Media: Polşa “Piorun” komplekslərinin istehsalını iki dəfə artırmağı planlaşdırır
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.
Polşanın PGZ (Polska Grupa Zbrojeniowa) müdafiə konserni 2029-cu ilədək daşına bilən “Piorun” zenit-raket kompleksi istehsalını illik 1,3 min ədəddən 2,6 min ədədə qədər artırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, “Rzeczpospolita” qəzeti bu barədə PGZ konserninin nümayəndəsi Yatsek Matuşaka istinadla məlumat yayıb. Məlumata görə, Varşava artıq “Piorun” komplekslərini Norveç, ABŞ, Estoniya, Latviya və Moldovaya tədarük edir. Polşa ordusu isə indiyədək bu tipdən olan 600 ədəd buraxılış qurğusu və 3,5 min raketlə təchiz olunub.
Qeyd edək ki, 2019-cu ildə PGZ konserninə daxil olan “Mesko” müəssisəsi tərəfindən istehsal olunan “Piorun” kompleksi vertolyot kimi hava hədəflərini təxminən altı kilometrədək məsafədə vurmaq qabiliyyətinə malikdir.


