakı bəzi qüvvələrin təsir imkanlarını məhdudlaşdırdı. Yəni əslində İrandakı qüvvələrin bir müddət sakit görünməsi təsir və təzyiq üçün arqumentlərin olmaması ilə bağlı idi. Hazırda isə Tehranın Zəngəzur dəhlizi məsələsinə görə aktivləşdiyini görürük. Özü də bu fəaliyyət birtərəfli qaydada deyil. Proses təkcə dəhlizlə bağlı gedişata yox, həmçinin daxili məsələlərimizə də sirayət edib”.
Xəyal Bəşirov
Politoloq bildirib ki, İran bu gün Azərbaycanda mühakimə edilən şəxslərlə bağlı məsələləri dilə gətirsə də, özündə vəziyyət daha bərbaddır:
“Hər gün İranda qadın, qoca demədən onlarla şəxs edam edilir. Bu məntiqlə Bakı hər gün Tehrana qarşı təzyiq göstərməlidir. Qaldı ki, Azərbaycanda İrandakı kimi edam tipli qeyri-insani cəzalar yoxdur.
Aydındır ki, bu gün Tehranın etdikləri təsadüfi deyil. Ümumiyyətlə, İran prezidenti, xarici işlər naziri və bir çox rəsmi şəxslər, bir sözlə, iqtidar olduqca zəifdir. Ölkə daxilində baş verən bir çox məsələyə belə təsir göstərə bilmir. Bu da ondan xəbər verir ki, hazırda aparılan kampaniya ayrı-ayrı əyalət mollalarına təlimat verilməsi və ölkəmizə qarşı təxribat xarakterli informasiyaların yayılması ilə bağlıdır. Bu proses Cənubi Qafqazdakı münasibətlərə təsir göstərməsə də, İran–Azərbaycan münasibətlərinə təsirsiz ötüşməyəcək.
Əslində Azərbaycan Prezidenti İlham Əliyev bizim üçün İran prezidentinin rəsmi mövqeyinin əsas olduğunu açıq şəkildə bildirib. Yəni İranda prezident səviyyəsində xüsusi bir göstəriş olmasa, ayrı-ayrı mollaların dedikləri Bakı üçün ciddi çəkiyə malik deyil”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 22 Dekabr 2025 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















