Icma.az
close
up
RU
İrina Qvozdeva: Qara Qarayevin əsərləri repertuarımda xüsusi yer tutur

İrina Qvozdeva: Qara Qarayevin əsərləri repertuarımda xüsusi yer tutur

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan bəstəkarı Qara Qarayevin musiqisi Omanda keçirilən konsert proqramlarında səslənir, tələbələrin repertuarına daxil edilir. Azərbaycan musiqi mədəniyyəti ilə tanışlıq gənc musiqiçilərə müxtəlif ölkələrin musiqi ənənələri haqqında biliklərini genişləndirməyə kömək edir.

Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində Maskat şəhərindəki Sultan Qabus Universitetinin Musiqi və musiqişünaslıq kafedrasının skripka ixtisası üzrə müəllimi İrina Qvozdeva deyib.

Həmsöhbətimizin sözlərinə görə, onun Azərbaycan musiqisi ilə tanışlığı hələ Moskvada İppolit-İvanov adına musiqi məktəbində təhsil aldığı dövrdə başlayıb. Müəllimi, Əməkdar incəsənət xadimi, professor İzabella Qolovina tələbələrin repertuarına Qara Qarayevin “İldırımlı yollarla” baletindən parçalar daxil edirdi.

“Sonralar anladım ki, müəllimim bununla tələbələrinin ifaçılıq məharətinin emosional və ifadəli tərəflərini üzə çıxarır, onları inkişaf etdirirdi. Parlaq və gözəl melodiyalar, emosional məzmunun zənginliyi, coşqun ritmlər, eləcə də alətin ifa imkanlarını virtuoz şəkildə nümayiş etdirmək fürsəti bu parçaların ifasını xüsusilə cəlbedici edirdi. Bütün tələbələr bu əsərləri ifa etməyi çox sevirdilər”, – deyə İ.Qvozdeva bildirib.

İrina Qvozdevanın tələbələrlə işində Qara Qarayevin pavanası xüsusi yer tutub. Bu əsərin audioyazısını ona Səidə Xəlilova göndərib. Musiqi skripkaçını o qədər valeh edib ki, o, əsəri tələbə ansamblının repertuarına daxil etmək qərarına gəlib. Skripkaçılar ansamblı üçün notları tapmaq asan olmayıb, lakin sonda əsəri öyrənmək və konsertdə ifa etmək üçün hazırlamaq mümkün olub.

İ.Qvozdevanın sözlərinə görə, tələbələr pavananı böyük həvəslə ifa edir, hətta sıx dərs cədvəllərinə baxmayaraq, məşq etmək üçün vaxt taparaq özləri təşəbbüs göstərirlər. Skripkaçı hesab edir ki, əsərin belə rəğbətlə qarşılanmasının başlıca səbəbi onun bədii dəyəridir.

“Düşünmürəm ki, bu, məhz Azərbaycan musiqisinə verilən reaksiyadır. Məncə, məsələ musiqinin özündə, onun yüksək keyfiyyətində və bəstələnərkən nümayiş etdirilən həqiqi ustalıqdadır. Hətta klassik musiqi ilə o qədər də dərindən tanış olmayan tələbələr belə bu əsərə biganə qalmırlar”, – deyə həmsöhbətimiz qeyd edib.

İ.Qvozdeva həm rus, həm də Azərbaycan musiqisini eyni heyranlıqla ifa edir və bu musiqilərin emosional ifadə xüsusiyyətlərini vurğulayır.

“Rus musiqisində ifadəlilik daha çox daxildə, musiqi dilinin zahiri sadəliyinin arxasında təzahür edirsə, Azərbaycan musiqisində sanki üzə çıxır, parlaq çalarlar, ritmlər və Şərq intonasiyaları ilə özünü göstərir”, – deyə o bildirib.

Skripkaçının Azərbaycan musiqisi ilə tanışlığı Omandakı peşəkar fəaliyyəti dövründə də davam edib. O, uzun müddət Sultan Qabus Universitetində soydaşımız, musiqiçi və pedaqoq Səidə Xəlilova ilə birlikdə çalışıb. Hazırda onlar birgə konsert layihələri çərçivəsində əməkdaşlıqlarını davam etdirirlər. İ.Qvozdeva və onun tələbələri Azərbaycanın Omandakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirlərdə də iştirak edirlər. 

Konsert proqramlarına Azərbaycan bəstəkarlarının, o cümlədən Tofiq Quliyevin, Fikrət Əmirovun, Üzeyir Hacıbəylinin və Zakir Bağırovun əsərləri daxil edilir. Beləliklə, Azərbaycan musiqisi Oman tələbələrinin tanış olduğu və ifa etdiyi repertuarlarının bir hissəsinə çevrilir.

İ.Qvozdevanın sözlərinə görə, Omanda peşəkar musiqi təhsili nisbətən yaxın dövrdə inkişaf etməyə başlayıb. Sultan Qabus Universitetinin Musiqi və musiqişünaslıq kafedrası 2008-ci ildə yaradılıb. Musiqi təhsilinin formalaşmasında müxtəlif ifaçılıq məktəblərini təmsil edən müəllimlər mühüm rol oynayıblar.

“Rus fortepiano və skripka məktəbləri öz ənənələri ilə tanınır. Bu məktəblərin çoxsaylı nümayəndələri hələ ilk dövrlərdən Omanda dərs deməyə başlayıblar. Onların məqsədi ərəb və Oman musiqisinin zəngin ənənələrinə əsaslanaraq musiqi təhsilinə həqiqi peşəkar yanaşma gətirmək idi”, – deyə həmsöhbətimiz bildirib.

İ.Qvozdeva hesab edir ki, Azərbaycan bəstəkarlarının əsərləri Oman tələbələrinin repertuarında rus musiqisi və Qərbi Avropa klassik musiqisi ilə yanaşı, möhkəm yer tutmalıdır. Onun fikrincə, müxtəlif musiqi ənənələri ilə tanışlıq gənc ifaçıların dünyagörüşünü genişləndirməyə və başqa xalqların mədəniyyətini daha yaxşı anlamağa kömək edir.

“Azərbaycan musiqi mədəniyyəti kimi bir hadisənin dəyərini və özünəməxsusluğunu anlayaraq çalışıram ki, Azərbaycan bəstəkarlarının əsərləri də rus musiqisi və Qərbi Avropa klassik musiqisi kimi Omanlı tələbələrimin repertuarında davamlı olsun”, – deyə o vurğulayıb.

Skripkaçının müşahidələrinə görə, tələbələri öz ölkələrinin ənənəvi musiqisini öyrənib ifa etməyi davam etdirməklə yanaşı, Vivaldi, Motsart, Çaykovski və Qara Qarayevin əsərlərini də tədricən kəşf edirlər. O vurğulayır ki, onun üçün şagirdlərinin yalnız yeni əsərlərlə tanış olması deyil, həm də həmin musiqini dərk edərək qavraması vacibdir.

“Musiqi insanın inkişafına və müxtəlif ölkələrin mədəniyyətləri arasında ünsiyyətə xidmət edən universal dildir. Omanlı tələbələrin sevdikləri və anladıqları ənənəvi musiqiləri ilə yanaşı, Vivaldini, Motsartı, Çaykovskini və Qara Qarayevin əsərlərini də sevməyə və anlamağa başladıqlarını görürəm. Burada əsas söz “anlamaq”dır”, – deyə İ.Qvozdeva vurğulayıb.

İrina Qvozdeva yaxın vaxtlarda ilk dəfə Azərbaycana səfər edəcəyinə ümid etdiyini də bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Oktyabr 2026 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see361

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see348

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see339

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see332

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see322

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see311

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see297

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see269

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see254

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see246

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see234

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see230

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see214

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see213

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see206

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see204

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see199

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see184

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see182

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri