Kənddə işıq, qaz, su ucuz olacaq? Kommunalla bağlı yeni müzakirə
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, deputat Eldar İbrahimovun çıxışı ictimaiyyətin diqqəti çəkib. Belə ki, o, kənddə kommunal ödənişlərin şəhərdəkindən ucuz olmasını təklif edib.
Sitat: “Camaat kənddən şəhərə niyə gəlir? Çünki kənddə yaşayan adamla şəhərdə yaşayan adamın işığa, qaza, suya görə ödədiyi pul eynidir. Halbuki kənddə az olmalıdır, çünki orada yaşayanlar şəhər sakinlərindən fərqli olaraq zavodda işləyib maaş almırlar”.
Maraqlıdır, deputatın irəli sürdüyü məsələ mümkündürmü? Azərbaycanda şəhərlərdə və kəndlərdə kommunal xidmətlərin qiymətləri fərqli ola bilər? Dünyada belə bir təcrübə varmı?
Globalinfo.az-a danışan iqtisadçı Emin Qəribli deyib ki, şəhərlərə axının qarşısını almaq və əhalinin bölgələrdə yaşamasını stimullaşdırmaq üçün kommunal tariflərin aşağı salınması maraqlı təklifdir.
“Beynəlxalq təcrübəyə nəzər salsaq, bəzi ölkələrdə tariflərin maya dəyərinə uyğun müəyyən edildiyini görürük. Yəni elektrik enerjisi və qazın istehsal mənbəyinə yaxın olan ərazilərdə məsrəflər daha aşağı olur və nəticədə tariflər də ucuz təyin edilir. Bu, tamamilə məntiqidir. Azərbaycanda isə əsas enerji mənbələri mazut və qazdır. Onların istehsalı müxtəlif bölgələrdə yerləşir. Məsələn, Mingəçevir və digər yaxın ərazilərdə tariflərin daha aşağı müəyyən edilməsi mümkündür. Lakin Naxçıvan kimi əsas mənbələrdən uzaq bölgələrdə elektrik enerjisi və digər kommunal xidmətlərin maya dəyəri daha yüksək olur və bu, tariflərin bahalaşmasına səbəb ola bilər. Əgər Qərbi Avropadakı kimi məsafəyə əsaslanan tarif mexanizmi tətbiq olunsa, bu, problemin köklü həlli olmayacaq”.
Emin Qəribli
İqtisadçı bildirib ki, digər mühüm məqam bazar iqtisadiyyatı şəraitində dövlət büdcəsinə düşən yükün azaldılması və sosial dəstək mexanizmləridir:
“Dövlətin əhaliyə yardımlar göstərməsi müsbət hal sayılsa da, bəzi beynəlxalq təşkilatlar bunu istehsal və bazar münasibətləri baxımından dövlət müdaxiləsi kimi qiymətləndirə bilər. Xüsusilə Ümumdünya Ticarət Təşkilatı kimi qurumlar buna birmənalı müsbət yanaşmırlar. Bəzi ölkələrdə enerji istehsalının cəmləşdiyi bölgələrdə dövlət subsidiya mexanizmlərindən istifadə edir. Elektrik enerjisi tarifləri subsidiya hesabına tənzimlənə bilər və bu, daha çox qəbul edilən bir model sayılır. Təcrübə göstərir ki, tariflərin birbaşa fərqləndirilməsindən daha çox, subsidiya yolu ilə dəstək göstərilməsi beynəlxalq praktikada daha məqbul hesab olunur”.
Emin Qəribli qeyd edib ki, Azərbaycanda hazırda tariflər dövlət tərəfindən müəyyən olunur və bütün bölgələr üçün eyni şəkildə tətbiq edilir:
“Gələcəkdə tariflərin bazar mexanizmləri əsasında formalaşdırılması gündəmə gəlsə, regionlar arasında fərqlərin yaranması mümkündür. Lakin bu yanaşmanın hansı fəsadlara yol aça biləcəyi indidən dəqiq proqnozlaşdırıla bilməz. Nəticə etibarilə, sözügedən məsələ olduqca mürəkkəbdir və işlək mexanizmə çevrilməsi üçün ciddi təhlil, geniş müzakirə tələb edir. Potensial problemlər az deyil və qərar qəbul edilərkən həm iqtisadi, həm sosial, həm də beynəlxalq faktorlar nəzərə alınmalıdır”.
Zaira Akifqızı
Globalinfo.az
Baxış sayı:91
Bu xəbər 24 Yanvar 2026 07:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















