Icma.az
close
up
RU
İstintaq materialları hərbi cinayətləri sübuta yetirir

İstintaq materialları hərbi cinayətləri sübuta yetirir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 12-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Sonra R.Vardanyanın müdafiəçisi Emil Babışov iki vəsatət təqdim edib. Müdafiəçi birinci vəsatətində cinayət işi üzrə ibtidai istintaq zamanı ifadə verən bütün şahidlərin və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Kamo Hayrapetyanın, Muşeq Qriqoryanın və digər tədqiq olunan şahid ifadələrinin mötəbər sübut hesab edilməyərək, iş üzrə təqsirləndirilən R.Vardanyanla əlaqəsinin olmaması səbəbindən sübut siyahısından çıxarılması və təqsirləndirilən şəxsə qarşı sübut kimi istifadə olunmamasını, eləcə də yekun məhkəmə qərarı qəbul edilən zaman nəzərə alınmamasını xahiş edib.

E.Babışov ikinci vəsatətlə bağlı qeyd edib ki, məhkəmə istintaqı zamanı ittihamın əsasını təşkil edən bir sıra sübutlar tədqiq olunub, yüzlərlə zərərçəkmiş şəxs, habelə zərərçəkmiş şəxslərin hüquqi varisləri ifadə verib, prosesdə iştirakı müəyyən səbəblərdən mümkün olmayan şəxslərin ifadələri, digər aidiyyəti sənədlər elan edilib, bir çox şəxslərin aldığı xəsarətlər barədə faktlar açıqlanıb. Vəkil deyib ki, buna baxmayaraq, hüquqlarını müdafiə etdiyi şəxsin mövqeyinə görə, həmin şəxslərin verdiyi ifadələrin təqsirləndirilən şəxslə heç bir əlaqəsi yoxdur.

Belə ki, zərərçəkmiş şəxslərin verdikləri ifadələrdən məlum olub ki, onların aldıqları xəsarətlər müxtəlif tarixləri əhatə edir. Həmin tarixlərin müəyyən hissəsi iş üzrə təqsirləndirilən şəxs R.Vardanyanın Ermənistan Respublikasının vətəndaşı olmadığı, yəni Rusiya Federasiyası vətəndaşı olaraq şəxsi biznesi ilə çalışdığı dövrlə üst-üstə düşür. Ona görə də məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və zərərçəkmiş şəxslərin hüquqi varislərinin məhkəmədə verdiyi ifadələrinin iş üzrə təqsirləndirilən şəxs R.Vardanyanla əlaqəsinin olmaması səbəbindən yekun məhkəmə qərarı çıxarılarkən təqsirləndirilən şəxsə qarşı sübut olaraq istifadə edilməməsini xahiş edib. Təqsirləndirilən şəxs vəsatətləri dəstəklədiyini bildirib.

Dövlət ittihamçısı Təranə Məmmədova vəsatətlərə münasibət bildirərək qeyd edib ki, hər iki vəsatət eyniməzmunlu xarakter daşıyır. Təqsirləndirilən şəxs Ermənistan dövləti tərəfindən formalaşdırılmış, Azərbaycan Respublikasının suveren ərazilərinin işğalı zamanı, həmçinin işğal dövründə çoxsaylı cinayətlər törətmiş cinayətkar birliyə daxil olaraq, ümumi cinayətkar niyyət və məqsədlərə uyğun fəaliyyət göstərib, zərərçəkən şəxs qismində ifadə verən şəxslər də həmin dövrdə yaralandıqlarına, öldürülmələrinə cəhd olunduğuna, eləcə də hüquqi varislərin ifadələrində göstərildiyi kimi, zərərçəkən şəxslərin öldürülmələrinə görə müvafiq ittihamlar verilib.

T.Məmmədova ikinci vəsatətlə bağlı çıxışında vurğulayıb ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar barədə xəbərdar olan şəxslərin ifadələri də şahid ifadəsi hesab olunur.

Dövlət ittihamçısı bildirib ki, bunlar müşavirə otağında qiymət veriləsi xüsusatlardır. “Odur ki, hazırkı mərhələdə vəsatətlərin baxılmamış saxlanmasını xahiş edirik”, - deyə o əlavə edib.

Məhkəməyə sədrlik edən yerində müşavirədən sonra bildirib ki, hər iki vəsatətdə göstərilən xüsusatlar yekun məhkəmə qərarı qəbul edilən zaman qiymət verilməli hallar olduğundan hazırda bu vəsatətlər baxılmamış saxlanılır.

Məhkəmə prosesi ittiham tərəfinin vəsatəti əsasında cinayət işi üzrə digər zəruri sənədlərin tədqiqi ilə davam etdirilib.

Tədqiq olunan sənədlərdə göstərilib ki, Xankəndi şəhərində yerləşən radioqəbuledici və radio veriliş mərkəzinə baxış zamanı tünd yaşıl rəngli 03-11 31PB qeydiyyat nişanlı hərbi təyinatlı avtomobil aşkarlanıb. Avtomobilin üzərində xüsusi radio avadanlıq və arxa hissəsində “Repellant-1” sisteminin quraşdırıldığı müəyyən edilib. Sistem pilotsuz uçan aparatların idarəetmə sisteminin siqnallarının 30-35 kilometr məsafədən susdurulması üçün nəzərdə tutulub. Avtomobilin içərisində monitor, idarəetmə sistemi, soyuducu sistem olub.

Eyni zamanda, Xocalı rayonunda yerləşən hərbi hissədə saxlanılan 7 ədəd müxtəlif ölçülü tünd yaşıl rəngli qablaşmada olan avadanlıqlara baxış zamanı avadanlığın “Polya-21” adlı radiomaneə stansiyası olduğu və həmin stansiyanın da təyyarələrin “GPS” sisteminə maneə yaratmaq üçün istifadə edilməsi müəyyənləşib.

Bundan başqa, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycanın hava məkanında peyk naviqasiyası siqnallarının maneəyə məruz qalması ilə bağlı Azərbaycan Respublikasının Baş nazirinə göndərilən 2021-ci il 27 sentyabr tarixli məktubda bildirilir ki, 2021–ci ilin iyul ayının əvvəllərindən ölkənin hava məkanında uçuşlar yerinə yetirən müxtəlif aviaşirkətlərin hava gəmiləri ekipajlarından qlobal peyk naviqasiya sisteminin (GNSS) siqnallarının qeyri-sabit işi, o cümlədən bu siqnalların söndürülməsi və təhrif edilməsi halları göstərilməklə çoxsaylı şikayətlər daxil olur.

Qeyd olunan dövrdə müxtəlif hava dəhlizləri üzrə uçuşlarda, həmçinin müəyyən edilmiş qalxma, gəliş və hava limanlarına enmə uçuş prosedurları zamanı ən azı 42 şikayət qeydə alınıb. Azərbaycanın hava məkanında qlobal peyk naviqasiyasının işinin sabitliyinin itirilməsi hava gəmilərinin uçuşlarının təhlükəsizliyi üçün ciddi təhdid törədir. Belə ki, bu hava gəmilərinin əksəriyyətində uçuş trayektoriyasına əsas nəzarət vasitəsi GNSS siqnallarını qəbul edən avadanlıqdır. Peyk siqnalının olmaması və ya dəqiqliyinin təhrif edilməsi ciddi nəticələrə gətirib çıxara bilər.

Həmçinin havadan kəşfiyyat aparılaraq Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı dəstələrinə məxsus radiomaneə vasitələrinin yerləri (koordinatları) pilotsuz uçuş aparatları vasitəsilə çəkiliş aparılaraq fotogörüntüləri aşkarlanıb.

Bundan sonra təqsirləndirilən şəxs R.Vardanyan bir sıra sənədlərin cinayət işinə əlavə olunmasını məhkəmədən xahiş edib. Müdafiəçi təqsirləndirilən şəxsin vəsatətini müdafiə edib. Dövlət ittihamçıları etiraz etməyiblər. Məhkəmə qərara alıb ki, təqdim olunan sənəd rus dilində olduğu üçün Azərbaycan dilinə tərcümə edilərək cinayət işi materiallarına əlavə olunsun.

Təqsirləndirilən şəxs R.Vardanyan daha sonra cinayət işi üzrə 1-15-ci cildləri nəzərdən keçirmək istədiyini, onun saxlanılması ilə əlaqədar həmin cildlərdə adı keçən şahidlərin məhkəməyə dəvət olunmasını xahiş edib. Vəkil E.Babışov vəsatətlərin təmin olunmasına etiraz etməyib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək qeyd edib ki, əgər vəsatət cinayət işi üzrə hansısa materialları əldə etməklə bağlıdırsa, etiraz yoxdur.

Məhkəməyə sədrlik edən yerində müşavirədən sonra bildirib ki, təqsirləndirilən şəxsin cinayət işinin müvafiq cildləri ilə tanış olmağa dair vəsatəti təmin edilir, şahidlərin məhkəməyə dəvət olunması ilə bağlı vəsatətə isə sonra baxılacaq.

Ardınca R.Vardanyan cinayət işi ilə bağlı audio-video materialları nəzərdən keçirməyə imkan yaradılmasını da istəyib.

Məhkəməyə sədrlik edən qeyd edib ki, hansı audio-video materiallar lazımdırsa, siyahısı təqdim olunsun və ona bu şərait yaradılacaq.

Məhkəmənin növbəti iclası dekabrın 16-na təyin edilib.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Dekabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri