Icma.az
close
up
RU
Kilsədə metafizik macəra

Kilsədə metafizik macəra

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanı haqqında

İndi Parisin başlıca simvollarından sayılan, milyonlarla turistin ziyarət ocağına, dünya liderlərinin görüş yerinə çevrilmiş bu məbədi on doqquzuncu əsrin birinci yarısında köhnəliyin qalığı kimi paytaxtın yaraşığını pozduğuna görə sökmək istəyirdilər. Xalqın dinə, kilsəyə, bütövlükdə, keçmişinə xor baxdığı bir zamanda Hüqonun qüdrətli qələmi möhtəşəm əsərinin baş qəhrəmanına çevirdiyi Notr-Dam kilsəsini yenidən ucaltdı, onu tək Parisin də yox, bütün dünya incəsənətinin əbədi rəmzinə çevirdi.

Viktor Hüqonun iyirmi doqquz yaşında tamamladığı bu əsər 1831-ci ilin yazında işıq üzü görər-görməz müəllifinə böyük şöhrət qazandırdı. “Paris Notr-Dam kilsəsi” fransız ədəbiyyatında ilk tarixi romandır, hərçənd bu romanı sözün hərfi mənasında tarixi əsər saymaq da olmaz, çünki burada tarixdən çox şey olsa da, tarixi proseslərə, şəxsiyyətlərə yer verilsə də, yazıçı keçmiş zamanın bədii salnaməsini yaratmağı qarşısına məqsəd qoymayıb, tarixin yaddaşına yazılmış-yazılmamış hadisələrdən öz ideyaları, qəhrəmanları üçün fon, dekorasiya kimi yararlanıb. Romandakı aparıcı personajlar (Klod Frollo, Kvazimodo, Esmeralda, Feb de Şatoper) müəllif təxəyyülünün məhsullarıdır, yalnız şair-dramaturq Pyer Qrenquarın XV əsrdə yaşamış gerçək prototipi var. Başqa sözlə, bu roman tarixi yox, bəlli tarixi zaman kontekstinə salınmış dini-fəlsəfi romandır.  Kitabın ilk fəslinin ilk cümlələri də buna dəlalət eləyir: “Düz üç yüz qırx səkkiz il altı ay on doqquz gün bundan əvvəl parislilər Qədim şəhərdə, Universitet məhəlləsində və Yeni şəhərdə gurlayan kilsə zənglərinin səsinə yuxudan oyandılar. Halbuki tarixdə 1482-ci ilin 6 yanvar gününə dair heç bir əlamətdar hadisə haqqında qeyd yoxdur. Həmin gün səhər çağı kilsə zənglərini hərəkətə gətirən, Paris əhalisini təşvişə salan heç bir qeyri-adi hadisə baş verməmişdi...” (tərcümə Mikayıl Rəfilinindir - yeri gəlmişkən, romanın adını “Paris Məryəm ana kilsəsi” kimi çevirənlərin olduğunu da xatırlayıram). Hərçənd əsər XV əsr Paris həyatının xronikası, insan mənzərələrinin gerçəkçi təsviri, real tarixin canlandırılmış versiyası kimi də maraqla oxunur.

Həcmi böyük olsa da, Hüqo ilk romanını altı aydan da az bir müddət ərzində birnəfəsə yazıb. Bundan sonra yaşadığı əlli dörd ildə daha bir neçə roman ortaya qoyubsa da, “Paris Notr-Dam kilsəsi” böyük yazıçının yaradıcılığında “Səfillər”dən sonrakı şərəfli yerini bu gün də qoruyub saxlayır. Müəllifin 1831-ci ilin fevralında əsərinə yazdığı kiçik bir girişi saymasaq, roman on bir kitabdan (bölümdən) ibarətdir. Hər kitab da özlüyündə fəsillərə bölünür.

***

“Paris Notr-Dam kilsəsi” - dini-idealist mesajlar, mənalarla yüklü, mistik kodlar, şifrələrlə kilidli metafizik dastandır. Əsərin süjetindən tutmuş kontrastlarına, kolliziyalarına qədər nəyi varsa - qəhrəmanların macəraları, çarpışmaları, törədilən cinayətlər, qətllər, hətta müəllifin yumoru, zarafatları belə metafizik xarakter daşıyır. Adı bəlli kilsənin özü elə metafizik aləmin simvoludur. Məbədin ətrafındakı küçələr, məhəllələr fani həyatın yükünü çəkən yerüstü dünyanın ayrı-ayrı fraqmentləridir. Notr-Dam kilsəsi Parisi basmış bulanıq insan selinin ortasında alınmaz qala kimi, sarsılmaz qaya kimi ucalan bir adadır. Bura Allahın evidir, Tanrı dərgahına sığınan kəsə zaval yoxdur.

İki fəsildən ibarət üçüncü kitabın “Paris Notr-Dam kilsəsi” adlı birinci fəslində Hüqo oxucunu bir sənət abidəsi kimi özündə mühafizəkar, ehkamçı, quru, zəhmli roman üslubundan sənətə, ürəyə yaxın əlvan, təmtəraqlı qotik üsluba keçidi, iki memarlıq məktəbinin sintezini əks elətdirən kilsənin quruluşuyla, “Yüksəklikdən görünən Paris” adlı ikinci fəslində isə buradan baxanda Parisin görünüşüylə tanış eləyir. Yazıçı zəng qülləsindən, quş uçuşu hündürlüyündən paytaxtın seyrinə dalır, Parisdə qaynayan coşqun həyatı metafizik ucalıqdan Allahın qüdrət nəzəriylə bir baxışda görməyə çalışır. Kilsə oxucunun gözü qarşısında real, maddi dünyanın fövqündə duran ideal, mistik bir aləm kimi açılır. Krallara baş əyməyən, ordulara yenilməyən bu aləmin öz qanunu, öz nizamnaməsi var. Buranın kralı Tanrı, kardinalı Məryəm oğlu İsadır. Bu dünyada zaman əldən-ələ keçmir, günlər dondan-dona girmir, burada hər gün bir gün, hər zaman eyni zamandır.

Romanın əsas qəhrəmanları adı portuqal dilində zümrüd mənası verən qaraçı qızı Esmeraldanın gözəlliyi ətrafında birləşirlər, hər birinin mahiyyəti gözlərindən, vücudundan həyat fışqıran bu saf, sadəlövh, şən qıza münasibətdə açılır (sonralar Dikkens, Dostoyevski kimi böyük yazıçılar da eyni üsuldan gen-bol yararlanacaqlar). Qızı mühasirəyə almış dörd aşiqin hər biri Esmeraldaya dördbucağın öz payına düşən bucağından baxır. Gözəlliyə münasibət onların şəxsiyyətini dəyərləndirməyin başlıca meyarıdır.

***

Şərq şairlərinin “zahid” adlandırdığı tipə tam uyğun gələn qaraqabaq, qaradinməz şəriətçi, otuz altı yaşına yeni çatsa da, vaxtından qabaq qocalmış, üzü qırışmış, saçı çallaşmış arxidiakon Klod Frollo nücum, kimya elmiylə başını qatmağa çalışır, fəqət canında qiyam qaldırmış şeytanı yuxuya verə bilmir. Bu yaşınacan qadın mehrinin nə olduğunu bilməyən baş keşiş Esmeraldanı tanıyandan bəri qara mantiya altında boğduğu ehtirasının, yasaq şəhvətinin öhdəsindən gələ bilmədiyinə görə bədəninə xəsarət yetirməklə içindəki şeytani vəsvəsədən qurtulmağa çalışır. Müəllif bu din xadimini ruhunu Mefistofelə satmış Fausta bənzədir. İblis onun can evini çoxdan kirələyib.

Keşişin bir zaman oğulluğa götürdüyü atılmış körpə - qozbel, axsaq, kar, kor zəngçi Kvazimodo dünyaya gələli heyvan kimi ömür sürüb, uşaqlığından məbəddə yaşayıb, işi, vəzifəsi nəhəng kilsə zənglərini səsləndirmək olub. Zəng səsi onun qulaqlarını batırdığından heç nə eşitmir. Adının da “demək olar”, “elə bil”, “guya” ifadələrinə yaxın bir mənası var. Ruhu da bədəni kimi kar-kordur, xeyiri şərdən seçə bilmir, nə mərhəmət, nə də vicdan tanıyır. Yalnız cəza meydanında susuzluqdan yananda Esmeraldanın ona verdiyi bir içim su Kvazimodonun şikəst, lal-kar ruhunu hərəkətə gətirir, Tanrı onun uçuq, xaraba komasına qonaq gəlir. Kvazimodonun ruhu da bədəni kimi güclü çıxır, çünki onun intuisiya dalğalarının axışına maneçilik törədəsi nə intellekti, nə də instinkti var; başqa sözlə, bu ruhun qarşısında əngəl olası nə bir yetkin ağıl, nə də sağlam, mükəmməl bədən var.

Ayğır kimi harın, arsız, kefcil Feb arxidiakon Frollonun antipodudur, o da Şərq şairlərinin “rind” dediyi xarakterə uyğun bir tipdir. Sonradan avaralıq, sərgərdanlıq yolu tutan şair-dramaturq, filosof Pyer Qrenquarı da bu tipdən saymaq olar (hərçənd gileyli şair xasiyyətcə nikbin, xudbin nişançının tərs üzüdür), ancaq anarxist oğrular, dilənçilər səltənətinə sığınan uğursuz filosofdan fərqli olaraq Feb de Şatoper krala xidmət göstərən igid, qoçaq nişançı, qayda-qanuna tabe nizam-intizamlı zabit, kübar cəmiyyətin zərif qəlbli yetirməsidir. Onun zahiri ehtişamına, parıltısına uyan Esmeralda axtardığı ağatlı oğlan, xilaskar obrazını rəsmən özünə ər seçdiyi şairin yox, məhz cəngavər Febin timsalında tapır, Feb isə sadəlövh qızın evlənmək barədə sualına kübar, tox istehzayla cavab verir. İnsanların ruhunu xilas eləmək keşiş Frollonun birbaşa vəzifəsi, missiyası olsa da, o da Esmeraldanı həyatın qurduğu tələlərdən, fələyin ağır zərbələrindən qorumaq barədə yox, canına daraşmış şəhvət cinindən, mübtəla olduğu qara sevdadan qurtulmaq barədə düşünür.

Davamı növbəti sayımızda...

Fəxri Uğurlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Fevral 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see265

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see183

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see177

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see176

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see171

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see171

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see170

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see170

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see168

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see168

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see167

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see167

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see165

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see165

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see164

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see163

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see162

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see160

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see158

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri