Icma.az
close
up
RU
Milli pediatriyanın Adilə Namazova zirvəsi

Milli pediatriyanın Adilə Namazova zirvəsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Xalqımızın yaddaşında zəkanın nuru, fədakarlığın və humanizmin parlaq nümunəsi kimi əbədi iz qoymuş akademik Adilə Namazovanın ömür yolu təkcə bir insan taleyi deyil. Bu yol Azərbaycan pediatriyasında elmi məktəbin əsasını qoymuş novator alim, minlərlə uşağa şəfa bəxş etmiş mərhəmətli həkim, eyni zamanda, dövlət və cəmiyyətin həyatında fəal mövqe tutmuş görkəmli ictimai xadimin şərəfli və mənalı missiyasıdır.

Adilə Namazovanın elmi irsi, yüksək peşəkar prinsipləri və vətəndaş mövqeyi milli pediatriyanın inkişaf tarixində silinməz iz buraxıb. Onun təşəbbüsləri və elmi yanaşmaları uşaq sağlamlığının qorunması, xəstəliklərin profilaktikası və pediatrik təhsilin formalaşmasında mühüm rol oynayıb. O, yeni nəsillərə elmi biliklərlə yanaşı, həkim peşəsinin mənəvi dəyərlərini aşılayıb.

Azərbaycanın sağlam gələcəyinə ürəyinin bütün istiliyini bəxş edən bu işıqlı simanın zəngin elmi və ictimai irsini ehtiramla anırıq. Bu gün tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, Rusiya Elmlər Akademiyasının üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, "Şöhrət" və "Şərəf" ordenli Adilə Namazovanın vəfatından 5 il ötür.

Adilə xanım 1926-cı ilin sentyabrında Ağdam rayonunun Seyidli kəndində dünyaya göz açıb. Həkim olmaq arzusu ilə gənc qız orta təhsilini müvəffəqiyyətlə başa vurub və 1944-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsinə daxil olub. 1949-cu ildə ali məktəbi uğurla bitirən Adilə xanım doğma yurdu Ağdama qayıdıb rayon uşaq məsləhətxanasının rəhbəri kimi çalışıb. Fədakar həkim təkcə doğma rayonunda deyil, bütün Qarabağ bölgəsində peşəkarlığı və xəstələrinə qayğıkeş yanaşması ilə tanınıb və sevilib.

Gələcəyin alimi bununla kifayətlənməyib, bilik və bacarığını daha da artırmaq, səhiyyənin inkişafına öz töhfəsini vermək üçün təhsilini davam etdirib, elmi axtarışlara başlayıb.

Ölkəmizdə pediatriya elmi məktəbinin olmaması problemi uzun müddət idi ki, Adilə xanımı narahat edirdi. Bu məqsədlə alim Azərbaycanda ilk dəfə E.Əfəndiyev adına 2 saylı Şəhər Xəstəxanasında xüsusi biokimyəvi laboratoriya və ürək, tənəffüs sisteminin funksional fəaliyyətini müəyyənləşdirən elektrofizioloji elmi mərkəz yaradır, istedadlı gənc həkimləri, tələbələri mərkəzdə elmi fəaliyyətə cəlb edir. Bununla Azərbaycanda yeni pediatriya elmi məktəbi formalaşmağa başlayır. O, Azərbaycan elmini zənginləşdirmək, müasirləşdirmək məqsədilə ardınca namizədlik, doktorluq dissertasiyaları müdafiə edir. Beləliklə, Azərbaycanda ilk dəfə olaraq Adilə Namazovanın rəhbərliyi ilə pediatriya elmi məktəbi inkişaf yoluna qədəm qoyub.

Heç də təsadüfi deyil ki, Adilə xanım Namazova səhiyyə sahəsindəki xidmətlərinə və tibb elminə verdiyi töhfələrinə görə 1971-ci ildə keçmiş SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilən ilk azərbaycanlı qadın alim olub.

Adilə xanım praktik həkimlik fəaliyyəti ilə yanaşı, durmadan elmi araşdırmalarını davam etdirib. Odur ki, SSRİ-nin süqutundan sonra da həmyerlimizin elmi nailiyyətləri yüksək qiymətləndirilib, o, Rusiya Tibb Elmləri Akademiyasına üzv seçilib. 1981-ci ildə elmi fəaliyyətinə və beynəlxalq miqyasda yüksəkixtisaslı kadrların yetişdirilməsində göstərdiyi əməyə görə Əməkdar elm xadimi fəxri adına, 1982-ci ildə Azərbaycan pediatriya elminin inkişafında verdiyi ciddi töhfələrə görə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülüb.

Akademik Adilə Namazovanın böyüklüyü yalnız elmi nailiyyətlərlə ölçülmürdü. O, mürəkkəb ictimai prosesləri incəliklə dərk edən, məsuliyyətli qərarlar verməyi bacaran və cəmiyyət maraqları naminə ardıcıl mövqe sərgiləyən virtuoz siyasi düşüncəyə malik bir şəxsiyyət idi. Dövlətin və cəmiyyətin həyatında apardığı fəaliyyət elmlə siyasətin, humanizmlə dövlət məsuliyyətinin ahəngdar və inandırıcı vəhdətini nümayiş etdirirdi.

Öz sahəsini sevməsi və elmə bağlı olduğu qədər ölkəmizin ictimai həyatında da yaxından iştirak edən akademik 1972-ci ildə Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, 1973-cü ildə isə SSRİ Uşaq Həkimləri Cəmiyyəti İdarə Heyətinin üzvü, 1995-ci ildə Türkdilli Ölkələrin Pediatrlar Assosiasiyasının vitse-prezidenti, Ümumdünya Pediatrlar Assosiasiyası İdarə Heyətinin üzvü seçilib.

Adilə Namazova Azərbaycan torpaqlarının erməni vandalları tərəfindən işğalı, bunun nəticəsində 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü dövrdə keçmiş SSRİ-nin millət vəkili kimi yüksək kürsülərdə hər zaman öz sözünü deyib. O, erməni işğalçılarının Dağlıq Qarabağla bağlı əsassız iddialarının puçluğunu tutarlı faktlarla sübuta yetirməyə səy göstərib.

Keçmiş sovet ordusunun 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda və ətraf bölgələrdə amansız vəhşiliklər, qırğınlar törətdiyi zaman Adilə xanım Namazova qaniçənlərə qarşı fəal mübarizə aparıb. O, Xalq artisti, bəstəkar Arif Məlikov və fəhlə Sara Vəzirova ilə birlikdə “Salyan” kazarmasına və digər yerlərə gedərək sovet ordusu komandirləri tərəfindən tərksilah edilərək zirzəmilərə salınan 300-dən çox Azərbaycan hərbçisinin azad edilmələrinə nail olub.

Adilə xanım uzun illər Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü kimi fəaliyyət göstərib. 20 il Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının, eləcə də uzun müddət Azərbaycan Respublikası “Bilik” Cəmiyyətinin tibb bölməsinin sədri olub.

Adilə Namazova SSRİ Dövlət İxtira Komitəsindən 5 ixtira vəsiqəsini elmdəki yeniliklərinə görə əldə edib. Adilə Namazova dünyada ilk və yeganə pediatr idi ki, uşaqlarda anadangəlmə ürək qüsurları zamanı belə sanballı, çoxtərəfli, dərin elmi tədqiqatlar aparıb konservativ və cərrahi müalicə üsullarını işləyib.

Ulu öndər Heydər Əliyev akademik Adilə Namazovanın fəaliyyətini hər zaman yüksək qiymətləndirirdi, onu Azərbaycanda elmi pediatriyanın banisi adlandırırdı. Adilə Namazova xatirələrində bildirirdi ki, onun kadr hazırlığı sahəsində gərgin fəaliyyətinə akademik Zərifə Əliyeva da hər zaman dəstək olub.

Eyni zamanda, akademik Adilə Namazovanın Türkiyənin görkəmli elm adamlarından biri, ictimai-siyasi xadim, Ümumdünya Pediatrlar Cəmiyyətinin sədri, professor İhsan Doğramacı ilə sıx dostluq əlaqələri Azərbaycan Pediatrlar Assosiasiyasının beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etməsinə əlverişli zəmin yaradıb.

Akademik Adilə Namazovanın elmi-tədqiqat işlərinin nəticələri beynəlxalq elmi jurnallarda dərc olunub, Yaponiya, ABŞ, İngiltərə, Hindistan, Əlcəzair, Avstriya, İtaliya, Türkiyə, Fransa, Almaniya, Rusiya, İsrail, Argentina, Belçika, İspaniya, Misir və digər xarici ölkələrdə keçirilən elmi konqres və konfranslarda dinlənilərək yüksək qiymətləndirilib. Adilə xanım 350-dən çox məqalənin, 30-dan çox monoqrafiya, dərslik və kitabın, eyni zamanda MDB məkanında “Tibbi etika” adlı ilk dərsliyin müəllifidir.

Görkəmli alim elmi-ictimai fəaliyyətinə və xidmətlərinə görə ulu öndər Heydər Əliyevin sərəncamı ilə 1996-cı ildə “Şöhrət” ordeni, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeni və Azərbaycanda tibb elminin inkişafında roluna, tibb kadrlarının yetişdirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Ömrünün 70 ilə yaxın bir dövrünü səhiyyəmizin, tibb elminin inkişafına, şəxsi nümunəsində yeni həkim nəslinin, yüksəkixtisaslı tibb mütəxəssislərin yetişdirilməsinə həsr edən, insanlara şəfqət sovqatı bəxş edən pediatr alim bu yolda səmimiyyətlə, ardıcıl və yorulmadan fəaliyyət göstərib. Onun rəhbərliyi ilə yaratdığı elmi məktəbin yetirməsi olan 60-dan artıq alim namizədlik və doktorluq dissertasiyasını müdafiə edərək, təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həkimlik və elmi fəaliyyətlərini uğurla davam etdirirlər.

Akademik Adilə Namazovanın adı Azərbaycan pediatriyasının tarixində təkcə bir alim kimi deyil, düşüncə mədəniyyəti, peşə etikası və vətəndaş ləyaqəti nümunəsi kimi yaşayacaq. Onun zəngin irsi bu gün də yol göstərir, sabah isə yeni nəsillər üçün mənəvi və intellektual dayaq olaraq qalacaq.

Təranə TAĞIZADƏ,
Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Tibb Universiteti II uşaq xəstəlikləri kafedrasının dosenti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Dekabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see314

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see205

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see196

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see195

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see170

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see158

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see154

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see147

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see145

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see132

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see131

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see131

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see131

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see131

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see129

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see127

Sürücülərin günü gündən artan aqressiyası EKSPERTDƏN XƏBƏRDARLIQ

14 Dekabr 2025 15:21see127

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see126

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see125

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri