Icma.az
close
up
RU
Mehdiyevin təqibləri, açıq düşmənçiliyi…

Mehdiyevin təqibləri, açıq düşmənçiliyi…

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İnsanda (özü də rəhbər işçidə!) bir insana qarşı nə qədər qərəz, kin-küdurət, məkr ola bilərmiş?!

“Boz kardinal”ın “kardinallıq” azarı”…

Yaxud

Siz kimsiniz, R. Mehdiyev?

(Əvvəli ötən saylarımızda) 

-Nə üçün Yaponiyada? - Prezident soruşdu.

Mən yerli-yataqlı cavab verməyə çalışdım: Mirzə Fətəli Güney Azərbaycanda, Xamneidə anadan olub. Anası onun üstünə günü gətirilməsinə dözməyib Fətəlinin atasından ayrılır. “Bölgüyə” görə uşaq atası ilə qalmalı imiş... Anası gecəyarı Şəkiyə yola çıxanda ögey bacıları haray salırlar: “Fətəli, anan gedir!”. Fətəli yuxudan oyanıb çox çılğınlıq edir, evdəkilər qorxurlar - uşağın başına iş gələ bilər. Deyirlər: “Anası ilə getsin, sonra qaytararıq”. Fətəli anası ilə Şəkiyə gəlir və daha ora qayıtmır. Görkəmli yazıçı, böyük mütəfəkkir olandan sonra yazırdı: “Mən Mirzə Fətəli Axundov olduğum üçün o ögey bacılarıma minnətdaram. Əgər onlar həmin gecə məni yuxudan oyatmasaydılar, Xamneidə qalıb ən çoxu qəzəlxan olacaqdım”. 

Bu, həqiqətdir. Mirzə Fətəli ərəb əlifbasından qurtulmaq, Azərbaycan qrafikalı latın əlifbası yaratmaq və ona keçmək məsələlərini müzakirə etmək üçün Güney Azərbaycana gedəndə bacılarına baş çəkir. Əziz Əliyev 1942-ci ildə Güneydə çalışanda da xidməti işləri başından aşsa da, Xamneyə getməyə, onlarla görüşməyə, ehtiyacları ilə maraqlanmağa, kömək etməyə vaxt tapır. Sonra... Axundzadələr nəslindən qalanlar Yaponiyaya gedirlər, kötücə də ordan gəlmişdi. Amma indi heç bir məlumat ala bilmədik...

Başqa məsələlərdən də geniş danışdım. Prezident dinləyir və suallar da verirdi. Hazırlığın gedişində razı qaldığı hiss olunurdu. O müşavirədə yalnız mən danışdım və Prezidentin arabir verdiyi suallar da mənə ünvanlanırdı... Müşavirədən sonra iş otağıma çatan kimi İşlər İdarəsinin müdiri mənə telefon açdı: “Prezident Sizin xətrinizi çox istəyir” - dedi. 

Zarafatla soruşdum: “Nədən bildiniz?”. Dedi: “Kim o qədər danışsaydı, sözünü kəsərdi”. İşlər İdarəsinin müdiri 4 gün öncə o “üçlüyün” təxribat törətmək cəhdlərindən və Prezidentin dərhal əsl həqiqəti görməsindən, onlara sərt münasibət bildirməsindən xəbərsiz idi...

İndicə dediyim kimi, iş otağıma çatan andan heç nə baş verməmiş kimi hazırlıq işlərini davam etdirdim, səfirlərimizə, diasporlarımızın rəhbərlərinə zəng zəng dalınca çalındı, müvafiq yazışmalar... Onu da deməliyəm: bütün doxsanıncı illər boyu (qurultayın keçirilməsinə ümidimin azaldığı vaxtlarda!) xaricdəki soydaşlarımızın təşkilatlanması, bir araya gəlmələri, milli qayə ətrafında sıx birləşmələri problemləri ilə ardıcıl məşğul olurdum. Ulu Öndərin müvafiq sərəncamından sonra isə hər günümün əsas mövzularından idi. Bu sahədə görülən işlərin hamısı bir yazıya sığmaz. Ona görə iki-üç fakt deməklə kifayətlənirəm: Qurultay Respublika Sarayında işinə başladı, möhtəşəmliyin son dərəcəsində keçdi. Təsəvvür edək - həmin dövrdə dünya ölkələrində 300-dən çox azərbaycanlı icması - təşkilatı fəaliyyət göstərirdi və qurultaya onların hamısından 403 nümayəndə gəlmişdi, nümayəndələrin ümumi sayı isə - 1105 nəfər idi.

Qurultayın birinci günündə Prezidentin tarixi çıxışı xaricdəki soydaşlarımızın ömürlük milli şüur məramnaməsi oldu. Qurultay ikinci gün 5-6 seksiyada işini davam etdirirdi. Seksiyaların hamısına baş çəkdim - mövzuya vurğunluq, məmnunluq, sevinc coşğunluğu plenar iclasdan seçilmirdi. Növbəti plenar iclasda dinlədiklərimiz isə milli şüurumuzun bəyannaməsi idi!

Sonra “Gülüstan”da möhtəşəm ziyafət - üzlərdə təbəssüm, ürəklərdə Vətən məhəbbəti!

Ziyafətin sonunda bir çox xarici nümayəndələr Prezidentə yanaşdılar, söhbət etdilər. Mən yaxınlıqda dayanmışdım. Düşünürdüm - Prezidentin tapşırığı ola bilər. Amma tapşırıq ertəsi günə qalmalı imiş.

Prezident Aparatdan 4-5 yüksək vəzifəli şəxsi qəbul etdi. Qurultayın yüksək səviyyədə təşkil olunması üçün təşəkkürünü bildirdi. O vaxtacan çox ölkə regional və beynəlxalq miqyaslı böyük tədbirlər keçirilmişdi, ancaq ilk dəfə idi ki, belə təşəkkür edilirdi. Sonra üzünü mənə tərəf tutdu: “Gülüstan”da bir çox nümayəndələr qəbul üçün mənə müraciət etdilər. Siz onları bir-bir qəbul edin. Baxın, kimlər Sizin qəbulunuzla kifayətlənməyib mənlə görüşməyə maraqlı olsalar, deyin, qəbul edim. Yox, Sizin qəbul etməyinizlə qane olarlarsa, onda ehtiyac yoxdur”.

Dedim: “Aydındır, cənab Prezident!”.

Prezident yeni tarixi qərar verəcəyini də onda açıqladı: “Qurultay göstərdi ki, xaricdə yaşayan soydaşlarla bağlı dövlət qurumu yaratmağa ciddi ehtiyac var” və az sonra müvafiq Dövlət Komitəsi yaratdı. 

Qonaqlar o illərdə Bakının ən yaxşı otellərindən olan “Avropa”da qalırdılar, onlara da bir rəhbər nümayəndə seçilmişdi. Siyahını tərtib edib təqdim etdilər – baxdım - çox uzun siyahı idi. Onların oteldə qalma vaxtı bizim hesaba bir həftə də uzadıldı. Səhər saat 10-dan axşam 7-yə qədər onları bir-bir qəbul etdim. Hamısı heyranlıq içində idi - elə razılıq edirdilər, minnətdarlıqlarını bildirirdilər, deyirdilər biz Vətəndən arxası, dayağı olan azərbaycanlı kimi gedirik. Bir nümayəndə də narazı getmədi, bir nəfər də demədi ki, onu Prezident qəbul etsin. Hamısında o da aydın hiss olunurdu ki, qurultay onlara bundan sonra Azərbaycançılıq məfkurəsi naminə daha səylə, daha ehtirasla işləməyə yeni impuls, güc, qüdrət verib.

Sonra bizim xarici ölkələrdəki səfirlərimizdən təşəkkür, təbrik zəngləri bir-birinin ardınca gəlirdi, fantastik təriflər, yüksək fikirlər... Onların dediklərini açmıram, bircəsindən başqa: Fransadakı səfirimiz Elenora xanım (soyadını unutmuşam) Prezident Aparatının şöbə müdiri Salman Cəfərovla birlikdə yanıma gəldilər (onlar yaxın qohum idilər). İçəri daxil olan kimi Elenora xanım salamdan öncə “naçionalnıy geroy” dedi. Mən də cavabımda “Milli Qəhrəman möhtərəm Prezidentimizdir!” - söylədim. Sonra Elenora xanım Fransadan qurultaya gələnlərin heyranlıq təəssüratlarından xeyli danışdı. Belə rəylər dünyanın hər yerindən gəlirdi.

Bu epizod üzərində niyə çox dayandım? Qurultaya hazırlıq mənim şəxsi işim deyildi, öz marağım barədə söhbət gedə bilməzdi, dövlətimin, millətimin  möhtəşəm tədbiri idi. Mehdiyev başda olmaqla bəzilərinin köməyi bir yana qalsın, bu vəzifəni layiqincə yerinə yetirənə mane olmaq? Məni Prezidentin gözündən salmaq üçün yalanlara, dezinformasiyalara əl atmaq? Nə üçün?.

Belə antidövlət “ssenarilərini” mənə qarşı tez-tez hazırlayırdılar. “Tamaşaya” qoymağa cəhd edirdilər, heç biri alınmırdı, amma yenə sakitləşmirdilər, əl çəkmirdilər.

Allah Ulu Öndərimizə rəhmət eləsin, cənab Prezidentə cansağlığı versin!

İnsanda (özü də rəhbər işçidə!) bir insana qarşı nə qədər qərəz, kin-küdurət, məkr ola bilərmiş?! Özü də bir də vurğulayıram - gördüklərim mənim şəxsi işim deyildi - özümün nə marağım ola bilərdi? Dövlətin işiydi, millətin işiydi!.
Mən 39 yaşımacan Qərbi Azərbaycanda yaşamışam, 23 yaşımda ikən çox yüksək, məsul vəzifə tutmuşam, dövlət vəzifəmdən əlavə, milli ədəbi mühitimizə başçılıq etmişəm. Ermənilər (respublikanın rəhbəri Karen Demirçiyan da!) mənim milli şüurumdan (onların dili ilə desək, millətçiliyimdən, türkçülüyümdən) çox narahat olublar.

Ancaq başımın üstündə Allahım ola-ola deyə bilmərəm ki, erməni şovinistləri məni işləməyə qoymurdular. Rəhbərlik etdiyim, indi 150 yaşı yaxınlaşan İrəvan Dövlət Azərbaycan Dram Teatrı mütəxəssislərin fikrincə, mənim rəhbərliyim dövründə zəngin tarixinin ən şərəfli, intibah illərini yaşadı. Qərbdə milli mədəniyyətimiz, ədəbiyyatımız heç vaxt görünməmiş dərəcədə inkişaf etdi, mən özüm şair-dramaturq, nasir, publisist kimi geniş tanındım. Sovetlər Birliyinin, Azərbaycanın, Ermənistanın yüksək dövlət mükafatlarına, fəxri adına layiq görüldüm. Ermənilər məni “millətçi” olduğum üçün təqib etməyə can atsalar da.

Bəs bizdə? Özümüzünkülər? Əgər Mehdiyevin təqibləri, qərəzləri, açıq düşmənçiliyi yalnız o möhtəşəm qurultayın hazırlığı ilə bağlı olsaydı, bəlkə də bu epizod üstündə bu qədər dayanmazdım. Yox, hər addımda təqib, mane olmaq, işləməyə qoymamaq cəhdləri. Özü də bu işlərin demək olar hamısı xalqımızın və dövlətimizin taleyüklü məsələləri idi. Belə taleyüklü məsələlərdən heç olmasa biri üzərində də dayanmamaq olmur. Öncə onu birmənalı şəkildə ürəyimin hökmü ilə bir daha bəyan edirəm – mən gənclik illərimdən gürcü xalqını və bütöv Gürcüstanı çox sevirəm. Hələ gənclik çağlarımdan – İrəvanda çalışdığım zamanlardan.

Uşaqlıq illərində gürcü filmlərinin, “Bəbir dərili cəngavərin”in qəhrəmanları yol yoldaşlarım olurdular. İrəvanda ötən gənclik illərimdə rəhbərlik etdiyim Dövlət Teatrımızın azı iki ildən bir baş tutan Tbilisi, qonşu ölkənin müxtəlif bölgələrinə yüksək səviyyəli qastrol səfərləri bu dəyərli qonşularımızı mənə yenidən sevdirdi. Məhz o illərdə yazdığım, yarım milyonadək tirajı olan “Azərbaycan gəncləri” qəzetində çap etdirdiyim (sonra gürcü dilində dərc edilən) “Tbilisiyə məktub” essem hədsiz maraq doğurdu. Siyasi vəzifəyə keçəndən sonra qonşu ölkəylə daha ciddi, daha sıx əlaqələrimiz, birgə əməkdaşlığımız oldu. Mənim gürcü xalqına münasibətim ayrıca, bu yazıdan da irihəcmli mövzudur. Ona görə böyük dövlət xadimi Eduard Şevardnadzenin sözlərini xatırlayaraq bu yazının mətləbinə keçmək istəyirəm:

“...Xalqlarımızın layiqli və görkəmli oğullarının şəxsi dostluğu da hamıya məlumdur. Mirzə Fətəli Axundov və Akaki Seretelinin dostluq münasibətlərini qeyd etmək yerinə düşərdi. Bu ənənə xalqlarımızın ən ağır dövrlərində də davam etdirilmişdir. Səməd Vurğunla Georgi Leonizde, Hidayət Orucovla Quram Pançikadze bu gözəl ənənələrin parlaq davamçılarıdır”. 

Eduard Şevardnadze çıxışında mənim fəaliyyətimi çox yüksək dəyərləndirəndən öncə - 17 dekabr 2002-ci ildə imzaladığı sərəncamla Gürcüstan və Azərbaycan arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində mühüm xidmətimə, Gürcüstan mövzusunda yaratdığım bədii əsərlərimə, gürcü ədəbi irsini yüksək professional səviyyədə tərcümə və nəşr etdirdiyimə görə məni ölkəsinin yüksək mükafatı “Ləyaqət” ordeni ilə təltif etmişdi.

Əlavəyə ehtiyac yoxdur. Bircə onu deyim ki, mən siyasi vəzifələrdə ola-ola Tbilisidə gürcü dilində 2 şeir kitabımı nəşr etdilər. Zarafatla deyirdim ki, “gürcü dostlarım yadıma salırlar ki… mən yazıçıyam!”. Gürcü ziyalıları, yazıçıları haqqımda çox yüksək fikirlər söyləyirlər.  Son vaxtlar Gürcüstan Yazıçılar İttifaqının sədri Makvala Qonaşvilidən aldığım məktub sətirləri: “Hər bir gününüz Vətənlə, Sülhün hakim olduğu dünya ilə müşaiyət olunur. Biz həmkarlarınız üçün Siz müdriklik, istedad və səxavət rəmzisiniz. Siz Gürcüstanın əsl dostu və gürcü yazıçılarının ən əziz həmkarısınız!”.

Mənim gürcü xalqına tükənməz məhəbbətim haqqında danışmağıma burda nöqtə qoymaq istəyirəm. Çünki nə qədər danışsam da, ürəyim yenə dolu qalacaq. Lakin... Gürcüstanda gürcü familyası altında milli mənsubiyyətini danan və özlərini gürcü elan edən çoxsaylı erməni əsilli, radikal erməni millətçisi vətəndaşlar var. Onların bəziləri Prezident Aparatında, Parlamentdə, Hökumətdə, o illərdə mənim əziz dostum Sandro Kafsadzenin sədri olduğu Millətlərarası Münasibətlər üzrə Dövlət Komitəsində, digər dövlət qurumlarında özlərinə “rahat yer”  tutmuşdular və hər sahədə xalqımız, dövlətimiz üçün problemlər yaratmağa cəhd edirdilər. Əsas təcavüzkar, təxribatçı istiqamətlər bunlar idi: soydaşlarımızın Gürcüstandan deportasiyasına nail olmağa, ölkəmizdə yaşayan gürcülərin guya hüquqlarının pozulması barədə ardıcıl dezinformasiyalar yaymaq, hətta Şimal-Qərb bölgəmizə arınmaz-arınmaz ərazi iddiası, bununla birlikdə bölgədə yaşayan inqiloyların gürcü kimi tanınması və IV əsrə aid Gürmük məbədinin (qədim adı – Ay Məbədi) gürcü məbədi kimi təqdim olunması… Erməni əsilli “gürcülər” bu təxribatçı yozumlarını hətta ictimailəşdirməyə, E.Şevardnadzeyə müxalifətdə olan qrupları da bu təxribatlara qoşmağa cəhd edirdilər. Digər çoxsaylı problemlərlə bağlı işim başımdan aşsa da, ildə üç-dörd dəfə Şimal-Qərb bölgəmizdə, iki-üç dəfə Gürcüstanda olurdum, çox gərəkli  işlər görülürdü, layihələr həyata keçirilirdi. Bir acı faktı heç vaxt unutmuram: mən tutduğum vəzifədə siyasi-rəsmi 1993-cü ilin payızında ilk dəfə Gürcüstana gedəndə oranı artıq 82 min soydaşımız tərk etmişdi, qalanlarının isə necə deyərlər - çamadanları əllərində idi. Biz Sandro Kafsadze ilə bir həftəyədək yalnız Tbilisidə və ətrafdakı bölgələrdə deyil, soydaşlarımız yaşayan bütün rayonlarda olduq, həm soydaşlarımızla, həm də rəsmi dairələrlə görüşlər keçirdik, məhsuldar müzakirələr aparıldı. Qısaca deyim qərəzli işin müsbət nəticəsi dərhal hiss olundu birdəfəlik – köç dayandı və tezliklə geriyə - ata-baba yurdlarına qayıdış başladı. Mehdiyev o dövr üçün çox gərəkli olan bu fəaliyyəti də “həzm edə” bilmirdi. Onun əsassız narazılığını hiss edirdim, ancaq fikir vermirdim. Bir dəfə isə... Tbilisiyə növbəti ezamiyyətimlə bağlı sənədin üstünə kiçik bir kağız əlavə edib üzərində yazmışdı: “Qatarla getməsinə etiraz etmirəm”. Təyyarə ilə də olmazdı? Hansı Dövlət müşaviri, Prezident Aparatının şöbə müdiri, hökumət üzvləri… Tbilisiyə qatarla gedir? Qatarla getsə, bəs orda necə işləyəcəkdi? (Onu da deyim ki, o vaxtlar Gürcüstanda səfirliyimiz təzəcə açılmışdı, hələ formalaşmamışdı).
Mən onun ağlabatmaz qeydinə fikir vermədən növbəti dəfə və sonralar həmişə ona heç nə demədən Gürcüstana xidməti maşınımla getdim. O mənə heç nə demədi, desəydi, bilirdi ki, burada yazdığım sözləri eşidəcəkdi.

Yenə Gürmük (Ay Məbədi) ziyarətgahına qayıdıram. Erməni əsilli, millətçi erməni xislətli, gürcü libaslı məmurlar və “ictimaiyyətçilər” artıq dediyim kimi – bu təxribatçı iddialarını ictimai mühitdə, dini aləmdə, rəsmi dairələrdə yaymışdılar.  Mənim hədsiz hörmət etdiyim Gürcüstan Patriarxı Zati-Müqəddəsləri II İlya da bu məsələ ilə bağlı mənlə danışdı, mən ona yalnız həqiqəti söylədim: “Gürmük (Ay Məbədi) Qafqaz Albaniyasının – Azərbaycanın məbədi - incisidir. Fikir verirsinizmi, oranı ziyarətə xristianlardan çox azərbaycanlılar – müsəlmanlar gəlirlər.

Məbəd XVIII əsrin sonlarında, XIX əsrin əvvəllərində baxımsız hala düşüb, xarabalığa çevrilib. Rusiya Azərbaycanı işğal edəndən sonra o xarabalıqdan bir az aralı rus pravoslav məbədi tikib və o da həm müsəlmanların, həm də xristianların ziyarət yeri olub” (Məni diqqətlə dinlədi, dediklərimə etiraz etmədi).

Zati-Müqəddəsləri Patriarx çox müdrik və yüksək intellektli din xadimidir. Bir daha vurğulayıram: Ona hədsiz hörmətim var! Ancaq görünür, erməni əsilli gürcü libaslılar onu rahat qoymurdular. Onun imzasıyla möhtərəm Prezidentimizə mənə söylədikləri məzmumda müraciət daxil oldu. Prezident müraciəti baxılmaq üçün mənə ünvanlamışdı. Mən məktuba bu sətirlərdə söylədiyim əsaslarda münasibət bildirmişdim.

Ancaq bundan xeyli öncə bir epizodu da xatırlatmalıyam. Ulu Öndərimiz Eduard Şevardnadzenin ölkəmizə rəsmi səfəri ərəfəsində məni dəvət edib tapşırıq verdi: “Bilirsiniz, Şevardnadze Bakıya gəlir. Orda müxalifət onu rahat buraxmır, sıxışdırır. Guya Azərbaycanda yaşayan gürcülərin hüquqları pozulur, “Gürmük” məbədi və ilaxır. Səfər proqramına Zaqatalanı, Balakəni, Qaxı salmağı israr edirlər. Ona görə də Şevardnadze özünün ora getməməsi üçün səfər öncəsi xarici işlər nazirini ora göndərmək istəyir. İki gün sonra Həsən Həsənovla ora gedəcəklər. Siz onlardan öncə gedin. Özünüz də bilirsiniz -  bu gün hansı vacib işlər görəcəksiniz”.

Əlbəttə, bilirdim!

Bu mövzuda müfəssəl söhbət etdik. Konkret tapşırıqlarını verdi, bir daha milli siyasət məsələlərini çox dərindən bilməsinə heyrətləndim.

Xarici işlər nazirləri 2 gün sonra gedirlər ora? Onda elə bu gün çıxmaq lazımdır. Amma necə? Qış idi, Bakıya görünməmiş qar yağmışdı. Bəs yollar necə? Respublika Dövlət Yol Polisinin rəisi Ramiz Zeynalova zəng çaldım. Dedi: “Avtomobillə getmək qəti mümkün deyil”. 

Ümid qaldı qatara. Dəmiryol rəisi Ziya Məmmədov elə öz VİP vaqonunu qatara qoşdu, həmin axşam yola çıxdım, səhər tezdən Qaxda idim. Məni qarşılayan rayon icra hakimiyyətinin başçısı Xəyyam Məmmədovla icra hakimiyyətinə, ya qonaq evinə getmədən işə başladıq. İki gün səhər saat 9-dan axşam 9-a, 10-dək işləyirdik... Nəhayət, iki gün keçdi, nazirlər gəldilər. Bölgədə gürcülər yaşayan bütün kəndlərdə olduq, görüşlər keçirdik. Azərbaycan dövlətinə düzgün milli siyasət yeritdiyi üçün minnətdarlıqdan başqa heç nə eşitmədik. Söhbət yalnız dostluqdan, xalqımızın tolerantlıq xüsusiyyətlərindən, dövlətimizin milli, dini azlıqlara diqqətindən, tolerant münasibətindən gedirdi. Vəziyyəti belə görən nazir İrakli Menaqaraşvili “Gürmük” məbədini heç xatırlamadı da!

İnqiloy kəndlərində görüşlərdə isə çıxışçılar birmənalı, qətiyyətlə bildirdilər: “Qonşu respublikalarıq, xoş gəlirsiniz, dostuq, ancaq missionerlərinizə deyin ki, qardaş, biz gürcü deyilik, inqiloyuq, Qafqaz Albaniyasının yadigarlarındanıq!. Gəlib burda ağlabatmayan, yaramaz təbliğat aparmasınlar. Bizi maddi baxımdan həvəsləndirib xristian etmək istəyirlər. Biz müsəlmanıq və müsəlman da qalacağıq. Biz gürcü deyilik!”.

İrakli Menaqaraşvili ilə iki gün işlədik, sonra onu Balakən körpüsündən Tbilisiyə yola saldıq. Nazirlər gələndə də, biz Bakıya qayıdanda da artıq yollar açıq idi, Həsən Həsənovun xidməti maşınındaydıq. Dövlət işində, rəsmi vəzifələrdə çox şey görmüş Həsən müəllim mənə deyirdi: “Sən mənim gənclik illərimdəki kimi işləyirsən...”.

Nazir Menaqaraşvili o səfərdə yalnız Azərbaycan həqiqətlərini gördü, eşitdi, maraqla dinlədi, məmnun oldu. Çünki əsl gürcü oğlu gürcü idi!

Nazirlərin Şimal-Qərb bölgəsinə səfərindən iki il öncə qonşu ölkənin Millətlərarası Münasibətlər üzrə Dövlət Komitəsinin sədri Sandro Kafsadze də bu bölgəmizdə olmuşdu. Onu müşayiət edən əməkdaşların içində erməni əsilli, millətçi erməni xislətli, gürcü familyalı, gürcü libaslı birisi də vardı. Hətta o da bölgənin reallıqları ilə tanışlıqdan sonra etiraf etməli oldu: “Bu səfər bizə çox şey verdi, açığı, belə bilmirdik...”.
Proseslər beləcə öz axarıyla gedir, həqiqətlər bədxahlarımızı da susdurur, milli siyasətimiz yalnız qonşular arasında deyil, uzaq ölkələrdə də yaxşı nümunə kimi göstərilir, yayılmasına cəhd edilirdi.
Lakin... Bir gün Qax Rayon İcra Hakimiyyətinin başçısı Abbas Göyüşov həyəcanla mənə telefon açdı: “Gürmükdə əsaslı təmir adıyla “yenidənqurma” aparıb, çox şeyi dəyişiblər və memarlığın gürcü üslubuna çeviriblər”. 
Sanki telefonun dəstəyi əlimdə dondu:

- Bəs, Siz hara baxırdınız? – soruşdum.

- Bizi yaxın qoymurdular. Biz də üz vurmurduq. Çünki təmiri nazirliklərimizdən birinin inşaat təşkilatı həyata keçirirdi. Kimin ağlına gələrdi ki, özümüzünkülər belə xəyanət edə bilərlər?
Eləmişdilər... Şəkillərdən də aydın görünür: rus provaslav kilsəsini necə gürcü kilsəsinə çevirmişdilər. Məndən necə qəsdlə gizlətmişdilər – özləri bilir.

Nazirlik bu xəyanəti Mehdiyev olmadan eləmişdi? Mehdiyevin belə işlərdə “zəngin” təcrübəsi var: məhz o Mərkəzi Komitədə elm və təhsil şöbəsinin müdiri, sonra ideologiya üzrə katibi olanda Yuxarı Qarabağda erməni məktəblərində və mədəniyyət ocaqlarında əsasən daşnakçılıq, anti-Azərbaycançılıq dərsləri keçirilmiş, Xankəndi İnstitutu və Dövlət Dram Teatrı bu təcavüz dərslərin ideoloji mərkəzinə çevrilmişdi. Mən bu dəhşətli həqiqətləri 1988-ci ilin fevral ayında – Qarabağın ən qorxulu günlərində Mərkəzi Komitənin tapşırığı ilə Vahid Əzizlə, bir neçə nəfər digər məmurla Xankəndidə olanda açıqca hiss etdim. Onu da deyim ki, birinci katib Kamran Bağırov başda olmaqla respublikanın bir sıra rəhbərləri də ordaydılar. Hətta Mərkəzi Komitənin kənd təsərüffatı üzrə katibi, Nazirlər Sovetinin Nəqliyyat şöbəsinin müdiri, Respublika Həmkarlar İttifaqının Sədri (onu heç unutmuram-Vilayət Partiya Komitəsinin Plenumunda sədr Lidiya Rəsulova əsl həqiqətləri aşkarlayan kəskin çıxış etdi-Allah ona rəhmət eləsin) və ideologiya məsələləri ilə məşğul olmayan başqaları. Bəs MK-nın ideologiya üzrə katibi? Digər “ideoloqlar?”


(davamı növbəti saylarımızda)

Hidayət 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Fevral 2026 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see658

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see273

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see253

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see248

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see219

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see185

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see178

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see177

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see151

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri