Musiqi dünyamıza akademik dərk bucağından neorealist tarixi baxış...
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Qurban BAYRAMOV
Tənqidçi-ədəbiyyatşünas
Hər nəsil yer üstə bir xal vurubdu,
Hər xalq tanınıbdır qalan iziylə.
Babəklər vətəni, Koroğlu yurdu
Həm də şöhrət tapıb öz müsiqisiylə.
İsa Həbibbəyli, “Mahnı çələngi”
Böyük ədəbiyyatşünas alim və nəzəriyyəçi akademik İsa Həbibbəylini lap çoxdan, ötən əsrin 70-ci illərindən, aspiranturada oxuduğumuz dövrlərdən tanıyıram. Amma heç vaxt düşünmürdüm ki, bu görkəmli alim mənim uzun illər çalışdığım İnstituta nə vaxtsa rəhbərlik edəcək. Çünki o, uzun illər idi ki, doğulub boya-başa çatdığı bir məkanda öz işi ilə hörmət və şöhrət qazanmış, böyük nüfuz sahibi olmuşdu... Və elə bu nüfuzun sayəsində o, elm aləminin ən şərəfli pillələri ilə yüksələrək xalqına, vətəninə, Azərbaycanına ləyaqətlə xidmətdədir.
Akademik İsa Həbibbəyli AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat Institutunun aspiranturasında “Ədəbiyyat nəzəriyyəsi” ixtisası üzrə qiyabi təhsil alıb (1973-1977). “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikasının sənətkarlıq xüsusiyyətləri” mövzusunda namizədlik (1980), “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib (1996). Filologiya elmləri doktoru, professordur (1997). 2001-ci ildə AMEA-nın muxbir uzvu, 2003-cü ildə isə AMEA-nın həqiqi uzvu seçilib. 89-dan çox kitabın, 1500-dən çox məqalənin, 212 xaricdə çap olunmuş elmi məqalənin müəllifidir. 39 fəlsəfə doktoru, 16 elmlər doktorunun elmi rəhbəri olub. Dünyanın bir çox ölkələrində rəsmi səfərlərdə olub, dəfələrlə beynəlxalq simpozium, qurultay və konfranslarda elmi məruzələrlə çıxış edib. Akademik İsa Həbibbəyli Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun (1999), Dünya Azərbaycanlıların Əlaqələndirmə Şurasının (2001), BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının (2006), Beynəlxalq Çingiz Aytmatov Akademiyasının (2018), Qazaxıstan Elmlər Akademiyasının (2023), Çin Xalq Respublikasının Honq-Konq Akademiyasının həqiqi üzvüdür (2023), Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının (2024), Turkiyə Elmlər Akademiyasının (TÜBA) və digər xarici ölkə akademiyalarının həqiqi və fəxri üzvü, Sankt-Peterburq Universitetinin (2015), Cənubi Rusiya Universitetinin (2017), Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin (2021), Cənubi Rusiya Universitetinin fəxri doktorudur.
1999-cu ildə Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, 2007-ci ildə “Şöhrət” ordeni , 2009-cu ildə “Şərəf” ordeni ilə təltif olunub.
2013-cü ildə akademik İsa Həbibbəylinin AMEA-ya birinci vitse-prezidenti seçilməsini, eyni zamanda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna direktor təyin olunmasını çoxları kimi, mən də rəğbətlə qarşıladım. On iki il keçir və bu müddətdə həm Nizami adına Ədəbiyyat İnstitutunda, həmçinin Akademiyanın ictimai elmləri tədqiq edən institutlarında, deyərdim ki, bütün istiqamət və parametrlərdə yaxşıya doğru böyük inkişaf baş verdi.
Bu inkişafın bir sıra əsas istiqamət və ştrixlərini xatırlamaq yerinə düşər. Akademiyada Nizamnamə Komissiyası onun sədrliyi ilə 2013-2014-cü illərdə müstəqillik dövrü Milli Elmlər Akademiyasının yeni nizamnaməsinin hazırlanıb təsdiq edilməsinə nail olmuşdur. İsa Həbibbəyli Azərbaycançılıq konsepsiyasına dair layihə hazırlayıb çap etdirməklə bərabər, eyni zamanda “Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası”nın da müəllifidir. Onun təşəbbüsü ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Nizamişünaslıq, Azərbaycan mühacirət ədəbiyyatı, Ədəbi tənqid, Mətbuat tarixi və publisistika, Azərbaycan-Asiya ədəbi əlaqələri, Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbələri, Füzulişünaslıq sektoru, Beynəlxalq əlaqələr, Elmi nəşrlər və proqnozlaşdırma, Təhsil şöbəsi kimi köməkçi şöbələr də yaradılmışdır. Milli Elmlər Akademiyasında və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bir sıra beynəlxalq elmi konfransların keçirilməsi və xarici ölkələrin elmi qurumları ilə geniş əlaqələrin yaradılması İsa Həbibbəylinin gərgin əməyinin nəticəsidir. Onun təşəbbüsü ilə 2014-cü ildən respublika miqyasında və beynəlxalq səviyyədə “Fizika və lirika: dünya təcrübəsi və ölkə reallıqları” mövzusunda simpoziumlar keçirilir.

Görkəmli alimin kitablarından bəzilərinin adlarını bir daha xatırlatmaq istərdim: “Romantik lirikanın imkanları”, “Ədəbi yüksəliş”, “Ədəbiyyat nəzəriyyəsi”, “Cəlil Məmmədquluzadə”, “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri”, “Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığının əsas tarixləri”, “Məhtimqulu Fəraqi”, “Yollar şeirdən başlanmışdı”, “Akademik Səməd Vurğun Vəkilov”, “Xalq şairi Məmməd Araz”, “Ustad Məhəmmədhüseyn Şəhriyar”, “Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti”, “Ədəbi şəxsiyyət və zaman”, “XX əsrin əvvəlləri Azərbaycan yazıçıları”, “Nuhçıxandan - Naxçıvana”, “Ədəbi-tarixi yaddaş və müasirlik”, “Böyük ədəbiyyat nəhəngi Məmməd Səid Ordubadi”, “Heydər Əliyev: dövlətçilik təlimi və müasir dövr”, “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik”, “Duzdağ mozaikası”, “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” və s.
Akademik İsa Həbibbəyli ədəbi cərəyanlar, ədəbi növlər və janrlar üzrə fundamental tədqiqatlar aparıb, ilk dəfə satiranın ədəbi növ, erkən realizm, postmodernizm, magik realizm, akademizmin isə ədəbi cərəyan olduğunu müəyyən edib. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında təkmetodlu ədəbiyyatdan çoxmetodlu bədii metoda keçid prosesinin baş verdiyini irəli sürüb. Azərbaycançılıq, Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi və mollanəsrəddinçilik konsepsiyalarını hazırlamışdır. XIX-XXI əsrlər Azərbaycan ədəbiyyatı tarixinə dair çoxsaylı tədqiqatları var.
Akademik İsa Həbibbəylinin çap olunmuş çoxsaylı dərslik, dərs vəsaiti, proqram və metodiki göstərişləri də təhsil və maarif işçiləri üçün böyük pedaqoji-tədris əhəmiyyətinə malikdir. Bütün bunlar onun elm sahəsində təşkilatçı kimi fəaliyyətinin operativ və perspektivli tutarlı cəhətlərinin müəyyən bir qismidir.
Göründüyü kimi, universallıq, polifonizm akademik İsa Həbibbəylinin elmi fəaliyyətinin aparıcı xüsusiyyətidir. Bundan başqa, o, tarix, folklorşünaslıq, ədəbi əlaqələr, mühacirət ədəbiyyatı, sənətşünaslıq, teatr tarixi kimi sahələrdə də axtarışlar aparıb, kitablar və məqalələr nəşr etdirib.
İsa Həbibbəyli həm də, incə ruhlu, şair qəlbli, zərif ruhlu qələm sahibidir. İsa Həbibbəylinin ilk gənclik illərindən şeir yazması da məlumdur. İsa Həbibbəylinin 2016-cı ildə nəşr olunmuş “Yollar şeirdən başlanmışdı” kitabında onun müxtəlif illərdə yazdığı şeirləri, hekayə və pyesi, şeirlərin? bəstələnmiş mahnılar və tərcümə etdiyi əsərlər toplanıb.
Hətta onun bir sıra şeirlərinə musiqilər bəstələnib, sözləri ona məxsus olan “Mənin Naxçıvanım” (musiqisi Aqşin Əlizadə) və “Akademiya marşı” (musiqisi Vaqif Gərayzadə), “Naxçıvan - Van” (musiqisi Əli Əlizadə), “Bura Şərurdur” (musiqisi Ramiz Mirişli), “Arpaçay mahnısı” (musiqisi Tofiq Bakıxanov), “Gözəlliklər nəğməkarı” (musiqisi Tofiq Bakıxanov) yüksək səviyyədə respublika ictimaiyyətinə təqdim olunub. İsa müəllim həm də ssenarilər müəllifidir, bir sıra teatr tamaşalarında və filmlərdə ədəbi məsləhətçi kimi iştirak edib. Akademik İsa Həbibbəyli Azərbaycan Elmlər Akademiyasına həsr olunmuş “Elm məbədi” sənədli filminin, “Akademiya marşı”nın müəllifidir. Bəstəkar Vaqif Gərayzadənin musiqisini yazdığı “Akademiya marşı” 2014 və 2016-cı illərdə Bakı Elm Festivalında səsləndirilib.
Akademik İsa Həbibbəyli ölkənin ictimai-siyasi həyatında da fəal iştirak edir. O, birinci və ikinci çağırış Naxçvan Muxtar Respublikası Ali Məclisinin, III, IV, V və VI cağrış Azərbaycan Milli Məclisinin deputatı olub.
İsa Həbibbəyli elm aləminə qədəm qoyduğu gənclik illərindən akademik, bizim orta məktəb ədəbiyyat dərsliklərimizin müəllifi Məmməd Arif, professor Mirzəağa Quluzadə, böyük Abdulla Şaiqin oğlu, mənim elmi rəhbərim, professor Kamal Talıbzadə, akademik, Xalq yazıçısı Mirzə İbrahimov, akademik Məmməd Cəfər, professor Məmmədhüseyin Təhmasib, akademik Bəkir Nəbiyev, Yəhya Seyidov, Mirəli Seyidov, Balaş Azəroğlu, Qasım Qasımzadə, Xəlil Rza Ulutürk, Kamran Məmmədov, Qulamhüseyin Beqdeli, Azadə Rüstəmova, Məsud Əlioğlu, Həbib Babayev, Yaqub İsmayılov, Atif Zeynallı, Fəridə Vəlıxanova, o vaxtlar qaynar fəallıqları ilə sayılıb-seçilən Elçin Əfəndiyev, Araz Dadaşzadə, Yaşar Qarayev, Sokrat Musayev, Teymur Əhmədov, Akif Hüseynov, böyük Səməd Vurğunun yadigarı Aybəniz Vəkilova, Şamil Salmanov, Arif Abdullazadə, İslam Ağayev, Əflətun Saraclı və adları bu yazıya sığışmayan, hərəsi bir elm, fikir nəhəngi olan onlarla elm adamları ilə bir İnstitut divarları arasında təmasda, ünsiyyətdə olub. Bu böyük şəxsiyyətlərlə təmasad olmaq o vaxt elm aləminə təzə gələn biz gənclərdə (İsa Həbibbəyli, Bəhlul Abdullayev, Vaqif Arzumanlı, Qurban Bayramov, Timurçin Əfəndiyev, Rza Xəlilov, Firuzə Köçərli, Nəzakət Qafqazlı və b.) məsuliyyətlə yanaşı, həm də böyük qürur hissi doğururdu.
Adlarını çəkdiyim klassik ədəbiyyatşünasların əksəriyyəti, o cümlədən Məmməd Cəfər Cəfərov, Mirzağa Quluzadə, Yaşar Qarayev, əziz Mirəhmədov, Kamal Talıbzadə, Kamran Məmmədov və başqaları ilə yaxın ünsiyyətdə olması və onları özünə müəllim hesab etməsi bu cəfakeş tədqiqatçının elmi dünyagörüşünün, xarakterinin, alim şəxsiyyətinin formalaşmasında mühüm rol oynayıb. Məhz Məmməd Cəfər Cəfərova məxsus müdriklik, dərinlik və sadəlik, Abbas Zamanovun vətəndaşlıq mövqeyi, əziz Mirəhmədovun dəqiqliyi və məsuliyyəti, Yaşar Qarayevin emosional-fəlsəfi tədqiqat üsulu, Kamal Talıbzadənin ədəbi tənqidə aid tarixi faktlarla müasir ədəbi tənqid qovuşuğunda işləmək bacarığı, Kamran Məmmədovun ədəbi şəxsiyyətlərə monoqrafik masştabda baxış səriştəsi kimi kreativ cəhətlər İsa Həbibbəylinin elmi fəaliyyətində cəmləşərək aydın surətdə ifadə olunur. İsa Həbibbəyli bu nəhəng ədəbiyyatşünasları müasir elmi-nəzəri prosesdə öz şəxsində birləşdirir. Geniş elmi dünyagörüş, pozulmaz yaddaş, natiqlik səriştəsi, nəciblik və xeyirxahlıq, məsuliyyət və sədaqət, habelə yorulmaz fəaliyyət İsa Həbibbəylinin yaradıcı alim xarakterinin əsas xüsusiyyətlərini özündə cəmləşdirir.
İsa Həbibbəyli ilk tədqiqat illərindən görkəmli ədəbiyyatşünaslarımız Məmməd Cəfər Cəfərov, Kamal Talıbzadə, əziz Mirəhmədov, Abbas Zamanov, Yaşar Qarayev, Kamran Məmmədovun diqqətini cəlb etmiş, onlar tərəfindən tədqiqatı yüksək qiymətləndirilmişdi. Sonrakı illərdə, demək olar ki, əksər tanınmış elm adamları, qələm sahibləri, həmkarları onun şəxsiyyətini və yaradıcılığını dəyərləndirmişlər. Akademik Teymur Kərimlinin “Şərqin qapısından dünyaya” və filologiya elmləri doktoru, professor Yusif Seyidovun “Akademik İsa Həbibbəyli” kitablarında onun bu cəhətləri, xüsusiyyətləri dəyərincə əks etdirilib.

“Böyük ömrün illəri və əsərləri” adlı məqalədə AMEA-nın müxbir üzvü Kamran Əliyev və professor Məmməd Əliyev yazırlar: “Akademik İsa Əkbər oğlu Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslığının və ictimai fikrin inkişafında xüsusi yeri olan, özünün orijinal axtarışları ilə elmimizə sanballı töhfələr vermiş görkəmli alimlərimizdəndir. Böyük ədəbiyyatşünas alimin, tanınmış ədəbiyyat tarixçisi və nəzəriyyəçinin elmi araşdırmaları Azərbaycanda ədəbiyyat haqqında elmin daha da inkişaf etdirilməsinə, ictimai fikrin əsas problemlərinin araşdırılıb ümumiləşdirilməsinə uğurla xidmət edir”.
Akademik Teymur Kərimlinin aşağıdakı fikirləri də, öz həmkarı barəsində həqiqəti ehtiva edir: “İsa Həbibbəylinin müəllimliyi ilə alimliyi bir-birini tamamlayan və biri digərinin inkişafına stimul verən, bir-birindən ilham alan iki fərdi keyfiyyət, iki ayrılmaz əlamət kimi onun həyat və zəhmət, yaradıcılıq və fəaliyyət yollarında qoşa addımlamaqdadır”.
Xalq yazıçısı Anarın fikridir: “AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli mənim məslək dostumdur. Bu, sözün hər iki mənasında: peşədaşlıq anlamında da (ikimiz də ədəbiyyat adamlarıyıq), əqidə anlamında da (ədəbiyyatımıza, onun tarixinə, mənəvi dəyərlərə eyni yöndən yanaşırıq).
İsa Həbibbəyli ilə ruh yaxınlığımız hər ikimizin böyük yazıçı Mirzə Cəlil Məmmədquluzadəyə duyduğumuz qibtə hissiylə başladı.
...İsa müəllimin bütün bu sahələrə səriştəli, professional münasibəti onun şəxsiyyətinin intellektual zənginliyinin göstəricisidir. Ədəbiyyatşünaslıq, tarix, dilşünaslıq, fəlsəfə, şərqşünaslıq, folklorla bərabər, həm də musiqi, rəssamlıq, heykəltaraşlıq sahəsinə ixtisaslaşmış peşəkar mütəxəssis kimi yanaşması heyrətamizdir. Peşəkar musiqi təhsili almayan və ya təsviri sənətlə bilavasitə məşğul olmayan alimin bəstəkarlarımızın, rəssamlarımızın, heykəltaraşlarımızın, musiqiçilərimizin sənətinə, hələ teatr və kino əsərlərini demirəm, belə dərin peşəkarlıqla yanaşması qibtə doğurur. İsa Həbibbəylinin dünya şöhrətli Xalq rəssamı Tahir Salahov, böyük heykəltaraş Ömər Eldarov, məşhur pianoçu Fərhad Bədəlbəyli, adlı-sanlı bəstəkar Firəngiz Əlizadə haqqında yazdıqları və çıxışları nəinki peşəkar sənətşünasları və musiqişünasları, hətta haqlarında çox sözlər deyilmiş bu sənətkarların özlərini də düşündürüb. İsa müəllimin Akademiyanın prezidenti kimi Azərbaycan tarixinin, musiqişünaslığın, fəlsəfi fikrinin dövrləşdirmə konsepsiyası və inkişaf mərhələlərinə, milli fəlsəfi fikir və idealist fəlsəfə anlayışlarına, türkologiya elminə, İraq-Türkman ədəbiyyatına və Qərbi Azərbaycan tarixinə qayıdış sahəsində başlatdığı işlər ictimai və humanitar elmlərimizin yenidən formalaşdırılmasına yol açıb” (Bax: “Həbibbəylinin 75 yaşına: Məslək dostluğu və yorulmazlıq örnəyi - ANAR.”, “Ədəbiyyat qəzeti”, 14.10.2024.).
İsa Həbibbəylinin lap təzəcə işıq üzü görən “Musiqi dünyası” (Bakı, “Elm və təhsil” 2025, 244 səh.) kitabı bu faktın bariz nümunəsidir. Kitabda akademik İsa Həbibbəylinin musiqi sənətinə və görkəmli musiqi xadimlərinə, Azərbaycan musiqi elminin nəzəri-fələfi əsaslarını yaratmış - Əbdülqadir Marağayi, Səfiəddin Urməvi, Mir Möhsün Nəvvab, Üzeyir Hacıbəylidən tutmuş Müslüm Maqomayev, Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, musiqi nəzəriyyəçisi və tədqiqatçısı akademik Zemfira Səfərova, Firəngiz Əlizadə, Aqşin Əlizadə, Xuraman Qasımova, Ağacəbrayıl Abasəliyevə qədər sənət adamları barəsində qələmə aldığı portret oçerklər də Xalq yazıçısı Anarın müşahidə etdiyi faktların davamıdır. İsa Həbibbəylinin bu əsəri də, digər elmi-nəzəri, publisistik, ədəbi-bədii əsərləri təkin milli elmi elitanın formalaşması məqsədi güdür... Deyərdim ki, “Musiqili dünyamız” kitabı professional musiqi sənətimizin izahlı, şərhli, universal ensiklopediyasıdır.
İsa Həbibbəyli Azərbaycanda elmin ən müxtəlif sahələrinin belə, dövlətə, dövlətçiliyə, azərbaycançılığa - milli maraqlara xidmətdə bulunmasını ən əsas meyar, kredo hesab edir. Mütəşəkkil elmi cameə qurmaq istəyi, cəhdi sosial faydalılığa xidmət göstərir. Bu, onun məqsədinin prioritetidir... Bu cəhətlər onun elmi konsepsiyasının özəlliyini, orijinallığını təşkil edir. Məhz, müşahidə edə bildiyimiz bu cəhətlərə görə onun elmi konsepsiyasında intellektuallıqla ədəbi emosionallıq uyarlaşaraq yeni orijinal yanaşma və şərh-təhlil modeli formalaşdırır. Bu, əslində, sosial mühitimizdə olduğu təkin, elmdə də akademik müstəqillik və azadlıq modelidir. Dolayısıyla, akademik İsa Həbibbəyli tənəzzülə meyillənən elmi-ədəbi zövqün formalaşmasını və təkamülünü əsas prinsip təkin götürür, fundamental tərzdə inkişaf etdirir.
Görkəmli dövlət və elm xadimi akademik İsa Həbibbəyli geniş dünyagörüşə, dərin biliklərə və yüksək zövqə məxsus erudik elm fədaisidir. Elmi, ədəbi, mədəni mühitimizdə gedən prosesləri bütün dərinliklərinə qədər qavrayıb təhlil etməyi bacaran və mədəniyyətimiz üçün gərəkli olan zəruri məqamları seçib müəyyən edən akademik İsa Həbibbəyli həm də, necə deyərlər, “öz köynəyindən” keçirdikdən sonra Azərbaycan ictimai elmlərinin inkişafı təcrübəsinə tətbiq edib. Beləliklə, o, Azərbaycan mədəniyyətinin tarixi keçmişindən bu günümüzə qədər inkişaf mərhələlərinə qiymət verərək onun mahiyyətini açıb göstərib, eyni zamanda, həm də rəhbərlik etdiyi Azərbaycan Milli Elmlər Akademiyasını dünyada gedən proseslərə və inkişaf səviyyəsinə doğru istiqamətləndirib.
Elmimizin və mədəniyyətimizin daxili imkanlarından istifadənin də geniş potensialını açıb üzə çıxaran və onlardan yaradıcı şəkildə istifadə etməyin, maksimum şəkildə faydalanmağın da nümunəsini göstərən akademik İsa Həbibbəyli bu səmərəli fəaliyyəti ilə inkişafda olan yeni bir Azərbaycan elmi modeli qurmağa nail olub.
Akademik İsa Həbibbəylinin yaratdığı yeni ictimai Azərbaycan elmi modeli sivil, demokratik milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsinə əsaslanan, böyük sürətlə və yüksək zövqlə bütün istiqamətlər üzrə inkişaf edən, monumental elmi dayaqlar üzərində qərarlaşan qüdrətli bir mənbədir.
Bundan başqa, elmin təşkili və idarəçiliyində ictimai rəyin formalaşdırılması və milli xalq faktorundan bacarıqla istifadə də İsa Həbibbəylini elm aləminin lideri kimi səciyyələndirən əsas xüsusiyyətlərdəndir. Həyata keçirməsinə akademik səviyyədə qərar verdiyi proqramların, layihələrin, tədbirlərin icrasından əvvəl həmin istiqamətdə maarifləndirici təbliğat işinin aparılması, ictimai rəyin öyrənilməsi yolu ilə müxtəlif baxışları müəyyən edib, onlardan yaradıcı şəkildə faydalanması da AMEA-nın prezidenti, akademik İsa Həbibəylinin sınaqlardan çıxmış idarəçilik prinsiplərindəndir. Elmi ictimaiyyət faktoruna istinad etmək isə onun çoxillik fəaliyyətinin ana xəttini müəyyən edir.
Bu baxımdan akademik İsa Həbibbəylinin, demək olar ki, bütün əsərləri və həyata keçirdiyi tədbirlər həm bu möhtəşəm Azərbaycan ictimai elmlərinin xalqımıza və dünyaya yenidən tanıdılmasına, həm də müstəqillik dövründə yeni nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük töhfələr verib.
Onun bu yaxınlarda nəşr etdirdiyi “Musiqi dünyası” kitabı da, bu həqiqətin bariz nümunələrindən biridir. Kitabda akademik İsa Həbibbəylinin müxtəlif illərdə qələmə aldığı Azərbaycanın musiqi sənətinə, eləcə də görkəmli musiqi xadimlərinə həsr edilmiş məqalələri, araşdırma yazıları, həmçinin mahnı mətnləri, notlar və müxtəlif tədbirlərdən fotolar təqdim olunur.
“Musiqi dünyası” kitabında “Azərbaycan muğam elmi: reallıqlar və perspektivlər”, “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri”, “Yallı azərbaycançılıq möhürüdür” sərlövhəli yazılar, Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgər haqqında araşdırmalar oxuculara çatdırılıb. Bundan başqa, kitabda dahi Azərbaycan bəstəkarı, görkəmli musiqişünas, pedaqoq akademik Üzeyir Hacıbəyli, dünya şöhrətli Azərbaycan müğənnisi, Xalq artisti Müslüm Maqomayev, pianoçu və bəstəkar, professor, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan opera müğənnisi, Xalq artisti Xuraman Qasımova, məşhur kamança ifaçısı, Xalq artisti Ağacəbrayıl Abasəliyev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə və digər musiqi xadimlərinin yaradıcılığına, Azərbaycan musiqi tarixi elminin tanınmış yaradıcısı akademik Zemfira Səfərovanın elmi fəaliyyətinə həsr olunmuş məqalələr yer alıbdır və bunlar bütövlükdə uzaq keçmişdən bu günümüzə qədər Azərbaycan musiqi sənəti haqqında tam təsəvvür yaratmağa xidmət edir.
Topluda təqdim olunan tədqiqat xarakterli araşdırmalar aşıq sənətinin nümayəndələri Aşıq Ələsgər, Dədə Şəmşir və Pir Sultan Abdalın yaradıcılığını da əhatə edir.
Bundan başqa, “Musiqi dünyası” kitabında bir sıra mahnıların mətnləri və şeirlərə bəstələnmiş notlar verilib. Toplunun “Foto-təqdimat” hissəsində isə müxtəlif məkanlarda keçirilmiş musiqi və poeziya dünyasına həsr olunan tədbirlərdən xatirə fotoları yer alıb.
Qeyd edək ki, “Musiqi dünyası” kitabı “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Kitabın elmi redaktoru akademik Zemfira Səfərova, tərtibçisi isə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürovdur.
“Musiqi dünyası” monumental, çoxşaxəli əsərdir: musiqi sənətinə və görkəmli musiqi xadimlərinə həsr edilmiş məqalələr fonunda Azərbaycan reallığı, mənəvi dəyərlərin qorunması uğrunda mücadilə, kişilik, ərənlik kultu, dövrün ictimai-siyasi mürəkkəbliyinin mədəniyyətin inkişaf etaplarında təsviri və bütün bunların fərqli moduslarda Azərbaycanın taleyinə təsiri...
İsa Həbibbəyli qələmə aldığı dövrün həm iştirakçısıdır, həm də onu təfərrüatıyla araşdıran, çevik ədəbi dili və manerasıyla çoxqatlı musiqi tarix elmimizin uğurlarını əks etdirən motivi ədəbi-bədii, elmi publisistik prozanın lirik üslubunda, sənədli və poetik realizm manerasında, milli duyğuların üfüqündə məharətlə nizamlayan, rasionallıqla emosionallığın vəhdətində ehtiva edən müəllifdir.
“Musiqi dünyası” kitabında təqdim olunan mətnlər, ayrı-ayrı portret məqalələr sonda musiqinin yaranması haqqında zamanın içindən doğulan, daha çox gələcəyi işıqlandıran, böyük sənətin gerçəkliyi və əfsanəsini vahid axarda cəmləşdirən məqsədyönlü bütöv, monumental, etnik-mədəni sistemdə xalqın mədəni dirçəlişinin təzahürünü əks etdirən mətnə çevrilir... Və bu estetik formula zühur edir: “Musiqi bəşər övladının İlahi vəcdin yaratdığı sonsuza qədər minnətsiz xidmətdir!..”
“Mahnı bu torpağın canıdır, canı-
Aşıq Ələsgərin nəvəsiyik biz.
Bizə versələr də, bütün dünyanı,
Yaşaya bilmərik sözsüz, nəğməsiz”
(İsa Həbibbəyli, “Mahnı çələngi” şeirindən).
“Musiqi dünyası” əsərində bədii-estetik keyfiyyət, canlı və dinamik, sənədli təsvirlər, kolorit, musiqi mədəniyyətimizin epoxal zənginliyi və mürəkkəbliyini reallıqları ilə təqdim etmək kitabın ümumi mətninə tam orijinal bir status qazandıran amildir və bununla akademik İsa Həbibbəyli musiqi dünyamızın epoxal proseslərinə varmaqla üslubi cəhətdən bədii-sənədli nəsrə estetik mizanlı epik-lirik panoram genişliyi ilə siqlətli nüfuz qazandırır.
Bu əsəri mən uğurlu əsər hesab edirəm. Çünki bu uğur, əsrlərlə formalaşan milli irsimizin, dəyərlərimizin, musiqi mədəniyyəti ilə yoğrulmuş Azərbaycan adlanan dünyamızın bariz göstəricisidir. Bu əsər Azərbaycan musiqi mədəniyyətinin potensialına olan inamı gücləndirən böyük sənət töhfəsidir.


