Kosmik sənayenin inkişafında yeni uğurlara imza atıldı TƏHLİL
Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2025-ci il başa çatır. Böyük fərəh və qürur hissi ilə demək olar ki, Azərbaycan dövləti və xalqı üçün 2025-ci il uğurlu illərdən oldu. Prezident, Fateh Sərkərdə İlham Əliyev tərəfindən elan olunan “Konstitusiya və suverenlik ili" çərçivəsində ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlər keçirildi, iqtisadi, siyasi layihələr icra olundu. “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilən ərazilərimizdə infrastruktur layihələrinin sürətləndirilməsi və məşğulluğun təmin olunması istiqamətində möhtəşəm işlər görüldü, təmir-tikinti işlərindən sonra insanların öz doğma yurd yerlərinə qayıdışı davam etdirildi. Təbii ki, qazanılan nailiyyətlər ölkə Prezidenti İlham Əliyevin “Əldə olunan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq” tarixi fikirlərinə əsaslanır. Bu baxımdan əminliklə demək olar ki, qarşıdan gələn 2026-ci ildə xalqımız və dövlətimiz üçün uğurlu illərdən olacaq. Bunu 2026-cı ilin dövlət büdcəsi də təsdiqləyir. 2026-cı il üçün əhalinin gəlirlərinin artacağı proqnozlaşdırılır. 2026-cı ilin dövlət büdcəsində əməyin ödənişi xərclərinə 10247,6 milyon manat (2025-ci illə müqayisədə 524,7 milyon manat və ya 5,4 faiz çox) və ya xərclərin 24,6 faizi həcmində, malların (işlərin və xidmətlərin) satın alınmasına 7038,5 milyon manat (2025-ci illə müqayisədə 1529,1 milyon manat və ya 27,8 faiz çox) və ya xərclərin 16,9 faizi həcmində, faizlər üzrə ödənişlərə 1380,6 milyon manat (2025-ci illə müqayisədə 80,6 milyon manat və ya 6,2 faiz çox) və ya xərclərin 3,3 faizi həcmində, subsidiyaların ödənilməsinə 1071,4 milyon manat və ya xərclərin 2,6 faizi həcmində, qrantlar və digər ödənişlərə 3308,1 milyon manat və ya xərclərin 7,9 faizi həcmində, sosial ödənişlərə 3433,6 milyon manat (2025-ci illə müqayisədə 68,9 milyon manat və ya 2,0 faiz çox) və ya xərclərin 8,2 faizi həcmində, dövlət icbari şəxsi sığorta xərclərinə 62,1 milyon manat (2025-ci illə müqayisədə 11,1 milyon manat və ya 21,6 faiz çox) və ya xərclərin 0,1 faizi həcmində, qeyri-maliyyə aktivlərinin alınmasına 13901,8 milyon manat və ya xərclərin 33,3 faizi həcmində, maliyyə aktivləri üzrə əməliyyatlara 183,0 milyon manat və ya xərclərin 0,4 faizi həcmində, öhdəliklər üzrə əməliyyatlara 1077,0 milyon manat və ya xərclərin 2,7 faizi həcmində vəsait nəzərdə tutulub. Xərclərin ünvanlılığının daha da artırılması və aidiyyəti xərc maddələrində proqnozlaşdırılması hesabına "Sair xərclər" maddəsi üzrə 2025-ci illə müqayisədə 2026-cı ilin dövlət büdcəsində 225,2 milyon manat və ya 17,6 faiz az vəsait proqnozlaşdırılır.
Azərbaycan özünün yeni inkişaf dövrünü yaşayır
Söz yox ki, 2026-cı ildə İKT sektorunda yeni uğurlara imza atılacaq. Bunun üçün hər cür şərait və imkanlar mövcuddur. Məlum faktdır ki, informasiya-kommunikasiya texnologiyaları hər bir ölkənin sosial-iqtisadi həyatında mühüm rola malikdir. Bunu nəzərə alan Ulu Öndərimiz Heydər Əliyev 2003-cü il 17 fevral tarixində "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)"nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı. "İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya" rabitə və informasiya texnologiyaları sahəsində kompleks tədbirlərin həyata keçirilməsində, bu sahənin qanunvericilik bazasının gücləndirilməsində əhəmiyyətli rol oynadı. Bu baxımdan demək olar ki, bu gün informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlər Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 2003-cü il prezident seçkilərində xalqın mütləq dəstəyini qazanaraq Azərbaycan Prezidenti seçilən Ulu Öndər Heydər Əliyevin ən layiqli siyasi varisi Cənab İlham Əliyev ölkəmizin bütün sahələrinə olduğu kimi informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına da xüsusi önəm verdi və bu sahənin inkişafı üçün dövlət proqramları, fərman və sərəncamlar imzaladı. Prezident İlham Əliyevin 2005-ci il 22 oktyabrında imzaladığı "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" fərmanı rabitə və informasiya texnologiyalarının geniş tətbiqinə yeni imkanlar açdı. Dövlət Proqramı ölkəmizin hər bir yerində rabitə və informasiya texnologiyalarının geniş yayılmasını təmin etmiş oldu.
Görülən işlərin məntiqi olaraq artıq ölkəmizdə elektron hökumətin yaradılması, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılıb. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2008-ci ildə "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması", 2009-cu ildə ölkədə "Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında" və 2010-cu ildə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında imzalanan sərəncamlar ölkəmizdə yüksək texnologiyaların tətbiqinə və kosmik sənayenin yaradılmasına göstərilən böyük diqqətin nümunəsidir. 2023-cü il də Milli Məclis “Kosmik fəaliyyət haqqında” qanun qəbul etdi. Belə bir qanunu qəbul edən dünya miqyasında cəmi 16 dövlət var ki, onlardan bir də Azərbaycandır. “Kosmik fəaliyyət haqqında” kosmik texnologiyanın üstünlüklərinin ölkəmizdə təbliği və yayılması, eləcə də qarşılıqlı anlaşma və etimadın gücləndirilməsi üçün çox vacibdir. 2024-cü ilin əvvəlində Azərbaycan geostasionar orbitdə məhdud resursa sahib ölkələr arasında özünəməxsus orbital mövqeyi ilə söz sahibi oldu. Belə ki, “Azerspace-1” telekommunikasiya peykinin olduğu 46° şərq uzunluğu orbital mövqeyinin C və Ku tezlik diapazonları artıq Azərbaycana məxsusdur. Avropanın, ABŞ-ın və Azərbaycanın tanınmış mütəxəsislərinin birgə əməkdaşlığı ilə 2013-cü il də orbitə çıxarılan "Azərspase-Azərbaycanın ilk telekommunikasiya peyki informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi ilə yanaşı, böyük həcmdə xarici valyutanın təmin olunmasında da mühüm rola malikdir. Azərbaycan Prezidenti İlham Əliyev orbitə buraxılan Azərbaycan peyklərinin iqtisadi səmərəsi ilə bağlı demişdir: “Gələcəkdə bu sahənin hər bir ölkə üçün nə qədər vacib olduğunu, əminəm ki, hər kəs görəcəkdir. Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır. Mən buna əminəm. Mən çox şadam ki, biz bu istiqamətdə bütün işləri planlı, məqsədyönlü şəkildə aparırıq. Bütün addımları atırıq ki, ölkəmiz daha da güclənsin, Azərbaycan daha da müasir dövlətə çevrilsin”.
“Azərbaycanın Zəfəri” peyki orbitdə
Hazırda "Azərspace-1" peyki vasitəsilə Azərbaycan, türk, ingilis, gürcü, fars, əfqan və digər dillərdə 120-dən artıq televiziya kanalı yayımlanır. "Azərspace -1" peykin orbitə çıxarılmasının ardınca 2018-ci il sentyabrın 26-da Fransanın Qvianasında yerləşən Kuru kosmodromundan Azərbaycanın “Azerspace-2” peyki orbitə buraxıldı. Prezident İlham Əliyev “Azərspace 2” peykinin orbitə buraxılması münasibətilə xalqa təbrikində demişdir: “Azərbaycan qısa müddət ərzində dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilibdir. Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir. Bizim yolumuz inkişaf yoludur, tərəqqi yoludur və bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir. “Azerspace 2” telekommunikasiya peykinin orbitə çıxarılması bizim növbəti tarixi qələbəmizdir. Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək”. Azərbaycanın orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən olması onu deməyə əsas verir ki, ölkəmiz yaxın gələcəkdə regional kosmik sənaye mərkəzinə çevriləcək. Yerli və xarici mütəxəssilər o fikirdədirlər ki, 2023-cü ildə kosmik sənayenin inkişafı üçün çox gözəl imkanları olan Azərbaycanda İKT sektorundan əldə olunan gəlirlər neft gəlirlərini üstələyəcək. Bu istiqamətdə Azərbaycanın dünya ölkələri ilə əməkdaşlığı artır və daha da dərinləşir. Bütün bunlar Azərbaycanda uğurla həyata keçirilən dövlət siyasətinin göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi "Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var.Əsas məsələ ondan ibarətdir ki, bütün bu strategiyamızı düzgün planlaşdıraq və addımlarımızı düzgün ataq ki, Azərbaycan bu sahədə də birincilər sırasında olsun".
Göründüyü kimi, 2025-ci il Azərbaycanda bütün sahələr üzrə uğurlu, yadda qalan illərdən birinə çevrilir. Kosmik sənayenin inkişafı sahəsində qazanılan nailliyyətlər daha ürəkaçandır. Hətta elə bir müsbət nəticələr var ki, cəmiyyətin fəal təbəqlərindən olan gənclər, məktəb şagirdləri də bu və digər fəaliyyətləri ilə kosmik sənayenin inkişafına öz töhfələrini verməyə çalışırlar. Bu il Azərbaycanlı məktəblilərin hazırladığı ilk peyk Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələr Bazasından SpaceX şirkətinin “Falcon 9” raketi ilə uğurla orbitə göndərilib.Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın “Milli Peyk İnnovasiya” müsabiqəsi çərçivəsində 7–9-cu sinif şagirdləri tərəfindən hazırlanan bu kiçik ölçülü - “PocketQube” tipli peyk artıq kosmosdadır. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi zəfərin 5 illiyinə həsr olunan bu peykin adı da “Azərbaycanın Zəfəri”dir.Bu qürurverici layihə ölkənin təhsil və innovasiya ekosistemində tarixi dönüş nöqtəsi hesab olunur. Azərbaycanın 41 məktəbindən 672 şagirdin iştirak etdiyi proqram regionda məktəblilər arasında həyata keçirilən ən geniş kosmik təşəbbüslərdən biri kimi qeyd olunur. Zəfər peyki 297 nömrəli məktəbin şagirdləri tərəfindən hazırlanıb. Layihə gənc nəsildə vətənpərvərlik ruhunu, yaradıcı düşüncəni və texnoloji marağı birləşdirən hadisə kimi dəyərləndirilir.
“Azərbaycanın Zəfəri” peykimiz orbitdə baza sınaqlarını həyata keçirəcək, telemetriya məlumatları toplayacaq və şagirdlərə buraxılışdan sonra da peyk əməliyyatları üzərində real təcrübə əldə etmək imkanı verəcək.Bu buraxılış Azərkosmosun yerli istedadların inkişafına, gənclərin innovativ təşəbbüslərinə və dayanıqlı milli kosmik ekosistemin qurulmasına yönəlmiş fəaliyyətinin növbəti mərhələsini təşkil edir.
Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan nəinki, regionun ümumilikdə dünyanın əsas kosmik güc mərkəzlərindən birinə çevrilib, Prezidentimiz İlham Əliyevin dediyi kimi, Azərbaycan kosmik dövlətə çevrilib: “Bunu hələ bir neçə il bundan əvvəl təsəvvür etmək belə çətin idi. Hazırda bizim iki peykimiz var - telekommunikasiya və əraziləri müşahidə peykləri. Üçüncü peyk bu il orbitə buraxılacaq. Azərbaycan dünyanın məhdud olan kosmik klubunun üzvüdür. Bu, texnologiyadır, təhsildir, biznesdir və inkişafdır”.
İLHAM ƏLİYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 29 Dekabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















