Icma.az
close
up
RU
Lələtəpəni geri almaq ohanyanların “yem”i deyildi...

Lələtəpəni geri almaq ohanyanların “yem”i deyildi...

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Uğursuz əks-hücum erməni cəmiyyətində günahkar axtarışını alovlandırır

Ermənistan ordusunun darmadağın olması ilə başa çatmış İkinci Qarabağ müharibəsi ilə bağlı İrəvanda daha bir məhkəmə prosesi başlayıb. Bu dəfə müttəhimlər kürsüsündə 1988-ci ildən Qarabağda başlamış qanlı separatizm hərəkatının, o cümlədən Xocalı soyqırımının fəal iştirakçısı, ölkənin sabiq (2008–2016-cı illərdə) müdafiə naziri, hazırda parlamentdəki əsas müxalifət fraksiyası olan “Hayastan”ın rəhbəri Seyran Ohanyanın oğlu Artur Ohanyan əyləşib.

Ölkə prokurorluğu A.Ohanyanı 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin Lələtəpə strateji yüksəkliyi istiqamətində irəliləməsinin qarşısını ala bilməməkdə ittiham edir. İstintaq bu qənaətə gəlib ki, hərbi hissə komandiri, polkovnik rütbəli A.Ohanyan 2020-ci il oktyabrın 6–7-də səhlənkarlıq göstərib. Onun xidməti vəzifələrini lazımınca yerinə yetirməməsi ağır nəticələrə gətirib çıxarıb. Prokurorluğun məlumatına görə, Ohanyan oktyabrın 6-da keçmiş qondarma separatçı rejimin “müdafiə ordusu”nun komandanından Horadiz–Lələtəpə istiqamətində hücuma keçmək və yarılmış müdafiə xəttini bərpa etmək barədə tapşırıq alıb.

Lakin bir sıra sistemli uğursuzluqlar, o cümlədən tapşırığın lazımınca yerinə yetirilməməsi, bölmələr arasında qarşılıqlı əlaqənin olmaması, irəliləmə ardıcıllığının pozulması, qüvvələrin qeyri-adekvat bölüşdürülməsi, gələcək fəaliyyətlərin planlaşdırılmaması kimi səbəblərdən dislokasiya yerinə gec, xeyli az sayda canlı qüvvə və texnika gəlib ki, bu da döyüş tapşırığının uğursuzluğuna səbəb olub.

Bundan başqa, istintaq müəyyən edib ki, Ohanyanın komandanlığı altında olan iki tabor faktiki olaraq fərarilik edib. İş üzrə müəyyən edilib ki, hərbi hissənin tabor komandiri, polkovnik-leytenant Q.A. silah-sursatın inventarlaşdırılması bəhanəsi ilə döyüş tapşırığının icrasında iştirakdan imtina edib. O, hücuma keçən taboru komandanlıqdan icazə almadan geri döndərərək əvvəlki mövqeyinə qaytarıb. Daha bir tabor komandiri Q.M. tankla birgə tank əleyhinə xəndəyə aşıb. O, xəsarət almasa da, bölməsi ilə hücumu başa çatdırmaqdan imtina edib.

Beləliklə, Ohanyana qarşı “hərbi vəziyyət, müharibə və ya döyüş şəraitində xidmətə səhlənkar münasibət” maddəsi, Q.A.-ya və Q.M.-ə isə “hərbi vəziyyət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirməkdən imtina” maddələri ilə cinayət işi başlanıb. Təqsirləndirilən şəxslərin azadlıqda olmalarına baxmayaraq, məhkəmə onların ölkədən kənara çıxmasına qadağa qoyub. Yeri gəlmişkən, bildirək ki, bundan əvvəl həmin əməliyyatın uğursuzluğu və digər epizodlar üzrə, keçmiş separatçı rejimin “müdafiə ordusu” komandanı, general Cəlal Arutyunyan 5,5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd etmək lazımdır ki, Lələtəpə istiqamətində hücum üzrə uğursuz əməliyyat Ermənistanda İkinci Qarabağ müharibəsinin ən ağrılı epizodlarından biri kimi qəbul olunur. 2020-ci il oktyabrın əvvəlində Azərbaycan Ordusunun Füzuli–Cəbrayıl istiqamətində sürətlə irəliləməsi fonunda Ermənistan komandanlığı əks-hücum təşkil etməyə cəhd göstərib. Hazırlanmış plana əsasən, erməni silahlı birləşmələri zirehli texnikanın dəstəyi ilə Lələtəpə yüksəkliyini geri almalı və Araz çayı boyunca irəliləyən Azərbaycan birləşmələrini mühasirəyə salmalı idi. Lakin bu plan tam fiaskoya uğrayıb. Azərbaycan tərəfi düşmən qoşunlarının cəmləşdiyi ərazini vaxtında müəyyən edib və qabaqlayıcı irimiqyaslı artilleriya zərbəsi endirib. Hücuma göndərilən tank taboru məhv edilib. Rəsmi məlumatlara görə, erməni tərəfi cəbhə xəttinə belə çatmadan ­700-dən çox əsgər və onlarca texnika itirib.

Müharibə başa çatdıqdan, yəni, 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanat imzalandıqdan sonra Ermənistanla bu epizodla bağlı faktlara dair araşdırmalara başlanılıb. Müxalifət əməliyyatın, guya, şəxsən baş nazir Nikol Paşinyanın təşəbbüsü ilə başlandığını və 2016-cı il Aprel döyüşləri zamanı itirilən Lələtəpəyə nəzarəti bərpa etmək məqsədi daşıdığını iddia edib. Baş nazir özü bu əməliyyatın hazırlanmasında birbaşa iştirakını inkar edərək, hücum qərarının hərbi komandanlıq tərəfindən verildiyini vurğulamışdı. Nikol 2021-ci ildə bu ittihamlara cavab olaraq demişdi: “Tamamilə cəfəngiyyatdır! Bu təklifin müəllifi general olub. O, bunu real hesab edib və planı işə salıb”.

İndi isə Ermənistan baş prokurorluğunun ittiham aktına əsasən, məlum olur ki, əməliyyatın uğursuzluğuna görə məsuliyyət N.Paşinyana qarşı radikal müxalifətdə dayanan S.Ohanyanın oğlunun üzərinə qoyulub. O, həmin vaxt “Qarabağın müdafiə ordusu” adlanan qurumda yüksək vəzifə tutub. İddia edilir ki, tapşırığın planlaşdırılması və icrasında kobud səhvlərə yol verib.

Öz növbəsində Seyran Ohanyan konkret hərbi epizodlara münasibət bildirməyəcəyini deyib. Eyni zamanda, oğlunun əmrlə hərəkət etdiyini, məsuliyyəti də əmri verənlərin daşıdığını vurğulayıb: “Mənim oğlum komandan deyil, icraçı olub. Rəhbərlik ordu komandanlığı səviyyəsində həyata keçirilib”.

A.Ohanyanın vəkilləri əmin olduqlarını bildiriblər ki, məhkəmə araşdırması Lələtəpədəki uğursuzluğun əsl səbəblərinin aydınlaşacağına imkan verəcək. Onların fikrincə, müttəhimlər kürsüsündə strateji qərarlar qəbul edən yox, çətin döyüş şəraitinə düşmüş icraçı əyləşib. Qeyd ediblər ki, A.Ohanyana qarşı irəli sürülən “xidmətə səhlənkar münasibət” ittihamı faktiki olaraq, taktiki səviyyədəki bir zabitin məsuliyyətini əhatə edir. Lakin əmr yuxarıdan – “müdafiə ordusu”nun rəhbərliyindən və ya daha yüksək strukturlardan gəlibsə, bu zaman əsas məsuliyyət planı hazırlayan və hücuma göstəriş verənlərin üzərinə düşür. Vəkil Vigen Ambarsumyan deyib ki, əgər məqsəd əməliyyatın real səbəblərini ortaya çıxarmaqdırsa, bu halda təkcə icraçının deyil, əmri verən şəxslərin, o cümlədən ehtimal olunan siyasi rəhbərliyin də məsuliyyəti araşdırılmalıdır. Əks halda, bu, siyasi motivli “günah keçisi” axtarışı kimi görünür.

Onu da bildirək ki, istintaq materiallarında qeyd olunan əsas nöqsanlar (qarşılıqlı əlaqənin olmaması, ardıcıllığın pozulması, planlaşdırmanın zəifliyi) Ermənistan ordusunun struktur böhranını əks etdirir. Bu isə tək bir şəxsin deyil, ümumilikdə, hərbi sistemin iflasıdır. Ermənistan cəmiyyətində də bu qənaət getdikcə güclənir: Paşinyan hakimiyyəti hərbi fiaskonun əsas səbəblərindən biri olan sistemsizlik və qeyri-peşəkarlıqdan yayınmaq üçün məsuliyyəti fərdi şəxslərin üzərinə atır.

Ermənistandakı siyasi gərginliyi və 44 günlük müharibənin nəticələrindən əhalinin narazılığını nəzərə alsaq, Lələtəpə əməliyyatı ilə bağlı məhkəmə təkcə hüquqi deyil, həm də siyasi presedentə çevrilə bilər. Burada əsas məsələyə aydınlıq gətiriləcək: bütün kampaniyanın uğursuzluğuna görə həqiqətən kim məsuliyyət daşıyır – ordu, ayrı-ayrı zabitlər, yoxsa dövlət orqanları? Lələtəpə istiqamətində baş vermiş uğursuzluq Ermənistan ictimai şüurunda “utanc rəmzi” kimi qalır. Əsgərlərin fərariliyi, texnikanın dislokasiya yerində çatışmaması, artilleriya hazırlığının yoxluğu – bütün bunlar Ermənistan ictimaiyyətində ciddi narazılıq yaradıb. Bu fonda günahkar axtarışı siyasi və ictimai təzyiqlərlə müşayiət olunur. Hazırkı məhkəmə əhalinin narazılığını bir fiqura yönəltmək, yəni “daxili düşmən” obrazı yaratmaq cəhdi də ola bilər.

Onu da bildirək ki, Ermənistanda İkinci Qarabağ müharibəsinin nəticələri ilə hələ də barışmaq istəməyən böyük bir kütlə var. Bu kütlə təqsirkar axtarışındadır. Ancaq bu məhkəmə onların suallarına cavab verməkdənsə, daha çox siyasi hədəflərə yönəldilmiş görünür. Əgər doğrudan da məqsəd həqiqətin üzə çıxarılmasıdırsa, əməliyyatın planlaşdırılmasında, koordinasiyasında və qərarların verilməsində iştirak edən daha yüksək vəzifəli şəxslər də mühakimə olunmalıdır. Əks halda bu proses, sadəcə olaraq, “siyasi məsuliyyəti yayındırma” və “ictimai narazılığı yönəltmə” alətinə çevriləcək.

İlqar VƏLİZADƏ, 
“Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri, siyasi şərhçi:

– Əslində, İknci Qarabağ müharibəsinə görə Ermənistanda hamı – həm Paşinyan, həm hökumət, həm də Qarabağ klanı məsuliyyət daşıyır. İşğalda və bunun nəticəsində yaranan vəziyyətdə bütün bu tərəflərin hamısı təqsirkardır. Məhkəmə prosesində, əslində, hamı iştirak etməlidir. Obyektivlik naminə demək lazımdır ki, elə Paşinyanın özü bu prosesdə təqsirləndirilən şəxs qismində cavab verməlidir.

Seyran Ohanyan özü isə Azərbaycan ərazilərinin işğalında bilavasitə iştirak edib. Onun məsuliyyəti böyükdür və digər separatçı başçılar kimi, Bakı Hərbi Məhkəməsi qarşısında cavab verməlidir. Onun oğlu ilə bağlı aparılan məhkəmə prosesi isə əslində, Seyrana qarşı aparılan prosesdir. Yəni daxili siyasi məsələdir. Ona qarşı İkinci Qarabağ müharibəsində “xidmətə səhlənkar münasibət” ittihamının irəli sürülməsi bir bəhanədir. Ermənistan hakimiyyəti öz rəqiblərini sıxışdımaq, əzmək, onlar üzərində üstünlük qazanmaq üçün 44 günlük müharibədən və onun nəticələrindən istifadə edir. Amma məntiqlə burada Paşinyan da, digərləri də təqsirkardır. Yeri gəlmişkən, Paşinyanın oğlu Aşot da işğal dövründə Qarabağda hərbi xidmətdə olub. Bunların hamısını nəzərə almaqla demək mümkündür ki, Artur Ohanyana qarşı proses heç də İkinci Qarabağ müharibəsi zamanı baş vermiş uğursuzluqlara hüquqi qiymət vermək məqsədi daşımır. Bu, daxili “razborka”dan başqa bir şey deyil.

Biz, əlbəttə, Ermənistan cəmiyyətinin, ümumiyyətlə, bu dövr haqqında başqa təsəvvürdə olmalarını, prosesləri real, olduğu kimi görmələrini istərdik. Amma, təəssüf ki, bu məsələ siyasi oyuna çevrilir və həqiqətin üzə çıxmasına imkan vermir.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:271
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 May 2025 02:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri