İranla İsrail arasında müharibə ANONSU “Yeni zərbələr QAÇILMAZDIR” EKSKLÜZİV
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
ABŞ mərkəzli NBC News-in yaydığı məlumata görə, İsrail rəhbərliyi İranın ballistik raket proqramını genişləndirməsi və iyun ayında hədəf alınmış nüvə obyektlərini yenidən bərpa etməyə cəhd göstərməsindən ciddi narahatlıq keçirir.
Xəbərdə bildirilir ki, İranın ballistik raket istehsalı müəssisələrini yenidən qurmaq cəhdləri, eləcə də hücumlar zamanı zərər görmüş hava hücumundan müdafiə sistemlərini bərpa etmək səyləri Təl-Əviv tərəfindən “prioritet təhlükə” kimi qiymətləndirilir.
MÖVZU İLƏ BAĞLI:
Netanyahu Trampla İrana təkrar zərbələr endirmək imkanlarını müzakirə edəcək - KİV
Bu çərçivədə İsrailin Baş naziri Benyamin Netanyahu-nun ABŞ Prezidenti Donald Trampa İranla bağlı yeni bir hücum üçün müxtəlif hərbi planlar təqdim etməyə hazırlaşdığı iddia olunur.
Bəs yenidən İsrail-İran müharibəsi başlaya bilərmi? Budəfəki mümkün hücumlar nə ilə nəticələnəcək?
Bizim.Media mövzuya hər iki ölkənin analitikləri ilə nəzər salıb. İsrailli politoloq, tarixçi, tanınmış ictimai xadim Mixail Finkel və iranlı politoloq Fərşid Baqirian suallarımızı cavablandırıb.
Finkel bildirib ki, İran dəfələrlə Tramp administrasiyasının uzatdığı əli rədd etdiyini bəyan edib.
“Onlar həmçinin Avropa diplomatiyasını da rədd edir, eləcə də Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərini şübhəli hesab olunan bütün obyektlərə buraxmaqdan imtina edirlər. Bu obyektlər arasında İranın yüksək dərəcədə zənginləşdirilmiş uranı, yalnız nüvə bombası istehsalı üçün lazım olan səviyyədə saxladığı ehtimal edilən yerlər də var. Çünki nüvə sahəsindən anlayışı olan hər kəs bilir ki, dinc məqsədli atom enerjisi üçün çox aşağı zənginləşmə yetərlidir, yüksək səviyyədə zənginləşdirmə isə yalnız nüvə silahı üçün lazımdır”.
İran isə bu ilin iyununda bombalanmış obyektləri – Fordo, İsfahan, Natanz və digər kompleksləri bərpa edəcəyini israrla bildirir.
Finkel qeyd edib ki, İran böyük sürətlə iyun müharibəsi zamanı qismən məhv edilmiş raket potensialını bərpa edir:
“Onlar 20 metrlik ballistik raketlər yaradırlar. Onların döyüş başlığı 650–1000 kiloqram trotil ekvivalentindədir. İsraildə biz bu raketlərin nəyə nail olduğunu gördük – onlar yaşayış binalarına, xəstəxanaları hədəf alırdı və hər şeyi dağıdırdı. 550 raketdən 500-nü biz və müttəfiqlərimiz vurmuşduq, amma 50-yə yaxın raket hədəflərə dəydi. Bu raketlər əsasən mülki obyektlərə tuşlanmışdı və nəticələri dəhşətli idi. İranın pilotsuz uçuş aparatlarının (PUA) sayı minlərlədir. Tehranın mərkəzində “İsrailin ömrünün sonun nə qədər vaxt qaldığını” göstərən saatlar bərpa edilib. Bu kontekstdə İran rejimi İsrail üçün ekzistensial təhlükə yaradır”.
Məqsəd yarımçıq qalan nüvə obyektlərini yenidən dağıtmaqdır
Finkel əlavə edib ki, qeyd edilən səbəblərə görə müharibə gözləniləndir:
“İsrail də açıq deyir ki, buna dözməyəcək. Burada bir neçə vacib məsələ var. İsrail İrana hücum edəcəyini demir, əksinə, İran açıq şəkildə İsraili məhv edəcəyini bildirir. İran İsraili “HƏMAS”, “İslam Cihadı”, “Hizbullah”, Suriyadakı və İraqdakı şiə qrupları və Yəməndəki husilərlə mühasirəyə alıb. İran daima hücumla hədələyir, İsraili məhv edib onun yerində Fələstin dövləti qurmaq istədiyini bəyan edir. Belə ritorika və ballistik raketlərlə nüvə silahı istehsal etmək cəhdləri XXI əsrdə qəbuledilməzdir.
Üstəlik, Çin də İrana ballistik raketlər üçün çip tədarükünü gücləndirib. Biz bütün bunları izləyirik. Bütün bunları nəzərə alaraq, yaxın gələcəkdə Trampın bəyənib-bəyənməyəcəyindən asılı olmayaraq, İsrailin İranda hərbi infrastruktura qarşı güclü zərbə endirəcəyini gözləyirəm. Məqsəd yarımçıq qalan nüvə obyektlərini yenidən dağıtmaq, mümkün qədər çox ballistik raketi və onları istehsal edən zavodları məhv etməkdir”.
İsrailin İrana qarşı yeni zərbəsi qaçılmazdır
İsrail Baş Qərargah rəisi, Baş nazir Netanyahu, müdafiə naziri Kats və digər nüfuzlu şəxslər də bu barədə çıxışlar ediblər.
Bütün İsrail KİV-ləri və analitiklər bu zərbənin yaxın olduğunu bildirirlər:
“Çünki İran “dərs almayıb”, iyundakı cəzanın effekti olmayıb. Buna görə də “səhv üzərində iş” yenidən aparılacaq və İran başa düşməlidir ki, böyük, lakin geridə qalmış, korrupsiyalaşmış bir dövlətdir. Onlar İsrailə qarşı heç nə edə bilməz. 2025-ci il dekabrın 29-da Baş nazir Netanyahu və Prezident Tramp arasında bu məsələlərin müzakirə olunacağı görüş planlaşdırılıb. Mən hesab edirəm ki, İsrailin İrana qarşı yeni zərbəsi qaçılmazdır. Amma eyni zamanda ehtimal var ki, İran bunu anlayaraq qabaqlayıcı zərbə endirmək istəyə bilər. Çünki İsrail və İran arasında nə diplomatik münasibətlər var, nə rəsmi atəşkəs, nə də qarşılıqlı tanınma”, - Finkel əlavə edib.
Əsas faktor İranın ballistik raket potensialıdır
İranlı politoloq Fərşid Baqirian isə müharibə üçün səbəblərin olmadığını, lakin mümkün hücumların olacağını da istisna etmir:
“Onsuz da iyun ayında baş verən və 12 gün davam edən müharibə prosesinə baxsaq, görərik ki, İran ilk 4–5 gün ərzində bəlkə də daha çox sınaq və yayındırıcı xarakterli addımlar atdı. Amma sonrakı 7 gün ərzində açıq şəkildə üstünlük qazandı və İsrailin ən həssas nöqtələrini ballistik raketlərlə vura bildi. Əslində burada əsas məsələ ondan ibarətdir ki, əvvəllər İranın təhlükəsi onun nüvə proqramı ilə əsaslandırılırdı. Trampın mövqeyinə görə isə guya bu təhlükə artıq aradan qaldırılıb. Amma reallıqda indi gündəmə gələn əsas faktor İranın ballistik raket potensialıdır”.
“İranı şeytanlaşdırıb ABŞ-dan maliyyə və hərbi dəstək alırlar”
Baqirian qeyd edib ki, imperiya xarakterli güclər və dövlətlər tədricən ölkələrin əlindən hər şeyi almağa çalışırlar:
“Bu gün ‘balistik raket istehsal etməyin’ deyirlər, sabah isə ‘siz hətta tapança belə istehsal edə bilməzsiniz’ deyə bilərlər. Əgər İsrail özünü təhlükə altında göstərirsə, əslində region üçün real təhlükə elə İsrailin özüdür. Çünki bu proseslər artıq qəsb və işğalla başlayıb. İsrail özünü daim təhdid altında göstərməklə İranı şeytanlaşdırır və bu yolla ABŞ-dan maliyyə və hərbi dəstək alır.
Körfəz ölkələri də İran təhlükəsi adı altında ABŞ-dan faktiki olaraq məcburi şəkildə silah almağa sövq edilirlər, müdafiə büdcələrini artırırlar. Bu səbəbdən belə xəbərlərin dövriyyəyə buraxılması təbiidir”.
Politoloq əlavə edib ki, İsrailin hücum edəcəyi barədə aylar öncə də iddialar vardı, amma bu baş vermədi. Çünki hazırkı mərhələdə genişmiqyaslı müharibə üçün real parametrlər mövcud deyil:
“Yeni ilin gəlməsi və ya konkret tarixlərin məsələyə heç bir aidiyyəti yoxdur. Beynəlxalq münasibətlərdə müharibələr təqvimlə başlamır. “Bu tarixdə müharibə olacaq” yanaşması elmi və analitik baxımdan doğru deyil. Müharibə yalnız müəyyən bir həddə – ingilis dilində desək, “culminative point”-ə (kuliminasiya nöqtəsi – red.) çatdıqda baş verir. Yəni siyasi, hərbi, iqtisadi və diplomatik parametrlər eyni anda kritik nöqtəyə gəlib çıxmalıdır. Belə bir təqvim isə yoxdur”.
Analitik hesab edir ki, 2026-cı ildə hər şey ola bilər: Qrenlandiya ətrafında gərginlik də, Venesuela böhranı da, İranla bağlı hadisələr də...
“Amma ehtimal başqadır, real müharibə parametrləri isə tamam başqa... Mən bu gün üçün belə bir parametri görmürəm. Digər tərəfdən, Qəzza üçün təxminən 120 milyard dollarlıq investisiya planından danışılır. Bu vəsaitin yarısını ABŞ, digər yarısını isə müxtəlif ölkələr təmin etməlidir. Qəzza uzunmüddətli strateji və iqtisadi layihə kimi təqdim olunur. Belə bir layihə planlaşdırıldığı halda İranla genişmiqyaslı müharibəyə girmək məntiqsiz olardı. Çünki İranın atacağı tək bir raket belə bütün bu investisiyanı risk altına qoya bilər”.
İranlı analitiklər mövcud Qəzza planı fonunda yaxın perspektivdə müharibə ehtimalını real hesab etmirlər.
Amma əgər Qəzza ilə bağlı heç bir plan olmazsa və mövcud vəziyyət bu şəkildə davam edərsə, o zaman fərqli ssenarilər gündəmə gələ bilər:
“Eyni zamanda bunu da unutmaq olmaz ki, İran və İsrail arasında müharibə bitməyib – sadəcə forması dəyişib. Bu artıq beşinci nəsil müharibədir: sərt güc, yumşaq güc, kiberhücumlar, psixoloji təsirlər, iqtisadi təzyiqlər, hətta bioloji və iqlim faktorları da bu prosesin tərkib hissəsi ola bilər. Yəni mübarizə davam edir, sadəcə klassik müharibə formasında deyil. Lakin xəbər agentliklərinin təqdim etdiyi kimi, genişmiqyaslı və “təminedici” bir isti müharibə ssenarisini mən hazırda real hesab etmirəm”, – deyə F. Baqirian əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 26 Dekabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















