Icma.az
close
up
RU
Kiyevin Salomensk rayonu: Sıra ilə dağıdılmış evlər

Kiyevin Salomensk rayonu: Sıra ilə dağıdılmış evlər

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gecə boyunca davam edən hava döyüşləri paytaxt Kiyevi elə bir duruma salmışdı ki, səhər tezdən boş küçələr ucqar, kimsəsiz qəsəbəni xatırladır. İnsanlar ya hələ də sığınacaqlardan çıxmayıblar, ya səhərə qədər hava zərbələri və həyəcan siqnalının səsindən yorulub, hələ indi yuxuya gediblər. Ya da zərbələrdən dağılan evlərin ətrafına toplaşıblar.

Dayanacaqda çox da gözləmədim. Yanımdan keçən boş tramvaya sıçrayıb, cəmi 10 dəqiqə sonra gecə zərbələrdən dağılmış çoxmərtəbəli evlərin yanında düşdüm. Bura Kiyevin Salomensk rayonudur, mərkəzdən elə də uzaq deyil. Kiyevin ikinci mülki hava limanı olan Julyansk bu rayonun ərazisində olduğu üçün, deyilənə görə, hava zərbələri burada çox intensiv olur. Rusiya ordusu dronları daha çox bura tuşlayır.

Ətraf xaos içində idi. Yanaşı bir neçə kvartala ardıcıl dron və raket qalıqları, sanki şahmat stilində düşmüşdü. Sıra ilə dağıdılmışdı evlər... Təcili yardım maşınları, xilasedicilər, polis və hərbçilər, jurnalistlər, dağıntılar altından yaxınlarını gözləyənlər... hamı qarışmışdı bir-birinə...

Düz eyvandan içəri girərək alt-üst iki mərtəbəsini dron dağıdan beşmərtəbəli çoxmənzilli evlərdən birinin qabağından çəkilişə başladım. Bu zaman gözüm təxminən 13-14 yaşlı, dayanmadan dağılmış eyvana durub tamaşa edən, qeyri-ixtiyari əlini yelləyən bir oğlana sataşdı. Ehmalca yaxınlaşıb söhbətə tutdum. Hadisənin təsirindən eyforiyada idi. Amma az yaşına uyğun olamayan bir iradə ilə suallara ötkəm cavab verməyə çalışdı. Hətta baş verənləri nəql etməyə başladı.

Eyvanına dron girən mənzilin alt mərtəbəsindəki ev onların idi. Anası ilə yaşayırmış. Adı İvandır. Atasını erkən yaşda itirib. Deyir, səhərə yaxın ardıcıl partlayışların ardınca evlərinə də dron düşüb və aləm qarışıb:

"Bilirdim ki, bir gün bizim də başımıza düşəcək. Buralarda tez-tez gecələr partlayışlar olur. "YouTube"da girib izləmişdim, partlayış olanda necə sağ qalmaq olar. Həyəcan siqnalı verilən kimi mən hamama qaçıb vannaya girdim. Tez əl dəsmalını isladıb, hazır saxladım. Anam qonşuya keçib rəfiqəsi ilə orada sığınmışdı. Səhərə qədər orada gözlədim. Düşündüm yəqin sovuşdu hər şey. Hazırlaşırdım çıxıb qonşuya keçim anamın ardınca, qəfil partlayış oldu, tüstü, yanğın içəri doldu. Tez yaş dəsmalı maska kimi üzümə çəkdim ki, boğulmayım. Evimizin içi dağılmışdı. Sürünüb qonşuya anamın ardınca keçmək istəyəndə, dəhlizdə xilasedicilər məni götürdülər. Anamı həyətdə gördüm. Şükür, sağ idi, amma özündən getmişdi deyə həkimlər onu az əvvəl xəstəxanaya götürdülər. Mən buradan uzaqlaşa bilmirəm. Hər şeyim, hətta balaca pişiyim də orada qalıb. Ora baxıram. İçəridə xilasedicilər işləyirlər…"

Aramla başına gələnləri danışan İvan dönüb yenə mənzillərinə doğru boylandı...

Ayrılıb getmək istəyirdim ki, arxadan səsləndi:

"Qonşu məhəllədə dağılan binada anamın bacısı - xalam yaşayır. Adı Lesyadır. Xersondan qaçqın gəliblər. Əri döyüşür. Özünün də 3 aylıq oğlu var. O mənim yeganə qardaşım sayılır. Ora çox dağılıb. Ora gedin. Mən də bir azdan gələcəyəm xalamın və balaca qardaşımın yanında olum. Anam qayıdan kimi onları soruşacaq..."

Onu axıra kimi dinləyib, "hər şey yaxşı olacaq" təskinliyini əlimdən gəldiyi qədər verib, dediyi evə doğru getdim. Burada vəziyyət daha dəhşətli idi. Bir 9 mərtəbəli evin üzərinə 2 dron və bir raket başlığı eyni anda düşmüşdü. Binanın ortası yoxa çıxmışdı. Qısası, hörmətli oxucu, binanın sakinlərinin yarısı həyətdə toplaşıb, qalan yarısının dağıntıların altında tapılmasını gözləyirdilər. Mən ora çatanda səhər saat 10 idi. Həmin anda bir binanın 2 blokunda artıq 10 nəfərin öldüyünü bildirdilər. Yanğınsöndürənlər, xilasedicilər ildırım sürəti ilə çalışırdılar. Sanki dağıntılar altında son nəfəsdə olan kiməsə çatmaq üçün.

Çəkilişlərimi sakinlərlə edərək, arada Fövqəladə Hallar Xidmətinin buradakı məsul şəxsini də tapdım. Əlüstü rəsmi statistika ilə bağlı qeydlərimi götürdüm, çəkdim. Kiyev Fövqəladə Hallar Xidmətinin sözçüsü Pavlo Petrov bu binanın ötən gecə şəhərdə ən çox zərbə alan nöqtə olduğunu deyir:

"Daha çox itki buradadır. Axtarış davam edir, hazırkı ana qədər təkcə burada 10 nəfər ölüb, 20 nəfər itkin düşüb. Ölənlərdən üçünün meyitinin yararsız hala düşdüyündən şəxsiyyəti bilinmir hələ..."

Sözçü fikrini bitirdi, kameranı söndürüb uzaqlaşırdım ki, arxadan səsləndi:

"Ölənlərdən biri 3 aylıq körpəsi ilə bir gənc anadır. Yazıq 8-ci mərtəbənin eyvanından uşaq qarışıq düşüb, elə yerindəcə ölüb..."

"Adı nədir? Şəxsiyyəti bilinirmi?" - deyə tez dönüb soruşdum.

"Hə (əlini cibinə salıb kağız çıxarıb oxudu), Lesya Abramova, Xerson sakinidir, 34 yaşı olub…" - deyə o davam etsə də, ardını mən eşitmədim...

Körpə uşağı ilə ölən bu qadın, bayaqkı İvanın xalası və balaca xalası oğlu, özünün dediyi kimi, yeganə qardaşı idi…

Mübariz Aslanov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Sentyabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri