Milli mədəniyyətimizə yeni strateji baxış
Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.
Nümunəvi inkişaf modelinə malik olan Azərbaycanın bütün istiqamətlərdə dövlət siyasəti mövcud reallıqlara, konseptual yanaşmalara və meydana çıxan çağırışlara əsaslanır. Ölkəmizin böyük uğurlarını şərtləndirən bu siyasətin davamı olaraq daha bir uzunmüddətli sənəd - “Azərbaycan Mədəniyyəti - 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası təsdiqlənib. Prezident İlham Əliyev bununla bağlı 14 yanvar 2026-cı il tarixində müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini həyata keçirəcək, həmin tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verəcək.
Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Mədəniyyət Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.
Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə əsaslanan mükəmməl sənəd
Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi xalqımızı birləşdirən, ölkəmizdə sarsılmaz həmrəylik mühiti formalaşdıran mükəmməl ideologiyadır. Azərbaycançılıq ideologiyası harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarında ana Vətənə böyük sevgi aşılayır. Burada dil, mədəniyyət bir mənəvi körpüdür. Məhz bu körpü vasitəsilə biz bir-birimizə bağlanırıq. Mədəniyyət, incəsənət, ədəbiyyat, ana dili bizim milli pasportumuzdur. Zəngin ənənələrimiz, milli-mənəvi dəyərlərimiz, məişətimiz, hayata baxışımız məhz mədəniyyət, incəsənət və ədəbiyyat nümunələri ilə nəsildən-nəslə ötürülərək yaşadılır və bir toplum, xalq olaraq bizim identikliyimizi təmin edir. Keçmiş sovet hakimiyyəti illərində respublikaya rəhbərlik edən müdrik siyasətçi Heydər Əliyev Azərbaycanın gələcək müstəqilliyini düşünərək mədəniyyətə böyük qayğı göstərməklə, Azərbaycan dilinə dövət dili status verilməsinə nail olmaqla insanların özünüdərk hissini gücləndirir, xalqı azadığa qovuşduracaq milli ideya formalaşdırırdı. Onun mədəniyyət, incəsənət və ədəbiyyat vasitəsilə səpdiyi toxumlar şərait yarandıqda sağlam cücərtilər verdi. Biz XX yüzillikdə ikinci dəfə müstəqilliyə qovuşmağın sevincini və qürurunu yaşadıq.
Hazırkı mərhələdə zamanında böyük siyasətçi Heydər Əliyevin əsasını qoyduğu milli mədəniyyətə qayğı siyasətini Prezident İlham Əliyev eyni ardıcıllıqla davam etdirir. Azərbaycanın mədəniyyət siyasəti dövlət siyasətinin tərkib hissəsi olmaqla, mədəni həyatın təmin edilməsi üçün əlverişli mühit yaradılmasına, milli-mənəvi dəyərlərin qorunmasına, mədəniyyətin tərbiyə potensialına və şəxsiyyətin formalaşması prosesində mədəniyyətdən istifadəyə əsaslanan mühüm bir istiqamətdir. Sənəddə vurğulandığı kimi, 2003-2025-ci illər ərzində Azərbaycanda mədəniyyət sahəsində əhəmiyyətli işlər görülüb. O cümlədən milli mədəniyyətimizin inkişafı məqsədilə dövlət başçısının 2014-cü il 14 fevral tarixli müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” uğurla icra olunub. 2003-2024-cü illərdə Azərbaycanda mədəniyyət sahəsində 14 qlobal və 100-dən artıq regional tədbir keçirilib. Mədəniyyətlərarası dialoqu genişləndirmək məqsədilə “Bakı Prosesi” qlobal mədəni təşəbbüsü, ümumdünya mədəniyyətlərarası dialoq forumlarının da daxil olduğu həmin tədbirlər nəticəsində Azərbaycan Respublikası beynəlxalq müstəvidə mədəni-siyasi nüfuz sahibinə çevrilib. Beynəlxalq əməkdaşlığın inkişafı məqsədilə 6 xarici ölkədə (Almaniya, Avstriya, Fransa, İtaliya, Özbəkistan, Türkiyə) Azərbaycan mədəniyyət mərkəzi yaradılıb. Müxtəlif illərdə Azərbaycanın 3 şəhəri İslam Dünyasının Mədəniyyət Paytaxtı (Bakı - 2009-cu il üçün, Naxçıvan - 2018-ci il üçün, Şuşa - 2024-cü il üçün), 2 şəhəri Türk Dünyasının Mədəniyyət Paytaxtı (Şəki - 2016-cı il üçün, Şuşa - 2023-cü il üçün) elan edilib. Həmçinin, dövlətin mədəniyyət siyasətinə ictimai dəstək olaraq Heydər Əliyev Fondu tərəfindən mədəniyyət sahəsində milli və beynəlxalq proqram və layihələr (Milli Muğam Müsabiqəsi, “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı və s.) həyata keçirilib, insanların yaradıcı potensialının aşkara çıxarılmasına, qabiliyyətlərinin inkişaf etdirilməsinə şərait yaradılıb.
Dövlət başçısının sərəncamı ilə “Azərbaycan Mədəniyyəti - 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təsdiqlənməsi ölkəmizdə mədəniyyətə davamlı dövlət qayğısının təmin edilməsinin daha bir sübutudur. Belə bir konsepsiyanın indi qəbul edilməsi təsadüfi deyil. Qloballaşma şəraitində yaşayırıq. İndiki dövrdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ölkələr, xalqlar arasında inteqrasiyanı intensivləşdirib. Bu, bir tərəfdənn yaxşı hal olsa da, milli mədəniyyətlər və dillər üçün təhdidləri də artıraraq yeni çağırışlar yaradır. Azərbaycan mədəniyyətinin dövrün regional və qlobal çağırışları müstəvisində intibahı mühüm əhəmiyyət daşıyır. Biz qloballaşma şəraitində həm milli mədəniyyətimizi qorumalıyıq, həm də onun zənginləşməsi qayğısına qalmalıyıq. Ölkənin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında yeni milli ideologiyanın və buna əsaslanan yeni mədəniyyət siyasətinin formalaşdırılmasını şərtləndirir. Bu baxımdan “Azərbaycan mədəniyyəti - 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası qlobal və ölkədaxili çağırışlar nəzərə alınmaqla, Azərbaycanın milli kimliyinə əsaslanan müasir mədəniyyət modelinin yaradılması, inkişafı və 2040-cı ilədək digər mədəniyyətlərlə qarşılıqlı əlaqələrinin genişləndirilməsi üçün dövlət mədəniyyət siyasətinin istiqamətlərini müəyyən edən və mədəniyyət sahəsi ilə bağlı fəaliyyətə vahid, sistemli və dayanıqlı yanaşmanı təmin edən strateji planlaşdırma sənədidir. Konsepsiya milli mədəniyyətə yeni strateji baxışı şərtləndirir.
Konsepsiya üzrə 6 Dövlət Proqramı hazırlanacaq
İndiyədək ölkəmizdə dövlət səviyyəsində və Heydər Əliyev Fondunun xətti ilə milli mədəniyyətimizin daha da zənginləşdirilməsi və mədəni irsin qorunması sahəsində mühüm işlər görülüb. 2003-2023-cü illər ərzində Azərbaycanın 4 mədəni və təbii irsi - Qobustan qaya sənəti mədəni landşaftı (2007-ci il), Xan sarayı ilə Şəki şəhərinin tarixi mərkəzi (2019-cu il), Hirkan meşələri (2023-cü il) və Xınalıq Köç yolu (2023-cü il) UNESCO-nun “Dünya irsi siyahısı”na daxil edilib, bununla da həmin siyahıda Azərbaycanın mədəni və təbii irsinin sayı 5-ə çatıb. Bakı şəhəri (2017-ci il), Şəki şəhəri (2018-ci il) və Lənkəran şəhəri (2019-cu il) UNESCO-nun “Yaradıcı Şəhərlər Şəbəkəsi”nə daxil edilib. Azərbaycanın 24 qeyri-maddi mədəni irs nümunəsi UNESCO-nun “Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”nda (22 nümunə) və “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı”nda (2 nümunə) yer alıb. Azərbaycan üzrə “Tibb və farmakologiyaya aid orta əsrlər əlyazmaları” adı altında 3 əlyazma (Rüstəm Cürcaninin “Zəxireyi-Nizamşahi”, Əbülqasim Zəhravinin “Əl-məqələtus-səlasim”, Əbu Əli ibn Sinanın “Əl-qanun fit-tibb” əsərləri) 2005- ci ildə, Məhəmməd Füzulinin “Divan”ının surəti 2017-ci ildə, Xurşidbanu Natəvanın “Gül dəftəri” - illüstrasiyalı şeirlər albomu” 2023-cü ildə UNESCO-nun “Dünya yaddaşı reyestri”nə daxil edilib. Ölkədə fəaliyyət göstərən muzey və qalereyalarda 42700-dən artıq sərgi təşkil olunub, ölkə üçün xüsusi əhəmiyyət kəsb edən 36 eksponat xaricdən geri qaytarılıb, 20085 eksponat bərpa olunub. Həmçinin, ölkədə yeni muzey və rəsm qalereyaları yaradılıb, Azərbaycan Prezidentinin 2020-ci il 3 dekabr tarixli 2316 nömrəli sərəncamı əsasında Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin açılışı baş tutub. İşğaldan azad edilmiş ərazilərdə İşğal və Zəfər muzeyləri komplekslərinin təməli qoyulub. Mədəniyyət sahəsində təhsil fəaliyyətini həyata keçirən müəssisələr yaradılıb, habelə son 20 il ərzində 60-dan çox mütəxəssis dövlət dəstəyi ilə xarici təhsil müəssisələrində mədəniyyət ixtisasları üzrə təhsil alıb.
Təsdiqlənən Konsepsiya ilə yeni strateji mərhələdə milli mədəniyyətimizə dövlət qayğısı siyasətinin ardıcıllığı təmin ediləcək. Sənəddə Azərbaycan dili, davranış və bilgi mədəniyyəti, ədəbiyyat, incəsənət və mədəni irs sahələri əhatə olunur. Həmçinin Konsepsiyada “Azərbaycanın mədəniyyət dəyərləri”nə milli-mənəvi dəyərlər, tolerantlıq, Azərbaycan dili, fərdilik və özünəməxsusluq, əlçatanlıq və digərləri aiddir.
Konsepsiyanın 3 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Birinci mərhələ 2026-2030-cu, ikinci mərhələ 2031-2035-ci, üçüncü mərhələ isə 2036-2040-cı illəri əhatə edəcək. Üç mərhələdə reallaşdırılacaq Konsepsiya üzrə 6 Dövlət Proqramının layihələrinin hazırlanması nəzərdə tutulur. Bunlar aşağıdakılardır:
-Azərbaycan dilinin və ədəbiyyatının inkişafı ilə bağlı dövlət proqramı;
- Azərbaycanın mədəni və təbii irsinin qorunması ilə bağlı dövlət proqramı;
- İncəsənətin inkişafı ilə bağlı dövlət proqramı;
- Audiovizual sənayenin inkişafı ilə bağlı dövlət proqramı;
- Davranış mədəniyyətinin və bilgi mədəniyyətinin inkişafı ilə bağlı dövlət proqramı;
- Mədəni və yaradıcı sənayenin inkişafı ilə bağlı dövlət proqramı.
Mühüm hədəf göstəriciləri
Konsepsiya Azərbaycanın mədəniyyət dəyərlərinin qorunması və Azərbaycan mədəniyyətinin mütərəqqi modelinin formalaşdırılması, Azərbaycan dilinin dünya dilləri arasında mövqeyinin möhkəmləndirilməsi və regional ünsiyyət vasitəsi kimi rolunun artırılması, beynəlxalq səviyyədə təbliğinin və təşviqinin genişləndirilməsi, yeni kommunikasiya modellərinin və alətlərinin tətbiqi vasitəsilə, mədəni irsin müəyyən edilməsi, araşdırılması, bərpası, qorunması və təbliği sahəsində mütərəqqi sistemin yaradılması, mədəni turizmin inkişafı və digər mühüm hədəf göstəricilərini özündə ehtiva edir.
O cümlədən Konsepsiya çərçivəsində Azərbaycan mədəniyyətinin müasir modeli aşağıdakıları nəzərdə tutur:
1. Mədəniyyətin həyat tərzinin ayrılmaz tərkib hissəsinə çevrilməsini;
2. Mədəniyyətin fundamentallığını qorumaqla, fərqli müasir alətlər vasitəsilə bu sahənin funksionallığının təmin edilməsini;
3. Mədəniyyətin elm, təhsil və innovasiyalarla qarşılıqlı əlaqəsinin təmin edilməsini;
4. Azərbaycan cəmiyyətinin mədəni müxtəlifliyinin və birliyinin qorunmasını;
5. Mədəniyyətin bütün sahələrini inkişaf etdirməklə, Azərbaycan mədəniyyətinin potensialından tam istifadə edilməsini;
6. Mədəniyyətə hərtərəfli əlçatanlığın (coğrafi, rəqəmsal, fiziki, iqtisadi və s.) təmin edilməsini;
7. Qloballaşma şəraitində milli kimliyin və milli-mənəvi dəyərlərin qorunmasını;
8. Sürətli rəqəmsallaşma mühitində ənənəvi ünsiyyətin qorunmasını;
9. Azərbaycan mədəniyyətinin beynəlxalq mədəni mübadilədə iştirakının genişləndirilməsini.
Sənədə əsasən, 2040-cı ilə qədər milli kino fondu, dövlət televiziya və radio arxivlərinin tam rəqəmsallaşdırılması nəzərdə tutulub. Milli kino fondunun azı 60 faizinin, dövlət televiziya və radio arxivlərinin hər birinin isə azı 50 faizinin rəqəmsallaşdırılması planlaşdırılıb.
Bununla yanaşı, sözügedən dövrdə mədəniyyət sahəsində dövlət informasiya resurslarının birləşdirilməsi və ya əlaqələndirilməsi, vahid kommunikasiya siyasətinin həyata keçirilməsi məqsədilə “e-culture” platformasının yaradılmasının təmin edilməsi nəzərdə tutulub.
Eyni zamanda, mədəniyyət sahəsində institusional islahatlar aparılacaq, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. Belə ki, 2026-2030-cu ilə qədər mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, o cümlədən mədəniyyət sahələrinə, Azərbaycanın mədəniyyət dəyərlərinə dair fənn və biliklərin tədrisinin təmin edilməsi nəzərdə tutulur.
Mədəniyyətimizin xarici ölkələrdə təbliği
Dövlət başçısının təsdiqlədiyi Konsepsiyada zəngin Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği də əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Sənədə əsasən, “Azərbaycan ədəbiyyatı xaricdə” (“Azerbaijani Literature Abroad”) layihəsinin təsis edilməsi planlaşdırılır. Bu layihə çərçivəsində Azərbaycan ədəbiyyatının, o cümlədən Azərbaycan elmi ədəbiyyatının tanıdılması, Birləşmiş Millətlər Təşkilatının rəsmi dillərinə, türk dillərinə və digər dillərə sistemli tərcüməsi və yayılması hədəflənir.
Eləcə də, dünyanın aparıcı muzeylərində Azərbaycan mədəniyyəti guşələrinin yaradılması və həmin muzeylərlə əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində saxlanılacaq. Bu çərçivədə həmçinin Azərbaycanın sənədli irsinin UNESCO-nun “Dünya Yaddaşı Reyestri”nə daxil edilməsi ilə bağlı tədbirlər görülməsi də nəzərdə tutulur. Paralel şəkildə, Azərbaycanın mədəni irs nümunələrinin təbliği məqsədilə onların nüfuzlu onlayn platformalarda yerləşdirilməsi, sərgilənməsi, araşdırılması və digər qaydada tanıdılması üçün normativ-hüquqi bazanın və prosedurların təkmilləşdirilməsi planlaşdırılır.
Azərbaycan dili ilə bağlı çağırışlar
“Azərbaycan mədəniyyəti - 2040” Konsepsiyasında Azərbaycan dili ilə bağlı çağırışlar da yer alıb. Sənəddə Azərbaycan dilinin mədəniyyətdəki rolunun gücləndirilməsinə, onun mahiyyətcə inkişafına, həmçinin beynəlxalq səviyyədə təbliğinə və təşviqinə ehtiyac olduğu diqqətə çatdırılır.
Bu istiqamətdə görüləcək tədbirlərə Azərbaycan dilinin rolunun artırılması məqsədilə sistemli fəaliyyətin həyata keçirilməsi, Azərbaycan dilinin inkişafı, təbliği və təşviqi ilə bağlı fəaliyyətin gücləndirilməsi kimi məsələlər daxildir.
Qeyd edilir ki, görülən işlər nəticəsində Azərbaycan ədəbi dili inkişaf edəcək, ana dilində yeni əsərlər yaradılacaq və Azərbaycan dilindən rəqəmsal platformalarda daha geniş istifadə olunacaq.
Konsepsiyada Azərbaycan dilinin inkişafı, o cümlədən beynəlxalq aləmdə təbliği və təşviqi ilə bağlı əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi, ana dilində elmi, elmi-publisistik və bədii əsərlərin sayının və keyfiyyətinin artırılması, Azərbaycan dilinin yayılma coğrafiyasının genişləndirilməsi və beynəlxalq ünsiyyətdəki rolunun artırılması məqsədilə tədbirlərin görülməsi də öz əksini tapıb.
Mübariz ABDULLAYEV
Baxış sayı:86
Bu xəbər 16 Yanvar 2026 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















