Icma.az
close
up
RU
İraq türkmanlarının bədii söz xəzinəsi

İraq türkmanlarının bədii söz xəzinəsi

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Görkəmli ədəbiyyatşünas, İraq–Türkman ədəbiyyatının fədakar araşdırıcısı, Əməkdar elm xadimi Qəzənfər Paşayev 1962-ci ildə diplomatik xətlə İraq Respublikasına işə göndəriləndə, böyük şairimiz Məhəmməd Füzulinin mənəvi varisləri ilə canlı təmaslar quranda cəmi 25 yaşı var idi. Gənc olmasına baxmayaraq, İraq-Türkman folklorunun – ulu babaların ruhundan süzülüb gələn mənəvi incilərin sevdalısına çevrilib, bu zəngin xəzinəni dərindən öyrənib geniş tanıtmaqla Türk dünyasında məşhurlaşıb.

Sonrakı illərdə Qəzənfər Paşayev “Kərkük dialektinin fonetikası”, “İraq – Türkman folklorunun janrlar sistemi” adlı dissertasiyalar müdafiə edərək fəlsəfə doktoru və elmlər doktoru dərəcələrinə layiq görülüb. Onun topladığı, tərtib etdiyi və çapa hazırladığı “Kərkük bayatıları”, “Kərkük mahnıları”, “Kərkük tapmacaları”, “İraq – Kərkük atalar sözləri”, Kərkük folkloru antologiyası”, “Arzu – Qənbər dastanı” və digər kitabları professorun Kərkük folklorşünaslığına ləyaqətli, sevgi dolu xidmətinin gerçək göstəriciləridir.

Professor Qəzənfər Paşayevin leksikonunda Kərkük məfhumu yalnız bir şəhərin adı, məkanı, ünvanı olmaqdan daha böyük tarixi-mənəvi rəmzi əks etdirən anlayışdır. Kərkük – Yaxın Şərq sivilizasiyasının Qala-dövlət abidəsi olmaqla yanaşı, böyük türk millətinin İraqda yaşayan bəlli bir kəsiminin etnik mənsubiyyətinin, milli kimliyinin sinonimi statusunda mühüm tarixi önəm daşıyır. “Kərkük folkloru” dedikdə İraq miqyasında, Kərkük arealında min illərdən bəri yaşayıb-yaradan türkmanların mənəvi sərvətləri nəzərdə tutulur.

Məhz bu qədim və zəngin mənəvi sərvətlərin təməli üzərində ilk dəfə filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin və onun gənc, istedadlı yetirməsi, mənəvi varisi, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayevin yazdıqları “İraq–Türkman ədəbiyyatı tarixi” (2025, 352 s.) adlı monumental əsər yaranmışdır. Zəngin və nadir mənbələr, az məlum olan materiallar, arxiv sənədləri əsasında yazılmış bu ədəbiyyat tarixinin redaktorları, kərküklü elm adamları, tanınmış ziyalılardan doktor Mustafa Ziya və doktor Şəmsəddin Kuzəçidir.

Akademik İsa Həbibbəylinin elmi qənaətlərinə əsasən, “Azərbaycan dünya kərkükşünaslığının əsas mərkəzidir. Bu qədim türk yurdu haqqında Türkmanelidən də çox Azərbaycanda tədqiqatlar aparılmış, kitablar və məqalələr çap olunmuşdur... Hələ keçmiş sovet hakimiyyəti illərində və müstəqilliyin başlanğıc mərhələsində Azərbaycanda kərkükşünaslığın möhkəm təməlləri atılmışdır”. Ədəbi-tarixi sanbalına, əhatə miqyasına görə, kərkükşünaslıq sahəsində ən uğurlu elmi iş, irəliyə doğru atılmış mühüm addım, şübhəsiz ki, respublika Dövlət mükafatına təqdim edilmiş “İraq–Türkman ədəbiyyatı tarixi” kitabıdır.

Fundamental tədqiqat işi olan “İraq–Türkman ədəbiyyatı tarixi” “Şifahi xalq ədəbiyyatı” və “Yazılı ədəbiyyat” adlı 2 bölümdən ibarətdir. Müəlliflər bu araşdırma əsərinə “Azərbaycan ədəbiyyatı tarixi”nə aid dövrləşmə mərhələlərini və metodologiyasını tətbiq etmiş, ədəbi-mədəni mühitə tam aydınlıq gətirməyi, icmal və təhlillərdə dəqiqliyə, mənbə və məxəzlərə üstünlük verməyi, ədəbi portret cizgilərində şair və ədibləri ictimai-tarixi mühit kontekstində doğru-dürüst dəyərləndirməyi bacarmışlar.

“İraq–Türkman ədəbiyyatı tarixi”nin birinci bölümünün ilk fəsli “Mərasim folkloru” ilə başlayır. Müəlliflər fəsli 2 qola ayırmışlar: ilkin və ya arxaik janrlar; xalq mərasim və nəğmələri. Kitabda ilkin janrlardan sayılan inanclar geniş təhlil olunmuş, İraq-Türkman folklorunda məişət, təbiət hadisələri, bitki və heyvanat aləmi, astral təsəvvürlər, əsatiri görüşlərlə bağlı inanclar yazılı nümunələr əsasında incələnmişdir. Kərkük folklorunun xalq mərasim və nəğmələrini müəlliflər üç qismə ayırırlar: mövsüm, dini və məişət mərasim nəğmələri.

Ədəbiyyat tarixinin lirik növ adlanan 2-ci fəsli “Xoryatlar və manilər”lə başlayır. Xoryatlar Kərkükdə geniş yayılmış, milli özünəməxsusluğa malik lirik şeir janrıdır. Necə deyərlər, bizim bayatılara qan qohumluğu çatır.

Necə dağlar,
Qarşıda necə dağlar...
Yetim yanağı bilir,
Göz yaşı necə dağlar.

Müəlliflərin qənaətinə əsasən, Kərkük dolaylarında 20-dən çox xoryat üsulları mövcuddur: Bəşiri, yetimi, müxalif, qarabağlı, bayat, miskini və s. Bu adlar Azərbaycan türkünün də yaddaşını oyadan məfhumlardır. Kitabın “Xalq havaları”, “Beşik nəğmələri”, “Oxşamalar”, “Bayatı-tapmacalar” paraqraflarında Kərkük mahnılarının xalqın bədii təfəkküründən, müdrikliyindən su içdiyi, müqəddəs inanclarından barındığı, bəhrələndiyi vurğulanmışdır.

“İraq–Türkman ədəbiyyatı tarixi”nin 3-cü fəsli “Epik növ”dən başlanır. Əsərin tədqiqatçıları xalqın sevdiyi və ən çox oxunan İraq–Türkman nağıllarını mövzuya uyğun olaraq sehirli, tarixi, heyvanlar haqqında və ailə-məişət nağıllarına ayırmışlar. Xalq müdrikliyinin, təfəkkürünün nadir inciləri sayılan nağılları müəlliflər ətraflı təhlil edərək onu Kərkük folklorunun ayrılmaz tərkib hissəsi, milli-mənəvi özünəməxsusluqların yaddaş saxlancı, mədəniyyət örnəyi olaraq dəyərləndirmişlər.

Fəslin atalar sözü və məsəllər, tapmacalar, lətifələr və dastanlar paraqrafında İraq-Türkman folkloru ilə çağdaş Azərbaycan folkloru arasındakı cüzi fərqlər istisna olunmaqla dərin bağlılıq, incə ruhlu bənzəyiş, səmimi səsləşmə, süjet oxşarlığı müşahidə edilir. Kökdən, ilkinlikdən gələn mənəvi bağlılıqlar hər iki xalqın eyni soya, dilə, dinə, mədəniyyətə, ruha malik olduğunu təsdiqləyən qədim və zəngin folklor sərvətimizdir.

Monoqrafiyada aşıq yaradıcılığı və dastanlar xüsusi paraqrafda təqdim edilmişdir. XVIII yüzillikdə yaşayıb-yaratmış Aşıq Bağdadi və onun qoşmaları haqqında, eləcə də Aşıq Saqi, Kor Abış, Aşıq Abbas, Aşıq Məhəmməd və digərləri barədə qiymətli məlumatlar, şeir nümunələri böyük maraq kəsb edir. “Koroğlu”, “Arzu-Qənbər” dastanlarının Azərbaycandakı eyniadlı folklor abidələri ilə məzmun və süjet yaxınlığı monoqrafik tədqiqat işində xüsusi qabardılmış və önə çıxarılmışdır.

“İraq–Türkman ədəbiyyatı tarixi”nin “Yazılı ədəbiyyat” bölümü bir neçə fəsildən ibarətdir: “İraq–Türkman ədəbiyyatının başlanğıc mərhələsi”, “XVI əsr İraq-Türkman ədəbiyyatı”, “XVIII-XIX əsrlər İraq–Türkman ədəbiyyatı” və “XX-XXI əsrlər İraq-Türkman ədəbiyyatı”. Ədəbiyyat tarixinin V fəsli İraq-Türkman ədəbiyyatının XVI yüzilliyini əhatə edir. Məhəmməd Füzuli öndə gəlməklə Əhdi Bağdadi, Hüşyar Dədə, Ruhi Bağdadi, Şəmsi Bağdadi, Zöhdi Bağdadi, Didar Dədə və b. həyat və yaradıcılığı icmal şəklində çox qiymətli məlumatlarla zəngindir. Müəlliflər Əhdi Bağdadinin “Gülşəni-Şüəra” təzkirəsindən də yerli-yerində faydalanmışlar.

Tədqiqat işinin VI fəslində İraq-Türkman ədəbiyyatının XVIII-XIX yüzillikləri işıqlandırılmışdır. Dövrün tanınmış şairlərindən Məhəmməd Novruzi, İsmayıl Məkki, Hüseyn Kami, Məhəmməd Nari və digərləri Osmanlı ədəbiyyatının təsiri altında divan poeziya nümunələri yaratmışlar. Klassik şeirlə xalq şeirinin qoşa qanad kimi yüksəlişində, tərəqqisində Kərkük poeziyasının yeri və rolu müstəsnadır. Heydəroğlu, Eyvazoğlu, Şeyxoğlu və b. dövrün tanınan və sevilən şairlərindən idi.

XIX yüzillikdə yazıb-yaradan şairlərdən Hacı Abdullah Safi, Mehmet Mehri (1849-1918), Şeyx Əbdürrəhman Halis, Nevres-i Salis, Əbdülqədir Faiz (1834-1897), Şeyx Rza Təlabani (1835-1910), Şeyx Məhəmməd Xalisi (1875-1923), İbrahim Haqqı Xəzani və digərləri Osmanlı ədəbi mühitinin təsiri ilə klassik və xalq şeir janrlarını inkişaf edirmiş, İraq-Türkman ədəbiyyatını zənginləşdirmişlər.

“İraq–Türkman ədəbiyyatı tarixi”nin sonuncu fəsli XX əsr və XXI yüzilliyin əvvəllərinə qədər olan böyük bir dövrü əhatə edir. Bu dövrü İraq-Türkman ədəbiyyatının çiçəklənmə dövrü də adlandırmaq mümkündür. Sərbəst şeirin ilk nümunələri yaranır, heca vəzni əruz üzərində dominantlıq edir, mətbuat orqanları yerli əhalinin maariflənməsində, məktəblərin açılmasında təsiredici üstünlüklər qazanır, azad söz bədii ədəbiyyatı məfkurə və struktur baxımından polifonik platformaya daşıyır.

Ümummillil lider Heydər Əliyev dünya azərbaycanlılarınının mənəvi bütövlüyündən söz açarkən demişdir: “Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır”. Doğrudan da, Quzey-Güney Azərbaycan və İraq türkmanları vahid milli-mənəvi bütövlük təşkil edir. Bu zəngin xəzinədə ilk dəfə “İraq–Türkman ədəbiyyatı tarixi”ni yazmaq professor Qəzənfər Paşayevin və fəlsəfə doktoru Orxan İsayevin təbii haqqı olaraq qismətinə düşmüşdür.

Nəhayət, “İraq–Türkman ədəbiyyatı tarixi” yeni düşüncə müstəvisində yazılmış, elmi yeniliklərlə zəngin, dövrü və mühiti ədəbi proses məcrasında əhatəli, dəqiq təqdim edən elmi-tədqiqat yönümlü monoqrafiyadır. Bu əsəri elmi məziyyətlərinə görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq hesab edirəm.

Asif RÜSTƏMLİ,
filologiya elmləri doktoru, professor

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Aprel 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri