“Mobinq işçinin özünəinamını və iş həvəsini zəiflədi“ PSİXOLOQ DANIŞDI
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“İş yerində sistemli şəkildə alçaldılma, təhqir və psixoloji təzyiq insanın emosional vəziyyətinə, özünəinamına və peşə fəaliyyətinə mənfi təsir göstərə bilər. Bu cür davranışlar mobinq kimi xarakterizə olunur”.
Bu sözləri ailə və uşaq psixoloqu Aynur İsmayılova SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, mobinq yalnız iş yoldaşları arasında deyil, əməkdaşlıq münasibətlərində də müşahidə oluna bilər:
”İş yerində fikir ayrılıqlarının yaranması təbii olsa da, problemlər qarşılıqlı hörmət və sağlam ünsiyyət yolu ilə həll edilməlidir. Mobinqi adi mübahisələrdən fərqləndirən əsas xüsusiyyət təzyiq xarakterli davranışların sistemli şəkildə təkrarlanması və işçiyə mənfi təsir göstərməsidir.
Psixoloq bildirib ki, mobinq insanın özünəinamını zəiflədə, davamlı stressə və depressiv əlamətlərə səbəb ola bilər. Bəzən insanlar qarşılaşdıqları davranışların mobinq olduğunu dərhal dərk etmirlər. İşə getmək istəyinin azalması, kollektivdə kənarda saxlanılmaq, işlə bağlı məlumatların gizlədilməsi, davamlı qorxu və narahatlıq hissi iş mühitində problemlərin mövcudluğuna işarə edə bilər.
A. İsmayılovanın sözlərinə görə, belə əlamətlər təkrarlanırsa və insanın psixoloji vəziyyətinə mənfi təsir göstərirsə, vəziyyətə ciddi yanaşmaq vacibdir. Bununla belə, bu əlamətlər özlüyündə mobinqin mövcudluğunu təsdiqləmir və hər bir hal konkret şərait nəzərə alınmaqla qiymətləndirilməlidir.
O qeyd edib ki, belə vəziyyətlərdə psixoloji dəstək insanın yaşadıqlarını düzgün qiymətləndirməsinə, hisslərini anlamasına və çıxış yollarını müəyyənləşdirməsinə kömək edə bilər. Eyni zamanda, işçilər hüquqlarının müdafiəsi üçün vəziyyətdən asılı olaraq aidiyyəti qurumlara, o cümlədən Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilərlər.
Psixoloq vurğulayıb ki, iş yerində qarşılaşılan təzyiqlərə davamlı şəkildə susmaq və dözmək problemin həlli demək deyil. Uzunmüddətli psixoloji gərginlik insanın həm şəxsi həyatına, həm də peşə fəaliyyətinə mənfi təsir göstərə bilər. Buna görə də mobinqlə üzləşən şəxslər sağlamlıqlarını və təhlükəsizliklərini nəzərə almalı, mövcud imkanları qiymətləndirməlidirlər. Zərurət yarandıqda iş yerini dəyişmək də mümkün çıxış yollarından biri ola bilər.
A. İsmayılova əlavə edib ki, sağlam rəhbərlik işçilərdə qorxu yaratmaqla deyil, onların bacarıqlarını inkişaf etdirmək, potensiallarını üzə çıxarmaq və peşəkar yüksəlişlərinə şərait yaratmaqla fərqlənir. İşçinin özünü təhlükəsiz, dəyərli və motivasiyalı hiss etdiyi mühit həm onun inkişafına, həm də işin səmərəliliyinə müsbət təsir göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 16 Oktyabr 2026 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















