Lənkəran mayakı 3 əsrin şahidi
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Lənkəran dəmiryol vağzalının yarınlığında, mavi Xəzərlə üzbəüz əzəmətli, möhtəşəm bir tikili ucalıb. Yaşı əsr yarımdan çoxdur. Lənkəran mayakı kimi tanınır və respublika əhəmiyyətli mədəniyyət abidəsi kimi qorunur.
Ömrünün 89-cu payızını yaşayan Rüfət Kərimov 50 ildən artıq mayakın rəisi vəzifəsində işləyib. Hazırda təqüddədir. Onun mayak barədə ma- raqlı söhbətini dinlədik:
– Lənkəran qədimdən ölkəmizin ticarət mərkəzlərindən biri olub. XIX əsrin ortalarına kimi Xəzərin Lənkəran sahillərində mayakın olmaması üzündən ticarət gəmiləri yalnız günün işıqlı vaxtlarında şəhərə yan alıb.
Lənkəran qalasının 1747-1786-cı illərdə tikilməsi ehtimal olunur. 1868-ci ildə həmin qalanın şimal-şərq hissəsindəki bürclərindən birinin üzərində dəniz naviqasiya qurğusunun inşasına başlanılıb. Bürc üzərində çox da böyük olmayan qırmızı damlı tikilidə 4-cü dərəcəli “Sautter-Harle” şirkətinin optik işıq ava- danlığı quraşdırılıb. Bünövrəsindən fənərinədək hündürlüyü 30,5 metr, işıqlandırma avadanlığı ilə birlikdə hündürlüyü 33, 4 metr olub. Naviqasiya avadanlığı isə dəniz səviyyəsindən 22,5 metr yüksəklikdə yerləşib. 1869-cu ilə kimi mayakın binasında fəaliyyət göstərən həbsxana ləğv edilib və həmin il avqust ayının 9-da mayak kimi istifadəyə verilib.
1912-ci ildə mayakın işıqlandırma avadanlığının gücü əhəmiyyətli dərəcədə artırılıb. O dövr üçün müasir sayılan effektiv optik işıq qurğusu quraşdırılıb və hündürlüyü 7,8 metrə çatdırılıb. Lənkəran mayakı neçə-neçə qanlı olayların, tarixi hadisələrin şahididir. 1919-cu ilin mart ayında Lənkəranda baş vermiş məlum hadisələr zamanı mayakın ərazisində qırmızı partizanlarla ağqvardiyaçılar vuruşub. Bolşevik dənizçisi, oktyabr inqilabının və vətəndaş müharibəsinin fəal iştirakçısı T.İ.Ulyantsev burada döyüş zamanı ölümcül yaralanıb.
Ağsaqqal Rüfət Kərimov mayak haqqında daha bir maraqlı faktı açıqlayaraq dedi: “Mayakın divarlarının qalınlığı 2 metrdir. İnşasında yumurta sarısından istifadə olunub. Mayakın bünövrəsində xüsusi quyu var, deyilənlərə görə oradan Qala həbsxanasına (indiki Dairəvi Qala-Zindan) tuneləbənzər yeraltı yol olub. Bu yolla iki nəfər yan-yana ayaq üstə sərbəst yeriyə bilirmiş. Yan divarlarda hər iki metrdən bir rəftərdə şam yandırmaq üçün şamdanlar qoyulub. Lənkərana gəmi ilə gətirilən dustaqlar həmin tunellə Qala həbsxanasına aparılıb. Mən özüm də əleyhqaz geyinib tunelin müəyyən hissəsini gəzmişəm. Dəniz suyunun içəriyə dolması nəticəsində yeraltı yol yararsız vəziyyətə düşüb”.
Lənkəranda Kərimovlar ailəsi həm də mayakın xidmətçiləri kimi tanınır. Rüfətin ömür-gün yoldaşı Zəhra xanım da bir müddət mayaka rəhbərlik edib. 2013-cü ildən oğlu Elmar Lənkəran mayakının rəisidir. Söhbət zamanı Elmar Kərimov dedi:
- Mayak istifadəyə verildikdən sonra Xəzərin cənub-şərq hissəsində gəmilərin təhlükəsiz hərəkəti təmin olunub. Gəmilər günün istənilən vaxtında, istənilən hava şəraitində sahilə rahatlıqla yaxınlaşa və yollarına davam edə biliblər. O illərdə Həştərxan-Bakı-Ənzəli dəniz marşrutu iqtisadi cəhətdən səmərəli və təhlükəsiz sayılıb.
1934-cü ildən mayak meteoro- loji stansiya kimi fəaliyyət göstərib. 1957-ci ildə isə mayakın binası əsaslı bərpa edilib. 1969-cu ildə bu qədim tikilinin bir əsrlik yaşı qeyd olunub və divarına “Lənkəran mayakının 100 illiyi” sözləri yazılmış bürünc lövhə vurulub. 2002-ci ilin əvvəl- lərində mayakın divarlarına suvaq çəkilib.
İlk vaxtlar mayak Xəzərin sahilində yerləşib, dənizin ləpələri divarlarını yuyub, - deyə tanınmış rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Lənkəran Dövlət Universitetinin dosenti Adil Əsədli söhbətimizə qoşuldu. Mayak Lənkəranın qədim tarixinin nişanələrindən biridir. Bir neçə əsərimi mayaka həsr etmişəm. Münəvvər nənəmdən eşitmişəm ki, babam Balaxan o dövrün gəncləri ilə mayakın divarına vurulmuş mıxlardan paltarlarını asıb dənizdə çimirlərmiş. Sonradan Xəzərin çəkilməsi nəticəsində mayak dəniz- dən xeyli aralıda qalıb.
Lənkəran mayakı bu gün də fəaliyyət göstərir. Onun işıqlandırma avadanlığı gün batan kimi işə düşür, sübh tezdən fəaliyyətini dayandırır. Elmar Kərimovun dediyinə görə, mövsümə uyğun qrafik tərtib olunub və işıq hər gün yandırılıb söndürülür. Xəzərin cənub sularında üzən gə- milər onun vasitəsilə istiqamətlərini müəyyən edirlər.
Qırmızı kərpicdən neoroman üslubunda inşa edilmiş Lənkəran mayakı eyni zamanda rayonun unikal turizm obyektlərindən sayılır. Onun yerdən 30 metrdən artıq hündür qülləsindən Lənkəran şəhərinə və mavi Xəzərə gözəl panoram açılır.
Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 17 Oktyabr 2026 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















