Milli birliyin və istiqlal ruhunun zirvəsi ŞƏRH
Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan xalqına qarşı XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan 20 Yanvar faciəsindən otuz altı il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet imperiyası Azərbaycan xalqının Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı qəti mövqeyinə cavab olaraq Bakıya və bir sıra bölgələrə hərbi qüvvə yeritdi. Xüsusi təyinatlı dəstələrin və daxili qoşunların həyata keçirdiyi bu hücum müstəsna qəddarlıqla müşayiət olundu, dinc əhali ağır texnika və silahlarla hədəfə alındı. “Qanlı Yanvar” adı ilə tarixə düşən bu faciə sovet rəhbərliyinin ermənipərəst və anti-Azərbaycan siyasətinin açıq təzahürü olmaqla yanaşı, xalqımızın ləyaqətini, milli heysiyyətini və azadlıq arzusunu qorumaq naminə hər cür qurban verməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Məhz 20 Yanvar hadisələri Azərbaycanın müstəqil dövlət quruculuğu yolunda həlledici mərhələnin başlanğıcı kimi yadda qaldı.
Qanlı Yanvar zamanı sovet ordusunun Azərbaycanın paytaxtına və digər ərazilərinə qanunsuz yeridilməsi, dinc insanların amansızcasına qətlə yetirilməsi totalitar rejimin törətdiyi ən ağır cinayətlərdən biri idi. Bakıya gətirilən hərbi kontingentin tərkibində müxtəlif bölgələrdən, o cümlədən erməni zabit və hərbçilərin də yer alması bu qırğının əvvəlcədən planlaşdırıldığını göstərirdi. On minlərlə əsgər və zabitin şəhərə cəmləşdirilməsi, hərbi texnikanın yaşayış məntəqələrinə yeridilməsi imperiyanın məqsədinin yalnız Azərbaycanı cəzalandırmaq deyil, həm də digər ittifaq respublikalarına gözdağı vermək olduğunu sübut edirdi. Lakin bu qanlı plan öz məqsədinə çatmadı. Əksinə, sovet ordusunun törətdiyi vəhşilik xalqın azadlıq iradəsini sındırmadı, milli birliyi və müqaviməti daha da gücləndirdi, imperiyanı zor gücü ilə saxlamaq cəhdlərinin iflasa məhkum olduğunu ortaya qoydu.
O faciəli günlərdə Ümummilli Lider Heydər Əliyevin respublikada olmaması xalq üçün ən ağrılı məqamlardan biri idi. Həmin dövrdə ölkəyə rəhbərlik edən şəxslər 20 Yanvar həqiqətlərini açıq şəkildə ifadə etməyə, günahkarları ittiham etməyə cəsarət göstərmədilər. Yalnız Heydər Əliyev böyük risklərə baxmayaraq, 1990-cı il yanvarın 21-də Moskvada verdiyi bəyanatla bu cinayətə ilk siyasi qiyməti verdi və sovet rəhbərliyini, şəxsən Mixail Qorbaçovu açıq şəkildə ittiham etdi. Sonrakı illərdə də məhz onun təşəbbüsü ilə 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verildi. Bu gün isə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərir. Hər il yanvarın 20-də ölkə üzrə şəhidlərin xatirəsinin ehtiramla yad olunması, Şəhidlər Xiyabanının milli yaddaş rəmzinə çevrilməsi 20 Yanvarın xalqımızın müstəqillik, istiqlal və azadlıq uğrunda apardığı milli mübarizənin zirvəsi kimi tarixə əbədi həkk olunduğunu bir daha təsdiqləyir.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 19 Yanvar 2026 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















