“Liverpul”un çempion olacağı gün uzaqda deyil
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
Artıq əminliklə demək olar ki, “Liverpul” sona bir neçə tur qalmış çempionluğu təmin edəcək. Böyük xal fərqi öz yerində, iş ondadı ki, liderin əsas izləyiciləri də sabit oyun göstərə bilmir, müntəzəm büdrəyir. MS çoxdan bu yarışdan kənar düşübsə, hesabat turunda “Arsenal”la “Nottingem Forest” də uduzdu.
“Arsenal”ın çempionatda məğlubiyyətsiz oyunlar seriyası 15-də dayandı. “Topçular” London derbisində “Vest Hem”ə sensasiyalı şəkildə uduzdu. Arteta “Lester”lə ötən turdakı oyunda Merinonu 2-ci hissənin gedişində mərkəz hücumçusu mövqeyində oynatmış və bu gediş özünü doğrultmuşdu. “Arsenal”ın baş məşqçisi bu dəfə xavbeki yenə həmin mövqedə oynatdı. Sadəcə, qol problemini həll etmək mümkün olmadı.
Meydan sahibləri oyunboyu böyük ərazi üstünlüyünə malik olsalar da, Areolyanın qapısı önündə təhlükəli vəziyyətlər yaratmaq baxımından ciddi problemlə üzləşdilər. Fransalı qolkiperin oyuna qoşulması üçün o qədər də çox əsas olmadı. “Çəkicdəyonlər” öz növbəsində səbirlə müdafiə olundu və xoşbəxtliyi əks-hücumlarda axtardı. Potterin planı ilk yarının sonunda işlədi.
Qonaqların nümunəvi əks-hücumunu Bouen məhsuldar zərbə ilə bitirdi. “Arsenal” bəlkə də bu qolun əvəzini çıxacaqdı. Ancaq 73-cü dəqiqədə Kudusla mübarizədə “son ümid folu”na əl atan Lüis-Skelli meydandan qovulmaqla “topçular”ın vəziyyətini bir qədər də çətinləşdirdi. Azlıqda qalan meydan sahibləri yenə böyük qüvvə ilə hücuma atılsa da, bunlar çox primitiv xarakter daşıyırdı. Çoxlu zədəli futbolçu üzündən “Arsenal”ın hücum resursu açıq-aşkar çatışmır. Bu üzdən Artetanın komandasının “Liverpul”la titul uğrunda mübarizə aparmaq şansı çox aşağıdı. Artıq liderlə əsas izləyicisi arasındakı xal fərqi yetərincə böyükdü.
“Liverpul” “Mançester Siti” ilə səfər oyunundan da qələbə ilə ayrıldı. Bu gedişlə 16-cı çempionluq uzaqda deyil. MS öz meydanında güclü rəqibə qarşı heç nə edə bilmədi. Qvardiolanın komandası onsuz da hücumda ideyasızlıqdan əziyyət çəkir. Zədəli Holannın yoxluğunda bu problem daha qabarıq göründü. Dokyu ilə Marmuşun oyunu öz üzərinə götürmək cəhdləri də alınmadı. Əvəzində Salah bir komanda üçün gerçək liderin nə demək olduğunu onlara göstərdi. Misirli ulduz 14-cü dəqiqədə künc zərbəsindən sonra hesabı açdı, hissənin sonunda isə Soboslaiyə assistentlik etdi. “Siti” 2-ci hissədə təzyiq göstərsə də, bitiricilik çatmadı.
Turun sonuncu oyununda “Aston Villa” “Çelsi” üzərində əzmkar qələbə qazandı. Son həftələrdə amansız tənqid olunan “zadəganlar” Birmingemdəki oyunun əvvəlində fəal təsir bağışladı. Çalobanın Adarabioyo ilə məcburi əvəzlənməsi də onları məyus etmədi. Londonlular 9-cu dəqiqədə Fernandesin qolu ilə irəli çıxdı. Hissənin ortalarında özünə gələn meydan sahibləri hücuma hücumla cavab verməyə başladı. Təkcə elə Uotkins qısa müddət ərzində üç dəfə adını tabloya yazdıra bilərdi. Fasilədən sonra da hücumları davam etdirən “Aston Villa” buna görə mükafatlandırıldı.
Saatın tamamına az qalmış Reşfordun asmasından sonra Asensio bu komandada qol hesabını açdı. Palmer bir neçə şansı boşa verəndən sonra yenə lazımi anda lazımi yerdə olan Asensio dubl etdi. Bu dəfə də ötürmənin müəllifi Reşford oldu. “Aston Villa”nın ulduz yeniləri onların transferi üçün xərclənən pulu doğrultmaqdadı! 2021-in mayından bəri ilk dəfə “Çelsi”ni evdə məğlub edən Birmingem təmsilçisi 8-ci pilləyə yüksəldi. “Zadəganlar” isə “Bornmut”un büdrəməsindən yararla bilmədi.
“Everton” MY ilə oyunda 2:0 öndə olduğu halda, qələbəni əldən verdi. Elə ilk dəqiqələrdən “qırmızı şeytanlar”ın işinin çətin olacağı göründü. MY-nin heyətində ən parlaq nöqtələrdən biri Dorqu idi ki, onun asmasından sonra Pikford Heylunnu qabaqlaya bildi. Mankunianların hücumda ani fəallaşması “Everton”un məqsədyönlü oyununun kölgəsində qalırdı.
İlk yarının ortalarında “göylər” haqq etdiyi qolu vurdu – Betu Dukurenin ötürməsindən sonra fərqləndi. Betu ardıcıl 4-cü çempionat oyununda qol vurdu. Mersisaydlılar fasiləyə qədər fərqi artıra bildi. Meydan sahiblərinin qurduğu geniş hücumun sonunda Harrisonun zərbəsini qapıçısı qaytarsa da, Dukurenin təkrar zərbəsi dəqiq oldu. Bu oyunda hər şey son 20 dəqiqədə dəyişdi. 71-ci dəqiqədə Fernandeş cərimə zərbəsini zərgər dəqiqliyi ilə yerinə yetirdi. Hesabın bərabərləşməsində də portuqaliyalı kapitan önəmli rol oynadı. Onun qapı önünə ötürməsini müdafiəçilər qaytardı. Amma Qarnaçonun cərimə meydançasının xətti üzərindən zərbəsi tora düşdü. Uzatma dəqiqələrində Yanq yerdə qalanda “Everton” penaltiyə iddia etsə də, VAR-ın müdaxiləsindən sonra referi Endi Medli “nöqtə”ni göstərmədi. Liverpullular 2022-dən bəri ilk dəfə MY-dən xal aldı.
Turun qalan oyunlarına gəlincə, “Bornmut” evdə gözlənilmədən elitada qalmağa çalışan “Vulverhempton”a uduzdu. Amma “albalılar”ın 31-ci dəqiqədən azlıqda oynadığını da vurğulamalıyıq. “Nyukasl” – “Nottingem Forest” oyunu “qol yağışı” ilə müşayiət olundu. “Sağsağanlar” bu dueldən qalib ayrıldı. “Brayton”la “Brentford” üçün səfər oyunu uğurlu alındı. Onlar uyğun olaraq, “Sauthempton”la “Lester”i 4:0 hesabıyla məğlub etdi. “Tottenhem” də 4 qol vurdu. “İpsviç”ə acı məğlubiyyət yaşadan “mahmızlar” ardıcıl 3-cü qələbəsini qazandı. Nəhayət, “Kristal Pelas” “Fulhem”in qapısına hər hissədə bir qol vurdu.
26-cı tur
Mançester Siti – Liverpul 0:2
Salah, 14. Soboslai, 37. (52803)
MS: Ederson, Lüis, Xusanov, Ake (Diaş, 77), Qvardiol, De Bruyne (Makeyti, 66), Niko (Kovaçiç, 78), Savinyo, Foden, Dokyu, Marmuş (Gündoğan, 77).
Liverpul: Alisson, Aleksander-Arnold (Kuansa, 90+2), Konate, Van Diyk, Robertson (Simikas, 74), Qravenberx, Makallister, Salah (Elliott, 90+1), Soboslai, Cons (Endo, 74), Dias (Qakpo, 79).
Arsenal - Vest Hem 0:1
Bouen, 44. (20262)
Arsenal: Rayya, Timber, Saliba (Uayt, 86), Qabriel, Kalafyori (Lüis-Skelli, 56), Edeqor, Parti, Rays (Zinçenko, 56), Nvaneri (Sterlinq, 81), Merino, Trossar.
Aston Villa - Çelsi 2:1
Asensio, 57; 90 Fernandes, 9. (42423)
Çelsi: Dyusberi-Holl, Ceyms, Çaloba (Adarabioyo, 8), Koluill, Hüsto, Kaysedo, Fernandes, Kukurelya, Palmer, Nkunku (Sanço, 77), Neto.
Everton - Mançester Yunayted 2:2
Betu, 19. Dukure, 33 – Fernandeş, 72. Uqarte, 80. (39290)
MY: Onana, Mazraui (Yoro, 70), Maquayr, De Liqt, Dalot, Uqarte, Kazemiro (Qarnaço, 62), Dorqu, Zirkzee, Fernandeş, Heylunn (Obi-Martin, 70).
İpsviç – Tottenhem 1:4
Hatçinson, 36 – Conson, 18; 26. Spens, 77. Kulusevski, 84. (30003)
Tottenhem: Vikario, Udoci (Porro, 65), Danso, Qrey, Spens, Berqvall (Bissuma, 86), Bentankur, Conson (Meddison, 64), Kulusevski, Son Hın Min (Odober, 74), Tel (Skarlett, 74).
Lester – Brentford 0:4
Vissa, 17. Mbemo, 27. Nerqor, 32. Karvalyo, 89. (31077)
Bornmut – Vulverhempton 0:1
Kunya, 36. (11206)
Fulhem – Kristal Pelas 0:2
Andersen, 37-öz qapısına. Munyos, 66. (26777)
Sauthempton – Brayton 0:4
Pedro, 23. Rütter, 57. Mitoma, 71. Hinşelvud, 82. (30775)
Nyukasl – Nottingem Forest 4:3
Mayli, 23. Merfi, 25. İsak, 33-p.; 34 – Hadson-Odoi, 6. Milenkoviç, 63. Yeyts, 90+1. (52223)
1. Liverpul 27 19 7 1 64-26 64
2. Arsenal 26 15 8 3 51-23 53
3. Nottingem F. 26 14 5 7 44-33 47
4. Mançester S. 26 13 5 8 52-37 44
5. Nyukasl 26 13 5 8 46-36 44
6. Bornmut 26 12 7 7 44-30 43
7. Çelsi 26 12 7 7 48-36 43
8. Aston Villa 27 11 9 7 39-41 42
9. Brayton 26 10 10 6 42-38 40
10. Fulhem 26 10 9 7 38-35 39
11. Brentford 26 11 4 11 47-42 37
12. Tottenhem 26 10 3 13 53-38 33
13. Kristal Pelas 26 8 9 9 31-32 33
14. Everton 26 7 10 9 29-33 31
15. Mançester Y. 26 8 6 12 30-37 30
16. Vest Hem 26 8 6 12 30-47 30
17. Vulverhempton 26 6 4 16 36-54 22
18. İpsviç 26 3 8 15 24-54 17
19. Lester 26 4 5 17 25-59 17
20. Sauthempton 26 2 3 21 19-61 9
Bombardirlər: Salah (Liverpul) - 24, Holann (MS), İsak (Nyukasl) – 19, Vud (Nottingem Forest) - 18, Mbemo (Brentford) – 15.
Turun rəqəmi
50 – İsak premyer-liqada keçirdiyi 76-cı oyunda qol sayını bu həddə çatdırdı. İsveçli forvard bu liqanın tarixində ilk 50 qolun sürətinə görə 7-ci yerdə qərarlaşıb. İlk 50 qolu İsakdan tez vuran futbolçulardan yalnız ikisi karyerasını davam etdirir. 50-ci qolu 48-ci oyunda vuran Holann bu siyahıda liderdi. Salah isə 50 qol həddinə 72-ci oyunda çatıb. Premyer-liqada ilk 50 qolu ən tez vuran futbolçuların siyahısı: Holann (48), Endi Koul (65), Şirer (66), Van Nistelroy (68), Torres (72), Salah (72), İsak (76).
Turun ulduzu
Marko Asensio (Aston Villa) – PSJ ilə “Real”ın sabiq yarımmüdafiəçisi İngiltərəyə çox tez uyğunlaşdı və dərhal komandasına fayda verməyə başladı. O, “Çelsi” ilə oyunda iki qol vurmaqla “Aston Villa”ya əzmkar qələbə qazandırdı. Adama elə gəlir ki, o, artıq çoxdan Birmingemdə oynayır.
Turun sitatı
Arne Slot, “Liverpul”un baş məşqçisi:
“Düşünürəm ki, istənilən başqa liqada 11 xal fərqi böyük üstünlük olardı. Ancaq premyer-liqa istisnadı – burda hər oyun yeni çağırışdı. “Arsenal”ın hələ ehtiyatda bir oyunu var. Həmçinin “Vulverhempton” üzərində qələbənin bizə necə çətin başa gəldiyini də unutmayaq”.
Oyundan sonra
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Çox məyus və qəzəbliyəm. Düşünürəm ki, “Vest Hem”i qələbə və göstərdiyi oyun münasibəti ilə təbrik etməliyik. Biz isə çox şeyi düzgün etmədik. Topa daha çox nəzarət etməyimizə və 20-yə yaxın zərbə vurmağımıza baxmayaraq, qələbə qazanmaq üçün lazımi səviyyədə olduğumuzu görmədim. Çoxlu top itkisinə yol verdik və “Vest Hem”in təhlükəli vəziyyətlər yaratmasına mane ola bilmədik”.
Entso Mareska, “Çelsi”nin baş məşqçisi:
“Bu nəticəyə layiq deyilik. Yenə 1:0 öndəydik, çoxlu qol şansımız var idi. Bu liqada sona qədər soyuqqanlı olmaq lazımdı, əks halda hər şey baş verə bilər. Uduzmağı xoşlamırıq. Təəssüf ki, uğursuzluq yaşadıq, ancaq birlikdə dayanmalıyıq. Bir-birimizi dəstəkləmələyik. Güclü olmalı, kursumuzu davam etdirməliyik. Bu çətin dönəmi adlamalıyıq”.
Ruben Amorim, MY-nin baş məşqçisi:
“Nə etməli olduğumu bilmirəm. Bilsəm, dəyişərəm. Həftəboyu məşqlərdə etdiyimizi oyunda da etməliyik. İndiki məqamda gündən-günə işimizə köklənməliyik. Bu mövsümü yaşamaq lazımdı, sonra gələcək haqda düşünə bilərik. Yalnız neqativ məqamlar haqda danışmaq istəmirəm. Bu oyunun 2-ci hissəsində qələbəyə yaxın idik”.
Xosep Qvardiola, MS-nin baş məşqçisi:
“Yaxşı oyun keçirdik. Bəlkə də qol vəziyyətlərimizin sayı çox olmadı, ancaq gerçəkdən güclü komandaya qarşı oynayırdıq. “Liverpul” 2-ci hissədə dərin müdafiəyə çəkildi. Bilirəm ki, çoxları razılaşmayacaq, ancaq mən yaxşı oynadığımızı görürəm”.
Faktlar
* Ardıcıl 6-cı ev oyununda uduzan “Lester” qol vurulmadan belə məğlubiyyətlərin sayına görə premyer-liqada yeni antirekord müəyyənləşdirdi. “Tülkülər” “Brentford”a qədər evdə “Arsenal” (0:2), “Fulhem” (0:2), “Kristal Pelas” (0:2), “Mançester Siti” (0:2) və “Vulverhempton”a (0:3) da uduzmuşdular.
* MS son 4 oyunda “Liverpul”a qalib gələ bilməyib. Bu oyunların ikisində “qırmızılar” qalib gəlib (2:0, 2:0), daha iki oyunda isə 1:1 hesabı qeydə alınıb.
* MY bütün turnirlər çərçivəsində son 17 oyunda 23 qol vurub, bunların 22-ni 2-ci hissədə. MY 2025-ci ildə keçirdiyi oyunların ilk yarısında yalnız bir dəfə rəqib qapısına yol tapıb. Söhbət premyer-liqanın 22-ci turunun yanvarın 19-da keçirilən MY – “Brayton” oyunundan (1:3) gedir.
* “Liverpul” premyer-liqada məğlubiyyətsiz oyunlar seriyasını 23-ə çatdırdı. Slotun komandası sonuncu dəfə ötən il sentyabrın 14-də “Nottingem Forest”ə uduzub (0:1).
* MS ilə oyunda həm qol vuran, həm də məhsuldar ötürmə verən Salah premyer-liqanın iki mövsümündə 40 və daha artıq məhsuldar hərəkət edən ilk futbolçu oldu. O, 2017/18 mövsümündə 42 xal toplamışdı. Hazırda misirlinin hesabında 25 qol və 16 ötürmə var. Yeri gəlmişkən, Salah son ötürmə sayəsində yeni klub rekordu müəyyənləşdirdi. Əvvəlki rekordçu 1995/96 mövsümündə 15 məhsuldar ötürmə verən Makmanaman idi.
