Məktəbdə atışma: 3 uşaq və müəllim öldürüldü
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın Oreqon ştatının Bend şəhərində ibtidai məktəbdə baş verən atışma nəticəsində 3 uşaq və 25 yaşlı müəllim həlak olub.
Modern.az xəbər verir ki, CBS News-un məlumatına görə,hadisə zamanı 7 yaşlı qız və 54 yaşlı müəllimə də yaralanıb.
Hadisə Silver Rail Elementary məktəbində baş verib.
Bend şəhərinin polis rəisi Mayk Krantsın bildirdiyinə görə, hücum edən 16 yaşlı Qriffin Con hadisə şahidi tərəfindən güllələnib.
Polisin məlumatına əsasən, yeniyetmə əvvəllər həmin məktəbdə təhsil alıb. O, piyada məktəbin hasarına yaxınlaşıb, ov tüfəngini hasarın üzərindən keçirib, sonra özü də hasarı aşıb. Daha sonra yoldan keçən pikapın sürücüsünə atəş açıb. Sürücü təcili yardım xidmətlərinə məlumat verib.
Digər şahid, məktəbdə oxuyan iki qızın 36 yaşlı atası Keylub Ciamanko baş verənləri görərək məktəbin dayanacağına gedib. O, qanuni yolla əldə etdiyi tapança ilə binaya daxil olub və hücum edən şəxsi sinif otağında müəllimə ilə əlbəyaxa mübarizə aparan vəziyyətdə görüb. Ciamanko yeniyetməyə bir neçə dəfə atəş açıb. Hücum edən şəxs hadisə yerində ölüb.
Polisin bildirdiyinə görə, yeniyetmə ikitaylı giriş qapılarının şüşələrinə atəş açaraq binaya daxil olub. Daha sonra yaxınlıqdakı sinif otağına keçərək atəş açıb. Həlak olanların və yaralananların hamısı həmin otaqda olub.
Polis rəisi Mayk Krants hücum zamanı müəllimələrdən birinin göstərdiyi müqavimətə xüsusi diqqət çəkib. Həmin müəllimə əvvəlcə mobil telefonunu hücum edən şəxsə atıb, daha sonra onun üzərinə atılaraq silahı əlindən almağa çalışıb. Müəllimə xəsarət almayıb.
Polis rəisinin sözlərinə görə, onun bu hərəkətləri daha çox insanın həlak olmasının qarşısını almış ola bilər.
Hücum edən şəxsin anasının aldığı 12 kalibrli Maverick 88 markalı nasos tipli ov tüfəngindən istifadə etdiyi bildirilir. Hadisə yerində silah və daha 44 patron aşkarlanıb. Polisin qiymətləndirməsinə görə, yeniyetmə 15 dəfəyədək atəş açıb.
Yaralanan 7 yaşlı qızın vəziyyəti ağır, lakin stabildir. 54 yaşlı müəllimə Bekki Drurinin aldığı xəsarətlər ciddi olsa da, həyatına təhlükə olmadığı bildirilir.
Hücumun motivi hələlik məlum deyil. İstintaqçılar yeniyetmənin kompüterini, telefonunu, sosial şəbəkə hesablarını və axtarış tarixçəsini araşdırırlar. O cümlədən onun kütləvi qətllərə maraq göstərib-göstərmədiyi yoxlanılır.
Rəsmilər istintaqın ilkin mərhələdə olduğunu vurğulayıblar.
Yerli medianın məlumatına görə, 2020-ci ildə yeniyetmənin anası televiziya kanalına müsahibəsində oğlunun xüsusi təhsil ehtiyaclarından və pandemiya dövründə distant təhsillə bağlı çətinliklərindən danışıb.
Məktəbin rəhbəri Stiven Kuk deyib ki, Con xüsusi təhsil ehtiyacları olan şagird olub. Atışma isə əlavə dəstəyə ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulmuş sinif otağında baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 17 Oktyabr 2026 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















