Icma.az
close
up
RU
Mehriban Əliyevanın rəhbərliyi rəqəmsal transformasiyaya yeni dinamika qazandırır

Mehriban Əliyevanın rəhbərliyi rəqəmsal transformasiyaya yeni dinamika qazandırır

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Rəqəmsal transformasiya XXI əsrdə dövlətlərin inkişaf səviyyəsini müəyyən edən əsas meyarlardan biridir. Bu gün rəqabət artıq yalnız təbii resurslar və ya ənənəvi iqtisadi göstəricilər üzərində deyil, rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya, məlumatların idarə olunması və kibertəhlükəsizlik sahəsində formalaşır. Məhz bu baxımdan Prezident İlham Əliyevin cari ilin fevral ayında keçirdiyi müşavirədə qəbul olunan qərarlar Azərbaycanın inkişaf strategiyasında yeni və keyfiyyətcə daha yüksək mərhələnin əsasını qoydu. Rəqəmsal İnkişaf Şurasının yaradılması və "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın təsdiqi göstərir ki, ölkəmiz rəqəmsal gələcəyini sistemli, uzunmüddətli və milli maraqlara əsaslanan konsepsiya üzərində qurur.

Bu prosesdə Birinci vitse-prezident Mehriban Əliyevanın Rəqəmsal İnkişaf Şurasına rəhbərlik etməsi xüsusi əhəmiyyət daşıyır. Çünki rəqəmsal transformasiya təkcə bir nazirliyin və ya ayrı-ayrı dövlət qurumlarının fəaliyyəti ilə məhdudlaşmır. Bu, dövlət idarəçiliyinin, iqtisadiyyatın, təhsilin, səhiyyənin, sosial xidmətlərin və bütövlükdə cəmiyyətin bütün sahələrini əhatə edən kompleks islahatdır. Belə genişmiqyaslı proseslərin vahid mərkəzdən koordinasiya olunması, müxtəlif qurumların fəaliyyətinin uzlaşdırılması və strateji qərarların operativ icrası baxımından Şuraya ən yüksək siyasi səviyyədə rəhbərlik edilməsi tamamilə məntiqli və uzaqgörən qərardır. Bu, dövlət başçısının rəqəmsal inkişafı Azərbaycanın gələcək inkişaf modelinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdiyini bir daha təsdiqləyir.

Artıq qısa müddət ərzində görülən işlər bu yanaşmanın real nəticələr verdiyini nümayiş etdirir. "mygov" platformasının sürətlə genişləndirilməsi, müxtəlif dövlət qurumlarının elektron xidmətlərinin vahid ekosistemə inteqrasiyası, vətəndaş–məmur təmasının minimuma endirilməsi, proaktiv dövlət xidmətlərinin tətbiqi, "Yalnız bir dəfə" prinsipinin həyata keçirilməsi dövlət idarəçiliyində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Təsadüfi deyil ki, cəmi üç ay ərzində "mygov" istifadəçilərinin sayının 2,7 milyondan 3,5 milyona yüksəlməsi vətəndaşların bu yeniliklərə olan etimadını və ehtiyacını aydın şəkildə göstərir.

Fəaliyyət Planının ən mühüm üstünlüklərindən biri rəqəmsallaşmaya yalnız texniki yenilik kimi deyil, idarəetmə fəlsəfəsi kimi yanaşmasıdır. Dövlət məlumat hövzəsinin yaradılması, məlumatların vahid standartlarla idarə olunması, analitika və süni intellekt texnologiyalarının tətbiqi nəticəsində vətəndaşın ehtiyaclarının əvvəlcədən müəyyənləşdirilməsi və ona fərdiləşdirilmiş xidmətlərin göstərilməsi artıq dünyanın qabaqcıl dövlətlərində tətbiq olunan idarəetmə modelidir. Azərbaycanın da bu istiqamətdə qətiyyətli addımlar atması ölkəmizin beynəlxalq rəqəmsal transformasiya proseslərinə uğurla inteqrasiya olunduğunu göstərir.

Diqqət çəkən digər mühüm istiqamət innovasiya iqtisadiyyatının formalaşdırılmasıdır. Hazırlanmış qanunvericilik paketi mahiyyət etibarilə Azərbaycanın texnoloji inkişaf tarixində ən genişmiqyaslı hüquqi islahatlardan biridir. Otuzdan artıq qanuna, Prezident fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına dəyişikliklərin nəzərdə tutulması dövlətin bu sahəyə strateji yanaşmasının göstəricisidir. Vençur maliyyələşdirilməsi, "mələk investor" institutu, kraudfandinq mexanizmləri, ESOP modeli, SAFE və Convertible Note kimi beynəlxalq investisiya alətlərinin hüquqi dövriyyəyə daxil edilməsi Azərbaycanın innovasiya ekosistemini qlobal standartlara uyğunlaşdıracaq. Texnologiya şirkətləri üçün uzunmüddətli vergi güzəştləri, yüksəkixtisaslı mütəxəssislər üçün stimullar və "Rəqəmsal səyyah" vizasının tətbiqi ölkəmizin regional texnologiya və innovasiya mərkəzinə çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Süni intellekt sahəsində müəyyən edilən hədəflər də xüsusi diqqətə layiqdir. Artıq dövlət xidmətlərində süni intellekt həllərinin tətbiqinə başlanılması, "mygov" platformasında virtual köməkçinin istifadəyə verilməsi, milli hesablama infrastrukturunun yaradılması, GPU əsaslı texnoloji bazanın qurulması və "Regulatory Sandbox" mexanizminin formalaşdırılması göstərir ki, Azərbaycan süni intellekt texnologiyalarının istehlakçısı olmaqla kifayətlənmək niyyətində deyil. Məqsəd bu sahədə milli potensial yaratmaq, innovativ məhsullar hazırlamaq və rəqəmsal iqtisadiyyatın yeni inkişaf mərhələsinə keçməkdir.

Rəqəmsal inkişafın ayrılmaz tərkib hissəsi olan kibertəhlükəsizlik istiqamətində həyata keçirilən islahatlar da dövlətin strateji baxışını əks etdirir. Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, Milli CERT və SOC mərkəzlərinin formalaşdırılması, kritik informasiya infrastrukturunun qorunmasına dair yeni hüquqi mexanizmlərin tətbiqi, süni intellekt əsaslı kibermüdafiə sistemlərinin hazırlanması Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsinə xidmət edir. Çünki rəqəmsallaşma yalnız təhlükəsizlik təmin edildiyi halda davamlı inkişaf modelinə çevrilə bilər.

Təhsil sistemində aparılan rəqəmsal transformasiya isə gələcəyin insan kapitalına yönəlmiş ən mühüm investisiyalardan biridir. Məktəblərin təhlükəsiz internetlə təmin olunması, son illərdə yüz minlərlə kompüterin paylanılması, "Rəqəmsal məktəb" platformasının genişləndirilməsi, elektron təhsil xidmətlərinin artırılması, "Rəqəmsal bacarıqlar" və "STEAM Azərbaycan" layihələrinin uğurla icrası göstərir ki, məqsəd yalnız məktəbləri texnika ilə təmin etmək deyil, rəqəmsal düşüncəyə malik yeni nəsil formalaşdırmaqdır.

Bütün bunlar onu göstərir ki, "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" ayrı-ayrı layihələrin məcmusu deyil, dövlət idarəçiliyindən iqtisadiyyata, təhsildən innovasiyaya, süni intellektdən kibertəhlükəsizliyə qədər bütün sahələri əhatə edən vahid milli inkişaf strategiyasıdır. Bu strategiyanın yüksək siyasi səviyyədə əlaqələndirilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Şuranın fəaliyyətə başlaması islahatların sistemli, çevik və nəticəyönümlü şəkildə həyata keçirilməsini təmin edəcək mühüm institusional qərardır.

Əminliklə demək olar ki, bu gün atılan addımlar yalnız cari dövrün ehtiyaclarına cavab vermir. Onlar Azərbaycanın gələcək onilliklərdə rəqabətqabiliyyətli iqtisadiyyata, müasir dövlət idarəçiliyinə və güclü rəqəmsal cəmiyyətə malik ölkə kimi mövqeyini daha da möhkəmləndirəcək strateji inkişaf kursunun əsasını təşkil edir.

Elnarə Akimova, Milli Məclisin deputatı, 

YAP İdarə Heyətinin üzvü, Filologiya elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 İyul 2026 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see461

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see395

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see370

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see367

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see339

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see336

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see325

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see324

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see321

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see317

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see304

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see293

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see288

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see278

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see276

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see267

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see265

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see261

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see260

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see250
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri