İstehsal tarixi 7 ildən çox olan minik avtomobillərinin aksiz dərəcəsi artırılır
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gələn ildən Azərbaycana idxal edilən, istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır. Bu məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, aksiz dərəcəsi minik avtomobillərinin mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 0.30 manat, mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 600 manat + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 5 manat, mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 18 600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 35 manat, mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 53 600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 70 manat olmaqla hesablanır.
Mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə isə mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 15 manat, mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 20 600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 40 manat, mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 60 600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 80 manat aksiz dərəcəsi tətbiq edilir. Hazırda idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi yuxarıda qeyd edilən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1.2, dizel mühərrikli minik avtomobillərinə isə 1.5 yüksəldici əmsal tətbiq edilməklə hesablanır. Layihəyə əsasən, 2026-cı il yanvarın 1-dən Azərbaycana idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1.5, dizel mühərrikli minik avtomobillərinə isə 2 yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq.
Ölkənin avtomobil bazarında müəyyən durğunluq yaranacaq
İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün aksiz dərəcəsinin artırılması ölkəyə gətirələn köhnə avtomobillərin qiymətinin avtomatik olaraq bahalaşmasına səbəb olacaq: "Analoji vəziyyət ölkə daxilindəki köhnə avtomobillərdə də özünü göstərəcək. Nəticədə ölkənin avtomobil bazarında müəyyən durğunluq yaranacaq. Buna o zaman normal yanaşmaq olar ki, heç olmasa, hibrit avtomobillərə güzəştlər edilsin. Əks təqdirdə bahalaşma olacaq".
İstehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün aksiz dərəcəsinin artırılması ili köhnə, ancaq ucuz olan minik avtomobilləri ilə bağlı təklifin azalmasına gətirib çıxaracaq. Bu da özü-özlüyündə qiymət artımını da aktuallaşdırır. Ölkəyə gətiriləcək avtomobillərin yaşının az olması qiymətinin yüksək olacağı deməkdir. Bu isə alıcıları istər-istəməz bazardakı yaşı çox olsa da, ucuz avtomobillərə üz tutmağa sövq edə bilər. Nəticədə qiymət artımına gətirib çıxarmış olacaq.
Natiq Cəfərlinin sözlərinə görə, belə bir aksiz artımı köhnə avtomobillərin idxalını azaltmağa və avtonəqliyyat parkının yenilənməsinə töhfə verə bilər. Lakin avtomobil idxalında aksiz və gömrük rüsumları da çox yüksəkdir və bunlar yeni, müasir avtomobillərin gətirilməsinə mane olur: "Aksiz dərəcəsinin artırılması köhnə avtomobillərin ölkəyə gətirilməsinin qarşısını alsa da, bahalaşmasmaya və nəticədə bazarda durğunluğa səbəb olacaq. Aksiz artırılmasının əvəzində "yeni avtomobillərin idxalı üçün güzəştlər" (məsələn, hibrid və ya elektrik nəqliyyat vasitələri üçün vergi azadolmaları) təklif edilməlidir - əks halda, yalnız aksiz artırmaq sadəcə bir "cəza" funksiyası görəcəkdir. Belə aksiz artımı avtomobil alıcılığı qabiliyyəti məhdud olan vətəndaşlara mənfi təsir edəcək - köhnə, daha münasib qiymətli avtomobillərə yönəlmiş tələbi sıxışdıracaq".
Çin bazarından gətirilən elektromobillərin idxalı artacaq
İqtisadçı ekspert Fuad İbrahimovun dediyinə görə, köhnə avtomobillər həm yanacaq sərfiyyatına, həm də karbon emissiyalarına görə yeni modellərdən geri qalır. Dövlət bu yolla avtoparkın yenilənməsini və ekoloji yükün azaldılmasını hədəfləyir. Amma Azərbaycana idxal olunan istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün aksiz dərəcəsi artırılması idxal tələblərinə cavab verən bütün avtomobillərin qiymətini aksiz dərəcəsinin artım səviyyəsinə uyğun şəkildə bahalaşdıracaq. Alıcılıq qabiliyyətinin aşağı olması səbəbindən 7 ildən çox istehsal tarixi olan avtomobillərin idxalı da məhdudlaşacaq. Bunun müqabilində Çin bazarından gətirilən elektromobillərin idxalı artacaq.
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyir ki, əvvəllər ölkədə sanki köhnə avtomobillərin "ölüxana"sı və ya anbarı formalaşmışdı. Azərbaycana ikinci və ya üçüncü əl avtomobillər gətirilirdi. Bunun qarşısını almaq üçün bir sıra addımlar atıldı: "Azərbaycana idxal olunan istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır. Bu, ölkəyə köhnə avtomobillərin gətirilməsinin qarşısını alacaq. İstehsal ili yeni olan avtomobillərin Azərbaycana idxalının məhdudlaşdırılmasından sonra daha çevik, innovativ və enerjiyə qənaət edən avtomobillər ölkəyə idxal olunacaq. Bu avtomobillərin ölkə ərazisində yayılması özünü müsbət tərəfdən göstərəcək".
Hibrid avtomobillər vətəndaşlar üçün prioritet olaraq qalacaq
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib ki, hazırda Azərbaycanda hibrid avtomobillərə çox böyük maraq var: "Hibrid avtomobillər populyardır, vətəndaşlar bu avtomobillərə üstünlük verirlər. Bu il ərzində ölkəmizə idxal olunan avtomobillərin sayına baxdıqda görürük ki, avtomobillərin sayının təxminən 40 faizini məhz hibrid avtomobillər təşkil edir. Aksiz dərəcələrinin yüksəldilməsindən sonra benzin mühərrikli avtomobillərin qiymətində də artım ola bilər. Amma düşünürəm ki, yenə də hibrid avtomobillər vətəndaşlar üçün prioritet olaraq qalacaq.
7 ildən köhnə avtomobillərin gətirilməsi daha baha başa gələcək
İqtisadçı ekspert Akif Nəsirlinin fikrincə, aksiz dərəcəsinin artırılması ikinci əl avtomobillərin qiymətinin bahalaşmasına səbəb olacaq: "Yeni layihəyə əsasən, bu tarixdən etibarən 7 ildən artıq istehsal tarixi olan benzin mühərrikli avtomobillərə 1,5, dizel mühərrikli avtomobillərə isə 2 yüksəldici əmsal tətbiq ediləcək. Hazırda isə Vergi Məcəlləsinə əsasən, 7 ildən köhnə avtomobillərin idxalında benzin mühərriklilərə 1,2, dizellərə isə 1,5 əmsal tətbiq olunur. Yəni gələn ildən bu göstəricilər artacaq. Məlum olduğu kimi, aksiz vergisi birbaşa olaraq idxal xərclərinə əlavə olunur. Buda o deməkdir ki, 7 ildən köhnə avtomobillərin gətirilməsi daha baha başa gələcək. Bu isə ikinci əl avtomobillərin satış qiymətinin artmasına səbəb olacaq. Hazırkı vəziyyətdə qiymət artımı qaçılmazdır. Qeyd edim ki, bu gün ölkədə satılan avtomobillərin əksəriyyəti məhz 7 ildən köhnə olan idxal modelləridir: Əsasən də Yaponiya, Koreya və Almaniyadan gətirilən avtomobillər. Bu seqmentdə təklif azalarsa, qiymətlərdə ən azı 10-20 faiz bahalaşma ola bilər. Bahalaşma öz növbəsində köhnə maşın alanların yeni model avtomobillərə yönəlməsinə gətirib çıxaracaq. Köhnə avtomobillərin payı azalacaq, nisbətən yeni avtomobillərin payı artacaq. Köhnə avtomobillərin azalması uzunmüddətli dövrdə bu seqmentdə tələbi azaldacaq. Amma qısamüddətli dövrdə, mövcud köhnə avtomobillər üçün ehtiyat hissələrinə tələbat artacaq".
Yeni aksiz artımı onların bazara çıxış imkanlarını məhdudlaşdıra bilər
Ekspert hesab edir ki, aşağı gəlirli təbəqə bu qərardan daha çox təsirlənəcək. Çünki köhnə avtomobil alanların əksər hissəsi gəliri aşağı olan insanlardır: "Yeni aksiz artımı onların bazara çıxış imkanlarını məhdudlaşdıra bilər".
Onun dediyinə görə, Azərbaycana idxal olunan istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün aksiz dərəcəsinin artırılması yeni avtomobil almaq istəyənlər üçün kreditlə alış daha çox aktuallaşa bilər. Bu isə bank sektorunun avtokredit portfelini genişləndirə bilər: "Yəni bu addım avtomobil bazarında qiymət artımına, idxal strukturunun dəyişməsinə, ekoloji standartların yüksəldilməsinə və yeni avtomobillərin satışının stimullaşdırılmasına səbəb olacaq. Amma qısamüddətli dövrdə bazarda bahalaşma və təklifin azalması kimi mənfi təsirlər qaçılmaz görünür".
Sevinc QARAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 12 Noyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















