İtaliyada Qəzzaya dəstək aksiyalarında 2 milyondan çox insan iştirak edib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Roma, 4 oktyabr, AZƏRTAC
Yerli həmkarlar ittifaqları İtaliyada Fələstin xalqına və Qəzza əhalisinə dəstək məqsədilə keçirilən yürüşlər və nümayişlərdə 2 milyondan çox insanın iştirak etdiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Milan, Turin və Bolonyadakı aksiyalarda təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında müəyyən gərginlik yaşandığı bildirilib. Ölkənin digər şəhərlərində küçələrə çıxanların böyük əksəriyyəti zorakılıq olmadan nümayiş keçirib.
Paytaxt Romadakı aksiyada 300 mindən, Milanda isə 100 mindən çox insan iştirak edib. Turin və Paduada 50 minədək insan küçələrə çıxıb.
İtaliyanın Daxili İşlər Nazirliyi isə ölkə üzrə 396 min 400 iştirakçının iştirak etdiyi 29 nümayişin təşkil edildiyini bildirib. Məlumata görə, ötən gün və oktyabrın 3-də aksiyalarda nümayişçilərlə qarşıdurmalar nəticəsində 55 polis əməkdaşı yaralanıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma


