Icma.az
close
up
RU
İspaniyanın idman zəfəri

İspaniyanın idman zəfəri

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

“Qırmızı furiya” Messi nağılını yarımçıq qoydu

Futbol nə kinofilmdir, nə də teatr. Onun ssenarisi yoxdur və biz idmanı, xüsusilə futbolu məhz buna görə sevirik. Amma azarkeşlərin çoxu 19 iyul 2026-cı ildə “New York New Jersey” (MetLife) stadionunda “çəkilən” futbol kinotamaşasının blokbasterin bütün qaydalarına uyğun olmasını istəyirdi: baş qəhrəman rəqiblərini məğlub edir, məqsədinə çatır və tamaşaçılar duyğulanaraq ağlayır. Xoşbəxt sonluq belə gözlənilirdi. Amma belə olmadı...

Argentinanın Dünya çempionatının finalına yüksəlməsi bütün planet üçün böyük intriqaya çevrilmişdi: əsas mövzu Messinin ikinci dəfə Dünya çempionu olub-olmayacağı idi. Çünki onun şəxsiyyəti hər şeyi kölgədə qoymağa qadirdir. Leo Messinin və Maradonanın tərcümeyi-hallarının müəllifi Serxio Levinski mediaya verdiyi müsahibədə qeyd edirdi: “Futbolçuların çoxu Argentinanın çempion olmasını deyil, Messinin kuboku qaldırmasını istəyirdi”. Bu mübaliğə olsa da, elə də böyük mübaliğə deyil.

Nyu-Yorkdakı final matçının gedişini izlədikcə daha məntiqli bir sonluq təsəvvür etmək çətin idi. Turnirin ən ehtiraslı komandası ilə ən mütəşəkkil və taktiki cəhətdən mükəmməl komandası arasında döyüş gedirdi.

İspaniya–Argentina finalının bir neçə günlük ayrıca ciddi reklama ehtiyacı yox idi. Əlbəttə ki, Cənubi amerikalılar instinktiv olaraq “qırmızı furiya”nın uğurunu proqnozlaşdıran Joan Laporta, İker Kasiliyas və digər görkəmli futbol mütəxəssislərindən sitat gətirirdilər. Lakin onların fikirlərinin vəziyyəti daha da alovlandırması ehtimalı cüzi idi. Amma Qari Nevillin Argentina millisinin müdafiəsini tənqid etməsi Romero və Lisandro Martinesi çox qəzəbləndirmişdi. Argentinalılar bir neçə fikirlə bağlı kəskin münasibətlərini açıqladılar. Onlar Laportun “mavi-ağlar”ın kiçik təxribatlarının çox vaxt diqqətdən kənarda qalması ilə bağlı dediklərini hakimlərə təzyiq kimi qəbul etdilər. Lakin bütün bunlar heç nəyi dəyişmirdi.

Argentinanın ehtirası və gözlənilməz oyun üslubu, çempionları topsuz saxlamaq kimi həll olunmamış vəzifəni yerinə yetirə bilən mükəmməl bir İspan sistemi ilə qarşılaşdı. “Qırmızı furiya”nın təzyiqi təsirli görünürdü və ilk fürsət Dani Olmo və Yamalın bir-iki ötürməsi ilə yaradıldı. Martines əla seyvi ilə komandasını xilas etdi. Lakin ispanlar müdafiə xəttini qaldıran kimi Unai Simon cərimə meydançasından kənara qaçmağa və rəqibin təkbətək çıxmasının qarşısını almağa məcbur oldu. Komandalar bir-birinin müdafiə xəttini araşdırır, zəif cəhətlərini tapmağa çalışaraq daha ehtiyatlı bir yanaşma tətbiq edirdilər. Avropalılar topa ikiqat sahibolma ilə daha aqressiv görünürdülər, Cənubi amerikalılar isə daha çox gözləmə mövqeyinə üstünlük verirdilər. Daha doğrusu, onları buna məcbur etmişdilər.

Argentinanın öz oyununu necə çevirə biləcəyini dəfələrlə görmüşük. Bəli, “mavi-ağlar” ilk 45 dəqiqədə cərimə meydançasında topa toxunmadılar və bir zərbə belə endirmədilər. Elə Oyarzabal və Kukurellanın uzaq məsafədən endirdikləri zərbələr də dəqiq qol şansları deyildi. Onlar qapıya cəmi üç zərbə endirməyə cəhd etdilər. Bu, 1966-cı ildən bəri finalda ilk hissədə ən pis nəticədir. Ən xoşagəlməz hadisə isə Lisandro Martinesin zədələnməsi və onun yerinə 38 yaşlı Otamendinin meydana çıxması oldu.

Argentinanın futbol jarqonunda “sufrir” – “əziyyət çəkmək” və ya “dözmək” sözü tez-tez istifadə olunur. Onilliklərdir ki, bu ölkədəki matçlar müharibə, fərdi istedaddan daha çox dözümlülük sınağı kimi qəbul edilir. Yəni Argentina üçün əzab zəiflik yox, güc mənbəyidir. Bu, ən çətin anlarda belə onlara dözümlü olmağa və daha yaxşı gələcəyə inamlarını qorumağa imkan verən bir xarakterdir.

Amma turnirin zirvə matçı davam etdikcə aydın görünürdü ki, İspaniya tez bir zamanda öz istəyinə nail olacaq. Mundialın əvvəllərində etdiyi kimi, Luis de la Fuentenin yetirmələri rəqiblərinə nəfəs dərməyə imkan vermirdilər və tez-tez də Emiliano Martinesin refleksini sınamaq üçün əla fürsətlər yaradırdılar. Bütün bunlar Argentina üçün xarakterik, lakin utancverici bir statistika ilə nəticələndi. Əsas vaxt ərzində Argentina nə qapıya, nə də ümumiyyətlə, rəqib qapısı istiqamətində bir zərbə endirə bildi, öz qapıçıları isə 10 seyv etdi. Şübhəsiz, “albiseleste”nin qalib gəlmək şansı ola bilərdi – onlar bu Dünya çempionatında bir neçə belə oyunu qalib kimi geridə qoymuşdular. Lakin 90+3-cü dəqiqədə Lionel Skaloninin komandası azlıqda qaldı — İngiltərəyə qarşı yarımfinalın qəhrəmanı Enço Fernandes heç bir ehtiyac olmadan ikinci sarı vərəqə aldı və oyundan qovuldu.

Argentinalılar 10 nəfərlə, mükəmməl oyun sərgiləyən İspaniyaya qarşı oyunda vəziyyəti dəyişməyi ağıllarına belə gətirə bilməzdilər. Bundan sonra ispanlar təzyiqi daha da artırdılar və nəhayət, çoxdan gözlənilən qollarını vurdular. Qolun müəllifi isə Dünya çempionatı zamanı, hətta babasının belə lağa qoyduğu, həmin bəxtsiz oyunçu Ferran Torres oldu. 106-cı dəqiqədə Niko Uilyamsın başla ötürməsini, top yerə düşmədən qapıya göndərdi. Martines həmin epizodda aciz qaldı.

Leo bütün oyun boyu rəqib cərimə meydançası ətrafında gəzirdi. Hamı onun növbəti dəfə sehrini göstərərək stadionu ayağa qaldıracaq qeyri-adi epizod yaradacağını gözləyirdi. Amma bu dəfə alınmadı. İspaniya rəqiblərinə bu möcüzəyə imkan vermədi. 90 dəqiqə ərzində qapıya bir zərbə belə endirilmədi, həm də təkcə qapıya deyil, ümumiyyətlə! Əlbəttə, əgər əlavə vaxtın son 15 dəqiqəsində qoldan sonra Argentinanın rəqibi qapıya sıxışdırmağa nail olub əldə etdiyi bir-iki cəhdi nəzərə almasaq, finalda oyun tam birtərəfli getdi.

Bu oyun göstərdi ki, İspaniya həqiqətən də son 4 ilin ən mükəmməl heyətinə sahibdir. 2024-cü il Avropa çempionu. Ardıcıl 38 matçda məğlub olmayan komanda. Onlar 2026-cı il Dünya çempionatında yalnız bir qol buraxıblar.

Beləliklə, 2026-cı il Dünya çempionatı başa çatdı! İspaniya finalda Argentinanı məğlub etdi və tarixdə ikinci dəfə dördillik turnirin qalibi oldu.

Bu həlledici matçdan sonra, açığını deyim ki, azarkeşi olduğum Argentina millisinin məğlubiyyətinə elə də təəssüflənmədim. Çünki bu finaldakı Argentinaya görə təəssüflənməyə dəyməzdi. Bu heç də İspaniyanın daha mükəmməl göründüyü və əsas vaxtda matçı bitirməli olduğu konkret oyunla bağlı deyil. Azacıq təəssüfləndiyim Argentinanın final boyu əziyyət çəkməsi idi. Bu matç İngiltərənin Cənubi amerikalılara qarşı yarımfinalın son yarım saatındakı oyununa daha çox oxşayırdı və əlbəttə ki, bunda sərt bir istehza axtarmağa dəyməz. Argentinalılar ingilislərin müdafiə “qalası”nı elə ciddi səylə dağıtmışdılarsa, bir neçə gün sonra tam eyni hadisə öz başlarına gəldi və İspaniya onlara “divan tutdu”. Bu mənada, əlbəttə ki, futbol çox qəddardır, amma iyulun 19-u gecəsi futbol, mənə görə, daha ədalətli oldu.

Əlbəttə, Argentina iki əsas mərkəz müdafiəçisi Lisandro Martines və Kristian Romeronun zədə səbəbi ilə oyunu vaxtından daha tez tərk etməsində komandanın bəxti gətirmədi. Lakin əlavə vaxtda bir əvəzetməsi qalan Cənubi amerikalı baş məşqçi Lionel Skaloninin bundan istifadə edərək başqa bir mərkəz müdafiəçisi Marko Senesini meydana çıxarması, daha çox Tomas Tuxelin İngiltərə–Argentina matçında etdiyi əvəzetməyə daha çox oxşayırdı. Sonradan matçdakı bu taktiki gedişə görə mətbuat Tuxeli kəskin tənqid etdi və üçüncü yer uğrunda matçda qalib gəldikdən sonra da bu tənqidlər davam edir. Əlbəttə ki, Skaloni belə tənqidlə qarşılaşmayacaq. Bəli, o, finalda uduzdu, həm də çox az fərqlə uduzdu. Digər tərəfdən məhz Skaloni ardıcıl üç titul qazanan bu böyük sülaləyə bənzər komandanı yaradıb: 2021-ci il “Copa America”, 2022-ci il Dünya çempionluğu və 2024-cü il “Copa America”. Bəlkə buna görə idi ki, matçdan sonra Skaloni elə də kədərli görünmürdü. İmkan versələr o yenidən komandanın başında qalacaq və bütün strukturu yenidən qurmağa çalışacaq. Amma XXI əsrin ilk rübünün futbol əfsanəsi Messi o komandada oynamayacaq. Çünki çox güman biz Lionel Messinin milli komandadakı son oyununu gördük.

Final göstərdi ki, Argentina millisinin mütləq tam təmirə ehtiyacı var. Aydındır ki, bu miqyasda fiqurun gedişi, komandanın mükəmməl oyun taktikasını tamamilə yenidən düşünməyi tələb edəcək. Bu, həqiqətən çox vacibdir, çünki real baxsaq, Argentina bütün pley-off mərhələsində əziyyət çəkdi.

Onlar Kabo-Verdedən nəzərəçarpacaq dərəcədə yaxşı deyildilər. Misirdən də eyni dərəcədə yaxşı deyildilər. Bril Embolonun qovulmasından əvvəl İsveçrədən də yaxşı deyildilər. Yarımfinalın ilk 60 dəqiqəsində İngiltərədən daha pis oynadılar. Beləliklə, finaldakı bu performansı mən sensasiya hesab etmirəm, əksinə, nəticə bütün bu əzablı yolun məntiqi kulminasiyasıdır.

Argentinanın bu səviyyəyə yüksəlməsinə Messinin dahiliyi, inanılmaz özünəinamı və qalib gəlmək istəyi kömək etdi. Bəli, bu məşhurun qalib düşüncə tərzi idi. Dahiləri, sadəcə, yaxşı və çox güclülərdən ayıran da budur.

Müəyyən mənada, Argentinanın bu finalı qazanması da idman baxımından düzgün və məntiqli ola bilərdi. Həm də eyni üslubda əvvəlcə əziyyət çəkib mübarizə apararaq sonra qalib gəlmək. Çünki təkcə futbolda deyil, ümumiyyətlə, idmanda bu cür hekayələr tez-tez qələbə ilə başa çatır. Bu dəfə xoşbəxt sonluq olmadı. Amma bu komanda 3 il yarım əvvəl 2022-ci il Dünya çempionatında belə bir qələbə qazanmışdı. Orada da bəzi çətinliklər və mübarizələr var idi, amma yalnız qrup mərhələsində. Çünki Argentina Qətərdə pley-offu əsl çempion kimi keçmişdi.

2022-ci ildə Fransaya qarşı start heyətində oynayan 11 oyunçudan 8-i hələ də start heyətində idi. Üç fərq: mərkəzi müdafiədə Nikolas Otamendinin yerinə Lisandro Martines, sağda Nauel Molinanın yerinə Qonsalo Montiel və Anxel Di Mariyanın yerinə Niko Qonsales. Bu dəfə isə Otamendi və Molina oyun zamanı meydana çıxdılar.

Beləliklə, səmimi deyirəm ki, bu Argentinaya görə təəssüflənmirəm, onlar son turnirdə layiq olduqları paylarını aldılar. Müəyyən mənada, Cənubi amerikalıların itirəcək heç nəyi yox idi. Onlar artıq öz Dünya kuboklarını qazanmışdılar. Həm də bu, sonuncu turnir deyildi və bu hiss, şübhəsiz ki, komandaya finala qədər gəlib çıxmağa kömək etmişdi. Final fitindən sonra argentinalılara baxanda, onların məyus olduqları, lakin bu məğlubiyyətdən sarsılmadıqlarını aydın hiss edirdin. Bu o demək deyil ki, onlar bu qələbəni İspaniyadan daha az istəyirdilər – yox, çox istəyirdilər. Amma yenə də bu heyətin əhəmiyyətli bir hissəsi ispanların indi yaşadıqlarını və hiss etdiklərini artıq yaşayıblar.

Əlbəttə ki, Messi ayrı bir hekayədir. Oyundan sonra hələ də tribunalardan getməyib kumirlərini yalqız qoymayan argentinalı azarkeşlərinə yaxınlaşıb izdihama baxdı və hekayənin sonu olduğunu anlayıb göz yaşlarına boğuldu. Bu, həqiqətən ürək parçalayan bir mənzərə idi. Uzun illər onun pərəstişkarı olan bir adam üçün bunu izləmək çox ağır idi. Fikrimcə, bu Dünya çempionatının ən vacib görüntüsü elə bu idi: 39 yaşlı dahi tarixin ən böyük futbolçusu olduğunu sübut etdi. Təsəvvür edin ki, Pele onun bu yaşında 1978-ci il Dünya çempionatına gəlib Braziliyanı finala sürükləyərək 8 qol vurub 4 məhsuldar ötürmə edir. Yaxud 1998-ci il Dünya çempionatında Dieqo Maradona bunu edir, yaxud 2014-cü il Dünya çempionatında braziliyalı Ronaldo səkkiz qol vurur. Real görünmür, elə deyilmi?

Argentinaya görə təəssüflənməyin yeganə səbəbi Leodur. Əfsanənin turniri qalib kimi tərk etməməsi. Amma bu, baş vermiş olsa, müsbət sonluqla bitən, pis mənada Hollivud üslubunda bir kinofilm seyr etmiş olardıq. İzlədiyimiz real hadisələr isə Messinin obrazını daha da canlı, dolğun və insani edir.

İlqar RÜSTƏMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 İyul 2026 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bankların aktivləri 1 milyard manatdan çoxdur

20 İyul 2026 10:04see323

Zelenski müharibəyə son qoymaq üçün əsas strategiyanı açıqladı

19 İyul 2026 18:51see311

Moskva üzərində kütləvi PUA hücumu: hərbi və logistika obyektləri vuruldu Ukrayna KİV ləri

20 İyul 2026 13:35see273

Wildberries hücumları Rusiya iqtisadiyyatının belini qıra bilər...

19 İyul 2026 18:13see249

“Aya bir addım: “Artemida III“ missiyası bəşəriyyətə nə göstərəcək?“ NASA

19 İyul 2026 19:24see232

Trampın masasında şok sənəd GİZLİ DETALLAR KONKRET

20 İyul 2026 00:02see224

İlham Əliyevdən SƏRƏNCAM

20 İyul 2026 13:59see216

Vətənədaşa xəstə heyvan veriləndə, o nə etməlidir? AÇIQLAMA

20 İyul 2026 14:08see209

Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026 2030 cu illər üçün Tədbirlər Planı” təsdiqlənib

20 İyul 2026 13:58see207

Çimərliklərə gedənlərə FHN dən təkrar Müraciət

19 İyul 2026 18:21see206

Şuşada ilk açıq hava kitabxanası

20 İyul 2026 14:57see203

Arakçı Xameneinin öldürülməsinin təfərrüatını açıqladı: Təhlükəsizlik sızması olmuşdu

19 İyul 2026 19:02see195

Azərbaycanlı sənətkarın əsərləri Türkiyədə nümayiş olunur

19 İyul 2026 20:21see190

Göyçə gölündə Qağayılar adası VİDEO

19 İyul 2026 19:44see184

“Yuventus” Kini satdı

20 İyul 2026 00:29see181

Dünya çempionatı: Final oyununda ikinci hissə başladı

20 İyul 2026 00:29see180

Duginin türk dostu Ankaraya 17 ölkədən nümayəndə yığıb, “4 lü ittifaq” düzəldir?..

20 İyul 2026 22:14see176

Şuşada bədii musiqili kompozisiya nümayiş olunub

19 İyul 2026 20:37see175

Övladı məktəbə gedəcək valideynlərin NƏZƏRİNƏ

20 İyul 2026 18:48see174

2026 2030 cu illər üçün məşğulluq strategiyası üzrə Tədbirlər Planı TƏSDİQLƏNDİ

20 İyul 2026 13:59see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri