Mərkəzi Bank valyuta hərracı barədə məlumat yaymağı dayandırıb Rəsmi CAVAB
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Mərkəzi Bankı tərəfindən həftəlik valyuta hərracları barədə məlumatların yayımlanması dayandırılıb. Belə ki, valyuta hərracı barədə rəsmi məlumat sonuncu dəfə fevralın 27-də təqdim olunub.
Modern.az məsələ ilə əlaqədar Mərkəzi Bankla əlaqə saxlayıb.
Qurumun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, fevral ayının sonunda Mərkəzi Bankın sədrinin mətbuat nümayəndələri ilə keçirilən görüşündə media nümayəndələrinə bu barədə məlumat təqdim olunub.
"Hazırda Mərkəzi Bankın valyuta hərraclarının həftədə iki dəfə olmaqla keçirilməsi davam etdirilir. Valyuta hərraclarında formalaşan məzənnənin sabit qalması və banklar tərəfindən təqdim olunan tələbin tam qarşılanması nəzərə alınaraq, valyuta hərraclarının nəticələrinə dair məlumatın Mərkəzi Bank tərəfindən kommunikasiya edilməsi aktual hesab olunmur. Eyni zamanda qeyd etmək istərdik ki, Mərkəzi Bankın hər ayın sonuna olan valyuta ehtiyatlarının səviyyəsinə dair məlumat Mərkəzi Bankın internet səhifəsində aylıq əsasda açıqlanır. Bu məlumatın ənənəvi qaydada kommunikasiyası davam etdiriləcək", - açıqlamada qeyd olunub.
Məsələ ilə əlaqədar Milli Məclisi deputatı Vüqar Bayramov isə Modern.az-a açıqlamasında bildirib ki, Mərkəzi Bank tərəfindən valyuta hərracları ilə bağll mütəmadi məlumatların verilməsi vacibdir:
“Çünki bu bütövlükdə valyuta hərracları, eyni zamanda valyuta bazarına tələbin müəyyənləşdirilməsi və təklifin qiymətləndirilməsinə xidmət edir. Bizim təklifimiz ondan ibarətdir ki, əvvəlki dövrlərdə olduğu kimi Mərkəzi Bank tərəfindən valyuta hərracları ilə bağlı məlumat mütəmadi, yəni gündəlik bölüşdürülməsi məqsədəuyğundur. Bu istiqamətdə əvvəlki praktikanın davam etdirilməsini təklif edirik”- Millət vəkili qeyd edib.
