Icma.az
close
up
RU
Lombardlar: Çıxış yolu, yoxsa yeni problem?

Lombardlar: Çıxış yolu, yoxsa yeni problem?

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müasir dövrdə əhalinin maliyyə ehtiyaclarını qarşılamaq üçün bir sıra alternativ maliyyələşmə vasitələri mövcuddur. Bu vasitələr arasında ən geniş yayılmışı banklardan kredit əldə etməkdir. Lakin son illərdə bankların kredit şərtlərinin sərtləşməsi, tələb olunan sənədlərin çoxluğu və prosesin vaxt aparması bir çox vətəndaşları alternativ yollar axtarmağa vadar edir. Belə alternativlərdən biri də lombardlardır.

Lombardlar daha sürətli və minimum sənədlə maliyyə vəsaiti əldə etmək imkanı yaradır. Bu sistemdə əsas mexanizm girov əsasında kredit verilməsidir. Girov qismində isə adətən qızıl-zinət əşyaları, məişət texnikası və digər dəyərli əşyalar təqdim olunur. Lombardların üstün cəhəti ondan ibarətdir ki, vətəndaş banklardan fərqli olaraq gəlir arayışı təqdim etmədən, cəmi bir neçə saat ərzində nağd vəsait əldə edə bilir.

Lakin bu rahatlıqla yanaşı, lombardların fəaliyyətində müəyyən risklər də mövcuddur. Girov qoyulmuş əşyaların dəyərindən aşağı qiymətləndirilməsi, yüksək faiz dərəcələri və qeyri-şəffaf müqavilə şərtləri vətəndaşların sonradan maddi və hüquqi problemlərlə üzləşməsinə səbəb ola bilər.

Yüksək faizlər, qeyri-şəffaf şərtlər

Təəssüf ki, bir çox hallarda lombardlar tərəfindən vətəndaşlara təqdim edilən kreditlərin şərtləri kifayət qədər şəffaf olmur. Müqavilələrdə faiz dərəcələri aydın şəkildə göstərilmir və ya gündəlik faiz hesablanır ki, bu da illik faiz dərəcəsinin həddən artıq yüksək olmasına səbəb olur. Məsələn, gündəlik 1,5 faizlə verilən kreditin illik faiz göstəricisi 500 faizdən yuxarı ola bilər.

Belə hallarda vətəndaş bir müddət sonra borcunu qaytara bilmədiyi üçün girov qoyduğu əmlakını itirir. Bundan əlavə, bəzi lombardlar girov qəbul edilən əşyaları onların real bazar dəyərindən xeyli aşağı qiymətləndirirlər ki, bu da vətəndaş üçün ciddi maliyyə itkiləri ilə nəticələnə bilər. Hüquqi savadlılığı aşağı olan şəxslər isə belə hallarda öz hüquqlarını necə qoruyacaqlarını bilmirlər.

Hüquqi tənzimləmədə boşluqlar

Azərbaycan qanunvericiliyində lombard fəaliyyəti müəyyən dərəcədə tənzimlənsə də, praktikada nəzarət mexanizmlərinin zəifliyi bu sahədə sui-istifadə hallarının yayılmasına şərait yaradır. Lombardların bir qismi qeyri-rəsmi şəkildə fəaliyyət göstərir və vergi uçotuna tam şəkildə daxil olmur. Bu isə onların istənilən vaxt fəaliyyətini dayandıraraq yoxa çıxmasına və girov əşyalarının itməsi kimi ciddi problemlərə yol aça bilər.

Ekspertlərin fikrincə, lombard fəaliyyəti ilə bağlı mövcud qanunvericilik təkmilləşdirilməli, faiz dərəcələrinə yuxarı hədd qoyulmalı və minimum şəffaflıq standartları müəyyən edilməlidir. Eyni zamanda, Mərkəzi Bank və digər aidiyyəti qurumlar tərəfindən bu sahəyə nəzarət gücləndirilməli, lombardların reyestr əsasında fəaliyyəti təmin edilməlidir.

Vətəndaşlar kredit müqavilələrini imzalamazdan əvvəl şərtləri diqqətlə oxumağa və tam başa düşməyə təşviq olunmalıdır. Bu məqsədlə maarifləndirici kampaniyaların keçirilməsi, hüquqi yardım xidmətlərinin əlçatanlığının artırılması vacibdir.

Eyni zamanda, mikro-maliyyə təşkilatlarının inkişaf etdirilməsi və vətəndaşlara daha şəffaf, ədalətli kredit şərtləri ilə xidmət göstərməsi dəstəklənməlidir. Lombardlar bəzi şəxslər üçün təcili maliyyə ehtiyaclarını qarşılamaq baxımından əlverişli görünsə də, uzunmüddətli perspektivdə maddi və hüquqi çətinliklər yarada bilər. Buna görə də, dövlət tərəfindən bu sahədə qanunvericilik və nəzarət mexanizmlərinin gücləndirilməsi zəruridir.

Lombarlara kimlər müraciət edirlər?

İqtisadçı-ekspert Eyyub Kərimlinin sözlərinə görə, bu gün banklardan kredit ala bilməyən şəxslər alternativ olaraq lombardlara üz tuturlar. Bunun əsas səbəbi lombardlardan maliyyə vəsaitini daha qısa müddət ərzində əldə etməyin mümkün olmasıdır. Lakin tezlik və sadəlik arxasında ciddi risklər dayanır. Ekspertin fikrincə, lombardlar çox vaxt üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmir və nəticədə vətəndaşlar məyus olurlar.

"Lombardlarda tətbiq olunan şərtlər banklarla müqayisədə daha mürəkkəb və ağır olur. Müəyyən hallarda insanlar əlavə öhdəliklər götürməyə və yüksək məbləğdə cərimələr ödəməyə məcbur edilirlər. Bəzən isə girov qoyulmuş əşyaların geri qaytarılmasında gecikmələr baş verir. Hətta girovların itirilməsi və ya mənimsənilməsi halları da müşahidə olunur. Ona görə də vətəndaşlar lombarddan kredit götürməzdən əvvəl mütləq müqavilə şərtlərini diqqətlə oxumalı və həmin lombardın hüquqi statusunu yoxlamalıdırlar. Yalnız bundan sonra bu xidmətlərdən istifadə etmək məqsədəuyğundur", - deyə Eyyub Kərimli bildirir.

Lombard fəaliyyətinin hüquqi statusu və tarixi

Lombard fəaliyyətinin lisenziyalaşdırılması məsələsinə müxtəlif dövrlərdə fərqli yanaşmalar mövcud olub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 1998-ci il tarixli, 89 nömrəli qərarı ilə "Lombard fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları" təsdiq edilib və həmin dövrdə bu fəaliyyət lisenziyalaşdırılıb. Lakin bu qərar 7 noyabr 2002-ci il tarixli, 173 nömrəli qərarla ləğv edilib və nəticədə lombard fəaliyyəti hazırda faktiki olaraq lisenziyasız aparılır.

Aldadıcı rahatlıq

Ekspertin fikrincə, lombardlar ilk baxışda vətəndaşlar üçün sürətli maliyyə çıxış yolu kimi görünsə də, bu sahədə nəzarətin zəifliyi ciddi problemlərə səbəb olur: "Müqavilələrdə tez-tez qeyri-şəffaf faiz mexanizmləri tətbiq edilir və insanlar borclarını ödəyə bilmədikdə, girov qoyduqları əmlaklarını geri almaqda çətinlik çəkirlər. Bəzən isə ümumiyyətlə geri ala bilmirlər. Faiz dərəcələri banklarla müqayisədə 5-10 dəfə yüksək ola bilər. İnsanlar təcili pula ehtiyac duyduqları üçün bu şərtlərlə razılaşmağa məcbur qalırlar və problemlər də bundan sonra başlayır".

E.Kərimlinin sözlərinə görə, bu problemlərin kökündə həm hüquqi tənzimləmədəki boşluqlar, həm də əhalinin maliyyə savadlılığının aşağı səviyyəsi dayanır. Ona görə də bu sahədə həm normativ hüquqi bazanın təkmilləşdirilməsi, həm də maarifləndirici tədbirlərin gücləndirilməsi vacibdir ki, vətəndaşlar lombardlardakı riskli şərtlərə və tələlərə düşməsinlər.

Özbaşına satış

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənovun fikrincə, hazırda ölkədə lombardların fəaliyyəti ilə bağlı çoxsaylı şikayətlər mövcuddur. Əsas narazılıqlar qızıl-zinət əşyalarının aşağı qiymətləndirilməsi, dəyişdirilməsi, girovun itməsi və ya özbaşına satılması ilə bağlıdır. Ekspert bildirir ki, lombardların fəaliyyətinə nəzarətin zəif olması nəticəsində zərərli vəziyyətlərlə ən çox vətəndaşlar üzləşir: "Qızılını girov qoyub vəsait götürən vətəndaş ödənişi iki gün gecikdirdikdə belə, lombardlar girovu özbaşına satışa çıxarırlar. Hətta bəzən girovun dəyişdirilməsi və ya itməsi halları baş verir. Qanunvericiliyə əsasən, bu cür hallarda lombard vətəndaşı məhkəməyə verməli, borcun ödənilməsi məqsədilə girov yalnız açıq hərrac yolu ilə satılmalıdır. Lakin təəssüf ki, lombardlar bu hüquqi tələblərə əməl etmirlər".

Əkrəm Həsənov həmçinin bildirir ki, lombardlar müqavilə bağlayarkən vətəndaşın girov qoyduğu qızıl əşyaları dəqiq şəkildə sənədləşdirmirlər. Bu isə gələcəkdə ciddi problemlərə səbəb olur: "Bəzən vətəndaşa tamamilə fərqli qızıl qaytarılır və o, əvvəl nə qoyduğunu sübut edə bilmir".

Lombardlar haqqında qanun və nəzarətin yetərsizliyi

2019-cu ildə qəbul edilmiş "Lombardlar haqqında" qanun layihəsi bu sahədə müəyyən hüquqi çərçivə müəyyən etsə də, onun icrasında ciddi problemlər qalır. Qanun lombardların kredit vermə, girov əşyalarını qəbul etmə və ümumi fəaliyyət qaydalarını tənzimləməyi nəzərdə tutur. Buna baxmayaraq, bəzi lombardlar bu tələblərə əməl etmir və fəaliyyəti qeyri-qanuni şəkildə davam etdirirlər.

Əkrəm Həsənovun sözlərinə görə, bəzən lombardlar öz vəsaiti ilə deyil, borc aldığı vəsaitlərlə fəaliyyət göstərirlər ki, bu artıq bank fəaliyyəti hesab olunur və qanunla qadağandır.

İqtisadçı-ekspert Razi Abbasbəyli qeyd edir ki, hazırkı qanunvericilikdə lombard fəaliyyəti ilə bağlı ciddi boşluqlar mövcuddur. Bu boşluqlar vətəndaşları hüquqi cəhətdən müdafiəsiz vəziyyətdə qoyur: "Mülki Məcəllənin 302.4-cü maddəsinə əsasən, lombard girov kimi qəbul etdiyi əşyanı onun bazar dəyəri məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir. Ancaq praktikada bu norma tətbiq edilmir".

Bundan əlavə, lombardlar borc iki ay ödənilmədikdə girovu girov sahibindən xəbərsiz satışa çıxarır. Halbuki Mülki Məcəllənin 302.5-ci maddəsinə əsasən, lombard girov əşyasından istifadə edə və onunla sərəncam verə bilməz. Eyni zamanda, 302.6-cı maddəyə əsasən, lombard həmin əşyanın itməsinə və zədələnməsinə görə məsuliyyət daşıyır.

R.Abbasbəylinin fikrincə, lombardların fəaliyyəti hazırda nə "Bank olmayan kredit təşkilatları haqqında", nə də "Banklar haqqında" qanunla tənzimlənir. Həmçinin Maliyyə Nazirliyi, Mərkəzi Bank və ya Vergilər Xidməti tərəfindən onların fəaliyyətinə effektiv nəzarət həyata keçirilmir. Bu isə ölkə üzrə geniş yayılmış lombard şəbəkələrinin faktiki olaraq qeyri-rəsmi kredit sistemi kimi fəaliyyət göstərməsinə səbəb olur: "Hazırda Mülki Məcəllənin 302.1-ci maddəsi lombard fəaliyyətinin lisenziyalaşdırılmasını tələb etsə də, bu lisenziyanı hansı qurumun verməli olduğu qeyri-müəyyən olaraq qalır".

Lombardların hüquqi statusunun qeyri-müəyyənliyi, nəzarət mexanizmlərinin zəifliyi və qanunvericilik boşluqları vətəndaşların maddi və hüquqi baxımdan risk altında qalmasına səbəb olur. Ekspertlər hesab edirlər ki, bu sahədə bir sıra tədbirlərin görülməsinə ciddi ehtiyac var. İlk növbədə lombard fəaliyyəti üçün lisenziya verən konkret qurum müəyyənləşdirilməli və nəzarət gücləndirilməli, Mülki Məcəllənin və "Lombardlar haqqında" qanunun icrasına nəzarət effektivləşdirilməli, Vətəndaşların hüquqlarını qorumaq üçün müstəqil şikayət və nəzarət mexanizmləri yaradılmalı, eyni zamanda əhalinin maliyyə və hüquqi savadlılığı artırılmalı, geniş maarifləndirmə işləri aparılmalıdır.

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Sentyabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see256

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see217

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see198

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see184

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see152

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see151

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see146

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see146

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see144

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see139

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see136

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see133

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see132

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see132

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see130

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see130

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see127

ABŞ bizim düşmənimizdir Medvedev

23 Oktyabr 2025 12:20see126

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see126

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri