Millimizin baş məşqçisi yerli olmalıdır, yoxsa xarici? SORĞU
Apasport saytına istinadən Icma.az xəbər verir.
Daha əvvəl xəbər verdiyimiz kimi, AFFA Portuqaliya millisi ilə 2016-cı ildə Avropa Çempionatının, 2019-cu ildə ilk dəfə keçirilən UEFA Millətlər Liqasının qalibi olan Fernandu Santuşun müqaviləsinə xitam verdi.
70 yaşlı mütəxəssisin Millimizdəki göstəriciləri buna gətirib çıxardı desək yanılmarıq. Yığmamıza rəhbərlik etdiyi 11 rəsmi matçda qələbə üzünə həsrət qalan çalışdırıcını AFFA şələsini-şüləsini qoltuğuna verib yola saldı.
Hazırda idman mediasını düşündürən bir sual ortaya çıxır. Milli komandamıza kim rəhbərlik edəcək? Kim bu məsuliyyəti öz üzərinə götürəcək? Kim qolunu çırmalayıb bizi dibdən çəkib çıxaracaq?
Ümumiyyətlə millimizin yeni baş məşqçisi yerli olmalıdır, yoxsa xarici?
Bəs bu barədə idman jurnalistləri nə düşünür? Məsələ ilə bağlı onların fikirlərini təqdim edirik:
Rasim Sultanzadə (apasport.az): “Məncə, milli ləğv olunmalıdır".
Əlirza Əlirzalı (apasport.az): “Fikrimcə, Azərbaycan, Türkiyə və Qazaxıstan kimi ölkələr dünya çempionatının Avropa zonasında, Avropa çempionatının seçmə mərhələsində çıxış etsə də, əslində avropalı deyillər. Biz şərq insanıyıq və şərq insanı daha emosional olur. Bizim üçün nizam-intizamdan çox ruh önəmlidir. Düşünürəm ki, qeyd etdiyim ölkələrdə bu ruhu aşılaya biləcək, yerli çempionatların gedişatını yaxşı bilən yerli məşqçi seçimi daha məqsədəuyğundur. Təcrübə də göstərir ki, bu tip ölkələrdə yerli məşqçilər daha uğurlu olublar. Mənim seçimim isə Rəşad Sadıqovdur".
Mirələm Həsənli (sportlife.az): “Yerli olmalıdır".
İbrahim Cəfərov (futbolxeber.az): “Millinin məşqçisinin yerli və ya əcnəbi mütəxəssis olmasının heç bir fərqi yoxdur. Olmasın Santuş, olsun Əli, ya Vəli, 0:5 yox, 0:3 uduzacağıq. Futbolçu olmayandan sonra kimi gətirirsən gətir, xeyri yoxdur. Yeganə fərq odur ki; yerli məşqçi olsa; AFFA-nın büdcəsinə bir qədər ekonomiya olacaq; vəssəlam”.
Səxavət Qurbanov (idmanxeber.az): “Azərbaycan millisinin baş məşqçisi yerli olmalıdır. Öncəki illərdə yığmanı əcnəbi məşqçilər çalışdırsa da, gözləntilər qarşılanmayıb. İndi vaxtıdır ki, komandamızın rəhbərliyini ölkə futbolunu yaxşı tanıyan yerli mütəxəssislər üzərinə götürsün. Bu həm oyunçuların inkişafına, həm də milli ruhun güclənməsinə kömək edəcək. Millidə əcnəbi məşqçi dönəmi başa çatmalıdır”.
Kənan Həsənov (report.az): “Fikrimcə, millinin baş məşqçisi məsələsi Azərbaycan futbolunu maraqlandıracaq ən son mövzulardan biri olmalıdır. Çünki bundan əvvəl həllini gözləyən çoxlu problemlər var. Ən əsas məsələ uşaq futboludur. Nə qədər çox müzakirə edilsə də, bu sahənin təməli möhkəmləndirilməlidir. Ölkədə normal şərait yaradılmalı, akademiyalar qurulmalı, futbolçular sistemli şəkildə yetişdirilməlidir. Yalnız bundan sonra Azərbaycan millisinə heç olmasa orta Avropa səviyyəsində oyunçular qazandıra bilərik. Bütün bu məsələlər həllini tapandan sonra millinin baş məşqçisi üzərində düşünmək olar. İndiki halda isə yığmanın baş məşqçisi birmənalı olaraq yerli olmalıdır. Fərqi yoxdur kim. Çünki hazırkı futbolçuların səviyyəsi elədir ki, yüksək hədəflərə çatmaq real görünmür. Bu səbəbdən də bahalı əcnəbi mütəxəssislərə müraciət etməyin qəti əleyhinəyəm. Milli komanda mütləq şəkildə yerli məşqçilərə həvalə olunmalıdır”.
Elvin Əhəd (mediasport.az): “Birmənalı şəkildə yerli olmalıdır".
Daşqın Əziz (pressinq.az): “Futbol ictimaiyyətimizdə bu mövzu ətrafında illərdir müzakirələr aparılır, təkliflər verilir. Lakin AFFA rəhbərliyi seçimini xarici mütəxəssislərdən yana edir. Şahin Diniyevdən sonra millinin "sükan"ı yerli məşqçilərdən yalnız Qurban Qurbanova (yığmanı müvəqqəti çalışdıran azərbaycanlı mütəxəssisləri çıxsaq) həvalə edilib. Demək olar ki, həmin xarici məşqçilərin heç biri istənilən nəticəni verməyib. Qismən Robert Prosineçkinin fəaliyyətini uğurlu saya bilərik. Berti Foqts isə nə az, nə çox - 6 il Azərbaycan millisinin başında olub və bu zaman kəsiyinə görə tsiklların birində 7 xal yığması uğur sayıla bilməz. Əlbəttə, milli komanda yerli mütəxəssisə həvalə olunmalıdır. Nəticə verə bilməsə belə, yenə də yığmada baş məşqçini elə yerli həmkarı əvəzləməlidir. Burada ən əsas amil isə zamandır. Belə-belə inkişafa doğru getmək olar. Bu gün Azərbaycanda milli səviyyədə sözünü deyə biləcək mütəxəssislər var. Fərdi seçimimə qalarsa, bu posta ilk növbədə Samir Abasovun gətirilməsini istərdim".
Ceyhun Əliyev (sport24.az): “Əlbəttə, yerli mütəxəssis. Mən demirəm ki, ölkə xaricində yaxşı məşqçi yoxdu. Sadəcə, millimizin potensialı qrupda ilk 2 yerdən birinə iddia etməyə imkan vermir. Belədə, əcnəbiyə hansı zərurət yarana bilər?! Nə vaxtsa millimiz stabil formada ən azı pley-off oynamaq uğrunda mübarizə aparar və yerli mütəxəssislərimiz bu yükün altından çıxa bilməzsə (hərçənd, Qurban Qurbanov kimi Əjdahamız var), o zaman sərhədlərimizdən o yana boylanmağa ehtiyac duymaq zərurəti yarana bilər".
Xanoğlan İmanov (sportinfo.az): “Fernandu Santuşun göndərilməsi doğru qərardır. Təyinatı belə səhv idi. Göndərilməsi də çox gecikdi. Yerinə mütləq yerli mütəxəssis gəlməlidir. Kimliyi ciddi önəm kəsb etmir. Çünki hazırkı resurslarla millimiz ən yaxşı halda 10% müsbət istiqamətə dəyişəcək. Belə olan halda milyonları santuşlara, de byazilərə xərcləməyə dəyməz. Ən pis halda onların nəticəsi(zliyi)ni təkrarlayacaq yerli məşqçimiz nə qədər desən var. Əvəzində əcnəbi məşqçilərə xərclənən pullar ölkə futbolunun daha əhəmiyyətli nöqtələrinə sərf edilə bilər. Bu qədər sadə. Ümumiyyətlə, mənə görə baş məşqçi dəyiş-düyüşündə çox da ilişib qalmaq lazım deyil. Bunu etməklə ölkə futbolunu uçuruma sürükləyən federasiya rəhbərliyinin çörəyinə yağ sürtmüş oluruq. Qurbanın, Ayxanın, Rəşadın, Aqilin vicdanla çalışması, məsuliyyətli olması irimiqyaslı inkişafa apara bilməz. Fərdlər prosesə qismən müsbət təsir edə bilər. Ölkə futboluna cavabdeh qurum olan AFFA özü vicdanlı, məsuliyyətli olmalıdır. Daha limiti ləğv edib, dövlətin pulunu əcnəbilərə yedizdirməyə, ölkədə yeganə akademiya olan "Qəbələ" akademiyasının bağlanmasına yol açmalı deyil. Özü akademiyalar açmalıdır, klublarımızı buna təşviq etməlidir. Milli ölkənin aynasıdır. Gələnə-gedənə darmadağın olmalı deyil. Bütün atılan addımlar, verilən qərarlar millinin mənafeyinə xidmət etməlidir. Ayrılan dövlət dotasiyası da imkan verir ki, AFFA klublara yaxşı mənada təsir edə bilsin. Federasiya elə sistem qurmalıdır ki, həmin pullar maksimum azərbaycanlı balaların inkişafına xərclənsin. Dünənimiz puç oldu, bu günümüz ortada, barı gələcəyimizi xilas edək".
Mirbağır Cəfərli (sportal.az): “Məncə, bu çox dərin məsələdir. Bir seçimlə veriləcək qərar deyir. Amma söhbət milli komandamızın taleyindən gedir. İllər göstərir ki, xarici məşqçilərə bu qədər pul xərcləməyə ehtiyac yoxdur. Berti Foqts, Canni De Byazi, Nikola Yurçeviç, Robert Prosineçki, Fernandu Santuşla neçə illər itirmişik. Bugünkü gündə birinci milliyə, futbolçularımıza baxmaq lazımdır və bizim real gücümüzü götür-qoy etmək lazımdır. Hazırda milliyə milyonlar xərcləyib xarici məşqçi gətirməkdənsə, yerli mütəxəssislərimizdən birinə güvənmək lazımdır. Amma illər vermək lazımdır. Eyni zamanda, A milli üçün gətirilən və heç bir effekt verməyən xarici mütəxəssislərə xərclənən pulu uşaq futboluna yatırmaq lazımdır. Bizim yetərincə stadionumuz yoxdur, Premyer Liqa görüşlərinin əksəriyyəti Şamaxıda, Bakıda keçirilir, biz isə milli üçün xaricdən mütəxəssis gətiririk. Bunlar heç bir məntiqə sığmır. Ümid edək ki, bu dəfə AFFA məntiqli qərar verəcək. Təbii ki, yerli mütəxəssislərimiz, iş görə biləcək məşqçilərimiz çoxdur. Qurban Qurbanov, Rəşad Sadıqov, Elmar Baxşıyev, Ayxan Abbasov, Samir Abasov və bir çox məşqçilər var. Sadəcə güvənmək, vaxt vermək və məşqçilərimizin qarşısını almamaq lazımdır. Eyni zamanda isə uşaq futbolunu inkişaf etdirmək, məşqçilərimizin maarifləndirilməsinə dəstək olmaq lazımdır. Kompleks şəkildə iş getməlidir. Yoxsa, Avropanın ən öndə gedən liqalarında bir futbolçumuz belə, yoxdur, biz gedib milyonlar xərcləyərək xaricdən karyerasını başa vurmağa hazırlaşan məşqçilər gətiririk. Artıq məntiqli addımlar atmaq lazımdır”.
Kənan Məstəliyev (rekord.az): “Millinin yeni baş məşqçisi mütləq yerli olmalıdır. Bu yığmaya əcnəbi məşqçi gəlməməlidir, buna ehtiyac da yoxdur. Çox belələri gəlib, uğursuz olub, heç bir xeyir verməyib, nəticə qazanmadan da gedib. Eyni səhvi təkrarlamayaq. Yerli məşqçilərimiz bu işin öhdəsindən layiqincə gələ bilərlər. Onlar milli ruhu, döyüşkənliyi, mübarizliyi komandaya çatdıra, qələbə apara bilərlər. Hazırda ən vacib olanı budur”.
Həbib Aslanov (sportinfo.az): “Təbii ki, milli komandanın baş məşqçisi yerli olmalıdır. Bugünkü mövcud vəziyyəti, imkanları, infrastrukturu və uşaq futbolundakı durumu nəzərə alsaq, millinin başında yerli mütəxəssis dayanmalıdır. Amma ümumi futbol idarəçiliyinin xarici mütəxəssisə həvalə edilməsi daha məqsədəuyğundur. Top klublardan və ya inkişaf etmiş federasiyalardan bir neçə mütəxəssis Azərbaycana gəlib inkişaf strategiyası hazırlamalı və onun icrasına şəxsən rəhbərlik etməlidir”.
Mehman Süleymanov (presssport.az): ““İndiki məqamda millimizin baş məşqçisi birmənalı olaraq yerli mütəxəssis olmalıdır. Son 20 ildəki xarici baş məşqçi eksperimentlərinə son qoymaq lazımdır. Yığmamızın başına dünya və Avropa çempionu da gətirildi, amma heç bir irəliləyiş olmadı, əksinə yerində addımladıq. Bu müddətdə həm vaxtımız, həm də pullarımız getdi. Ona görə də yerli baş məşqçi ilə yola davam etmək lazımdır. Yerli mütəxəssis vacibdir, çünki o, azərbaycanlıdır və əcnəbilərlə müqayisədə daha çox məsuliyyəti özündə hiss edəcək. Xarici məşqçilər bura gələndə daha çox müqavilə şərtlərini düşünürlər və məğlubiyyət zamanı o qədər sarsılmırlar. Fikrimcə, yetəri qədər yerli namizəd var”.
Ceyhun Rzayev (ATV): “Fikrimcə, biz futbolçularımızın potensialının aşağı olduğunu qəbul edirik. Bu oyunçularla böyük uğurlar qazanmaq çətindir. Əgər belədirsə, onda niyə böyük pullar xərcləyib əcnəbi mütəxəssis gətiririk? Fernandu Santuş illik 2 milyon qazanırdı, vaxtilə Berti Foqts da bir milyon avroya dəvət olunmuşdu. Halbuki bu pulları futbolumuzun inkişafına yönəltmək olar, onsuz da futbolumuzda saysız-hesabsız problemlər var. Ona görə də hesab edirəm ki, bizə yerli baş məşqçi lazımdır. Milli komanda toplanış üçün cəmi 3-4 gün bir araya gəlir. Bu səbəbdən yerli məşqçi olsa, həm dil baryeri problemi olmaz, həm də tərcüməçiyə ehtiyac qalmaz”.
İlkin Sultanlı (offsideplus.az): "Mütləq yerli mütəxəssis olmalıdır. Həmin baş məşqçiyə isə ən azı 3 il vaxt verilməlidir. Yalnız bu halda hazırkı millidən, həmçinin U18 və U19 komandalarından futbolçuları seçib güclü əsas milli komanda formalaşdırmaq mümkündür".
Pərviz Musayev (CBC Sport): “Yerli olsun".
Şəmsəddin Abbasov (CBC Sport): "Milli olmalıdır. Amma kim? Adları hallanan bir çox məşqçi hal hazırda klublarda çalışırlar. Və kifayət qədər yaxşı iş göstərirlər. Onlardan kim bu dəvəti qəbul edər ? Klublar buna razı olarlar ? Bütün bu suallara açıq qalır".
Gündüz Abbaszadə (CBC Sport): "Mən hesab edirəm ki, millimizin baş məşqçisi yerli mütəxəssis olmalıdır".
Tural Dadaşov (İTV): “Mənim fikrimcə, yerli mütəxəssis daha məqsədəuyğundur. İndiki şəraitdə milli komandamızın yerli baş məşqçi ilə davam etməsi daha doğru olar. Mövsümün sonuna qədər bu belə qalmalıdır. Daha sonra isə mövcud vəziyyətə əsasən qərar vermək mümkündür".
Araz Əhmədov (sportfm.az): “Azərbaycan millisinin baş məşqçisi yalnız və yalnız yerli mütəxəssis olmalıdır. Azərbaycan futbolunu yaxından tanıyan, ölkə çempionatını daim izləyən, futbolçularımızın keyfiyyətlərini və özəlliklərini bilən bir məşqçi gətirilməlidir".
Azər İsmayılov (ARB TV): “Məncə, millinin baş məşqçisinin yerli, yaxud xarici olması barədə tələsik qərar vermək düzgün deyil. Bu məsələ araşdırılmalı, müzakirə olunmalı və düşünülməlidir. Yığmaya müasir, enerjili, hirsli və gənc bir baş məşqçi rəhbərlik etməlidir. Təəssüf ki, belə adlar bizdə çox azdır. Bu səbəbdən xaricdən də seçim etmək pis olmaz. Əgər yerli mütəxəssis olacaqsa, bu, Qurban Qurbanov səviyyəsində biri olmalıdır. Mənim fikrimcə, digər yerli məşqçilər hələ bu yükü daşımağa hazır deyillər. Hazırkı situasiyada isə yalnız Ayxan Abbasova qısa müddətlik şans vermək olar”.
Siyavuş Əliyev (İdman TV): “Yerli".
İlkin Xəlilov (ATV): “Birmənalı olaraq qeyd edirəm ki, millimizin baş məşqçisi yerli olmalıdır. Avropa səviyyəli futbolçular yetişənə qədər bizə əcnəbi mütəxəssis lazım deyil”.
Mahir Emreli: "Hər kəs məsuliyyəti qəbul etməlidir" Rəşad Eyyubov: "Əsas məqsədimiz..." Millini Ukrayna ilə matça çıxaracaq məşqçi bəlli olub Fernandu Santuş qovuldu - SON DƏQİQƏ Millimizin Ukrayna ilə oyunöncəsi açıq məşqi - FOTO

