Icma.az
close
up
RU
Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır”

Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır”

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

Deputat: “Münasibətlərin gərgin olması Rusiyanın indiki dövrdə özünə ziyan gətirir, nəinki Azərbaycana”

Azərbaycan və Rusiya tərəfi Bakı-Qroznı reysini həyata keçirən təyyarənin Aktau şəhəri yaxınlığında məcburi eniş edərkən qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliynin yaydığı ilkin hesabata münasibət bildirib.

Qeyd edək ki, ötən il dekabrın 25-də Aktau yaxınlığında Bakı-Qroznı reysini həyata keçirən AZAL-ın sərnişin təyyarəsi məcburi eniş edərkən qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü də daxil olmaqla, 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırma Mərkəzinin (Cenipa) mütəxəssisləri qəzaya uğramış AZAL-a məxsus “Embraer 190” təyyarəsinin “qara qutu”larını təhlil ediblər. Təyyarənin uçuş reqistratorlarının (qara qutularının) şifrəsinin açılması 2025-ci il yanvarın 7-də başa çatıb. Təyyarənin şifrəsi açılmış uçuş qeydləri yanvarın 15-də Braziliyadan Qazaxıstana gətirilib. ICAO Konvensiyasına uyğun olaraq qəzanın təhqiqatına Qazaxıstan rəhbərlik edir. İşdə Azərbaycan, Rusiya mütəxəssisləri, beynəlxalq ekspertlər və “Embraer” şirkətinin nümayəndələri iştirak edib.

Azərbaycan mediası, həmçinin “Euronews” və “Reuters” Rusiya hava hücumundan müdafiə sistemindən atılan raketin fəlakətə səbəb olması barədə materiallar dərc edib.

Dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin faciəvi hadisənin Rusiya hava məkanında baş verdiyinə görə üzr istəyib, həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Dekabrın 29-da Prezident İlham Əliyev bildirib ki, Rusiya ərazisində, Qroznı şəhəri yaxınlığında Azərbaycanın mülki təyyarəsi kənar təsirə məruz qalaraq zədələnib və idarəetməni praktiki olaraq itirib. Onun sözlərinə görə, təyyarə elektron idaretmə vasitəsi ilə idarəolunmaz hala salınıb. Prezident həmçinin Rusiya tərəfindən üzr istənilməsini, günahkarların cəzalandırılmasını və kompensasiya verilməsi tələblərini irəli sürüb. Rusiya Prezidenti üzr istəsə də, digər iki tələbin yerinə yetirilib-yetirilməyəcəyi ilə bağlı hələ rəsmi açıqlama yoxdur.

Rusiya sərnişin təyyarəsinin bu ölkənin ərazisində vurulması faktını hələ təsdiq etmir və bunun üçün araşdırmalara ehtiyac olduğunu bildirir.

“AZAL-ın “Embraer 190” təyyarəsinin iştirakı ilə baş vermiş aviasiya qəzasının təhqiqatına dair Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş ilkin hesabat ilkin xarakter daşıyır və insidentin səbəbləri ilə bağlı heç bir nəticəni ehtiva etmir”, - deyə “Rosaviasiya” - Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında deyilir. Agentlik bildirir ki, komissiyanın işi davam etdiriləcək və baş verənlərlə bağlı nəticələr yekun hesabatda təqdim olunacaq.

Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə AZAL-a məxsus sərnişin hava gəmisinin uçuşa başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olduğunu açıqlayıb: “Hava gəmisinin, o cümlədən onun idarəetmə sisteminin uçuşa yararlılıqla əlaqədar məlumatlar FDR (Flight Data Recorder - uçuş məlumatları qeydiyyatçısı) vasitəsilə öz təsdiqini tapıb. Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışıb”.

Nazirlikdən bildirilib ki, hava gəmisi Rusiya hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşib: “Hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barədə qərar verib. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-də (Cockpit Voice Recorder-kabina diktofonu) 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınıb. CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilib ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxıb”.

Məlumatda həmçinin qeyd olunub ki, hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunub və foto, habelə video qeydiyyata alınıb: “Həmin zədələr hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfüqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub. Hava gəmisinin füzelyajında aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşması barəsində məlumat təqdim edilib. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməyib”.

“Daha sonra 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispetçer “Ковер” əməliyyatı barədə Qroznıya məlumat verir. Oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmayıb”, nazirlikdən vurğulanıb.

Göründüyü kimi, Rusiya və Azərbaycan tərəfinin ilkin rəyə münasibəti fərqlidir və ziddiyyətli məqamlar var. Rusiya tərəfinin açıqlamasından belə anlaşılır ki, Moskva təyyarənin raketlə vurulmasını üzərinə götürmək, Bakının tələblərini yerinə yetirmək niyyətindən uzaqdır. Bu isə iki ölkə arasında qəzadan sonra yaranan soyuq münasibətlərin düzələcəyinə ümidləri azaldır.

Azərbaycan Milli istiqlal Partiyasının (AMİP) rəhbəri, Milli Məclisin deputatı Arzuxan Əlizadə AYNA-ya müsahibəsində deyib ki, Rusiya ilə Azərbaycan arasında bundan əvvəl də münasibətlərdə gərginliklər olub:

- Birmənalı olaraq bu gərginliklərin səbəbkarı həmişə Rusiya tərəfi olub. Rusiya tərəfindən atılan addımlar, apardığı siyasət zaman-zaman Azərbaycan tərəfində çox böyük suallar yaradıb. Biz cəmiyyət, xalq olaraq, eyni zamanda, dövlət olaraq Moskvanın münasibətlərə zərbə vuran siyasətinə reaksiya vermişik. Azərbaycan rəsmiləri bu və digər məsələlərlə bağlı Rusiyaya müraciət ediblər, sorğu göndəriblər, münasibət gözləyiblər. Təəssüf ki, qarşı tərəf heç də həmişə bu məsələlərə həssaslıqla yanaşmır. İkinci Qarabağ müharibəsi vaxtı Rusiya müəyyən qədər neytrallıq nümayiş etdirsə də, yenə də müəyyən suallar var idi və iki dövlət arasında gərginliklər yaşanırdı. Söhbət Rusiyadakı müəyyən dairələrin Qarabağ separatçılarına altdan-altdan dəstək göstərməsindən gedir.

Ümumiyyətlə, son 200 il ərzində Azərbaycan Rusiyadan çox zərbələr alıb. Faciələrimizin əksəriyyətində Rusiya amili mövcud olub. Qarabağın işğal edilməsi, 30 ildən çox işğalda qalmasında da Rusiya amilinin olması aşkar faktdır. Demək istədiyim odur ki, Rusiyanın münasibətləri pozmaq istiqamətində atdığı addımlar ilk deyil, bununla biz hər zaman qarşı-qarşıya olmuşuq.

İndi Azərbaycanın təyyarə qəzası ilə bağlı Rusiyadan tələbləri var və bunlar haqlı tələblərdir. Ortada ciddi faktlar var ki, AZAL təyyarəsi Rusiyadan raketlə vurulması səbəbindən qəzaya uğrayıb. Bunu Rusiya etiraf etməli, Bakının tələblərini yerinə yetirməlidir.

- Amma bu tələbləri yerinə yetirməkdən boyun qaçırır və etiraf etmək, şərtləri qəbul etmək niyyətində olmadığını nümayiş etdirir...

- Bəli, Rusiyanın davranışlarında bu, müşahidə olunur. Eyni zamanda, Kremlin nəzarətində olan media orqanlarında anti-Azərbaycan təbliğatı geniş vüsət alıb. Bu isə əlbəttə, münasibətlərdə gərginliyin davam etməsinə səbəb olur. Azərbaycan hər zaman qonşu ölkələrlə münasibətlərinin inkişafda olmasında maraqlıdır. Rusiya ilə Azərbaycan arasında bir çox sahələri əhatə edən əməkdaşlıq, tərəfdaşlıqla bağlı sənədlər var. Rusiya bu sənədlərdən irəli gələn məsələlərə həssaslıq nümayiş etdirməlidir. Bərabərhüquqlu münasibətlərdə Bakı qədər Moskva da maraqlı olmalıdır. Münasibətlərin gərgin olması Rusiyanın indiki dövrdə özünə ziyan gətirir, nəinki Azərbaycana. Ona görə də, hesab edirəm ki, Rusiya Azərbaycana hörmətlə yanaşmalı, ortada olan cinayətə hüquqi qiymət verməli və Bakıdan səsləndirilmiş tələbləri yerinə yetirməlidir.

- Sizcə, bu tələbləri Rusiya niyə yerinə yetirmək istəmir?

- Görünən odur ki, Rusiya Azərbaycanın tələblərini yerinə yetirməyi özünə sığışdırmır. Mənəm-mənəmlik, özünün güclü olduğunu nümayiş etdirmək istəyidir. Amma bu, yanlış siyasətdir, yanlış yanaşmadır. Böyük dövlət belə davranış nümayiş etdirməməlidir. Faktları gizlətməyə cəhdlər, əməkdaşlıq etdiyin qonşu dövlətə hörmət etməmək dövlət ərkanına sığmır. Əslində bu, güclülük yox, cılızlıqdır. Moskva nə qədər ki, bu davranışından əl çəkməyəcək, münasibətlərdə soyuqluq müşahidə ediləcək. Bu isə təbii ki, nə Azərbaycanın, nə də Rusiyanın maraqlarına uyğundur. Xüsusilə, dediyim kimi, Rusiyanın özünə zərər gətirən haldır. Rusiyadakı ağıllı adamlar düşünməli və iradə tapıb qərar verməlidirlər. Qərar da təyyarəmizin qəzaya uğramasının səbəbkarlarının cəzalandırılması, günahın etiraf edilməsi və qəzaya görə kompensasiyanın ödənilməsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://ayna.az
archiveBu xəbər 06 Fevral 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see291

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see257

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see225

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see208

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see155

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see152

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see148

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see138

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see136

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see135

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see135

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see133

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see133

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see127

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see126

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see126

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see125

Bir milyona yaxın insan quru yolla Azərbaycana necə gəlib gedib?

23 Oktyabr 2025 16:28see123

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see123

1300 illik çörək tapıldı: Üzərində İsa Məsihin görüntüsü var

23 Oktyabr 2025 18:23see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri