Kinorejissor Tahir Tahiroviç: Qarabağ müharibəsindən silahsız filmlər çəkməliyik
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Müsahibimiz kinorejissor Tahir Əliyev (Tahir Tahiroviç) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq Universitetinin kinorejissorluq fakültəsində (1993-1998) oxuyub, Türkiyə Cümhuriyyəti İstanbul Beykent Universitetində Sinema üzrə magistr təhsili alıb (2012-2014). O, müxtəlif illərdə "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti, "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində kinorejissor, "Salnamə" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb. 2016-2020-ci illərdə Aran Film Yaradıcılıq Mərkəzinin bədii rəhbəri olub. Bir çox Beynəlxalq Kino Festivalların iştirakçısı və qalibi olub. Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının üzvdür. "Parisdən məktublar", "Səsdən usanmışlar", "Qafqazdan Appeninə", "Düdəngədən Münhenə Polkovnik", "Gecikmə", "Cümhuriyyət tələbələri", "Mirzə Cəlilin Azərbaycanı" kimi 30-dan çox filmin rejissoru olan Tahir Əliyevlə söhbəti təqdim edirik.
- Tahir bəy, ad gününüz "Azərbaycanfilm" studiyasının yarandığı günlə üst-üstə düşür. Təsadüf, yoxsa qismət?
- Yox, mən təsadüfə çox inanan deyiləm. Qismətdir. Həm kino sahəsində illərlə çalışan, bu sənəti sevən bir insan olasan, həm də "Azərbaycanfilm" studiyasının yarandığı gündə dünyaya gələsən. Cümhuriyyət dövrünün həvəskar araşdırıcısı olduğum, o dövrü xüsusilə sevdiyim halda qəribədir ki, sovet hökumətinin qurulduğu, Cümhuriyyətin süqutu günü dünyaya gəlmişəm. Mənim bioloji doğum günüm 28 aprel olsa da, mənəvi doğum günüm 28 maydır. Çalışıram ki, ad günü münasibətilə yaxın ətrafımı 28 mayda bir araya yığım.
- Cümhuriyyətdən söz açılmışkən, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi ilə də yaxın dostluq münasibətiniz var.
- Bizi birləşdirən xüsusi dəyərlər var idi. Tale elə gətirdi ki, 14 yaşımdan Milli Azadlıq hərəkatına qoşuldum. Tanınmış kinotənqidçi Sevda Sultanova şahiddir. Hətta müsahibələrinin birində bu hadisəni danışıb. 1990-cı ildə üçrəngli bayrağın parçalarını tapmışdım. Sinif yoldaşımız Gündüz Arazla birgə o vaxtkı "Avrora", indiki "Qara Qarayev" metrosunun yaxınlığındakı bir dərzidə bayrağı tikdirdik, ay-ulduzu da birtəhər nəyləsə yapışdırdıq. Həmin ilin mart ayında çıxdım o bayrağı məktəbin üstündən asdım. Bayrağı asandan sonra rayon təhsil şöbəsindən tökülüşüb gəldilər, aləm dəydi bir-birinə. Dedilər, çıx, onu endir aşağı. Dedim, yox, necə o bayrağı ora qaldırmışamsa, eləcə orada qalmalıdır. Çıxıb özləri götürdülər. Amma mən şərt qoydum, dedim bir halda o bayrağı yenidən oradan asmamağa razılaşıram ki, uşaqlar hər gün "Koroğlu" uvertürası ilə dərsə girəcəklər. Bir həftə uvertüranın sədaları altında məktəbə girdik. Gəncliyimiz mənəvi tərəfdən mənalı, amma fiziki tərəfdən bir az ağrılı oldu. Bilirsiniz, 14-17 yaş aralığında sən gəzməlisən, sevməlisən, xoşbəxt anlar yaşamalısan. Biz neylədik? 20 Yanvarı yaşadıq, Qarabağ hadisələrini gördük, dövlət çevirilişləri, Sumqayıt hadisələri - ömrümüz bunlara getdi. Bunlar bizi bərkitdi, ictimai-siyasi hadisələrə öz fikrimizi bildirmək, təkcə kitab oxumaqla, filmə baxmaqla olmur. Onun üçün keçmişin, bazan olmalıdır. O illər bizə Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Ramiz Abutalıbov, Rüstəm İbrahimbəyov, Aydın Balayev, Akif Rəsulov kimi insanlarla dostluq etmək imkanı yaratdı. Rəsulzadə elə bir insandır ki, onun hər cümləsi, fotosu, qısa, beş saniyəlik videosu belə bizim üçün dəyərdir. Onun nəvəsi ilə danışmaq isə mənim üçün böyük bir şərəf oldu. Türklər demişkən, nə mutluyum ki, Rais müəllim də eyni qaydada məni çox istəyir, tez-tez danışırıq. Elə olub ki, xəstə olmasına baxmayaraq, mənim kitab sərgimə belə gəlib.

- "Salnaməfilm" studiyasının, Aran Film Yaradıcılıq Mərkəzinin bağlanmasına əsas səbəb nə oldu?
- Açığını deyim, bu məndən asılı olan bir şey deyil. Mən təklif irəli sürdüm ki, Aran Film Yaradıcılıq Mərkəzi yaransın, oturaq işləyək. "Salnaməfilm" kinostudiyasını mən yaratmamışam, yüz illərin studiyasıdır. Birinci hikkə, ikinci isə sevgisizlik. Həmişə deyirəm, vəzifəli şəxs idarə etdiyi kollektivin taleyini öz taleyinə bağlamamalıdır, tarixə bağlamalıdır. Bizdə elə deyil. İstəmirəm, qutardı. "Aranfilm" dörd il ərzində 92 sənədli film ortaya qoydu. İdman, elmi-kütləvi, portret, araşdırma, tarix kimi janrlara toxunaraq Azərbaycan üçün kino ensiklopediyası yaratdı, qonorarsız, sadə maaşa. Asudə şəkildə bunu yaratdıq. Kino inzibatçılığı sevmir. "Salnaməfilm" kinostudiyası ilə Azərbaycan tarixinə nə qədər işıq saldıq. Həmin studiyada on iki il fəaliyyət göstərmişəm. Çox təəssüflər olsun ki, bəzi adamlar bizim nə ilə məşğul olduğumuzu başa düşmədilər. Onlara sual versən ki, niyə belə oldu, deyəcəklər, heç bir problem yoxdur, hər şey yuxarıların diqqət və qayğısı altındadır, yeni perspektiv, yeni konsepsiyalar qururuq. Danışsalar, biz səhv olacağıq. Amma fakt budur ki, beş ildir yoxdur. Bundan sonra neyləyəcəksənsə, öz işindir. Hesabat verin ki, son beş ildə nə etmisiniz? Hesabat deyəndə bilirsiniz, bunlar nə başa düşürlər? Dövlətin pulunu hara xərcləmisiniz? Bir şilləlik günahı olana bir güllə vurmazlar. Saça bit düşəndə başı kəsmirlər ki. Amma bizdə elə deyil. Bu, "Salnamə"yə böyük haqsızlıqdır. Heç nə demirəm, sadəcə bir suala cavab versinlər: Səməd Vurğunun, Üzeyir Hacıbəyovun, Yusif Məmmədəliyevin indiyə gəlib çıxan dörd-beş kadrları var. Onlar çəkilməsəydi, nə olacaqdı? Bu sualın cavabını versinlər mənə. Kiminsə hikkəsinə görə xalqın mənəviyyatına necə zərbə vura bilərsiniz? Bu, gələcəkdir. Mən demirəm ki, gəl, məni çək, ya da vəzifə ver. Mənə lazım deyil. İş olsa, işləyəcəyəm, olmasa, işləməyəcəyəm. Sizə yalvaran deyiləm. Amma bu, mənim üçün böyük dərddir. Ada baxın: "Salnamə". 50 yaşım var, gördüyüm işlərə, çəkdiyim filmlərə baxanda başımı dik tuturam. Təkcə kinorejissor kimi yox, Azərbaycan tarixində həvəskar kimi də olsa, araşdırmalar etmişəm, filmə gələnləri filmə, kitaba gələnlərin kitaba, fotoya gələnləri fotoya köçürmüşəm. Mənim çiynimdə bir yük var idi və onu daşımalı idim, gələcək nəsillərə çatdırmalı idim. Yayda biz kinostudiyada oturmurduq ki, rayonlara gedib teatr məşqlərini çəkirdik, məktəbliləri, sadə kənd insanlarını çəkirdik. Bəs yaxşı, Azərbaycan xalqı sadə zəhmətkeşini, elm adamını sabah araşdırma aparanda, bir film çəkəndə haradan görməlidir? Telefon, televiziya fond deyil. Bunların hamısı Dövlət Kino-Foto Arxivində qalmalıdır. Bunların hamısı sevgisizlikdən irəli gəlir. Belə olmaz. 1943-cü illərdə Vinston Çörçilə büdcəni gətiriblər, o da baxıb görüb ki, mədəniyyət sahəsinə pul ayırmayıblar. Soruşub ki, bəs niyə belədir? Deyiblər ki, müharibə gedir, neyləyirsən mədəniyyəti? Çörçil də deyib ki, mədəniyyət yoxdursa, biz onda niyə müharibə aparırıq?
- Sosial şəbəkədə olan paylaşımlarınızdan biri diqqətimi çəkdi: "Kino sahəsinə rəhbərlik edənlər sərin və komfortlu otaqlarda ağız-ağıza verib yatanda biz illərlə film gözləyən kinematoqrafçıların səssiz haraylarını eşitdik və gördük". Tahir bəy, bəs o haraylara hay verə bildinizmi?
- Düşünürəm ki, Azərbaycan kinosunun ən böyük problemi idarəetmədə olub. Düzdür, bir ara dirçəliş oldu. Həmin harayların bir qisminə qulaq asdılar. Bir dəfə keçmiş nazirlərin birindən xaiş elədim ki, bir nəfər var, onu işdən çıxardın, ayıbdır. Onu elədi. İndi bürokratik bir vəziyyət yaranıb. Yuxarıda oturan elə adamlar var ki, elə bilirlər, düzünü ancaq onlar bilirlər. Əgər sən vəzifədə deyilsənsə, düz danışa bilməzsən. Bir dəfə status yazmışdım ki, "Salnamə" batır, buna icazə verməyin. Gördüm, mənə zəng gəlir, deyilər, niyə onu yazmısan? Dedim, başa düşmədim, bunu ancaq siz deyə bilərsiniz? Kinomuzun problemini, yaxşısını, pisini təkcə siz deyə bilərsiniz?
- Son zamanlar gündəmi zəbt edən bir mövzu var - müharibə mövzusunda qələbə filmlərinin çəkilməsi. Bir qrup insan həmin filmlərin çəkilməməsinə narazı olduğu halda, bir qismi də bildirir ki, müharibə filmi çəkmək üçün, əsər yaratmaq üçün uzun müddət vaxt keçməlidir. Siz bu barədə nə düşünürsünüz?
- Mən belə düşünmürəm. Biz hər şeyi qələbəyə bağlamamalıyıq. "Şərikli çörək"də, "Mən heç gözəl deyiləm"də qələbə səhnələri var? Heç tüfəng, güllə səsi də yoxdur. Orada insan talelərini göstərsək, daha maraqlı olar. Mən tank, silah, vuruşma səhnələrini sevmirəm. İnsanın mənəviyyatına təsir edən səhnələri çəkib göstərmək lazımdır. "Bizim Cəbiş müəllim"i "Şərikli çörəy"i çəkməliyik. Qarabağ müharibəsindən silahsız filmlər çəkməliyik. Orada silah, güllə, tank, avtomat varsa, o, kino yox, xronikadır. Qarabağ bizə 30 il ərzində nələr yaşadıbsa, onu, dərdimizi çəkməliyik. Elxan Qasımovun "Biz qayıdacağıq" filmini çəkməliyik, bir uşağın taleyini çəkməliyik. İnanıram ki, gənclərimiz bu mövzuda yaxın vaxtlarda öz sözlərini deyəcəklər. Onlara inanıram.
- Yaxın günlərdə Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) rəhbər vəzifələrinə yeni təyinatlar oldu. Onlardan hansısa gözləntiləriniz var?
- Bizə yalnız ümid etmək qalır. İnanırıq ki, bundan sonra daha praqmatik, kütləvi işlər artacaq. Nə qədər çox film çəkilsə, Azərbaycan kinosuna xeyirdir. Uğurlar diləyirəm.
Ləman İLKİN


