İrəvan Moskva ilə körpüləri yandırmaq istəmir
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Paşinyan Moskva ilə münasibətlərdə yeni səhifə açacaqmı?
Ermənistan Baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkek şəhərində baş tutan tədbirlərində iştirakı çərçivəsində dünən Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Qeyd edək ki, bu görüş çoxdan gözlənilirdi. Çünki Ermənistan–Rusiya münasibətləri son aylarda asan olmayan mərhələdən keçir. Ermənistan hökuməti Avropa İttifaqı, bütövlükdə Qərblə əməkdaşlığa hər nə qədər can atsa da Rusiya ilə münasibətləri də birdəfəlik kəsmək, necə deyərlər körpüləti tamamilə yandırmaq istəmir. Hazırda daha çox Rusiya tərəfi münasibətlərə aydınlıq gətirilməsinə çalışır.
Görüşdən öncə verilən açıqlamalar da bunu təsdiqləyirdi. Məsələn, Rusiyada dövlət hakimiyyətinin rəsmi iyerarxiyasında dördüncü şəxs olan Dövlət Dumasının sədri Vyaçeslav Volodin ötən həftə “Rossiya 24” telekanalına müsahibəsində bildirmişdi ki, Avropa İttifaqına (Aİ) üzvlük məqsədi olduğu halda, Avrasiya İqtisadi İttifaqının (Aİİ) imkanlarından istifadə etmək riyakar və ədalətsiz addımdır. Volodin Ermənistanın Aİ-yə üzv olmaq niyyətlərinə toxunaraq qeyd etmişdi ki, bu, suveren dövlətin öz inkişaf istiqamətini seçmək hüququdur. O, müsahibəsinin davamında demişdi: “Ermənistanın ikili siyasət yürütməməsi arzuolunandır. Çünki Ermənistanda Avropa İttifaqına üzvlük niyyətləri ilə bağlı qanun qəbul edilirsə, onda nə üçün Aİİ-nin imkanlarından istifadə edirlər? Nə üçün onun iştirakçılarını aldadırlar? Bu, riyakarlıqdır, bu, düzgün deyil. Açıq şəkildə deyin: Aİ-yə gedirik. Gedin! O halda burada güzəştlər əldə etməyə ehtiyac yoxdur”.
Dövlət Dumasının sədri qeyd etmişdi ki, Ermənistanın istehsal etdiyi məhsulların təxminən 90 faizini Rusiya alır: “Biz həmin kənd təsərrüfatı məhsullarını digər ölkələrdən də ala bilərik. Hamı öz meyvə-tərəvəz məhsullarını bizim ölkədə satmaq istəyir. Lakin Ermənistanın Aİİ üzvü olan dövlət kimi burada güzəştləri var. Bu, dürüstlük və ləyaqət məsələsidir”. Volodinin fikrincə, bu məsələdə V.Putinin sözlərini təkrarlamaq olar: referendum keçirin, qərar qəbul edin, mövqeyinizi müəyyənləşdirin və öz yolunuzla gedin.
Görüşdən öncə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, V.Putin Bişkekdə N.Paşinyanla görüş zamanı Ermənistanın Aİ-yə qoşulmaq istəyini müzakirə etmək fürsətindən istifadə edəcək. Peskovun sözlərinə görə, hər bir yüksək səviyyəli təmas əhəmiyyətlidir və Rusiya Prezidenti bu görüşdə Moskvanın mövqeyini və arqumentlərini bir daha Ermənistan tərəfinə çatdıracaq. Kremlin sözçüsü eyni zamanda, Ermənistanın gələcək taleyi ilə bağlı qərarı məhz erməni xalqının özünün verməli olduğunu vurğulamışdı. “Biz ermənilərdən daha çox erməni ola bilmərik. Əlbəttə, öz taleləri ilə bağlı qərarı ermənilər özləri verəcəklər”, – deyə Peskov bildirmişdi. Onun sözlərinə görə, Rusiya Ermənistanın gələcək siyasi kursunun müəyyənləşdirilməsi ilə bağlı referendum keçirilməsini təklif edir. Peskov qeyd etmişdi ki, Aİİ-yə üzv dövlətlərin rəhbərlərinin bu yaxınlarda Astanada keçirilən sammitdə qəbul etdikləri bəyanatda da analoji təklif yer alıb. “Bütün bunlar haqqında söhbət gedəcək”, – deyə Rusiya Prezidentinin mətbuat katibi vurğulamışdı.
* * *
Bununla belə, qeyd etdiyimiz kimi, rəsmi İrəvan Moskva ilə münasibətləri qaydaya salmağa çalışır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın dünən ölkənin İctimai Televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlər də bundan xəbər verir. Mirzoyan bildirib ki, Ermənistan–Rusiya münasibətlərinin sağlamlaşdırılmasına və qarşılıqlı maraqlara hörmət prinsipi əsasında əvvəlki məcraya qaytarılmasına ehtiyac var. Onun sözlərinə görə, İrəvan Moskvanın Ermənistanın müstəqil qərarlar qəbul etmək hüququna daha böyük anlayış və maraqla yanaşmasını istəyir. “Biz hesab edirik ki, rusiyalı tərəfdaşlar bizim öz qərarlarımızı qəbul etmək hüququmuza daha böyük maraqla yanaşmalıdırlar”, – deyə Ermənistan XİN rəhbəri bildirib.
Mirzoyan eyni zamanda, ölkəsinin Rusiya ilə münasibətlərdə gərginliyin artırılmasında maraqlı olmadığını vurğulayıb. O qeyd edib ki, Ermənistan Rusiya ilə əlaqələrin xarakterinə hələ də müsbət yanaşır və iki ölkəni birləşdirən dostluq münasibətlərinin mövcudluğuna inanmaqda davam edir. “Biz vəziyyəti gərginləşdirmək istəmirik və Ermənistanla Rusiyanın dostluq əlaqələri ilə bağlı mövqeyimizi qoruyuruq”, – deyə xarici siyasət idarəsinin rəhbəri bildirib. Ermənistan hökumətinin yeni proqramında Rusiyanın strateji tərəfdaş kimi qeyd olunmaması məsələsinə də toxunan Mirzoyan bunun iki ölkə arasındakı münasibətlərin mahiyyətinin dəyişməsi anlamına gəlmədiyini bildirib. Nazir diqqəti Ermənistanla Rusiya arasında mövcud olan digər hüquqi öhdəliklərə yönəldib. “Bizim elə razılaşmalarımız var ki, onlar bizi müttəfiq edir. Bu isə strateji tərəfdaş olmaqdan daha artıqdır”, – deyə Mirzoyan vurğulayıb. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı gələcək mövqeyinə gəlincə, Mirzoyan ölkəsinin təşkilatda dondurulmuş üzvlüyünün bərpa ediləcəyinə dair perspektiv görmədiyini bildirib. Bununla belə, o, Ermənistanın Rusiya ilə ikitərəfli münasibətlər çərçivəsində kifayət qədər geniş öhdəliklərinin olduğunu xatırladıb. Nazirin sözlərinə görə, Ermənistanla Rusiya arasında qüvvədə olan ikitərəfli müqavilələr və öhdəliklər iki ölkəni müttəfiq münasibətləri ilə bağlayır. Bu öhdəliklər müdafiə sahəsini də əhatə edir: “Rusiya ilə bizim ikitərəfli müqavilələrimiz və öhdəliklərimiz var və bunlar bizi müdafiə sahəsində də müttəfiq edir”.
Paşinyanın “ŞƏT plyus” formatında dünən Bişkekdə keçirilən görüşdəki çıxışını da bu xəttin davamı saymaq olar. Ermənistan hökumətinin başçısı çıxışında Rusiya ilə münasibətlərin gələcəyinə dair məsələyə də toxunaraq, V.Putinlə görüşündə iki ölkə arasında əlaqələrin gələcək inkişaf strategiyasının müzakirə olunacağını bildirib. “Bu gün mən Rusiya Prezidenti hörmətli Vladimir Putinlə görüşəcəyəm. Biz münasibətlərimizin gələcək inkişaf strategiyasını müzakirə edəcəyik”, – deyə Paşinyan sammitdə çıxışı zamanı bildirmişdi. Ermənistan Baş naziri bununla yanaşı, Hindistan və İranla münasibətlərə də toxunub. O qeyd edib ki, bu iki ölkə ilə Ermənistan arasındakı əlaqələr faktiki olaraq strateji xarakter daşıyır.
Politoloq Ramiyə Məmmədova XQ-yə açıqlamasında bildirdi ki, Paşinyanın Rusiya ilə münasibətlərin “gələcək inkişaf strategiyasından” danışması diqqət çəkir. Onun sözlərinə görə, son dövrlərdə İrəvanın xarici siyasətində Qərblə yaxınlaşma meylləri daha qabarıq şəkildə özünü göstərsə də, Ermənistan rəhbərliyi Rusiya ilə əlaqələrin tamamilə arxa plana keçirilməsinin mümkün olmadığını nümayiş etdirir: “Bu baxımdan, Putinlə görüşün gündəliyində ikitərəfli münasibətlərin gələcək istiqamətinin ayrıca müzakirə olunması təsadüfi görünmür. Eyni zamanda, Paşinyanın Hindistan və İranla münasibətləri “faktiki olaraq strateji” xarakterli əlaqələr kimi təqdim etməsi Ermənistanın xarici siyasətdə bir neçə istiqaməti paralel şəkildə saxlamaq niyyətini də göstərir. İrəvan Qərblə münasibətlərini genişləndirir, Hindistan və İranla əlaqələrini xüsusi əhəmiyyət daşıyan tərəfdaşlıq səviyyəsinə çıxarmağa çalışır, lakin Rusiya ilə mövcud münasibətlərin də birdəfəlik kəsilməsinə getmir. Bu mənzərədə Bişkek görüşü Ermənistan–Rusiya münasibətlərinin gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır”.
Ekspert bu fikirdədir ki, bir müddət əvvəl tərəflər arasında siyasi dialoqda yaranmış soyuqluq fonunda Paşinyanın Putinlə görüşdə münasibətlərin inkişaf strategiyasını müzakirə edəcəyini açıq şəkildə bildirməsi, ən azı, İrəvanın Moskva ilə əlaqələrin tamamilə sıradan çıxmasında maraqlı olmadığını göstərən mesaj kimi qiymətləndirilə bilər.
Səxavət HƏMİD
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 01 Sentyabr 2026 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















