Məhkəmə tarixində qara gün:
Hər kəsdən xahiş edirik: böyük haqsızlıq qarşısında susmayın, haqq işinə dəstək olun
Bütün ziyalılardan, jurnalistlərdən, QHT-lərdən xahiş edirik: kömək edin. Heç olmasa, bir suala cavab almaqla, həm Xalqa, həm də cənab Prezidentə qarşı olan cinayəti aradan qaldıraq.
Təəssüflər olsun ki, bəzi mətbuat orqanları, bəzi jurnalistlər ya savadsızlıqdan, ya da kimlərinsə tapşırığı ilə məhkəmənin vətəndaşların şikayətinə baxmaqdan imtina etməsinə sanki sevinirdilər.
Dövlət Özəlləşdirmə Çekləri (DÖÇ) ilə ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) və dekabrın 6-da Bakı İnzibati Məhkəməsində hakimin hərəkətlərinin cinayət olduğunu faktlarla əsaslandıran vətəndaşlar Baş nazirə, Baş prokurora və ədliyyə nazirinə məktub-ərizə ünvanlayıblar.
Məkubda deyilir:
“Cənab Baş nazir!
Xahiş edirik, aşağıdakı suallarımıza cavab verəsiniz. Belə ki, biz həmin suallara heç bir yerdən cavab ala bilmirik.
Hörmətli Baş nazir!
Siz həm Baş nazir, həm də cənab Prezidentin Fərmanı ilə Özəlləşdirməyə Dövlət Nəzarəti Komissiyasının Sədri olduğunuz üçün Sizdən çox xahiş edirik, bizim suallarımıza cavab verəsiniz.
Belə ki, 6 Dekabr 2024-cü il tarixlində Bakı İnzibati Məhkəməsində keçirilən iclasda cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Dövlət Özəlləşdirmə Paylarının (DÖP) cənab Prezidentin 2004-cü il tarixli 75 saylı Fərmanının 1.2 bəndinə əsasən dövriyyədən cıxarıldığını söylədi.
Məhkəmədə ƏMDX-nin nümayəndəsinə sadə bir sual verildi ki, 2004-cü il tarixli 75 saylı Fərmanın 1.2-ci bəndinin göstərdiyi qanunvericilik qaydası nə vaxt qəbul olunub və bu qayda harada yazılıb, əgər varsa, deyin biz də bilək. ƏMDX-nin nümayəndəsi bu suala cavab verməkdən imtina etdi.
Məhkəmə hakiminə təzyiq edildiyi göz qabağında idi. Məhkəmədə 2004-cü il tarixli 75 saylı Fərmanının 1.2 bəndi ilə “dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə vasitəsi kimi istifadə edilməyən özəlləşdirmə payları (çekləri) qanunvericiliklə müəyyən edilmiş qaydada dövriyyədən çıxarılır” yazısını ƏMDX-nin nümayəndəsi öz fərziyyələri və yalanları ilə yozaraq, 2011-ci ildən DÖÇ-lərin dövriyyədən çıxarıldığını söylədi. Bununla da ƏMDX cinayət törədərək, öz çirkin əməllərinə hüquqi qüvvə verməyə və bu qanunsuz işi cənab Prezidentin üstünə atmağa çalışır.
Hamıya məlumdur ki, qanunla dövriyyəyə buraxılan DÖP-lərin istifadə müddəti cənab Prezidentin fərmanları ilə 5 dəfə uzadılıb və 2011-ci ildə tədavül və tədiyyə vasitəsi kimi istifadəsi başa çatıb. Bizdə olan rəsmi dövlət orqanları tərəfindən verilmiş sənədlərdə, Nazirlər Kabinetinin qərarlarında və Prezidentin fərmanlarında olan hüquqi faktlar ƏMDX-nin nümayəndəsinin söyldiklərinin TAM ƏKSİNİ göstərir (3 ədəd rəsmi sənəd əlavə olunur).
Cənab Baş nazir!
Ehtimal edirik ki, ƏMDX-nin məmurlarının və bunu gizlətmək istəyən hakimlərin əsas məqsədi cənab Prezidentin adına ləkə salmaq, xalqı cənab Prezidentdən və Dövlətimizdən narazı salmaq, xalqda nifrət hissi oyatmaq və ayağa qaldırmaqdır Bu isə cənab Prezidentə, Xalqımıza və Dövlətçiliyimizə qarşı düşmənçilikdir.
Birincisi: Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin arxivinin 2011-ci ildən 2016-cı ilə qədər olan “Sual-cavab” bölməsindəki məlumatlarında deyilir ki, hal-hazırda özəlləşdirmə çekləri kimi qiymətli kağızlar dövriyyədədir. Bu barədə hörmətli vəkilimizin məhkəməyə əvvəllər göndərdiyi elektron vəsatətdə də yazılıb və orada baxılması vacib olan saytların elektron ünvanları var:
İkincisi: Diqqət edin - Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş əsasnamədə Komitənin vəzifələrinə aşağıdakı bəndlər aiddir:
8.1.4. qiymətli kağızların tədavülü qaydalarını müəyyən etmək;
8.1.5. qiymətli kağızların dövriyyədən çıxarılması qaydalarını müəyyən etmək;
8.2.2. qiymətli kağızların dövriyyədən çıxarılmasına nəzarəti həyata keçirmək;
Bu vəsatətə əlavə etdiyimiz Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının vətəndaşlara göndərdiyi 2 rəsmi cavab məktubunda olan cavablar ƏMDX-nin yalan-fərziyyəsini bir daha təsdiqləyir (hər 2 cavab müraciətə əlavə edilib):
1) 27 iyul 2017-ci il tarixli cavab məktubunda deyilir ki, dövriyyədə olan DÖÇ-lərin tədiyyə vasitəsi kimi istifadəsi 2011-ci ilin yanvarında başa çatıb, ancaq DÖP-lərin dövriyyədən cıxarılması prosedurlarını əks etdirən qaydalar müəyyən edilməyib.
2) 23.10.2017-ci il tarixli cavab məktubunda deyilir ki, 2011-ci ilin yanvar ayının 1-nə qədər dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə (ödəniş) vasitəsi kimi istifadə edilməyən dövlət özəlləşdirmə paylarının dövriyyədən çıxarılması nəzərdə tutulmuşdur.
Diqqət edin, həmin dövürdə Azərbaycan Respublikası Mülki Məcəlləsində qiymətli kağızların dövriyyədən çıxarılması birbaşa tənzimlənib və orada yazılır:
Maddə 1078-27.6. Qiymətli kağızların dövriyyədən çıxarılması qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
Maddə 1078-27.4. Qiymətli kağızların dövriyyədən çıxarılması barədə məlumatın dərc edildiyi gündən onların dövriyyəsinə yol verilmir. Bu məlumatın dərc edildiyi gündən həmin kağızlarla bağlanmış müqavilələr əhəmiyyətsizdir.
Maddə 1078-27.5. Qiymətli kağızların dövriyyədən çıxarılması bu barədə müvafiq məlumat dərc edildikdən sonra həyata keçirilir.
Eyni zamanda, məhkəmədə vəsatətlə təqdim olunan sənədlərdə ƏMDX-nin vətəndaşlara 2016-cı ildə yazdığı cavab məktubunda dövlət özəlləşdirmə paylarının ancaq tədavülünün başa çatdığı və eyni zamanda yeni qanun lahiyyəsinin hazırlandığı yazılıb.
Hörmətli Baş nazir!
Sizin imzaladığınız sənədlər də DÖP-lərin qanunla dövriyyədə olduğunu birbaşa təsdiq edir. Diqqət edin:
1) Birbaşa DÖP-lər barədə olan - əhalinin bəzi təbəqələrinə dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi işinin təşkili haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2004-cü il tarixli 95 nömrəli qərarında 2011-ci ildən 2022-ci ilə qədər 6 dəfə dəyişiklik edilib.
19 oktyabr 2011-ci ildə 168 nömrəli yeni Qərarla dəyişiklik edilib.
11 dekabr 2012-ci ildə yenə də 300 nömrəli Qərarla dəyişiklik edilib.
14 fevral 2014-cü ildə 46 nömrəli Qərarın 21 bəndi ilə dəyişiklik edilib.
13 may 2016-cı ildə 195 nömrəli Qərarın 27 bəndi ilə dəyişiklik edilib.
7 mart 2019-cu ildə 82 nömrəli Qərarın 9 bəndi ilə dəyişiklik edilib.
5 avqust 2022-ci ildə 285 nömrəli Qərarın 8-ci bəndi ilə dəyişiklik edilib.
2) Özəlləşdirmə Payları ilə bağlı Nazirlər Kabinetinin 2013-cü il tarixli başqa bir qərarı da var
“Dövlət özəlləşdirmə payları (çekləri) ilə bağlı bəzi normativ sənədlərin təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 1 fevral tarixli 11 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 2 oktyabr 2013-cü il tarixli 276 nömrəli QƏRAR.
3) Ən əsası, Nazirlər Kabinetinin 2014-cü ildə qəbul olunmuş daha bir qərarı var.
Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli 94 nömrəli qərarının 5.5 bəndində yazılırdı: “Xarici valyutanın və qiymətli kağızların (səhmlər, istiqrazlar , dövlət özəlləşdirmə çekləri və s.) alqı-satqısı Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir”.
Buradan aydın olduğu kimi, 2014-cü ildə DÖP-lər dövriyyədə idi və NK-nın Qərarından da göründüyü kimi, onlar dövriyyədə olduğu müddətdə ancaq müvafiq qanunlarla tənzimlənə bilər.
Ən əsas hüquqi faktlardan biri də birbaşa DÖÇ-lərdən istifadə qaydasını tənzimləyən Prezident fərmanıdır.
14 may 1997-ci il tarixli 579 nömrəli Fərmanla təsdiqlənmiş “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında” Əsasnamədə sonradan 22 dekabr 2014-cü il tarixli 426 nömrəli Fərmanla dəyişikliklər edilib.
Məhkəmənin gedişindəki hərəkətləri ilə və qəbul etdiyi qərarla hakim öz vəzifəsini düzgün yerinə yetirmədi və qərəzli mövqe tutdu. Bu, tək məhkəmə iştirakcılarına və yüzminlərlə ailəyə qarşı deyil, həm də cənab Prezidentə qarşı idi.
Hesab edirik ki, məhkəmədə hakim və ƏMDX-nin məmurları öz yalan mülahizələri və yozmaları ilə Dövlətə, cənab Prezidentə və Xalqa xəyanət edir – belə hərəkətlər cinayətdir. Bu cür məmurlar öz əməllərini dövlət başçısının üstünə atmaq istəyirlər.
Sizdən yüzminlərlə ailə adından xahiş edirik, bizim suallarımıza rəsmi cavab verəsiniz. Çox xahiş edirik, qanunvericiliklə müəyyən olunmuş müddətdə suallarımızı cavablandırasınız.
- 2004-cü il tarixli 75 saylı Fərmanın 1.2-ci bəndinin göstərdiyi qanunvericilik qaydası nə vaxt qəbul olunub və bu qayda harada yazılıb?
- Qanuna uyğun olaraq bu məlumat harada dərc olunub?
- Bu gün qanunla DÖÇ-lər dövriyyədən çıxarılıb, yoxsa tədavül və tədiyyə vasitəsi kimi istifadəsinin başa çatmasına baxmayaraq, hələ də dövlət qiymətli kağızı olaraq dövriyyədədir?
Böyük ümidlə cavab gözləyirik”.
Baş prokurora ünvanlanmış məktubda əlavə olaraq yazılıb:
“Cənab Baş prokuror! Ehtimal edirik ki, ƏMDX-nin məmurlarının yalanlarının və bunu gizlətmək istəyən hakimlərin əsas məqsədi cənab Prezidentin adına ləkə salmaq, xalqı dövlətdən və dövlət başçısından narazı salmaq, əhalidə nifrət hissi oyatmaq və insanları ayağa qaldırmaqdır. Bu isə cənab Prezidentə, Xalqımıza və Dövlətçiliyimizə qarşı düşmənçilikdir.
Hakim məhkəmənin gedişindəki hərəkətləri və qəbul etdiyi qərarla öz vəzifəsini düzgün yerinə yetirmədi və qərəzli mövqe tutdu. Bu, tək məhkəmə iştirakcılarına və yüzminlərlə ailəyə qarşı deyil, həm də cənab Prezidentə qarşı davranışdır. Hesab edirik ki, məhkəmədə hakim və ƏMDX məmurları öz yalan mülahizələri və yozmaları ilə Dövlətə, cənab Prezidentə və Xalqa qarşı cinayət etmiş olub.
Əlavə olaraq qeyd edək ki, qanunvericiliyə uyğun olaraq DÖÇ-lərin dövriyyədən çıxarılması haqqında qanunvericilik aktı nə vaxt qəbul olunub və nə vaxt qəzetdə elan olunub ki, məhkəmənin hakimi bilə-bilə ƏMDX-nin fantaziyasına inanıb və 10 il müddətin keçməsini yazaraq, məsələni araşdırmadan İMTİNA haqqında qərar qəbul edib?
Hamıya məlumdur ki, mülkiyyət hüququnu pozan icra hakimiyyəti orqanlarının aktları barədə şikayət vermək ZAMANA TABE DEYİL”.
Ədliyyə nazirinə ünvanlanan müracətdə, yuxarıdakı məlumatlarla yanşı sual olunur:
- Bu gün qanunla DÖÇ-lər dövriyyədən çıxarılıbsa, qanuna uyğun olaraq nə vaxt müvafiq məlumat dərc edilib?
- Sizdə belə bir qanunvericilik aktı Reyestrdə qeydə alınıbmı?
- Yoxsa DÖP-lərin tədavül və tədiyyə vasitəsi kimi istifadəsinin başa çatmasına baxmayaraq, hələ də dövlət qiymətli kağızı olaraq dövriyyədədir?
Sizdən çox xahiş edirik, sizdə belə bir qanunvericilik aktı reyestrdə qeydə alınıbsa, qanunvericiliklə müəyyən olunmuş qaydada və nüddətdə sualımıza cavab verəsiz”.
Son olaraq
6 Dekabr Azərbaycan Məhkəməsi tarixinə qara gün kimi düşdü. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək bildirdi ki, dövlət özəlləşdirmə çekləri 2011-ci ildə dövriyyədən çıxarılıb və bu səbəbdən həmin çeklərin hər hansı hüquqi qüvvəsi yoxdur. Qeyd edilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdehlər (PA, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi) təyin edilmiş məhkəmə iclasında təmsil olunmadılar.
İndi diqqət edin! Savadsızlıq, yoxsa…?
İddaçıların ərizəsində tam aydınlığı ilə dəfələrlə yazılan bir hüquqi faktı, hakim özünü savadsızlığa qoyaraq, öz qərardadında belə yazdı: “Eyni zamanda qeyd edilməlidir ki, özəlləşdirmə çekləri tədavülə “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 25.03.1996-cı il tarixli, 450 nömrəli Fərmanına əsasən buraxılmışdır”.
Baxmayaraq ki, ən azı 3 dəfə vəkil tərəfindən dövlət özəlləşdirmə paylarının (çeklərinin) mülkiyyət hüququ olduğunu və dövriyyəyə qanunla buraxildığını, tədavül və tədiyyə vasitəsi kimi istifadəsinin də əvvəldən qanunla tənzimlədiyini və idda ərizəsində bu barədə tam hüquqi faktların olduğunu söylədi, amma nədənsə, hakim qərəzli olaraq, öz fikrini qanunvericiliklə deyil, ƏMDX-nin nümayəndəsinin yalan sözləri əsasında formalaşdırdı.
Hamı bilir ki, QANUNLA verilən hüquq FƏRMANLA alına bilməz.
Çox maraqlı olan budur ki, hakim öz qərardadında yazır: “İddiaçılar qeyd olunanları bilməli olduğu halda, dövlət aktlarının tələblərinə ciddi yanaşmamış, özəlləşdirmə çeklərini özündə saxlamış, mübahisələndirilən prosedur qapandığı və artıq məsələ ilə bağlı subyektiv hüquqlarını itirdikləri halda, onlarda qalmış çeklərə görə cavabdehlərə qarşı ona vurulmuş ziyana görə kompensasiya tələbini irəli sürmüşdür. “İnzibati icraat haqqında” Qanunun 67.11-ci maddəsi isə nəzərdə tutur ki, maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. Göründüyü kimi, iddiaçılar kompensasiya tələbini irəli sürmək üçün qanunla müəyyən olunan iddia müddətini ötürmüşlər”.
Doğrudan da, əgər cənab Prezidentin 75 nömrəli Fərmanının 1.2-ci bəndində göstərilən qanunvericilik aktı və qaydası varsa və qanuna uyğun olaraq DÖÇ-lərin dövriyyədən çıxarılması barədə müvafiq məlumat dərc edilibsə, ancaq bu halda hakim ƏMDX-nin nümayəndəsinə inanıb İMTİNA qərardadı çıxara bilərdi.
Yenə qeyd edirik: birbaşa qanunla qiymətli kağızların dövriyyədən çıxarılmasını tənzimləyən rəsmi dövlət orqanları 2018-ci ilə qədər DÖP-lərin dövlət qimətli kağızı kimi dövriyyədən çıxarılmadığını və 75 nömrəli fərmanın 1.2-ci bəndində göstərilən qanunvericik qaydalarının hələ hazırlanmadığını dəfələrlə rəsmi olaraq bildirib.
Bütün cəmiyyətimizdən, qeyrətli vətəndaşlardan, ziyalılardan – hər kəsdən xahiş edirik: bu haqq işində bizlərə kömək edin.
Hörmətlə: Özəlləşdirmə Çekləri Qrupu