“İRAN ÜÇÜN İKİ YOL VAR...” “Bu hücum İsraili və ABŞ ni biabır etdi...”
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Zərdüşt Əlizadə: “Xalq mollaları sevməsə də, vətənlərinə hücum olduğu üçün toparlanacaq”
“Tramp öz çıxışında açıq şəkildə etiraf etdi ki, mən qatiləm”
Politoloq Zərdüşt Əlizadə “AzPolitika”-ya müsahibəsində hazırkı İsrail-İran qarşıdurması, bu savaşın regiona təsiri, mümkün sonluğu və nəticələri barədə danışıb.
Müsahibəni təqdim edirik:
– İsrailin İrana hücumu haqqında danışmaq istərdik. Bu hücum ilk 4–5 gün ərzində hansı nəticələrlə yadda qaldı?
– Siyasi, əxlaqi, mənəvi və hüquqi cəhətdən bu hücum İsraili və ABŞ-ni biabır etdi. Amma əməli baxımdan İsrail hava qüvvələri öz üstünlüyündən istifadə edərək İranın müdafiə və hərbi sənaye potensialına ciddi ziyan vura bildi. Sonra İran toparlandı və cavab verməyə başladı. Biz həm də gördük ki, İranın kəşfiyyatı acınacaqlı gündədir. İsrail diversiya qrupları İran daxilində istədiklərini edirlər, istədikləri şəxsləri aradan götürürlər. Dronlarla İranın hərbi rəhbərliyini məhv ediblər. Bunun ABŞ tərəfindən əvvəlcədən bilindiyi də ortaya çıxdı. Tramp öz çıxışında qürrələnərək dedi ki, "danışıqlar apardığım adamların hamısını öldürmüşəm". Yəni, açıq şəkildə etiraf etdi ki, mən qatiləm. Əvvəllər Putinə "qatil" deyirdilər, indi isə özləri bunu açıq şəkildə etiraf edir və bununla fəxr edirlər. Amma İran da göstərdi ki, İsrailin qürrələndiyi hava hücumundan müdafiə sistemini yara bilir. Bu sahədə ciddi işlər görülüb. Hazırda İsrail tarixində görmədiyi dağıntılara məruz qalır. Lakin İran çox gözəl anlayır ki, ABŞ müharibəyə qoşulmağa hazırlaşır. Amerika bütün donanmasını İranın yaxınlığına cəmləyib. İsrail də anlayır ki, təkbətək İranla bacarmayacaq və məğlub olacaq. Ona görə çalışır ki, ABŞ-ni bu müharibəyə cəlb etsin. Halbuki Tramp Ər-Riyadda çıxış edəndə demişdi ki, "mən sülh prezidentiyəm, müharibəyə son qoymağa gəlmişəm". Amma indi gəlib ən böyük müharibəni başlatmağa hazırlaşır. İki ay əvvəl həmkarlarım məndən soruşanda ki, nə olacaq? Dedim ki, İsrail İrana hücum edəcək. İndi də mən deyirəm ki, ABŞ də bu müharibəyə qoşulacaq.
– Bu, hansı nəticələrə səbəb olacaq?
– Hazırda təxminən 300 İsrail təyyarəsi İrana hücum edir. İranın aviasiyası yoxdur. Hava hücumundan müdafiə sistemləri də köhnə rus modelləridir – “Tor”, “S-300” tipli sistemlər və s. Amma buna baxmayaraq, İran İsrailə ballistik raketlərlə zərbə endirir. Və kifayət qədər ciddi ziyan vurublar. Hayfada elektrik stansiyası, hərbi obyektlər, Mossad qərargahı vurulub və s.
Əgər ABŞ müharibəyə qoşulsa, onun bölgədə iki təyyarədaşıyan gəmisi var. Bəhanə kimi belə bir ssenari qurulacaq: deyəcəklər ki, İran İsrailə məxsus Amerika gəmisini vurdu. Bu da ABŞ-nin müharibəyə qoşulması üçün əsas olacaq. İsrail əvvəllər də bu fənddən istifadə edib. Ondan sonra ABŞ-nin 200–250 döyüş təyyarəsi hücumlara qoşulacaq. Onsuz da hərbi üstünlük ABŞ və İsrailin tərəfindədir. Amma İran xalqının da bir üstünlüyü var. Onlar mollaları sevmirlər, amma vətənlərinə hücum olunduğu üçün birləşəcəklər və birlik göstərəcəklər.
– İranın nüvə obyektləri ABŞ tərəfindən vurula bilərmi?
– Vurula bilər. Amma sonra nə olacaq? Quru əməliyyatı istisna edilir. Çünki əgər quru əməliyyatı olsa, nə İsrail, nə də ABŞ İrana daxil ola bilməz... Necə ki, Putin ümid edirdi 3 günə Ukraynanı işğal edəcək, eyni ümid İsrail və ABŞ-də də var idi. Fikirləşirdilər ki, İran xalqı rejimdən narazıdır və ayağa qalxacaq. Amma bu baş vermədi. Doğudur, ABŞ-nin xəbərdarlığından sonra Tehranı tərk edənlər oldu. Çünki hər şey ola bilər, ABŞ-də diplomatiya, ədəb-ərkan yoxdur...

– Ancaq bu xəbərdarlığın hələlik ciddi nəticəsi olmadı...
– ABŞ artıq üzüaşağı gedən bir imperiyadır. Dollar dəyərdən düşür. ABŞ BRIKS ölkələrini hədələyir: “Əgər dollardan imtina etsəniz, belə edərəm, elə edərəm”. Amma iqtisadiyyatda hədə işləmir. Orada mənfəət əsas rol oynayır. ABŞ müharibəyə qoşulsa, İrana böyük ziyan dəyə bilər, amma İran məğlub olmayacaq.
– Bəs Çin, Rusiya, Pakistan və Türkiyənin münasibətini necə qiymətləndirirsiniz?
– Pakistan deyib ki, “biz İranı dəstəkləyirik”. Amma ondan çox şey gözləmək olmaz. Əhalisi çoxdur, özü də kasıb ölkədir. Çinlə Rusiya isə çalışır ki, birbaşa müharibəyə qarışmasın. Çin ümumiyyətlə, çalışır ki, kənar müharibələrə qoşulmasın. O, nüfuzunu artırmağa, elmə, texnologiyaya yönəlib. Belə birbaşa hərbi qarşıdurmaya getməz. Amma məsələn, təyyarələr və raketlər üçün çiplər göndərir. Bu cür dolayı dəstək verir.
– İranın daxilindəki vəziyyət necə ola bilər? Hədəf kapitulyasiya və rejimin devrilməsidirsə, bu hədəfə çatmaq mümkündürmü?
- Bu çətin görünür. İran xalqı mollaları sevməsə də vətənlərinə hücum olduğu üçün toparlanacaq. Hərbi təzyiq artdıqca, xalq daha çox müqavimət göstərəcək. Ancaq dünyada mümkün olmayan heç nə yoxdur. 1988-ci ildə demişdim ki, SSRİ dağılacaq. Mərkəzi Komitədə bunu deyəndə qorxdular. Amma üç ildən sonra mən deyən oldu. İsrailin və Amerikanın siyasəti nədən ibarətdir? İsrail müstəmləkə və məskunlaşma layihəsidir. Necə ki, Rusiya Ermənistan adlı bir məskunlaşma ərazisi yaratdı, Yaxın Şərqdən erməniləri toplayıb, İrəvanı işğal edib orada dövlət qurdu, ABŞ də eynisini etdi. Yəhudilər tarix boyu Qərbdə, Avropada təqib olunub, əzilib, qovulub. Nəhayət, Holokost baş verib. Sonra onları yığıb gətirib ərəb torpaqlarında bir dövlət qurmağa başladılar. İsrail layihəsi əslində Amerikanın layihəsidir. Hər il İsrailə 3 milyard dollar dəyərində silah yardımı edilir – 1978-ci ildən bu yana. Həmçinin, Misirə də 1 milyard 500 milyon dollar verirlər ki, sakit dayansın, razılaşsın, Fələstinin işğalı ilə barışsın. Bu pullarla İsrailin hərbi büdcəsi dəstəklənir. Bu günə qədər 130-140 milyard dollar civarında vəsait verilib. Üstəlik, ABŞ onlara nüvə silahı yaratmaqda da yardım edib. Müasir texnologiyalar, hərbi sənaye qurmaq üçün dəstək veriblər. Hər dəfə vəziyyət gərginləşəndə ABŞ həm siyasi, həm hərbi gücünü bölgəyə gətirir.
Mən 1969–1970-ci illərdə Misir ordusunda xidmət etmişəm. O zaman vahid ərəb cəbhəsi var idi: İordaniya, Suriya, İraq, Sudan, Liviya, Yəmən və Misir. Hamısı İsrailə qarşı idi. İndi isə Misir İsrailin müttəfiqinə çevrilib. İordaniya da İsrailin tərəfdaşıdır. İraq, Suriya, Liviya, Sudan, Yəmən – hamısı dağınıq vəziyyətdədir. Son müqavimət göstərən müsəlman ölkəsi isə İrandır. İndi də İran rejimini devirmək istəyirlər. Onlar İranın ərazisini tutmaq istəmirlər. Sadəcə istəyirlər ki, orada özlərinə loyal, yəni, itaətkar bir hakimiyyət yaransın. Netanyahu İran xalqına müraciətində dedi ki, “biz iki qədim xalq olaraq bir vaxtlar dost olmuşuq”. Nə vaxt dost olmusunuz? İran şahı Rza Pəhləvi hakimiyyətdə olanda? Axı o, İngiltərə kəşfiyyatının dəstəyi ilə hakimiyyətə gəlmişdi. 1941-ci ildə onu devirdilər, yerinə oğlu Rza Pəhləvi gəldi. 1953-cü ildə onu da devirdilər. Bu gün İranda molla rejiminə qarşı heç bir ciddi təşkilat yoxdur. Hamısını sıradan çıxarıblar.
– Kürdlərin bir-iki təşkilatı var. Onlar bəyan ediblər ki, İran hakimiyyətinə qarşı silahlı mübarizəyə başlayırlar.
– Onların heç bir gücü yoxdur. Quru savaşlarında İran rejimi ilə mübarizə aparmağın mənası yoxdur. Kürdləri məhv edəcəklər. Əgər İsrail ABŞ-nin dəstəyi ilə İranla bacarmırsa, ABŞ-nin dəstəklədiyi kürdlər nə edə biləcək?
– Bütün bu hadisələrdən sonra İranın mənzərəsi necə görünür?
– İran üçün iki yol var: ya rejim nəticə çıxaracaq və ciddi islahatlara gedəcək, ya da daha da sərtləşəcək.
–Nüvə silahından imtina məsələsi reallaşa bilər?
– Nüvə silahından imtina boş söhbətdir. ABŞ kəşfiyyat xidmətinin rəhbəri özü dedi ki, ABŞ kəşfiyyatının əlində İranın nüvə silahı hazırlaması ilə bağlı heç bir plan yoxdur. Əgər İranın düşməni İsraildirsə – orada 10 milyon əhali var. Onların 3 milyonu ərəblərdir, 7 milyonu yəhudilər. Bunlar bir ovucdur. İndi ora atom bombası atmaq olarmı? Ora həm də İslamın müqəddəs əraziləridir. İsa peyğəmbərin doğulub yaşadığı yerdir.
– İranın federallaşması mümkündürmü?
– Nəzəri cəhətdən bəli, bəs əməli baxımdan? Federal subyektlər kim olacaq? Millətlər? Halbuki, İranda hakim ideologiya İslamdır. İslamda da “millət” anlayışı yoxdur. Orada "ümmət" anlayışı var. Nəyin əsasında federallaşma olacaq? Ümməti parçalamaq olmaz.
– Amma axı kürdlər, ərəblər, türklər var...
– Olsun da, müsəlman – müsəlmandır. Deyirlər ki, azərbaycanlılar orada təqib olunur... İranın Ali Rəhbəri azərbaycanlıdır.
– Amma ana dilində məktəb yoxdur.
– Yazmağı da bilirlər, danışmağı da. Bəli, amma məktəb yoxdur. Çünki düşünürlər ki, hansısa bir millətin dilində yazıb-oxuyan kütlə formalaşarsa, ölkə dağılacaq. Necə ki, SSRİ dağıldı.
– Azərbaycanın mövqeyini necə qiymətləndirirsiniz? Bizi hansısa təhlükə gözləyirmi?
– Azərbaycan hakimiyyətində çalışırlar ki, bu məsələyə qarışmasınlar. İndi yazırlar ki, guya Azərbaycan İsrailə dəstək verir. Hamısı boş söhbətdir. Haradan verəcək? Quru sərhəd bağlıdır...
– Vəziyyət daha da qarışsa, Azərbaycana təhlükə yarana bilərmi?
– Yox. Sərhədlər bağlıdır. Necə gələcəklər bura?
– Sizcə, bu savaş Rusiya–Ukrayna müharibəsinə necə təsir edəcək?
– Onsuz da Tramp Ukraynaya hərbi yardımı kəsmək fikrində idi. İndi Amerikadan Ukraynaya gedən maliyyə yardımı Bayden dövründə qəbul edilmişdi. O da sentyabr ayında bitəcək. Ondan sonra Ukraynaya kömək olmayacaq. Ukrayna hakim sinfinin, Zelenskinin də günahı var. İndi Ukraynanın ümidi qalıb Avropanın maliyyə dəstəyinə. Orada Almaniyanın yeni kansleri Mertz Putinə qarşı kəskin mövqeyi ilə seçilir. Amma Avropanın böyük bəlası odur ki, lideri yoxdur.
Elçin Rüstəmli
Elvin Bəyməmmədli
“AzPolitika.info”


