Mətbuat Şurasının İdarə Heyəti 2025 ci ilə yekun vurdu
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dünən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin 2025-ci ildəki son iclası keçirilib. Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid gündəliyi elan edib.
Hesabat
İclasda əvvəlcə MŞ sədrinin İH-in oktyabrda keçirilmiş son iclasından indiyədək görülmüş işlərə dair məlumatı dinlənilib. R.Məcid bildirib ki, Mətbuat Şurasında ömrünü–gününü jurnalist peşəsinə həsr etmiş 3 jurnalistlə bağlı yubiley toplantısı keçirilib. Şura 3 media qurumunun və 1 jurnalistin yubileyi ilə bağlı təbrik, 2 jurnalistin vəfatı ilə bağlı başsağlığı mətni yayıb. Bundan başqa, qurum Azərbaycan jurnalistləri adından 8 Noyabr Zəfər Gününün 5-ci ildönümü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Noyabrın 7-də Mətbuat Şurası Medianın İnkişafı Agentliyi ilə birgə “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfrans keçirib.
Noyabrın 8-də Türkiyənin Alanya şəhərində Azərbaycan Mətbuat Şurası ilə Türkiyə Qlobal Jurnalistlər Şurası (Küresel Gazeteciler Konseyi – KGK) arasında əməkdaşlıq protokolu imzalanıb. Bu sənədlə tərəflər media təhsili və peşəkar inkişaf proqramlarının təşkilini, jurnalist mübadiləsini və ortaq təlimlərin keçirilməsini, media etikası və ictimaiyyətlə əlaqələr sahəsində birgə layihələrin gerçəkləşdirilməsini planlaşdırıblar. Həmçinin qarşılıqlı səfərlərin, forum və konfransların reallaşdırılması, ortaq nəşrlərin hazırlanması və informasiya mübadiləsinin genişləndirilməsi də protokolun əsas iş istiqamətləri sırasındadır. Ümumən, bu sənəd media əməkdaşlığının institusional əsasda inkişafını, regional və beynəlxalq informasiya mübadiləsinin yeni səviyyəyə yüksəldilməsini hədəf seçir.
R.Məcid onu da bildirib ki, Mətbuat Şurası İdarə Heyətinin üzvləri ölkəmizdə təşkil olunmuş Türk Dövlətləri Təşkilatının Media Forumunda və “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan–Gürcüstan Media Forumunda, “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunda fəal iştirak ediblər.
Şikayətlərin araşdırılması
İclasda müzakirəyə çıxarılan ikinci məsələ Mətbuat Şurasına şikayətlərlə bağlı olub. MŞ sədrinin müavini, Şikayətlər üzrə Komissiyanın sədri Səadət Məmmədova bildirib ki, rəhbərlik etdiyi komissiya İH-in iclasından əvvəl öz iclasını keçirib. O, həmin toplantıda 6 şikayətin nəzərdən keçirildiyini bildirib və deyib ki, şikayətlərdən biri bilavasitə Mətbuat Şurasının səlahiyyət dairəsinə aid olmasa da, Şuranın Katibliyi tərəfindən orada adları çəkilən jurnalistlərlə söhbət aparılıb və problem yoluna qoyulub, bununla bağlı müvafiq məlumatlandırma işi aparılıb.
Mətbuat Şurasının səyləri ilə şikayətə səbəb olmuş iki məsələ həllini tapıb ki, bu zaman cavabdeh media orqanı narazılıq doğurmuş materialı öz veb-saytından silməyi təklif edib və belə mövqe şikayətçi tərəfindən məqbul qarşılanıb.
S.Məmmədovanın məlumatına görə, Şikayətlər üzrə Komissiyada müzakirə edilən daha bir məsələ üzrə cavabdeh kimi göstərilən media orqanı “Milli TV” “Youtube” kanalının rəhbərinin jurnalist kimi davranmadığını, aşkar tərəf tutduğunu, təqdim etdiyi materialda faktlarla deyil, ümumi ifadələrlə ittiham tonuna üstünlük verdiyini müəyyənləşdirib. Eyni zamanda, “Milli TV” tərəfindən Şuranın Katibliyinin problemin həllinə dair çağırışına zəruri reaksiya göstərilməyib. Buna görə bu media orqanı ilə bağlı Mətbuat Şurasının qərarının qəbulu vacibdir. Daha bir məsələ üzrə isə cavabdeh media orqanının şikayətçi tərəfin mövqeyinin işıqlandırılmasına razı olduğu tərəflər arasındakı mübahisənin aradan qaldırılması baxımından vacib sayılıb.
Dil komissiyasının yeni tərkibi
Mətbuat Şurası İdarə Heyətinin iclasında Şuranın Dil Komissiyasının fəaliyyətinin gücləndirilməsi məsələsi müzakirə olunub. Sədr Rəşad Məcid bildirib ki, Prezident İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yığıncaqdakı çıxışında ana dilimizlə bağlı həssas məqamlara toxunub. Dilimizə yad təsirlərin artmasından narahatlığını ifadə edən dövlətimizin başçısı onun saflığını qorumağın hər bir vətəndaşın işi olduğunu vurğuladı. Prezident, eyni zamanda, həm televiziya, həm də yazılı media məkanındakı mənfi tendensiyalara diqqət çəkərək, dilimizin lazımınca qorunmamasının milli kimliyimizə təhlükə yaratmasından da söz açdı, bu istiqamətdəki durumu izləyəcəyini, lazımi tədbirlər görəcəyini bildirdi.
Şura sədri qeyd edib ki, Prezident İlham Əliyevin tələbləri Mətbuat Şurası qarşısında da məsuliyyət müəyyənləşdirir və Şuranın İdarə Heyəti üzvlərinin təklifləri qurumun bununla bağlı fəaliyyətinin konkret konturlarının müəyyənləşdirilməsində mühüm rol oynayacaq. Müzakirələrdən sonra sədr Vüsalə Mahirqızı olmaqla, MŞ-nin Dil Komissiyasının yeni tərkibi müəyyənləşib. Qərara alınıb ki, tərkibdə İH üzvlərindən “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, Milli Məclisin deputatı Elçin Mirzəbəyli, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilə yanaşı, Şuranın Nəzarət-Təftiş Komissiyasının üzvü, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev və “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli təmsil olunsunlar, dilçi alimlərin də komissiyanın işinə cəlb edilmələri istiqamətində tədbirlər görülsün. Qurumun fəaliyyətinə gəlincə, konkret iş planı hazırlanacaq və görüləcək işlər dəqiqləşdiriləcək.
Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzi
İclasda bildirilib ki, ölkədə fəaliyyət göstərən jurnalist təşkilatlarının daha çox beynəlxalq miqyasda söz və ifadə azadlığı ilə bağlı qlobal trendlərə qoşulmalarına, onların ayrı-ayrı beynəlxalq konfranslarda daha institusional şəkildə iştiraklarına ehtiyac var. Çünki söz və ifadə azadlığı ilə əlaqəli məsələlər ölkələrin beynəlxalq nüfuzu baxımından qiymətləndirilir. Belə durumlarda jurnalist təşkilatlarının fəallığı mütləqdir. Onların işlərinin sistemləşdirilməsi lazımdır. Bu baxımdan Mətbuat Şurasının nəzdində Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzi yaradılmasına ehtiyac var. İclasda məsələ ilə bağlı “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin sədri Ayaz Mirzəyevin təqdimatı dinlənilib və təkliflər irəli sürülüb. Qərara alınıb ki, A.Mirzəyevin rəhbərliyi ilə fəaliyyət göstərəcək koordinasiya mərkəzi gələn il konkret iş strategiyasını və mərkəzdə təmsil olunacaq jurnalist birliklərini müəyyənləşdirsin.
“Azərbaycan milli mətbuatının 150 illiyi” medalının təqdimatı
Mətbuat Şurası İdarə Heyətinin son iclasında Prezident İlham Əliyevin 20 fevral 2025-ci il tarixli fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı Şuranın təmsilçilərinə təqdim olunub. Şura sədri R.Məcid yubiley medalını Azərbaycan dövlətinin həm jurnalist əməyinə, həm də milli mətbuatımızın keçdiyi şərəfli yola dəyərinin növbəti bariz nümunəsi kimi qiymətləndirib və medalı təltif etmək səlahiyyətinə malik Medianın İnkişafı Agentliyinin rəhbərliyinə təşəkkürünü bildirib.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 19 Dekabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















